Erməni əsirliyində olan prokurorun oğlu Rövşən Rzayev komitə sədri təyin olunub Əsas xəbər, Azərbaycan, Qarabağ, Təbriklər 23 апреля 2018 TƏBRİK EDİRİK!.. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Şükür oğlu Rzayev Nazirlər Kabinetinin yeni tərkibində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Bəli, cənab Prezident Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə çox hörmətli millət vəkili Rövşən Şükür oğlu Rzayevi təyin etməklə Qarabağa və qarabağlılara, bütün məcburi köçkünlərə və qaçqınlara necə böyük diqqət və qayğı göstərdiyini bir daha subuta yetirdi. ZiM.Az xəbər verir ki, 1962-ci ildə anadan olan Rövşən Rzayev əslən Qarabağlıdır. Uzun illər ədliyyə sahəsində çalışan Rövşən Rzayev siyasi mənsubiyyətcə, bitərəfdir. 2004-cü ildən millət vəkili seçilən və Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Gənclər və idman komitəsinin üzvü Rövşən Rzayev qəlbində və əməlində Qarabağa əsl övlad sevgisi olan vətənpərvər siyasətçi və dövlət xadimi olmaqla yanaşı, həm də saf əqidəli, yüksək mənəviyyatlı, humanist və xeyirxah bir insan, kamil bir şəxsiyyətdir. O, 1982-1986-cı illərdə Azərbaycan SSR-in nəqliyyat prokuroru, 1983-1987-ci illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı, 1994-1998-ci illərdə Bakı şəhər prokuroru olmuş tanınmış hüquqşünas, ədliyyə general-mayoru, mərhum Şükür Rzayevin oğludur. Qeyd edək ki, ədliyyə general-mayoru mərhum Şükür Rzayev I Qarabağ müharibəsi zamanı əsirlikdə olub. Həmin hadisələrlə bağlı məlumat belədir: “Bu dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində Dağlıq Qarabağ münaqişəsi artıq alovlanmışdı, separatçılar qanunçuluğa meydan oxuyurdular, regionda hüquq-mühafizə orqanlarının işi iflic olmuşdu. Vilayət prokurorluğunda törədilən qanunsuzluqlara yox demək, haqq-ədalətin, qanunçuluğun bərpasını təmin etmək məqsədilə Bakıdan Xankəndinə işi bilən, təcrübəli bir prokuror göndərmək lazım idi. 1991-ci il noyabrın 8-də Bakı Şəhər Prokurorluğu İstintaq şöbəsinin prokuroru Şükür Rzayev respublika prokurornun əmri ilə Xankəndi şəhərinə ezam olunur. O, şəhərə gəlir, bir neçə gün ona tapşırılan cari məsələlərin həlli ilə məşğul olur, vilayətin hərbi komissarına, vilayət prokurorluğunun əməkdaşlarına konkret tapşırıqlar verir.Noyabrın 13-də DQMV Prokurorluğunun binasına basqın edən üzü maskalı bir qrup Şükür Rzayevin oturduğu kabinetə girərək onu girov götürür və gözlərini bağlayaraq “QAZ-24” markalı maşında naməlum istiqamətə aparır. Erməni separatçıları onu Xankəndidə qanunçuluğun bərpası naminə nümayiş etdirdiyi cəsarət və prinsipiallığa görə cəzalandırmaq istəyirdilər. Erməni girovluğunda məşəqqətli 24 gün yaşayan Şükür Rzayev dekabrın 7-də girovluqdan azad edilir”.Bu barədə ətraflı məlumatı bu linkdən - Rövşən Rzayevin “Ermənilər atamı girov götürəndə qardaşım zəng etdi ki...” sərlövhəli MÜSAHİBƏsindən oxuya bilərsiniz... Biz də ədliyyə general-mayoru mərhum Şükür Rzayevə Allahdan rəhmət diləyir, çox haqqlı olaraq "Layiqli Atanın vətənə, dövlətə sədaqətli davamçısı - Qürurduyulası dost və əsl insan" adlandırılan çox hörmətli Rövşən Rzayevi ölkə başçısı tərəfindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Xalqımız üçün, millətimiz üçün xeyirli-ugurlu olsun!..Allah-təala yeni vəzifəsində ona doğma Qarabağımızda bərpa və quruculuq işləri aparmağı, dağılmış yurd yerlərimizdə abad qəsəbələr və şəhərlər salmağı, Qarabağa böyük qayıdışın önündə şərəflə addımlamağı qismət eləsin! Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.