“Universitetimiz Azərbaycanın avtomobil modelini də yarada bilər” Əsas xəbər, AzTU 10 октября 2019 Professor Vilayət Vəliyev: “Bunu tətbiq etsək, şagirdlər gələcəyin ixtiraçıları kimi formalaşacaq”Müsahibimiz Azərbaycan Texniki Universitetinin rektoru, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyevdir.-Azərbaycan Texniki Universiteti haqqında danışarkən sovet dövründə olduğu kimi “politexnik” ifadəsi tez-tez işlədilir. Təəssüf ki, universitetin ruhunda, tədris ovqatında da uzun müddət sovut qoxusu hiss olunub... Eynən, adında olduğu kimi...Sizcə, gələcəkdə Azərbaycan Texniki Universitetinin adındakı “texniki” sözü Massaçusets Texniki Universiteti, Harvard Texniki Universitetindəki eyniadlı məfhum qədər böyük əhəmiyyət kəsb edəcəkmi?-Azərbaycan Texniki Universitetinin əsas fəaliyyət istiqamətləri “politexnik” və “texniki” ifadələrindən asılı deyil. Dünyada bu cür adlandırılan təhsil müəssisələrinə rast gəlinir. Bu tip universitetlərin brendləşməsi texniki və texnoloji istiqamətlərdə olur.Amma necə adlanmasından –“texniki”, “texnoloji” və s - asılı olmayaraq universitetin əsas qayəsi və məqsədləri daha önəmlidir.Bu gün dünyada texnoloji inqilabların həyata keçirilməsində bu qəbildən olan universitetlərin böyük rolu var. Bu inqilablar texniki yönümlü universitetlərdən başlayır və onlar vasitəsi ilə cəmiyyətə yayılır. Azərbaycan Texniki Universiteti texniki və texnoloji inqilabın aparılmasına və həyata keçirilməsinə bir çox töhfələr verib.Gələn il Texniki Universitetin 70 illiyini qeyd edəcəyik. Bu 70 il ərzində Texniki Universitet çox yüksək ənənə və nəticələr göstərib. Azərbaycanda sənaye və iqtisadiyyatın inkişafında Azərbaycan Texniki Universitetinin əvəzsiz rolu olub. Müstəqil Azərbaycan iqtisadiyyatı Sovet dövründə olan iqtisadiyyatın əsasında formalaşıb. Son dövrlərdə sənayeləşmə istiqamətində aparılan tədbirlər texnoloji yenilikləri qarşılaya bilən sənaye sahələrinin formalaşmasına gətirib çıxarır. Bu gün texniki və bir çox universitetlərin qarşısında çox ciddi məsələlər dayanır. Bunlardan ən vacibi sənayeni qarşılaya bilən təhsil sisteminin formalaşması və elmi tədqiqatların aparılmasıdır. Bu prosesdə Azərbaycan Texniki Universitetinin xüsusi rolu vardır.Təxminən, iki aya yaxındır ki, Texniki Universitetdə rektor kimi çalışıram. İlk olaraq, universitetin konsepsiyasını araşdırmağa başladım. İlkin baxış zamanı gördüm ki, universitet Azərbaycanda iqtisadiyyatın baza sahələri üzərində qurulub; nəqliyyat, metallurgiya, maşınqayırma, energetika, radiotexnika və bir çox iqtisadi istiqamətlər formalaşıb. AzTU ölkənin aparıcı sənaye sahələrinin texniki problemlərini araşdırmaqla məşğuldur. Bu istiqamətdə Texniki Universitetin çox böyük imkanları var.-Yeni gəliş özlüyündə yeni ideyalarda gətirir. Rektor olaraq universitetə hazırda hansı yenilik və ideyaları gətirməyi hədəfləmisiniz?-AzTU ölkənin iqtisadi siyasətini daimi olaraq texniki və texnoloji yeniliklərlə təmin etməlidi. Bu baxımdan, özünün tədqiqat istiqamətlərini formalaşdırmalı və texniki təhsili də uyğun istiqamətə yönəltməlidi. Azərbaycan Texniki Universitetində yerinə yetirilən elmi tədqiqatların nəticələri kommersiyalaşdırmalıdır. Biznes sektorunun universitetimizdən böyük gözləntiləri olmalıdı.Universitetin məhsulu tələbə hazırlığıdı. İqtisadiyyatın və sənayenin bütün sahələrində texniki ixtisaslara uyğun olan tələbələr yetişdirməliyik. Yüksək qabiliyyətli tələbələr formalaşdırmaq üçün biz çox ciddi reformalar aparmalıyıq.AzTU-da aparılacaq reformalara gəldikdə isə bunu deyə bilərik: reformalar elmi tədqiqatların aparılması, onların nəticələrindən istifadə və tələbə hazırlığı istiqamətində olacaq. Bunun üçün də ortaya müəyyən hədəflər qoymalıyıq: ilk olaraq, Texniki Universitet üçün qlobal və lokal tədqiqat istiqamətləri müəyyənləşdirməliyik; nəqliyyat, energetika və iqtisadiyyatın baza istiqamətləri inkişaf etdirilməlidir. Unutmamalıyıq ki, texnoloji inqilabın əsas mənbəyi elmlərin kəsişməsindədir. Biz qlobal tədqiqat istiqamətlərini müəyyənləşdirməklə həm fakültələrarası əlaqələri genişləndirir, həm də universitetlərarası münasibətləri inkişaf etdiririk. Bu bizə imkan verir ki, xarici tərəfdaşlarımız ilə çox ciddi işlərə imza ataq. Həmçinin, tələbə hazırlığına da çox ciddi təsir edəcək. Tələbə mübadiləsi, ikili diplom proqramlarını həyata keçirəcəyik. Əsas hədəfimiz regionda aparıcı texniki universitet səviyyəsinə qalxmaq və özümüzü bu istiqamətdə tanıtmaqdır.Nəqliyyat fakültəsində hibrid və mobil avtomobillərlə bağlı tədqiqatları genişləndirməliyik. Bu tədqiqatlar özlüyündə fakültələrarası əlaqələrin çox ciddi inkişafına gətirib çıxaracaq. Logistika fakültəsinin əsas qayəsi avtomatika sistemlərinin qurulması, məlumatların işlənməsi, kompüter və data istiqamətində olan problemlərin ortaya qoyulmasıdır. Bir sahə üzrə elmi tədqiqatların aparılması istənilən nəticəni vermir. Bunun üçün qlobal və beynəlxalq istiqamətlərdə tədbirlər həyata keçirilməlidir. Yaxın gələcəkdə sürücüsüz avtomobil, sürücüsüz təyyarələrin yaradılması, süni intellekt, robotatexnikanın inkişafı gözlənilən planlar sırasındadır. Bu, beynəlxalq universitetlərlə əlaqələrin yaradılmasına kömək edəcək. Biz tədqiqat istiqamətlərini ortaya qoymalıyıq. Bu tədqiqatlardan alınan nəticələr kommersiyalaşdırılmalı və bizneslə əlaqələr genişləndirilməlidir. Yaxın zamanda universitetin qısa və orta strateji hədəflərini müəyyənləşdirəcəyik. AzTU-nun Azərbaycan təhsil sistemində yerini, fəaliyyətlərini, elmi istiqamətlərini əsas götürməliyik. Tələbələrin əmək bazarına və biznesə daxil olmasını təmin etməliyik. Biz yaxın gələcəkdə universitetimizin biznes modelini hazırlamağı düşünürük”.-Bir neçə gün əvvəl 166 Logistika Mərkəzi ilə universitetiniz arasında müqavilə imzalandı. Bu Nəqliyyat fakültəsinin tələbələri üçün də böyük fürsət yaratdı. Onlar iş imkanları ilə təmin olundular. Bu şans digər fakültələr üçün də yaradılacaqmı? Media bu kimi işlərin işıqlandırılmasında AzTU-ya nə dərəcədə kömək edir?-Bizim əsas hədəfimiz sənayenin və biznesin yanında olmaqdır. Əgər müasir dövrdə tədqiqatları, təhsili biznesin yanında görməsək, bu istiqamətdə universitetin ümumi fəaliyyəti haqqında söz deyə bilmərik. Burada bir məsələ ortaya çıxır ki, bizim universitet ilk növbədə tədqiqat universitetidi. Tədqiqat universiteti özlüyündə tələbənin yüksək hazırlığını təmin etməlidi. Bizim əsas istiqamətimiz Azərbaycanda olan böyük şirkətlərlə universitetin profilinə uyğun şəkildə əməkdaşlıq etməkdir. Bu qəbildən, 166 Qlobal Logistik şirkəti ilə əməkdaşlıq etdik. Mən təyinatımın səhəri günü onları universitetimizə dəvət etdim.166 Qlobal Logistik şirkəti Azərbaycanda logistika sahəsində böyük fəaliyyətlərə imza atan müəssisədi. Oranın direktoru ilə əlaqə saxladım. Görüşdük, 3 gün ərzində 4 görüş keçirdik. Bu görüşlərdən anladım ki, özəl sektorun tələbi bizim universitetdən kifayət qədərdir. 166 Qlobal Logistik şirkətindən əlavə digər şirkətləri ilə də əlaqə saxlayırıq. Hətta biz fiziki şəxslərlə görüşüb əlaqə saxlamağa çalışırıq.Həmçinin, Azərbaycanın böyük neft şirkətləri ilə çox ciddi əlaqələrimiz var. Onlarla da memorandumlar imzalamışıq. Bu tip memorandumların bağlanması çox əhəmiyyətlidir.AzTU-da Texnika və Texnologiya fakültəsi var; Müdafiə Nazirliyinin himayəsi ilə yaradılıb-fəaliyyət göstərir. Potensialı çox güclüdü: tələbələrimiz Müdafiə Nazirliyinin müvafiq zavod və müəssisələrində çalışırlar. Onlar burada çox yüksək vəzifələrə təyin olunurlar. Bu mənim diqqətimi o qədər cəlb etdi ki, o zavodlara getmək istədim: İqlim İstehsalat zavodunda oldum. Ora adi fikirlərlə getdim. Lakin burada olarkən zavodun Azərbaycanda aparılan sənaye siyasətinin hərtərəfli, düşünülmüş, texniki imkanlar nəzərə alınmaqla təchiz edildiyinin şahidi oldum. İnkişaf edən zavodlarımız olan ölkədə texniki təhsilin səviyyəsi sadəcə verilən biliklərlə formalaşdırıla bilməz! Biz öz elmi istiqamətlərimizi formalaşdırmaqla müasir imkanları da nəzərə almalı və praktiki əhəmiyyəti olan qabiliyyətlərimizi artırmalıyıq. Magistratura səviyyəsində oxuyan tələbələrin dissertasiya işlərinin praktiki olması üçün imkanlar həyata keçiririk. Ona görə də təhsili yeni imkanlarla təşkil etməliyik. Belə bir nəticəyə gəldim ki, Texnika və Texnologiya Fakültəsinin tələbələri universitetdə az olmalıdır. Onlar dərslərinin əksəriyyətini istehsalat müəssisələrində keçirməlidilər. Biz o müəssisələrdən xahiş etdik ki, tələbələrimiz burada praktiki təcrübə keçsinlər.Azərbaycanda mövcud sənaye parkları və müəssisələr formalaşıb. Sumqayıt Sənaye Parkında magistr və doktora tələbələrimizin olmasını çox istəyərdik. Texniki fakültə tələbələrimizi məhz bu istiqamətdə hazırlamalıyıq.-1992-1994-cü illərdə Amerika Birləşmiş Ştatlarında elmi tədqiqatlar aparmısız. Oranın elmi mühiti ilə yanaşı, təhsilini də yaxından müşahidə etmişiniz. Xarici təcrübənin hansı istiqamətlərini AzTU-da tətbiq etməyi düşünürsünüz? - Həmin dövrdən bu günədək - ötən 25 il müddətində texniki inqilabda yeniliklər özünü göstərir. Deməzdim ki, Amerika və digər inkişaf edən ölkələrdə olan texnoloji inkişaf bizdən çox ciddi surətdə fərqlənir. Təbii ki, böyük dövlətlərin texnoloji imkanları daha yüksəkdi. Burada müqayisə aparmaq çox çətindi. Lakin inkişaf zəncirinə yeni qoşulan ölkələr də texnoloji yeniliklərdən yararlana bilərlər.Artıq hər ölkədə texnoloji yeniliklərin müxtəlif tərəfləri mövcuddur. Azərbaycanda olan texnoloji yeniliklər dünyada olan inkişafı özündə ehtiva etdirir. Bizim əsas hədəfimiz bu texnoloji yenilikləri inkişaf etdirməkdir. Texnologiyanın irəliləməsi elmlərin kəsişməsində özünü göstərir. Elmlərin kəsişməsində yaranan sahələr daha çox İT istiqamətlidir. Bu istiqamətdə isə kadr çatışmazlığı özünü göstərir. Elmlərin inkişafı da məhz bu istiqamətdə getməlidir. Biz tədqiqatlarımızı sürətləndirməliyik.Texniki Universitet Azərbaycanda olan yeganə təhsil müəssisələrindəndir ki, Almaniya ilə münasibətləri yüksək səviyyədədir. Almaniya universitetləri ilə münasibətlərin belə geniş şəkil alması zamanında universitetin sağlam tələbə hazırlığına yön verdiyinə dəlalət edir. Bu gün Azərbaycan Texniki Universitetində tələbə mübadiləsi və elmi tədqiqat mübadilə proqramları ilə bağlı çox ciddi işlər aparılır.-Cəmiyyətimizdəki texniki təfəkkür çox təəssüf ki, Çin, Sinqapur və Yaponiya səviyyəsində deyil. Siz bir rektor kimi ümumitəhsil müəssisələrində texniki təfəkkürün inkişafı üçün hansı tədbirlərə əl atılmasını məsləhət görər, nə kimi təkliflərlə çıxış edərdiniz?-Universitetlərin orta məktəblərə təsiri geniş şəkildə artırılmalıdır. Belə olmasa, Azərbaycan Texniki Universiteti və digər təhsil müəssisələrində yüksək nəticələr əldə etmək mümkün olmayacaq.Universitetimiz orta məktəblərlə yeni proqram layihəsi üzərində işləyir. Düşünürük ki, Azərbaycanda olan məktəblərin texniki imkanlarını inkişaf etdirməli və riyaziyyat, informatika fənlərinin ağırlığını daha da artırmalıyıq. Bununla bağlı biz xüsusi proqram layihəsi hazırlayırıq. Yaxın gələcəkdə bu layihəni təqdim etməyi planlayırıq. Bu layihə internet lisey formatında təşəkkül tapacaq. Bununla da bizim orta məktəblərə təsir imkanlarımız geniş şəkil alacaq. Günümüzdə mövcud olan texniki təhsil 20-30 il əvvəlkindən xeyli fərqlənir. Çünki zaman dəyişdikcə tədrisdə yeniliklər özünü göstərir və fərqli ideya və formalar yaranmağa başlayır. Bu gün informasiya texnologiyaları və kompüter elmlərinin tələbələrə təsiri olduqca böyükdür.Məktəblərdə informatika fənninin yükünü daha da artırmaq lazımdır. Şagirdlər proqram təminatını sadə şəkildə öyrənə bilsələr, digər texniki üsulları da qavraya biləcəklər. Ona görə də məktəblərdə şagirdlərə texniki fənləri sadə üsulla öyrətmək lazımdır ki, onların tətbiq istiqamətləri daha da genişlənsin.Orta məktəb şagirdləri 8-ci sinifdən etibarən kiçik də olsa, proqram yazmaq qabiliyyətinə yiyələnməlidilər. Əgər bunu orta məktəblərdə təbliğ edə bilsək, AzTU və digər universitetlər ciddi kadr bazasına malik ola biləcəklər. Şagirdlər də gələcəyin ixtiraçıları və innovatrları olacaqlar. -Hazırda bir çox yerlərdə təmayülləşmə prosesi həyata keçirilir: dəqiq, humanitar, təbiət elmlərinə aid fənlər bir proqram altında tədris olunur. Bu prosesin sırf texniki istiqamətə də tətbiqi bizdə texnoloji təfəkkürü nə dərəcədə inkişaf etdirər? -Mütləq şəkildə fənləri tədris edərkən onların fəlsəfəsini bilməliyik. Təmayülləşmə Sovet dövründə aparılıb. Hazırda da onun elementləri qalmaqdadı. Təmayülləşmənin müsbət və mənfi tərəfləri var: Mənfi tərəfi ondan ibarətdir ki, təmayülləşmə prosesində bir çox məktəblər zəif nəticə göstərmək imkanı əldə edə bilərlər. Təmayülləşmə təbii seçmənin qarşısını alır. Bu nöqteyi-nəzərdən təbii seçmənin qarşısını almaq olmaz.Müsbət tərəfi ondan ibarətdir ki, qabiliyyətli şagirdlərin bir araya toplanması yüksək nəticələr verə bilər. Mən buna pis baxmıram. Lakin bunlar məktəb daxilində olsa, daha effektiv nəticə verə bilər. Bir məktəbdə riyaziyyat təmayüllü siniflərin olması daha yaxşı olar. Amma riyaziyyat təmayüllü məktəblərin yaranması təbii seçmənin qarşısını alır. Təbii seçməni pozanda yüksək nəticələr əldə etmək mümkün olmur.-Vilayət müəllim, bəzi ekspertlər iddia edirlər ki, bu ixtisaslardan bəziləri əmək bazarının tələblərinə cavab vermir. Siz bu ixtisasların inkişafı üçün hansı yollara əl atmağı düşünürsüz? -Bu istiqamətdə tədbirlər həyata keçirəcəyik. Universitetdə ixtisasların azlığı yox, əmək bazarına vəsiqə alan tələbələrin bilik səviyyələri və praktik inkişafları daha önəmlidir. Tədris prosesi müasir texnologiyalar üzərində qurulmalıdır. Əmək bazarı ilə yaxın münasibətlər olmalıdır. Sənaye və texnoparklarda universitet məzunları praktika keçməlidir.Ankarada bir universiteti yaradılıb ki, orada sənaye parkının daxilində yerləşir. Buranın əsas hədəfi tələbələrə diplom verməklə bərabər, onlara dörd illik iş təcrübəsi qazandırmaqdır. Biz bu modeli gələcəkdə çox inkişaf etdirmək istəyirik.Texniki Universitet biznesin, istehsalın yanında olmalıdır. Hazırda İqlim Zavodunda, Sumqayıt Sənaye Parkında əmək bazarının tələbinə cavab verən kadrlar yetişdirmək üçün çox yaxşı şanslarımız var.Yüksək elmi laboratoriyalar var. Lakin biz həmin laboratoriyalardan istifadə edə bilmirik. Bunlar çox ciddi məsələlərdir. İxtisasların çoxluğunda problem görmürəm. Əsas problem hazırladığımız tələbələrin keyfiyyət məsələsidir.-Hazırda Milli Məclisdə “Ali Təhsil haqqında” Qanunun müzakirəsi davam edir. Siz həmin qanuna texniki təhsillə bağlı hansı müddəaların əlavə olunmasını istəyərdiniz?-Bu qanun daimi olaraq təkmilləşir. Mən təklif edərdim ki, elm və biznes bir arada olsun. Bu iki fikri bir-birinə bağlayacaq bir konsepsiyanın olmasını istəyərdim. Çünki çox zaman bu iki nüans bir-birindən uzaqlaşır. Bunu normativ hüquqi sənədlərlə həll etmək o qədərdə mümkün deyil. Bu gün universitetlərlə elmi tədqiqat müəssisələri başa düşməlidilər ki, onlar daha çox biznesin yanında olmalıdılar. Bunu dəstəkləyən imkanlar olsa, çox gözəl olar. Laboratoriyalar və texniki imkanlar artırılmalıdır. Əlavə güzəştlər olunmalıdır. Məsələn, texnoparklarda vergi və gömrük güzəştlərinin edilməsi əhəmiyyətli ola bilər. Çox universitetlər fikirləşir ki, dövlət onlara böyük yardım göstərməlidir. Mən bununla qətiyyən razı deyiləm. Elə imkanlar yaradılmalıdır ki, universitetlər sənayenin yanında olsun.-Bu gün istər özəl, istərsə də dövlət universitetləri niyə biznesin yanında ola bilmirlər?-Universitetlərin aydın tədqiqat “vizyonu” yoxdur. Universitet daxilində fakültələrin bir-birləri ilə əlaqələri ciddi deyil. Texniki Universitetin qlobal layihələri mövcud deyil.Texniki Universitet Azərbaycanın avtomobil modelini də yarada bilər. Bunu bir layihə kimi düşünürük.Bizim bir çox universitetlərin iddialı elmi tədqiqat layihələri yoxdu. Elmi tədqiqat istiqamətləri ortaya qoyula bilmir ki, tələbələr bir araya toplasın və bundan məhsul əldə edilə bilinsin. Bu gün Texniki Universitetdə nəzəri məsələlər olmamalıdı. Universitetlər biznesdə olan problemləri ortaya qoymalıdır. Bu mexanizmlər universiteti düşündürmür. Biznes planını tərtib etməkdə belə tələbələr çətinlik çəkirlər.-İlk gəldiyiniz gün bu problemləri gördükdə bu sizdə xəyal qırıqlığı yaratmadı ki?-Bu problemləri gördükcə daha çox həvəsli olmağa başladım. Bu universitetin ciddi tarixi ənənələri var. Lakin kadr potensialını müasir istiqamətlərə yönləndirmək lazımdır. Universitetimizdə çox ciddi ağsaqqallarımız var. Onların elmi inkişaf üçün potensialları və istiqamətləri var.Elmin NuriŞükufə SüleymanlıAzEdu.azZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.