İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib

İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edibİlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlətimizin başçısına yeni bina barədə ətraflı məlumat verdilər. Bildirildi ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

-Hörmətli xanımlar və cənablar.

Əziz mətbuat işçiləri.

Qarşıdan jurnalistlərin peşə bayramı gəlir. Bu münasibətlə bütün Azərbaycan jurnalistlərini ürəkdən təbrik edirəm, onlara yeni uğurlar arzulayıram.

Bu gözəl peşə bayramı ərəfəsində biz jurnalistlər üçün tikilmiş yaşayış binasının açılışına toplaşmışıq. Bu, sayca ikinci binadır. Birinci binada artıq neçə ildir ki, jurnalistlər yaşayır. Biz indi də ikinci binanın açılışını qeyd edəcəyik. Birinci binada 156, ikinci binada isə 255 mənzil var və eyni zamanda, bu gün biz üçüncü binanın təməlini qoyacağıq. Üçüncü binada da 255 mənzil nəzərdə tutulur. Beləliklə, qısa müddət ərzində yüzlərlə jurnalistə dövlət tərəfindən mənzil verilir. Bu, dövlət tərəfindən Azərbaycan jurnalistikasına göstərilən növbəti diqqətin təzahürüdür.

Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır.

Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik.

Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik. Mənə deyiblər ki, burada yeni yola ehtiyac var. Çünki indi yol bir tərəfdən çəkilibdir, ona görə müvafiq göstəriş verilibdir ki, hər iki tərəfə çıxış olsun, insanlar burada daha da rahat yaşasınlar.

Hər bir şəhərin ən qiymətli, ən prestijli yerləri var. Adətən bu, şəhərlərin mərkəzi olur və dəniz kənarında yerləşən şəhərlərdə dəniz mənzərəli binalar daha da prestijli sayılır. Bax, bu binalar həm dəniz mənzərəlidir, həm də ki, şəhərin mərkəzində yerləşir. Buradan “Azneft” meydanına maksimum 5 dəqiqəlik yoldur. Bu, bir daha onu göstərir ki, biz çalışırıq jurnalistlər üçün ən yaxşı şərait yaradaq. Binalar da çox gözəldir, genişdir, işıqlıdır, rahatdır. Əminəm ki, jurnalistikada böyük xidmətlər göstərmiş, Vətən qarşısında böyük xidmətləri olmuş insanlar burada rahat yaşayacaqlar.

O ki qaldı, jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə, sizə deyə bilərəm ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın.

Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl, demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır. Hesab edirəm ki, bu iki əsas amil Azərbaycanda artıq çox güclü dayaqlara malikdir. Həm sosial, həm iqtisadi, həm də xarici siyasətlə bağlı atdığımız addımlar bizə böyük uğur gətirib və dünyada Azərbaycana çox böyük rəğbət var.

Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Çünki əgər demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni, maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir.

Azərbaycanda həm demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir. Buna görə hesab edirəm ki, bizim cəmiyyətimizdə islahatlar təkamül yolu ilə aparılır və dərinləşir. Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir. Söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri-hökumət təşkilatları tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq qərəzli mövqedir. Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaqdır.

Azərbaycan bundan sonra da iqtisadi və siyasi inkişaf yolu ilə getməlidir. Hesab edirəm, bizim qısa müstəqillik tariximiz onu göstərir ki, bu, yeganə düzgün yoldur. Çünki o qədər də asan olmayan geosiyasi vəziyyətdə Azərbaycan, ilk növbədə, öz müstəqil siyasətini qoruya və möhkəmləndirə bilib, heç bir xarici təsir altına düşməyib. Azərbaycan dövlətinin inkişafı Azərbaycan xalqının əlindədir. Ölkəmiz Azərbaycan xalqının iradəsi ilə idarə olunur. Biz böyük iqtisadi inkişafa nail olduq. Biz böyük meqalayihələri icra etdik. Biz özümüzü dünyada artıq multikulturalizmin mərkəzi kimi tanıda bildik və bu gün bu sahədəki uğurlarımız bir çox ölkələrdə öyrənilir. Yəni, əldə edilmiş bütün bu uğurların təməlində bizim düşünülmüş siyasətdir və o cümlədən demokratik cəmiyyətin formalaşmasıdır.

Jurnalistlər isə əlbəttə ki, fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz.

Bu gün peşə bayramı ərəfəsində jurnalistikanın inkişafı ilə bağlı bəzi fikirlərimi bildirmək istərdim. Əlbəttə, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir. Bu gün siz də yaxşı bilirsiniz ki, dünya miqyasında bu barədə danışmaq lazımdır, çünki heç də hər zaman belə deyil. Biz görürük ki, dünyanın bir çox ölkələrində informasiya kampaniyaları aparılır. Bu kampaniyalar həm xarici, həm daxili xarakter daşıyır. Baxır gündəlikdə hansı məsələ dayanır və təşkil edilmiş informasiya kampaniyaları, əlbəttə, hansısa məqsədləri güdür. Bu məqsədlər bir çox hallarda həqiqətdən daha önəmli amil kimi qəbul edilir. Ona görə hesab edirəm ki, jurnalistikada, ilk növbədə, həqiqət prinsipləri üstünlük təşkil etməlidir.

Azərbaycan jurnalistikasına gəldikdə, deyə bilərəm ki, yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə aşağı düşüb. Bunu cəmiyyət də görür, jurnalistlər də. Əlbəttə, bu, jurnalistlərin fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artması nəticəsində baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar. Amma ondan sonra həmin mətbuat orqanına heç kim inanmayacaq və o, hörmətdən düşəcək. Ona görə jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi, əlbəttə, diqqətəlayiqdir və hesab edirəm ki, son illərdə Azərbaycanda bu istiqamətdə müsbətə doğru irəliləyiş var.

Əlbəttə ki, jurnalistika mümkün qədər obyektiv olmalıdır. Çünki tam obyektivliyə nail olmaq çətindir. Hər bir insan istər-istəməz subyektivliyə də yol verir və jurnalistlər də istisna deyil. Ancaq jurnalistlərin üzərində çox böyük məsuliyyət var. Onların sözü incidə də, problem yarada da, yaxud da ki, məsələni həll edə bilər. Ona görə xahiş edirəm ki, jurnalistikada məsuliyyət məsələlərinə daha da böyük diqqət göstərilsin. Bu da həqiqətlə, obyektivliklə paralel istiqamətdə gedən proseslərdir.

Son illərdə mən görürəm ki, Azərbaycan jurnalistikası bu istiqamətdə daha da məsuliyyətli, daha da təmkinli olub. Artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumata, insanları alçaldan, ləyaqətini aşağılayan, təhqiredici yazılara rast gəlmək olar. Bu baxımdan bizim jurnalistlərimiz bəzi dırnaqarası siyasətçilərdən daha da öndədirlər. Hesab edirəm ki, jurnalistikamızda bu istiqamətdə müşahidə olunan islahatlar davam edəcək. Biz 1990-cı illərdə jurnalistikamızda hansı meyillərin hökm sürdüyünü yaxşı xatırlayırıq. Biz o vaxt çox üzücü bir mənzərə ilə üzləşmişdik. Yəni, bəzi mətbuat orqanlarında təhqir, böhtan və şər amilləri əsas rol oynayırdı. Ancaq indi həm cəmiyyətimiz, həm də jurnalistikamız inkişaf edib. Bu gün jurnalistlərin məsuliyyəti hesab edirəm ki, yüksək səviyyədədir, bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır.

Digər məsələlərə gəldikdə, hesab edirəm ki, jurnalistikamız xarici təsirdən azad olmalıdır, xarici təsir altına düşməməlidir. Azərbaycan getdikcə daha da güclənir, Azərbaycanın rolu nəinki bölgədə, dünyada artır. Bölgədə bizim iştirakımız, razılığımız olmadan heç bir layihə, yaxud siyasi, iqtisadi və digər təşəbbüs reallaşa bilməz. Biz müstəqil siyasət aparırıq. Ona görə bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz.

Ancaq Azərbaycan daha önəmli ölkə olduğu üçün bizə təsir etmək cəhdləri də artır. Onlar özünü yeni formalarla büruzə verir. Siyasi hakimiyyətə təsir etmək mümkün deyil. Yəni, ictimai rəyə, ictimai fikrə təsir etmək cəhdləri çoxalır. Bunu necə etməli? Jurnalistika vasitəsilə. Ona görə Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır. Ölkəmizdə kifayət qədər problemlər, çatışmayan cəhətlər, qüsurlar var. Siz bunu işıqlandırırsınız və işıqlandırmalısınız. Dövlət orqanlarını, məmurları tənqid edirsiniz, tənqid etməlisiniz. Bu, təbii prosesdir. Ancaq, eyni zamanda, biz hamımız bilməliyik ki, bu, bizim ölkəmizdir. Azərbaycanı bizdən çox sevən insan, ya qurum, ya ölkə yoxdur, ola da bilməz. Ona görə biz özümüzü xarici təsirdən qorumalıyıq. Gənc nəsli qorumalıyıq ki, daim Azərbaycan müstəqil dövlət kimi inkişaf etsin. Çünki bizim tariximiz əfsuslar olsun elədir ki, biz müxtəlif dövrlərdə müxtəlif dövlətlərin, imperiyaların tərkibində yaşamışıq, müstəqil olmamışıq. Bu, istər-istəməz bizim psixologiyamıza da müəyyən dərəcədə təsir edib.

Bu gün biz müstəqil, azad dövlət və xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq. Həmişə belə olmalıdır. Həmişə ölkəmizin taleyi Azərbaycan xalqının əlində olmalıdır. Ona görə özümüzü xarici təsirdən qorumaq üçün Azərbaycan dövləti çox ciddi və uğurlu siyasət aparır. Deyə bilərəm ki, bizə təzyiq etmək, bizi nəyəsə sövq etmək, məcbur etmək cəhdləri kəskin şəkildə aşağı düşüb. O cümlədən, ona görə ki, bu səylərin heç bir nəticəsi yoxdur. Ona görə biz informasiya məkanımızı da qorumalıyıq. Bunu etmək çətindir. Çünki biz bu gün internet dövründə yaşayırıq. Hansısa hər bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yer tapır. Ancaq milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır.

Biz xarici informasiya məkanına çıxışımızı daha da genişləndirməliyik. Bu istiqamətdə yaxşı nəticələr var. Mən xatırlayıram, jurnalistlərlə əvvəlki görüşlərimdə də bunu demişdim. Demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək. Əvvəllər belə imkanlar bizdə yox idi və bu, bizim üçün problem yaradırdı. Çünki əvvəlki illərdə bizə qarşı koordinasiya edilmiş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı ki, guya Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya yoxdur. Bunun məqsədi bəllidir - həm bizi öz təsiri altına salmaq, nəyəsə məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfi imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və o qədər də geniş imkanlarımız yox idi. Bu gün bu imkanlar var. Yaxın tarix onu göstərir ki, biz bu istiqamətdə kifayət qədər geniş imkanlara malikik. Həm dövlət, həm də media orqanları bu istiqamətdə fəal işləyirlər. Məni sevindirən hal odur ki, biz vahid siyasət aparırıq. Çünki dövlət və media milli maraqları müdafiə edir. Çünki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Ona görə biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha yaxşı tanısınlar, daha çox hörmət etsinlər. Bizi nə qədər çox tanıyarlarsa, bizə rəğbət də o qədər çox artar. Çünki dəfələrlə olub ki, ilk dəfə Azərbaycana gələn və mənimlə görüşən hansısa xarici nümayəndə heyəti öz təəccübünü gizlədə bilməyib. Deyirlər ki, bəs biz tam başqa fikirdəydik, bizə başqa şeylər deyirdilər. Amma biz gəldik, gördük ki, Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan necə gözəl ölkədir, Azərbaycan vətəndaşları necə qonaqpərvər və gözəl insanlardır. Bir çoxları bir məsələni də xüsusilə qeyd edir ki, cəmiyyətdə çox gözəl ab-hava var. Bu, doğrudan da belədir. Biz buna öyrəşmişik. Bu, bizim üçün adi haldır. Ancaq bəzi başqa ölkələrlə müqayisədə Azərbaycanda ictimai vəziyyət, fikir azadlığı və cəmiyyətdə hökm sürən ab-hava doğrudan da çox müsbətdir.

Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir. Əlbəttə, mən görürəm, bilirəm və buna sevinirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik. Çünki əvvəlki dövrlərdə vəziyyət belə idi - hökumətlərarası, dövlətlərarası münasibətlərdən, mənim həmkarlarımla çoxsaylı görüşlərimdə hamı bilirdi, etiraf edirdi və xəritəyə baxanda hər şey bəlli idi ki, kim işğalçıdır, kim işğalın qurbanıdır. Ancaq bu məlumat demək olar ki, siyasi elitanın inhisarında qalırdı. Xarici ölkələrin media nümayəndələri ya bilməyərəkdən, ya da qəsdən ictimai fikrə bu münaqişə ilə bağlı yalan və təhrifedilmiş informasiyalar ötürürdülər. Burada əlbəttə ki, erməni lobbisinin də böyük rolu var. Çünki onlar hər gün bizim əleyhimizə işləyirlər, hər dəqiqə onlar üçün birinci hədəf Azərbaycandır. Çünki bilirlər ki, Azərbaycan güclənir, Azərbaycanın böyük imkanları var, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Ona görə erməni lobbisi və onlara yaxın olan siyasi xadimlər, xüsusilə erməni lobbisinin pulu ilə idarə olunan dırnaqarası siyasətçilər ictimai fikrə Azərbaycanla və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalan informasiyalar ötürürlər. Biz bu meyli sındıra bildik. Bu gün həm dövlətlərarası münasibətlərdə, həm ictimai rəydə Azərbaycanın mövqeyi daha çox dəyər qazanır. Təsadüfi deyil ki, mənim son səfərlərim çərçivəsində imzalanan sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi müddəa var və orada göstərilir ki, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Bu, artıq o ölkələrin ictimai fikrində yaranmış dönüşün təzahürüdür. Əlbəttə ki, biz də, ilk növbədə, çalışırıq və çox israrla, təkidlə deyirik ki, sənədlərdə mütləq bu bənd olmalıdır. Yəni, ictimai fikirdə bu dönüş yaradıldı, münaqişə ilə bağlı Azərbaycanın haqq işi, haqlı mövqeyi daha da böyük üstünlük təşkil edir. Düşmən bundan çox narahatdır, demək olar ki, təşvişdədir, döyüş meydanında məğlubiyyətə uğrayıb, hüquqi müstəvidə bizim mövqeyimiz çox möhkəmdir. Tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ və nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın ərazisi də bizim tarixi torpağımızdır. İqtisadi cəhətdən zəif, yoxsul, xarici ianələrlə güclə dolanan Ermənistan ilə bugünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz. Bizim yeganə zəif yerimiz media məkanı idi. Bu zəifliyin təbii səbəbləri var idi. Çünki erməni diasporu aparıcı ölkələrdə, xüsusilə münaqişə ilə bağlı ölkələrdə güclü imkanlara malikdir. Böyük biznes şəbəkələri var. Onlar bəzi siyasətçiləri ələ alıblar. Onlar dövlət qurumlarına soxulublar və bu imkanlardan istifadə edib münaqişə ilə bağlı öz mövqelərini işıqlandırırlar. Artıq bu istiqamətdə də dönüş yarandı. Biz gərək öz səylərimizi daha da gücləndirək. Həm dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməlidirlər. Bu gün bu, belədir və mən çox istəyirəm ki, bu siyasət daha da gücləndirilsin.

Bir sözlə, əziz dostlar, mən bu gün bu fürsətdən istifadə edərək, jurnalistikamızın inkişafı ilə bağlı bəzi fikirlərimi sizinlə bölüşmək istədim. Bir daha demək istəyirəm ki, Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir. Siz bilirsiniz ki, biz sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görürük. Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik. Qaldı maliyyə vəsaitinə, burada heç bir problem olmayacaq ki, biz sizinlə tezliklə üçüncü binanın açılışında görüşək. Sağ olun.

X X X

“Kaspi” qəzetinin baş redaktoru İlham QULİYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Bu gün Azərbaycan jurnalistikası, bütün cəmiyyətimiz üçün çox əlamətdar bir gündür - 255 jurnalist ailəsinə yeni mənzil verilir. Bu, jurnalistlər üçün elə möhtəşəm hadisədir ki, onun əhəmiyyətini qısa şəkildə ifadə etmək olduqca çətindir. Biz jurnalistlər uzun illər belə bir sevincin həsrəti ilə yaşamışıq, onu gerçəkliyə çevirmək üçün müxtəlif yollar aramışıq.

Yeddi il bundan əvvəl Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə, möhtərəm cənab Prezident, məhz Siz yüzlərlə jurnalist ailəsini sevindirə biləcək təşəbbüs irəli sürdünüz və qərar qəbul etdiniz. Dörd il bundan öncə 156, bu gün isə 255 həmkarımız yeni mənzillərin sevincini yaşayır. Mənim təmsil etdiyim qəzetin də əməkdaşları Sizin yaratdığınız imkanlardan bəhrələnmək şansı əldə ediblər.

Cənab Prezident, biz yaxşı başa düşürük ki, jurnalist maaşı ilə şəhərin mərkəzinə yaxın bir yerdə, bu cür gözəl binadan mənzil almaq çox çətindir, bəlkə də mümkünsüzdür. Amma Sizin Azərbaycan jurnalistikasına diqqətiniz, dəstəyiniz sayəsində bizim üçün mümkünsüz olan bir məsələ, uzun illərdir ürəyimizdə gəzdirdiyimiz arzu reallığa çevrilib. Bütün bunlara görə Zati-alinizə sonsuz təşəkkür edirik.

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi, “Kaspi” qəzetini öz pulu ilə alıb Azərbaycan ziyalılarına hədiyyə etmiş hacı Zeynalabdin Tağıyev, uzun müddət “Kaspi” qəzetinin baş redaktoru olmuş Əlimərdan bəy Topçubaşov kimi dəyərli azərbaycanlılar bu gün Sizin jurnalistlərə ev vermə mərasiminə şahidlik etsəydilər, görən hansı hissləri keçirərdilər. 1998-ci il avqustun 6-da Azərbaycan mediası üzərindən senzuranı birdəfəlik ləğv edən, onun inkişafı üçün böyük işlər görən ümummilli lider Heydər Əliyev həyatda olsaydı, indi nə qədər sevinərdi.

Mən jurnalistika sahəsində fəaliyyətə başlayandan sonra xeyli müddət Prezident Administrasiyasında akkreditə olunmuş müxbir kimi çalışmışam və Ümummilli Liderin müxtəlif tədbirlərində iştirak etmişəm. Həmin illərdə mənimlə bərabər bu tədbirlərdə iştirak edən jurnalist həmkarlarımız həmişə Heydər Əliyevin – o böyük insanın jurnalistlərə xüsusi münasibətinin şahidi olmuşuq. Ulu Öndər imkan düşən kimi bizimlə təmas qurur, əhvalımızla, iş şəraitimizlə maraqlanır, problemlərimizin həlli ilə bağlı tapşırıqlar verirdi. Ümummilli Lider həmişə arzulayırdı ki, Azərbaycan jurnalistləri maddi cəhətdən təminatlı olsunlar, yaxşı yaşasınlar. Cənab Prezident, bu gün Siz həm də Ümummilli Liderimizin həmin arzularını reallaşdırmısınız.

Əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş və ənənəyə çevrilmiş mediaya dövlət dəstəyi siyasəti Sizin rəhbərliyiniz dövründə özünün ən yüksək zirvəsinə çatıb. Siz 2008-ci ildə “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq edərək qarşıdakı dövr üçün Azərbaycan mediasının inkişaf istiqamətlərini müəyyənləşdirdiniz. 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu yaratmaqla mediaya dövlət dəstəyini sistem halına saldınız, onu şəffaflaşdırdınız. 2005-ci ildən başlayaraq Milli Mətbuat Günü hər il dövlət səviyyəsində qeyd olunur, redaksiyalara yardımlar ayrılır, yüzlərlə jurnalist dövlət mükafatları ilə təltif edilir, onlara fəxri adlar verilir. Qəzet kağızına qiymətlərin artdığı zamanlarda Siz redaksiyalara çox vacib olan əlavə yardım haqqında qərar qəbul etdiniz. Sizin bu yardımınız olmasaydı, kütləvi informasiya vasitələri arasında öz dəst-xətti olan və təmsil etdiyi xalqın, millətin, dövlətin yazılı salnaməsini yaradaraq gələcək nəsillərə çatdıran qəzetlər yəqin ki, bağlanmışdı. Çox şükürlər olsun ki, Sizin yardımınız nəticəsində Azərbaycan mətbuatı dövlətin yazılı salnaməsini yaratmaqda davam edir və böyük əminlik var ki, bundan sonra da davam etdirəcəkdir.

Biz həm də tövsiyənizlə qəzetlərin müxtəlif dillərdə on-line resurslarını yaradırıq və cəmiyyətin operativ məlumatlandırılması, Azərbaycan həqiqətlərinin daha tez və dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəmizi verməyə çalışırıq.

Cənab Prezident, bir vacib məsələyə də Sizin ali diqqətinizi çəkməyi özümə borc bilirəm. İyulun 4-də Ermənistan hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutması nəticəsində biri azyaşlı uşaq, biri yaşlı qadın olmaqla iki nəfər qətlə yetirildi, bir nəfər yaralandı, insanların mülkünə xeyli ziyan dəydi. Bu hadisə dünya miqyasında böyük əks-səda doğurdu və işğalçı dövlətin, ona rəhbərlik edənlərin əsl cani, faşist simasını beynəlxalq aləmə nümayiş etdirdi. Bizim apardığımız araşdırma onu deməyə əsas verir ki, beynəlxalq ictimaiyyətin belə güclü reaksiya verməsində Azərbaycan mediası da ciddi rol oynayıb. Çünki dünyanın Assosiated Press, Reuters, Le Monde, Euronews, BBC, Al-Jaazeera, TRT, Anadolu Agentliyi və digər bu kimi nüfuzlu KİV-lər ilk informasiyanı hadisə barədə operativ və ardıcıl məlumatlar yayan Azərbaycan mediasından aldılar, onu inkişaf etdirdilər və yüz milyonlarla insanın diqqətinə çatdırdılar. Əminəm ki, Siz Azərbaycan mediası vətənpərvər olmalıdır, haqq səsimizi dünyaya çatdırmağı bacarmalıdır deyəndə məhz belə fəaliyyəti nəzərdə tuturdunuz. Təbii ki, biz əlimizdən gələni edirik, amma şəxsən Sizin dəstəyiniz, diqqətiniz olmasaydı, bu işləri görmək mümkün olmazdı. Bütün bunlara görədir ki, Azərbaycan jurnalistləri, media ictimaiyyəti Sizi həmişə özünə yaxın dost hesab edib və bundan sonra da edəcəkdir. Əslində, bir media nümayəndəsi kimi əminliklə deyə bilərəm ki, Sizin səyləriniz nəticəsində bu gün güclənən, inkişaf edən və yeni uğurlar qazanan təkcə jurnalistika deyil, bütövlükdə dövlətimiz və cəmiyyətimizdir. Son illər Azərbaycan öz inkişaf göstəriciləri, beynəlxalq aləmdə nüfuzu ilə dillər əzbərinə çevrilib, ölkəmizə gələn turistlərin sayı artıb. Düşünürəm ki, Azərbaycana gələn xarici qonaqları təkcə gözəl təbiətimiz, qonaqpərvərliyimiz cəlb etmir. Onlar həm də 1990-cı illərin əvvəllərində dağılmaq, dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmiş bir ölkənin 25 ildə yaratdığı möcüzəni öz gözləri ilə görmək istəyirlər. Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” kompleksi, Bakının, regionlarımızın yeni, müasir simasıdır onları cəlb edən. Siz həm də bu möcüzənin müəllifisiniz, cənab Prezident!

Cənab Prezident, Siz “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” devizinizi əməli fəaliyyətinizlə təsdiq etmisiniz. Bütün cəmiyyətimiz, o cümlədən də biz jurnalistlər bu siyasətin təntənəsindən bəhrələnirik. Hesab edirik ki, bu işlərdə Sizin ən yaxın köməkçiniz ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevadır. Bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada mərhəmət, humanizm, qayğıkeşlik kimi dəyərlərin ünvanına çevrilən Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın fəaliyyəti dövlətimizin həyata keçirdiyi sosial siyasətə xüsusi dinamizm gətirib və cəmiyyətimizdə sosial rifahın daha da yüksəlməsinə böyük töhfələr verir.

Siz hər zaman, hər yerdə, hətta ən mürəkkəb vəziyyətlərdə də Azərbaycanın maraqlarını, dövlətimizin mənafelərini müdafiə edirsiniz. Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi, nüfuzunun yüksəlməsi, ümummilli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış yeni vəziyyət də Sizin prinsipial, milli maraqlara hesablanmış siyasətinizin nəticəsidir. 2016-cı ilin tarixi aprel qələbəsi hər bir vətəndaşımızda, bütün dünya azərbaycanlılarında ruh yüksəkliyi yaratdı. İndi biz özümüzü güclü, öz sözünü deyən, mövqeyini müdafiə etməyi bacaran bir ölkənin vətəndaşları hesab edirik. Bu isə gələcəyimizlə bağlı daha nikbin olmaq üçün ciddi əsaslar yaradır. Biz inanırıq ki, bu gün Ali Baş Komandanı İlham Əliyev olan Ordumuzun gücündən, düşmənə vurduğu zərbələrdən yazan mətbuatımız, yaxın gələcəkdə daha böyük qələbələrdən yazacaq, işğal olunmuş torpaqlarımızdan reportajlar hazırlayacaq, düşmənin düşdüyü rəzil durumu vətəndaşlarımıza və bütün dünyaya çatdıracaq. Bütün Azərbaycan jurnalistləri bu xəbəri vermək arzusu ilə yaşayırlar. Biz harada oluruqsa-olaq, hansı addımı atırıqsa-ataq, məhz həmin günü düşünürük! Heç bir şübhəmiz yoxdur ki, Sizin rəhbərliyiniz, Ordumuzun gücü ilə çox yaxın vaxtlarda bu arzumuz da reallaşacaq.

Bu müqəddəs işdə Tanrı yardımçınız olsun, cənab Prezident!

X X X

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya proqramları studiyasının direktoru Mehriban MƏMMƏDOVA çıxış edərək dedi:

-Möhtərəm, cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Bu gün, burada, jurnalistlərin peşə bayramı ərəfəsində, günləri kamera qarşısında, qəzet, kitab-dəftər arasında keçən jurnalistlərin yaşayacağı bu möhtəşəm binanın açılışında, Sizin qarşınızda çıxış etmək, nə gizlədim, həyəcanverici, o dərəcədə də qürurvericidir.

Cənab Prezident, Sizin bir dövlət başçısı kimi ölkəmizin hər bir vətəndaşına göstərdiyiniz böyük diqqət və qayğı hamımıza yaxşı məlumdur. Lakin mən öz şəxsi həyatımın timsalında konkret bir nümunə göstərmək istərdim. Səkkiz yaşım olarkən ailəmlə birlikdə doğulduğum, uşaqlığımı keçirdiyim Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən məcburi köçkün düşmüşəm. Yaşım az olsa da, o ağrılı, faciəli günlərin şahidi olmuşdum. 24 ildən sonra erməni vandallarının viranə qoyduğu həmin kənd Sizin böyük əzminiz, siyasi iradəniz sayəsində yeni həyatına qovuşdu. Bu gün az qala modern bir şəhəri xatırladan Cocuq Mərcanlı Qarabağa “Böyük Qayıdış”ın simvoluna çevrilib. Vaxtilə Cocuq Mərcanlıdan qaçqın düşən o körpə bir qız indi dövlətin bütün qayğısı ilə əhatə olunub və ev alır.

Bu gün mən kəndimizə qayıdışdan sonra həyatımın ən böyük növbəti sevincini yaşayıram. 255 jurnalist həmkarımla birlikdə bu yaraşıqlı binada – Jurnalistlər Evində mən də mənzil alıram. Jurnalistlər Evi! Jurnalistlər şəhərciyi! Elə bir ev və şəhərcik ki, pəncərədən baxanda dünyanın ən hündür bayraq dirəyindən asılmış müqəddəs bayrağımızın dalğalandığını görəcəyik. Elə bir ev ki, pəncərələri dünyanın ən böyük gölünə – Xəzərə açılır. Bu böyüklüklər yalnız fiziki, coğrafi anlamda qalmayıb, mahiyyətcə böyüklük, dərinlik daşıyır. O bayraq dirəyini Siz ucaltmısınız, o əzəmətli bayrağı ora kövrələrək Siz qaldırmısınız. Xəzəri əməkdaşlıq hövzəsinə Siz çevirmişiniz, cənab Prezident.

Bütün bunlar, Ümummilli Liderimizin müəyyənləşdirdiyi, Sizin isə yüksək səviyyədə davam və inkişaf etdirdiyiniz parlaq milli dövlətçilik siyasətinin təntənəsidir. Bu gün Siz yalnız jurnalistlər üçün ev tikdirmirsiniz, Siz ümumən qurucu, yaradıcı lidersiniz.

Prezident kimi ölkəmizi, Ali Baş Komandan kimi Silahlı Qüvvələrimizi, dünya azərbaycanlılarının lideri kimi dünyanın hər yerindəki soydaşlarımızı, bir sözlə, AZƏRBAYCAN adına, vətəndaşlıq ruhuna aid olan bütün mənəvi ünvanları alovlu vətənpərvərliklə sevməyin örnəyini yaradırsınız. Sizin əlinizdən yaşayacağımız mənzilin açarını almaq nə qədər bəxtiyarlıqdır.

Heç kəsə sirr deyil ki, Jurnalistlər Evində, jurnalistlər şəhərciyində yaşayacaq, içi mən qarışıq, çoxumuz paytaxtımızın önəmli gələcəyi olan bu məkanda təmirli ev almaq üçün ancaq xəyallar qura bilərdik... Siz xəyalları gerçək edən dövlət başçısı oldunuz. Şübhəsiz ki, burada yaşamağın mənəvi dəyəri maddi dəyərindən qat-qat yüksəkdir.

Bu evdə yeni qonşuluqlar, yeni qohumluqlar yaranacaq, qızlar köçürüləcək, gəlinlər gətiriləcək, övladlar dünyaya gələcək... və bu ünvanda yaşanacaq bütün gözəlliklərin savabı məhz Sizin adınıza yazılacaq, cənab Prezident.

Təməlini qoyduğunuz və getdikcə genişlənən jurnalist şəhərciyində Azərbaycanın bəlkə gələcək qurucuları da dünyaya gələcək, böyüyəcək, bağçaya və məktəbə gedəcək, sağlam tərbiyə alacaq, öz xalqına və dövlətinə xidmət göstərəcəklər. Onlar da bu günü məmnuniyyətlə xatırlayacaqlar və “mən Prezident İlham Əliyevin jurnalist valideynlərimə bağışladığı evdə doğulmuşam” söyləyəcəklər. Bu işlərlə Siz adınızı müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırdınız, cənab Prezident!

Bu şəhərcik sakinlərinin təbii əsaslarla formalaşdıracağı yaradıcı mühitin məhsulu olacaq yeni-yeni əsərlər, kitablar jurnalistikamızı, söz sənətimizi, bir sözlə, mədəniyyətimizi zənginləşdirəcək.

Siz, cənab Prezident, bu gün yalnız mətbuatımıza, jurnalistlərimizə dəstək vermirsiniz, həm də “keçmişə ehtiram, bu günə dəyər, gələcəyə inam” düsturu ilə milli jurnalistikamızın yeni zirvələri fəth etməsi üçün öz yüksək ziyalılığınız, kübar nümunənizlə mənəvi standartlar yaradırsınız və geniş üfüq cızırsınız.

2001-ci ildə ulu öndər Heydər Əliyevin jurnalistlərlə bir görüşünü xatırlayıram. O səmimi görüşü efirdən izləmişdim. Ulu Öndər həmin görüşdə Azərbaycan Prezidenti kimi mətbuat azadlığının təminatçısı olduğunu xüsusi vurğuladı. Bu gün Siz həmin missiyanı şərəflə davam etdirirsiniz. 2005-ci ildə “Əməkdar jurnalist” adını bərpa etdiniz, həmin dövrdən sonra yüzlərlə jurnalistə fəxri adlar və dövlət mükafatları verdiniz. Bu gün “Jurnalistlərin dostu” seçilməyiniz qətiyyən təsadüfi deyil. 2010-cu ildə həmin mükafatın təqdimat mərasimində jurnalistlərin dostu olmağın böyük şərəf olduğunu və məsuliyyət yaratdığını bildirdiniz. Biz də çox xoşbəxtik ki, Sizin kimi xeyirxah bir dostumuz, dünyada böyük nüfuz və söz sahibi olan Prezidentimiz var.

Sizinlə hər bir görüş, bizdə ruh yüksəkliyi, işləmək əzmi yaradır. Ölkəmizin son illər əldə etdiyi mühüm nailiyyətlər də bizim jurnalist kimi öz missiyamızı həvəslə, şövqlə yerinə yetirməyimizdə böyük rol oynayır. Çünki indi Azərbaycan dünyada böyük nüfuza malik olan ölkələrdəndir. Məmləkətimiz artıq beynəlxalq tədbirlərin, forumların, yarışların keçirildiyi məkandır. Biz mühüm beynəlxalq tədbirləri işıqlandırarkən ölkəmizə gələn əcnəbilərin əksəriyyəti ilə ünsiyyətdə oluruq, müsahibələr götürürük. Sevindiricidir ki, əcnəbi qonaqlar Azərbaycanın sürətli inkişafına, iqtisadi uğurlarına, xüsusən paytaxtımızın təmizliyinə, gözəlliyinə, təhlükəsizliyinə, xalqımızın qonaqpərvərliyinə, qədim və müasir memarlığın özünəməxsus harmoniyasına heyranlıqlarını gizlədə bilmirlər. Bütün bu böyük uğurlara müasir Azərbaycanın qurucusu Heydər Əliyevin layiqli davamçısı kimi Sizin misilsiz fəaliyyətiniz, məqsədyönlü siyasətiniz sayəsində nail olunub.

Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da Sizinlə birlikdə xalqımızın rifahı naminə yorulmadan çalışır, qədim və zəngin mədəniyyətimizin dünyada təbliği işinə böyük töhfələr verir. Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi mühüm tədbirlər, icrasına başlanılan sosial layihələr cəmiyyətimizin hər bir üzvü tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Biz jurnalistlər isə Azərbaycan naminə, xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirilən layihələri, tədbirləri işıqlandırmaqdan və təbliğ etməkdən hədsiz zövq alırıq.

Bir daha, Sizə, zati-aliləri, ev verdiyiniz Azərbaycan Televiziyasının 20, bütövlükdə ev alan 90-na yaxın teleradio işçisi və veteranı adından könül dolusu minnətdarlığımızı yetirir, şərəfli işinizdə böyük uğurlar diləyirik. Allah Sizi və xalqımızı qorusun.

X X X

Mətbuat Şurasının sədri Əflatun AMAŞOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Əziz dostlar, dəyərli həmkarlar.

Bugünkü hadisənin əhəmiyyəti barədə dolğun fikir yürütmək üçün çox düşündüm. İlk baxışdan asan olmayacağını bilirdim. Ancaq indi, burada 255 jurnalistin, o cümlədən 20 jurnalist ailəsinin gözlərindəki hədsiz minnətdarlığı, ruh yüksəkliyini müşahidə edərkən anlayıram ki, cənab Prezident, Sizin jurnalistlərimizə bəxş etdiyiniz bugünkü sevinci heç bir sözlə ifadə etmək mümkün deyil.

Bəli, peşəsindən asılı olmayaraq hər bir insanın, o cümlədən hər bir jurnalistin mənzil sahibi olması, öz doğma ocağının istisinə sığınması, rahat məkanda yaşayıb-yaratması çox vacibdir. Düşünürəm ki, Bakının bu gözəl guşəsində, belə möhtəşəm binada dövlətimizin başçısının misilsiz hədiyyəsinə layiq görülmüş qələm sahibi fəaliyyətinə verilmiş bu yüksək qiyməti həyatı boyu unutmayacaq.

Cənab Prezident, Azərbaycan jurnalistlərinə belə böyük, heyrətamiz sevinc hissini yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildirir və mediamıza verdiyiniz yüksək dəyərdən son dərəcədə məmnun olduğumuzu tam səmimi şəkildə ifadə edirik. Biz bilirik ki, beynəlxalq aləmin diqqətini cəlb edən bir çox məsələlərdə olduğu kimi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində atdığınız addımlar da dünyada ilk təcrübədir.

Möhtərəm cənab Prezident, Siz jurnalistlərlə dostluğa sadiqliyinizi dəfələrlə sübut etmisiniz. Bu, bizim üçün son dərəcə vacibdir. Ancaq bizim Sizinlə dostluğumuzu şərtləndirən amil təkcə milli jurnalistikamızın inkişafına göstərdiyiniz diqqət və qayğı ilə bağlı deyil. Məlumdur ki, həqiqi jurnalist cəmiyyətin nəbzini tutur, ölkədə və dünyada baş verən hadisələri insanlara çatdırır, onu öz təfəkkürünə və dünyagörüşünə uyğun şəkildə süzgəcdən keçirir, təhlillər aparır. Bəs 25 illik müstəqillik tarixinə malik dövlətimizin keçdiyi inkişaf yolunu qiymətləndirən jurnalist hansı gerçəklikləri görür?

Mən həm Sovet dövrünü, həm müstəqilliyimizin ilk illərini, həm ümummilli lider Heydər Əliyevin, həm də Sizin Azərbaycana rəhbərlik etdiyiniz mərhələləri yaşamış bir qələm sahibi kimi haradan başlayıb hara gəldiyimizi aydın görürəm və həqiqətən bu günümüzün reallığı ilə qürur duyuram.

Azərbaycan dövləti bütün məsələlərə sistemli yanaşır, hər bir konkret sahə ilə bağlı müvafiq dövlət proqramları qəbul olunur və icra edilir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu 1995-ci il Konstitusiyasında demokratik azadlıqların təsbit olunması və daha sonra 1998-ci ildə senzuranın ləğvi bu yanaşmanın əsasını təşkil edir. Siz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasətini yeni dəyərlərlə zənginləşdirdiniz. Bu gün “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” kimi fundamental sənədimiz var, mediaya dövlət dəstəyini həyata keçirən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu uğurla fəaliyyət göstərir. Bu dəstəyin, diqqət və qayğının nəticəsidir ki, jurnalistikamız nüfuzlu və aparıcı peşəyə çevrilib, bu sahəyə güclü axın var. Ən əsası, Sizin müəyyən etdiyiniz istiqamətlərə uyğun olaraq, Azərbaycan mediası qarşısında duran ən mühüm vəzifənin həyata keçirilməsi - Azərbaycanın haqq səsinin dünyaya çatdırılması sahəsində ciddi uğurlar əldə etməyə başlayıb.

Ancaq etiraf etməliyəm ki, jurnalistikamızın uğurları Sizin rəhbərliyinizlə ölkəmizin əldə etdiyi nailiyyətlərdən təəssüf ki, xeyli geri qalır. Bu gün Azərbaycanın adı bütün dünyada tanınır və hörmətlə çəkilir. Paytaxtımız Bakı dünyanın ən gözəl şəhərlərindən birinə, mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrilib. Magistral, şəhərlərarası, kəndlərarası yollar ən müasir standartlara uyğun yenidən qurulub. Baxın, regionlarımıza nə qədər turist axını var. Çünki Azərbaycanın bölgələri öz müasirliyi, gözəlliyi, zəngin infrastrukturu ilə diqqəti cəlb edir. Ümumdünya iqtisadi böhran illərində belə Azərbaycanda əhalinin sosial tələbatı ən yüksək səviyyədə təmin olundu. İqtisadiyyat dirçəlib, kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər yüz minlərlə insanın işlə təmin olunmasına, məhsul bolluğu yaranmasına və ölkənin ixrac potensialının yüksəlməsinə şərait yaradıb. XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizi Azərbaycanın enerji strategiyasına yeni nəfəs verib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub qlobal nəqliyyat dəhlizlərinin yaradılmasında ən fəal ölkələrdən biridir və faktiki olaraq bu layihələrin təkanverici qüvvəsidir.

Bu gün Azərbaycan güclü, istənilən vəzifəni icra etməyə qadir olan orduya malikdir. 2016-cı ilin aprel hadisələri – bu tarixi və şanlı qələbəmiz, ən əsası isə, Sizin, cənab Prezident, qətiyyətli, cəsarətli addımlarınız, prinsipial mövqeyiniz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əminliyi artırıb.

Dünyada multikulturalizm mərkəzi və tolerantlıq məkanı kimi tanınan ölkəmizdə bütün xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır, heç bir milli-dini ayrı-seçkilik yoxdur. Bu gün dünyanı cənginə almış qlobal iqtisadi böhrana qarşı Azərbaycanın güclü immuniteti formalaşıb, planetin ayrı-ayrı bölgələrində qarşıdurma, müharibə, müxtəlif kataklizmlər fonunda ölkəmizdə təhlükəsizlik, sabitlik ən yüksək səviyyədə təmin olunub. Azərbaycan jurnalistləri bütün bunları Sizin düzgün, ölçülüb-biçilmiş idarəçiliyinizin nəticəsi kimi qiymətləndirirlər. BMT Təhlükəsizlik Şurasındakı təmsilçilikdən tutmuş əldə edilən hər bir uğurun qayəsini gərgin əməyiniz, misilsiz Vətən sevginiz təşkil edir.

Əlbəttə, qısa bir çıxışda Sizin rəhbərliyinizlə əldə etdiyimiz uğurları sayıb qurtarmaq mümkün deyil. Amma bütün bunlar həm Azərbaycan vətəndaşlarının, həm də dünya ictimaiyyətinin gözündə yeni Azərbaycan obrazını canlandırıb. İnkişaf, müasirlik, sosial ədalət, vətəndaşa diqqət və qayğı, güclü ordu, güclü və nüfuzlu dövlət – budur bu günün Azərbaycanı.

Hesab edirəm ki, ürəyi cəmiyyətin nəbzi ilə vuran hər bir jurnalist bu reallığı görür, onu yüksək qiymətləndirir. Bütün bunlara görədir ki, cənab Prezident, jurnalistlərimiz Sizi özlərinə dost hesab edir və mən əminliklə deyə bilərəm ki, bu, artıq əbədi dostluqdur.

Möhtərəm cənab Prezident, iki gün sonra Milli Mətbuatımızın yaranmasının 142-ci ildönümünü qeyd edəcəyik. Bu gördüyümüz möhtəşəm binanı həm də peşə bayramı hədiyyəsi kimi qəbul edirik. Jurnalistlərimiz Sizin sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini görürlər. Vətəndaş üçün dövlətinin, Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Jurnalistlərimizə bu hissi yaşatdığınıza görə çox sağ olun cənab Prezident. Sizə möhkəm cansağlığı, ölkəmizin çiçəklənməsinə yönəlmiş yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Bir daha təkrar etmək istəyirəm ki, Siz jurnalistlərimizin əbədi dostusunuz. 2017-ci ildə “Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi üçün keçirilmiş sorğunun nəticələri də bunu bir daha təsdiq edir.

Cənab Prezident, icazə verin, Prezident-media dostluğunun simvoluna çevrilmiş “Jurnalistlərin dostu” mükafatını Sizə təqdim edim.

X X X

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Jurnalistlərin dostu” mükafatını Prezident İlham Əliyevə təqdim etdi.

Prezident İlham ƏLİYEV dedi: Bu yüksək ada görə bütün Azərbaycan jurnalistlərinə minnətdarlığımı bildirmək istəyirəm. Mən də tam əminəm ki, bizim dostluğumuz əbədi olacaq. Sizi bir daha qarşıdan gələn peşə bayramınız münasibətilə təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

X X X

Daha sonra Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi və mənzillərdə yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilib, sürətli internet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunub.

Müstəqil Azərbaycanda milli mətbuatın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın tələbi ilə o zaman hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkənin üzləşdiyi ağır ictimai-siyasi şəraitdə, iqtisadiyyatın iflic vəziyyətə düşdüyü bir dövrdə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxladı. 2003-cü ildən isə bu proses yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası əsasında mühüm layihələr icra edildi. Bu gün Azərbaycanda bütün azadlıqlar, o cümlədən mətbuat, söz və fikir azadlıqları tam təmin edilib. Azərbaycanda genişzolaqlı internet sərbəst şəkildə fəaliyyət göstərir. Ölkəmizdə KİV nümayəndələrinin rahat və təhlükəsiz fəaliyyət göstərmələri üçün bütün şərait var. Son illərdə isə jurnalistlərin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra edilib. Belə ki, 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı. Ötən müddətdə həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olundu və bütün mənzillər yüksək səviyyədə təmir edildi. Bu binanın tikintisinə və ətraf ərazidə abadlıq işlərinin aparılmasına 22 milyon manatdan artıq vəsait sərf olundu.

Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, kütləvi informasiya vasitələri nümayəndələri üçün dövlət tərəfindən pulsuz olaraq yaşayış binaları inşa olunur və onlara verilir. Bu, bir daha sübut edir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həllinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır. Ən əsası isə odur ki, bu tədbirlər ardıcıl xarakter daşıyır.

Sonra Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməlini qoydu.

Dövlətimizin başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxdı.

Diqqətə çatdırıldı ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən inşa ediləcək bu binada da 255 mənzil olacaq.
Beləliklə, 2010-2017-ci illərdə tikilib istifadəyə verilmiş iki və hazırda təməli qoyulan üçüncü binada mənzillərin ümumi sayı 666-ya çatacaq.

Sonda xatirə şəkli çəkdirildi.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

MEDİA
Jurnalist Zülfüqar  Xeyirxəbər Prezidentə müracət edib

Jurnalist Zülfüqar Xeyirxəbər Prezidentə müracət edib

Qaraçöp
Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Azərbaycan, MEDİA

"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövz ...

MEDİA
Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Əflatun AMAŞOVun Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyas ...

Milli Məclis, MEDİA
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
İTv-nin əməkdaşları üçün kooperativ yaşayış binası istifadəyə verilib

İTv-nin əməkdaşları üçün kooperativ yaşayış binası istifadəyə verilib

Azərbaycan
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin ...

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin ...

Əsas xəbər, Rəsmi Xəbərlər
İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

Azərbaycan, Qarabağ
Həm pandemiya, həm də müharibə sınağından uğurla çıxan AZƏRBAYCAN MƏTBUATI

Həm pandemiya, həm də müharibə sınağından uğurla çıxan AZƏRBAYCAN MƏTBUATI

Elm, Elmi Məqalələr, Müsabiqə
“Gənc Heydərçilər  olaraq Sosial şəbəkələrdə ermənilərə layiqli cavab verir ...

“Gənc Heydərçilər olaraq Sosial şəbəkələrdə ermənilərə layiqli cavab verir ...

"Şərqin səsi"
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Elmi-Tədqiq ...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Elmi-Tədqiq ...

Əsas xəbər, Azərbaycan, Biologiya və tibb elmləri, Sağlamlıq, Səhiyyə, Başkeçid
İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib

İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib

Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

MEDİA
Yusuf Məmmədəliyev:

Yusuf Məmmədəliyev: "Ulu öndər Heydər Əliyev Azərbaycanda Gənclər Gününü t ...

Azərbaycan, Gənclik
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Əsas xəbər, Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində işti ...

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində işti ...

Əsas xəbər, Azərbaycan, Rəsmi Xəbərlər
Saatlıda “Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru” mövzusunda ko ...

Saatlıda “Heydər Əliyev fenomeni: qurtuluşdan inkişafa doğru” mövzusunda ko ...

Regionlar, MEDİA
Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Milli Məclis, MEDİA
Rəy yazın: