MƏDƏDİN NURU (Böyük alim, Mədəd Çobanovun 80 illik yubileyinə) Humanitar elmlər, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Təbriklər, Mədəd Çobanov 12 июля 2017 363 0 1 2 3 4 5 Köhnə zamanlardan bəri Borçalıda ağsaqqal kişilər qabiliyyətli, yetənəkli oğlan uşaqlarından onların öz ismini yox, öncə atalarının adını soruşardılar. “Kimin oğlusan, a bala?” – sualını mənə çox veriblər. Mən də fəxrlə “Mədədin oğluyam” – deyə cavab verərdim. Ancaq, Başkeçiddə iki tanınmış Mədəd olduğu üçün (rayonun icra başçısı Mədəd Quliyev, Allah ona rəhmət eyləsin, və atam Mədəd Coşqun) məndən həm də soruşardılar ki, hansı Mədədin? Günlərin birində atam “Trialeti” qəzeti redaksiyasının xidməti “Villis”i ilə Tiflisə gedirdi və məni də özü ilə apardı. Şəhərdə bəzi işləri var idi və getdiyimiz yerlərdən biri də “Sovet Gürcüstanı” qəzetinin redaksiyası idi. Atam baş redaktorla söhbət edərkən, mən dəhlizdə var-gəl edirdim, ki, naməlum bir kişi doğma dilimizdə mənə eyni sualı verdi: “Kimin oğlusan, a bala?”. Mən də dil əzbəri: “Mədədin oğluyam”, - dedim və düşündüm ki, bura Başkeçid deyil, Tiflisin mərkəzidi, “Hansı Mədədin?” sualı isə bu səfər mənə verilməyəcək. Ancaq o ziyalı əmi də mənə həmin sualı verdi.Axşam çağı rayona qayıdarkən, atama bu kiçik əhvalatı danışdım. Yəni soruşdum ki, ata, Mədəd Quliyevi də Başkeçiddən tutmuş Tiflisə qədər hamı tanıyır? Atam isə cavabında Tiflisdə nəzərdə tutulan ikinci Mədədin Mədəd Quliyev deyil, Mədəd Çobanov olduğunu anlatdı. Elə o gün bildim ki, Borçalıda bir qüdrətli və nəhəng Mədəd yenə var. İllər sonra Mədəd müəllimin oğlu Müşfiq Çobanov atamın yaradıcılığına həsr olunmuş bir neçə elmi iş yazdı, atamın şerlərini elmi müzakirə mövzusuna çevirdi, hətta bütün o elmi məqalələri bir araya toplayıb şair Mədəd Coşquna həsr edilmiş ayrıca bir kitab şəklində çap etdi, mən isə “Azərbaycan dilində onomastik vahidlərin semantik inkişafı” adlı dissertasiyamı yazarkən Mədəd Çobanovun elmi kitablarına istinad etdim, əmimin elmi təcrübəsindən bəhrələndim.2008-ci ildə doğma Başkeçiddə atamın 70 illik yubileyini keçirdim. Mədəd Çobanov Bakıdan 640 km. yol gəlib, həmin tədbirdə iştirak etdi.Günümüzdə isə Müşfiqlə müntəzəm olaraq əlaqə saxlayırıq, keçirdiyimiz tədbirlərdə iştirak edirik, məsləhətləşirik. Atalarımız bir il fərqi ilə demək olar kı, həmyaşıd olduğu kimi, Müşfiq də mən də artıq 50-ni yaxalayırıq. Azdan-çoxdan biz də söz sahibiyik, kitablarımız var, ictimai həyatda fəalıq, amma özümüzə 50 illik yubiley keçirəcəyimizi düşünmürəm. Çünki, atalarımızın saçdığı nurun fonunda bizim işığımız yetərli deyil.Mən Mədəd əmimə uzun ömür, can sağlığı, yaradıcılığında uğurlar arzu edirəm. Gələn il Mədəd Coşqunun 80-illik yubileyində inşallah görüşənədək, hörmətlə ƏDALƏT MƏDƏDOĞLU,12 iyul 2017-ci il.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.