Borçalı söhbətləri: “Borçalı ədəbi mühiti: dünən və bu gün” Humanitar elmlər, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı 9 декабря 2020 Layihəmizin növbəti qonağı tanınmış borçalışünas alim, filologiya üzrə fəlsəfə doktoru, Borçalı tarixinə, mədəniyyətinə, ədəbiyyatına, toponimikasına dair bir çox monoqrafik əsərlərin, elmi məqalələrin, ensiklopedik tədqiqatların müəllifi, Borçalı əsilli ziyalı Müşfiq Mədəd oğlu Çobanovdur (Borçalı).Müşfiq Borçalı 1970-ci ildə Borçalının Darbaz kəndində görkəmli alim professor Mədəd Çobanovun ailəsində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə və Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə bitirib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olub, eyni zamanda TDPİ-nin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil alıb. 1990-cı ildə Bakıya köçüb və təhsilini Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirib. 1992-ci ildə ali məktəbi Fərqlənmə Diplomu ilə bitirib və Azərbaycan Texniki Universitetində əmək fəaliyyətinə başlayıb. 1993-cü ildən “Təhsil” qəzetinin baş redaktoru, 1995-ci ildən “Azad Azərbaycan”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərinin baş redaktoru vəzifələrinə irəli çəkilib. Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanda, AzTV-nin “Xalq yaradıcılığı” redaksiyasının redaktoru vəzifəsində çalışıb. AzTV-də yayımlanan “Dastan”, “Yazı”, “Sazın-sözün sehri”, “Aşıq Pəri Məclisi”, “Borçalı elləri” və s. verilişlərin ssenari müəllifi və redaktoru olub. Hazırda Azərbaycan Respublikasi “Təhsil” Elm-İstehsalat Mərkəzinin və “Borçalı” Nəşriyyat-Poliqrafiya müəssisəsinin təsisçisi və Baş direktoru, “Ziya” qazetinin və ZiM.Az saytının Bas redaktorudur. Eyni zamanda, AzTU-nun “Azərbaycan dili və pedaqogika” kafedrasında pedaqoji fəaliyyətlə də məşqul olur, bakalavrlara “Azərbaycan dili” və “Nitq mədəniyyəti” fənlərini, maqistrlərə isə “Pedaqogika” fənnlərini tədris edir. 2016-cı il noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutununda AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Əkbər oğlu Həbibbəylinin elmi rəhbərliyi ilə “Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verib. Azərbaycan Respublikası Milli Məclisinin Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan işçi qruplarının üzvü olmuş və qanunların hazirlanmasında yaxından iştirak etmişdir. Azərbaycan Gənclərinin, Azərbaycan Müəllimlərinin və Azərbaycan Jurnalistlərinin qurultaylarının nümayəndəsi olmuşdur. “Abdulla Şaiq”, “Nəriman Nərimanov” və “Qızıl Qələm” mükafatı laureatıdır. Dəfələrlə Fəxri Fərman, Fəxri diplom və mükafatlarla təltif olunub. O cümlədən, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Diplom və sertifikatlarina layiq görülüb.Müşfiq müəllimlə “Borçali ədəbi mühiti: dünən və bu gün” mövzulu söhbətimizin əsas leytmotivləri Borçalı ədəbi mühiti, bu mühitin tarixi, özünəməxsusluğu, mətbuat və təhsillə əlaqəsi, çağdaş durumudur. “Borçali ədəbi mühiti: dünən və bu gün”Professor Asif Hacılı: Borçalı folkloru və ədəbi mühiti Azərbaycanın, türk dünyasını zəngin mənəvi sərvətidir və bu sərvətin öyrənilməsi, tədqiq olunması milli mədəniyyətimiz, tariximiz, eləcə də Gürcüstan – Azərbaycan əlaqələri, xalqlarımızın tarixi dostluğu baxımından vacibdir. Eyni zamanda, bu məsələnin xalqımızın tarixi yaddaşı, milli şüuru, etnik-mədəni identikliyi nəzərindən də, sözsüz ki, böyük əhəmiyyəti var. Borçalıdan ayrılmaz olan Tiflis ədəbi mühiti, bölgələrimizdəki ədəbi situasiyanın tarixi, tipoloji, funksional aspektləri barədə çox dəyərli alimlərimizin sanballı araşdırmaları mövcuddur. Yəqin ki, söhbətimizdə bu məsələyə də toxunacağıq.Müşfiq müəllim, Siz gəncliyinizdən, hələ Tiflisdə Universitetdə təhsil aldığınız dövrdən Borçalı mədəniyyətinin, ədəbiyyatının tədqiqi ilə məşğul olmusunuz. Mən bunu təsadüfi hesab etmirəm, çünki Siz Borçalının qədim tarixi, zəngin mədəniyyəti, xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətləri olan Darbaz kəndində doğulub boya-başa çatmısınız,A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsində təhsil almısınız, özünüz də, mən bilən, ədəbi-bədii yaradıcılıqla məşğul olursunuz. Digər tərəfdən, Siz Borçalının, bütövlükdə Azərbaycanın görkəmli ziyalısı, filoloq alim, professor Mədəd Çobanovun oğlusunuz, bu ailə mühiti də şübhəsiz ki, Sizin borçalışünas alim kimi formalaşmağınızda böyük rol oynayıb. Bütün bu amillərə görə də Sizin bir tədqiqatçı kimi Borçalı ilə, xüsusən, Borçalı ədəbi mühiti ilə olmağınız təbiidir və həm də qürurvericidir. Borçalı tarix boyu öz qəhrəmanları, sərkərdələri ilə bərabər, həm də şeir-sənət, saz-söz yurdu olmuşdur. Buranın ədəbi mühiti də sayılıb seçilib və milli mədəniyyətimizə bir çox ədiblər, əsərlər bəxş edib. AVCİYA-nın “Borçalı söhbətləri…” Layihəsi çərçivəsində də Sizinlə məhz bu ədəbi mühit, Tiflis-Borçalı ədəbi çevrəsi, bu mühitin dinamikası, nümayəndələri, özünəməxsusluğu barədə söhbətləşmək istərdik. Borçalı ədəbi mühiti nədir, necədir, kimlərdən ibarətdir, hansı səviyyədə öyrəmilib? Təbii ki, bu məsələ bir söhbətin mövzusu deyil, ancaq hər halda oxucularda ümumi təsəvvür yaradacağımıza ümid edirəm. Müşfiq müəllim, bu sahə ilə ardıcıl məşğul olan bir tədqiqatçı kimi, ilk növbədə Borçalı ədəbi mühitinin ümumi şəkildə də olsa, tədqiqat tarixi və ümumi səciyyəsi haqqında ümumi fikrinizi bilmək istərdik.Müşfiq Borçalı: Əvvəlan, belə bir Layihəni başladığınıza görə AVCİYA-nın prezidenti hörmətli Elxan Süleymanova və Sizə, Asif müəllim, təşəkkür edirəm. Dəvətinizə görə də minnətdaram və mən də ümid edirəm ki, Borçalı ədəbi mühiti, xalqlarımızın dostluğu kontekstində ədiblərimizin yaradıcılığı haqqında müəyyən fikir formalaşdıracağa biləcəyik. Lakin bu zəngin sərvətin yetərincə öyrənildiyini deyə bilmərik. Doğrudur, əslən Borçalıdan olan ədəbiyyatşünas alimlərdən – mərhum Dilarə Əliyeva, Əflatun Saraclı, Şamil Qurbanov, Abbas Hacıyev, Adil Mişiyev, Vəli Osmanlı, Valeh Hacıyev, eləcə də Mədəd Çobanov, Akif Bayramov, Həmid Vəliyev, Şurəddin Məmmədli, Asif Hacılı, Hüseynqulu Məmmədli, Elxan Məmmədli, Razim Məmmədli, Şahbaz Şamıoğlu, Tinatin İsabalaqızı və başqaları bu sahədə bir sıra təqdirəlayiq axtarışlar aparmışlar. Onların əməyini çox yüksək qiymətləndirir və tədqiqatlarından bəhrələdiyimi minnətdarlıqla bildirirəm. Lakin Borçalı folkloru, mədəniyyəti, ədəbiyyatı çox geniş və daim inkişafda olan anlayışdır etiraf etməliyik ki, bu gün də geniş, hərtərəfli tədqiqatlara böyük ehtiyac var. Bəlkə də, elə buna görə, dediyiniz kimi, hələ tələbəlik illərindən mən də bu sahəni araşdırmağı qarşısıma məqsəd qoymuşam.Asif Hacılı: İndi isə keçək əsas mətləbə. Yəni Borçalı ədəbi mühiti haqqında bildiklərimizə. Daha dəqiq desək, Borçalı ədəbi mühiti: dünən və bu gün. Borçalı tarixən zəngin folkloru, saz-söz ustadları ilə məşhur olmuşdur. Lakin bu, ayrıca və çox geniş, əhatəli bir məsələdir və bunun üzərində ayrıca dayanmaq olar. Bu gün isə eyni dərəcədə zəngin olan Borçalı ədəbi mühitindən danışaq. Qədim tarixə malik olan Borçalı ədəbi mühiti də Borçalı folkoru qədər eyni dərəcədə ümummilli əhəmiyyətə malik zəngin sərvətdir.Qeyd etdiyimiz kimi, bu barədə müəyyən ciddi araşdırmalar aparılıb. Lakin mövzunun tam əhatə edildiyini deyə bilmərik. Xüsusən də, bu ədəbiyyatın qədim dövrü, Orta əsrlər mərhələsi, təəssüf ki, genş tədqiq olunmayb. Şifahi xalq ədəbiyyatımız haqqında folklorşünas alimlərimiz Valeh Hacıyevin, Elxan Məmmədlinin və başqalarının sanballı əsərləri işıq üzü görsə də, Borçalı ədəbi mühitinin qədim yazılı ədəbiyyatı haqqında bu sözləri demək olmaz. Amma Borçalı ədəbi mühitinin qədim dövrünün zənginliyini sübut etmək üçün bircə onu qeyd etmək kifayətdir ki, Азярбайъан философу Azərbaycan filosofu Hübeyiş Tiflisi bütün Şərqdə tanınıb, əgər həmin dövrdə burad güclü türk-islam ədəbi-fəlsəfi mühit olmasaydı, sözsüz ki, belə şəxsiyytyyətlər yetişməzdi. Ümumən Tiflisdə Azərbaycan türklərinin varlığı, mədəniyyəti çox geniş bir mövzudur. Burada Azərbaycan türk mədəniyyətinin zənginliyini artıq Tiflisidə türk toponimlərinin, müxtəlif yer adlarının qədimliyi və əhatəliliyi təsdiq edir. Lakin, dediyim kimi, bu dövr hələ də öz tədqiqatçılarını gözləməkdədir.Asif Hacılı: Doğru qeyd etdiniz, Borçalı ədəbi mühitinin, Tiflisin türk-islam mədəniyyətinin qədim dövrü dərindən və ətraflı araşdırılmayıb. Əslində bunu ümumən milli ədəbiyyatımızın qədim mərhələsi haqqında da deyə bilərik.Qədim dövr, antik mərhələ,Orta əsrlər ədəbiyyatı, xüsusən, milli ədəbiyyatımızın türk qaynaqları tam müəyyənləşdirilib sistemli öyrənilməyib. Bu isə nəinki ədəbiyyat və mədəniyyətimizin mənşəyini, həm də mahiyyətini, etnik-mədəni səciyyəsini dolğun aydınlaşdırmağa imkan vermir. Lakin biz bu söhbətdə filoloji məsələləri deyil, ilk növbədə ədəbiyyatımızın borçalışünaslıq təriqindən danışacağımızı qərarlaşdırmışıq.Borçalı–Tiflisədəbi mühitinin qədim dövrü ümumşərq mədəniyyəti tipologiyasında inkişaf etsə də, yerli koloritdən, Osmanlı – Gürcüstan – Azərbaycan – İran münasibətlərindən gələn özünəməxsusluğa malikdir və bunu Ahıska türklərinin mədənyyətində də görürük. Tiflis arxivlərində müəyyən materalların olduğu məlumdur, Gürcüstanın görkəmli alimləri, o cümlədən dostumuz, Gürcüctan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Apollon Silaqadzenin də köməyindən istifadə edə bilərik. Lakin qədim dövrün tədqiqi Şərq dilləri və mədəniyyətinə, eləcə də gürcü dilinə dair bilik və səriştə tələb edir. Ümid edək ki, bu sahədə gənc mütəcəssislərimiz yetişərək bu məsələ ilə məşğul olacaq.Digər bir mərhələ, Sizin ikinci dövr adlandırdığınız yeni dövr – XIX əsr və XX əsrin ilk iki onilliyi həm materialın bolluğu, həm ədəbi prosesin zənginliyi və dinamikliyi, həm də müasir mədəniyyətimizin formalaşmasında roluna görə böyük əhəmiyyətə malikdir. Borçalı ədəbi mühitinin xüsusilə zəngin və maraqlı ikinci dövrü dövrü XIX-XX yüzillikləri, daha dəqiq desək, XIX əsrin əvvəllərindən, XX əsrin 20-ci illərinədək olan mərhələni əhatə edir. Bu dövrün mədəniyətində, ədəbi mühitində mühüm rol oynayan amillərdən biri isə Tiflisdə yaranmağa başlayan başlayan milli mətbuat olmuşdur. Tiflisdə əvvəl rus, sonra ana dilimizdə dərc olunan mətbuat orqanları ictimai, mədəni, ədəbi proseslərə güclü təkan vermişdir. Eyni zamanda Tiflis mühitində milli teatr, dramaturgiya vüsətli inkişaf yolu keçmişdir.Müşfiq Borçalı: Bəli, milli mətbuatın yaranmasında və inkişafında Tiflis mühitinin xüsusi rolu olub. XIX əsrin 20-30-cu illərində Cənubi Qafqazın inzibati mərkəzi olan Tiflisdə 1828-ci ildə rus dilində nəşrə başlayan “Tiflisskiye vedomosti” qəzeti bu baxımdan böyük əhəmiyyət kəsb edib. Bu qəzetdə Azərbaycan, xalqımızın həyatı, mədəniyyəti haqqında məlumat verilib, A.Bakıxanov tərcümələri ilə çıxış edib. “Tiflisskiye vedomosti”nin 1829-cu ildə gürcü, 1830-da fars, 1832-ci ildə Azərbaycan dilində nəşri başlayıb.Azərbaycanca “Tiflis əxbarı” adı ilə çıxan bu nəşr geniş yayılıb, lakin baş redaktoru P.S.Senkovskinin vəfatı ilə 1833-cü ilin əvvəlində qapanıb. 1838-ci ildən Tiflisdə rusca çıxan “Zakafkazskiy vestnik” adı ilə çıxan qəzetin bir müddət sonra Azərbaycan və gürcü əlavələri nəşr olunur. “Qafqazın bu tərəfinin əxbarı” adlanan Azərbaycan variantında rəsmi məlumat və sənədlər dərc edilib. Qəzet 1846-cı ildə bağlanməşdır.Bu dövrdə M.F.Axundzadə M.Ş.Vazehlə birlikdə Azərbaycan türkcəsində qəzet və kitab nəşri üçün təşəbbüs göstərmiş, lakin mümkün olmamışdır. Həmin dövrlərdə Azərbaycan ziyalılarının sıx əməkdaşlıq etdiyi mətbuat orqanı 1846-1918-ci illərdə çıxan “Kavkaz” qəzeti olmuşdur, burada klassiklərimiz, folklorumuz, mədəniyyətimiz haqqında materiallar verilmiş, ədiblərimiz çap olunmuşdur. İlk milli qəzetimiz hesab olunan “Əkinçi” bağlandıqdan sonra Azərbaycan ziyalıları Tiflisə üz tutmuş və burada Hacı Səid Ünsizadənin redaktorluğu ilə “Ziya”, “Ziyayi-Qafqaziyyə”, Hacı Səidin qardaşı Cəlal Ünsizadənin redaktorluğu ilə “Kəşkül”, XX yüzilin əvvəllərində M.Şahtaxtlının rəhbərliyi ilə “Şərqi-Rus” qəzetləri, nəhayət, C.Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı Tiflisdə nəşr olunmuşdur, milli mədəniyyətimizin, ictimai şüurun inkişafında müstəsna rol oynamışlar.Asif Hacılı: Bu dövrdə Tiflis həm demoqrafiyasına, həm öz mənəvi-mədəni mühitinə, həm burada çalışan şəxsiyyətlərimizin milli-tarixi fəaliyyətinə görə mədənyyətimizin ayrılmaz parçasına çevrilmiş, burada həyatın müxtəlif sosial laylarını əhatə edən özünəməxsus Azərbaycan mühiti mövcud olmuş, ilk milli mətbəə, ilk teatr tamaşası da burada səhnələşdirilmişdir.Müşfiq Borçalı: Tiflisdə bir çox görkəmli xadimlərimiz, eləcə də N.Nərimanov, A.Şaiq, Ö.F.Nemanzadə, Əziz Şərif kimi ədiblər fəaliyyət göstərib, “Qeyrət” adlı ilk milli mətbəəmiz yaranıb, Qori Seminariyasında, Tiflis Aleksandr Müəllimlər İnstitutunda bir çox azərbaycanlı maarif-mədəniyyət xadimləri təhsil almışlar. Ədəbiyyatımızın, mətbuatımızın, mədəniyyətimizin XIX və XX əsrin əvvəllərinin əksər nümayəndələrinin fəaliyyəti müəyyən dövrdə Tiflislə bağlı olmuşdur. Milli dramaturgiyamızın banisi M.F.Axundzadə ölməz əsərlərini Tiflisdə qələmə alıb, onun “Hekayəti-Molla İbrahimxəlil-kimyagər” pyesi 1772-ci ildə Novruz bayramı münasibətilə müsəlman həvəskarları tərəfindən bu şəhərdə səhnələşdirilib. Tiflis Azərbaycan teatrının fəaliyyətinə xüsusi monoqrafiya həsr etmiş professor Abbas Hacıyevin tarixi sənədlər əsasında göstərdiyi kimi, həmin həvəskar truppa bir neçə il sonra dövlət teatrına çevrilmiş və 1947-ci ilədək M.F.Axundzadə adına Gürcüstan Dövlət Azərbaycan Dram Teatrı adı ilə fəaliyyət göstərmişdir. Sorradan fəaliyyətini bərpa edən bu teatrın binası Heydər Əliyev Fondunun dəstəyi ilə təmir və bərpa olunmuşdur. Asif Hacılı: Müşfiq müəllim, Tiflis, Borçalının Azərbaycan mühitinin milli təhsilimizin inkişafında da böyük rolu olub və məhz Borçalidaki dünyəvi təhsil bu çevrədə müasir yaradıcı şəxslərin, eləcə də oxucu və tamaşaçı kütləsinin təşəkkülünə təkan vermiş, burada yetişən bir çox ziyalılar ümummilli səviyyədə nüfuz qazanmışlar. Mirzə Kazım bəy 1836-cı ildə Qazan universitetində çıxışında əsas yerli dil kimi türk dili tədrisinin vacib olduğu məntəqələr arasında Qazax, Gəncə, Şuşa, Şamaxı, Quba, Dərbənd, Bakı, İrəvan, Naxçıvan, Lənkəranla yanaşı, Tiflis və Ahıskanın da adını xüsusi qeyd edir, Tiflis dedikdə Azərbaycan türklərinin yaşadığı Borçalı bölgəsini də nəzərdə tutur. Yeni məktəblərin yaranmasını Siz 1832, 1847, 1849-cu illərə aid edirsiniz, professor Şurəddin Məmmədli Tiflisdə “dünyəvi məktəbimizin tarixi 1847–1849-cu illərdən” başladığını göstərir. Ahıskada ilk türk dünyəvi məktəblərin yaranması isə bizə mənbələrdə 1900-cü ilə təsadüf edir. Soydaşlarımızın təhsilində Qori seminariyası da xüsusi rol oynayır.Müşfiq Borçalı: Elədir, yəqin bu məsələ gələcək tədqiqatlarla dəqiqləşə bilər. Azərbaycan dilində sövti üsulla yazılan ilk dərslikləri – “Vətən dili” dərsliyini iki hissəsini, adı Azərbaycan maarifinin tarixinə əbədi düşən Aleksandr Osipoviç Çernyayevski öz tələbələri Rəşidbəy Əfəndiyev və Səfərəlibəy Vəlibəyovla birlikdə Tiflisdə daş basmaxanasında çap etdirmişdir. Bu dərsliklər 1919-cu ilə qədər on dəfə təkrar nəşr olunmuşdur. Rəşidbəy Əfəndiyevin kiçikyaşlı mıktıblilər üçün “Uşaq bağçası”, böyük yaşlı məktəblilər üçün “Bəsirətül-ətfal”, Abdulla Şaiqin “İkinci il” dərsliyi də Tiflisdə nəşr olunmuşdur.Asif Hacılı: Müşfiq müəllim, beləliklə, biz tədricən yeni mərhələyə – XX əsrin ilk onilliklərinə və sovet dövrünə yaxınlaşdıq. Sovet dövrünə qədər Gürcüstanda xeyli yeni formasiyalı türk ziyalısı – Rusiya və Avropada təhsil almış milli ruhlu mütəxəssislər fəaliyyətə başlayır. Gürcüstanın Sovet dövründə isə Gürcüstanda çoxsaylı türk dilli orta təhsil müəssisələri, 1930-50-ci illərdə Tiflisdə, Başkeçiddə, Ahıskada, Çörük-Qəmərlidə və Borçalıda Türk Pedaqoji Texnikumları, Tiflis Pedaqoji Universitetinin nəzdində uzun müddət Azərbaycan dili və ədəbiyyatı bölməsi fəaliyyət göstərmişdir. Müşfiq Borçalı: Tamamilə doğrudur. Gürcüstanın müstəqilliyi dövründə və XX yüzilliyin 20-30-illərindən buradakı Azərbaycan mətbuatı, təhsili, mədəniyyəti daha da canlanmağa başlamışdır. Sizin atanız, mənim müəllimim professor Abbas Hacıyevin “Tiflis ədəbi mühiti” və “Tiflis Azərbaycan teatrı” adlı monoqrafiyalarında zəngin arxiv materialları əsasında tədqiq etdiyi bu dövrdə Tiflis-Borçalı Azərbaycan ədəbi-mədəni mühiti intibah dövrünü yaşayır. Gürcüstan Demokratik Respublikası dövründə, yəni 1918-1921-ci illərdə Borçalı ədəbi mühiti xeyli inkişaf etmiş və zənginləşmiş, Gürcüstanda yaşayan azərbaycanlıların demokratik hüquqlarının müdafiəsində, onların azadlıq ideyalarının təbliğində “Gələcək”, “Gənclər yurdu”, “Qələbə”, “Al bayraq” qızetləri, “Vətən” məcmuəsi və demokratik ruhlu digər mətbuat orqanları xüsusilə fərqlənmişlər. Bəzi mətbuat orqanları öz fəaliyyətlərini dayandırdıqdan sonra ziyalılar keçmiş Müsəlman Seyminə məxsus olan mətbəə əsasında Tiflisdə Azərbaycan türkcəsi ilə yeni mətbuat orqanlarının yaradılması üçün fəal mübarizəyə başlamışlar. 1921-ci ilin mart ayında “Kommunist” qəzeti yaradılmışdır, lakin cəmi 19 sayı işıq üzü görmüşdür. 1922-ci ilin əvvəllərində xalqımızın böyük oğlu Nəriman Nərimanovun təşəbbüsü və himayəsi sayəsində nəşrə başlayan “Yeni fikir” 1927-ci ildə “Yeni kənd”lə əvəz olunmuş və 1938-ci ilə qədər davam etmişdir. 1939-cu ildən “Yeni kənd” qəzeti “Sovet Gürcüstanı” adı altında çıxarmağa başlamışdır. Müəyyən fasilələrlə bu qəzet öz fəaliyyətini bu günə qədər davam etdirmiş və hazırda “Gürcüstan” adı ilə nəşr olunmaqdadır. 1920-30-cu illərdə Tiflisdə “İşıqlı yol” “Adıgün kolxozçusu” qəzetləri, “Dan ulduzu”, “Şərq kolxozçusu”, “Qızıl şəfəq”, “Yeni qüvvə”, “Gənc nəsl”jurnalları da işıq üzü görmüşdür. Qeyd etməliyik ki, “Dan ulduzu”şərqdə latın əlifbası ilə çıxan ilk ədəbi-ictimai jurnal idi.Bu dövrdə bölgələrdə də azərbaycandilli mətbuat fəaliyyət göstərirdi. XX əsrin 20-ci illərində yenidən çiçəklənməyə başlayan Tiflis Azərbaycan ədəbi mühiti ətraf rayonlara da təsirini göstərmişdir. Belə ki, elə həmin illərdə Batumidə “İştirak”, “Yeni həyat”, Sarvanda (indiki Marneuli) “Pambıqçı” (sonralar “Stalin yolu” və “Kommunizm uğrunda”), 1965-ci ildən isə “Yeni Marneuli”, hazırda “Kvemo Kartli” adı ilə Azərbaycan və gürcü dillərində çıxır. Başkeçiddə (indiki Dmanisi) “Sosializm maldarlığı”, vaxtlar “Trialeti” adı ilə Azərbaycan və gürcü dillərində çıxırdı. Təəssüf ki, 1991-ci ildə qəzetin Azərbaycan şöbəsi bağlanıb. Bolnisidə “Al bayraq” (son vaxtlar “Qələbə bayrağı”) qəzeti çıxırdı, 1990-ci ildə isə “Bolnisi” adlandırılmış və bir neçə ay sonra Azərbaycan şöbəsi bağlanmışdır. Qarayazıda (indiki Qardabani) “Stalinçi” qəzeti hazırda “Samqori” adı ilə Azərbaycan və gürcü dillərində çıxır. Adıgündə “Qızıl rəncbər”, sonra isə “Adıgün kolxozçusu”, Axalsıxda “Kommunist”, sonra isə “Qızıl bayraq”, Aspinzada “Bağban”, sonra isə “Sosializm kəndi” və s. qəzetlər nəşr olunmuşdur. Bu qəzetlər ictimai-siyasi hadisələri işıqlandırmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatının Borçalı qolunun inkişafında böyük rol oynamış və milli mətbuat tariximizdə silinməz izlər qoymuşlar.Ancaq təəssüflər olsun ki, XX əsrin 30-cu illərindən repressiyaların və 40-cı illərində ikinci Dünya müharibəsinin təsiri Borçalıya da gəlib çatmış, Borçalı ziyalılarının bir qismi Stalin repressiyasına məruz qalmış, bir qismi cəbhədə həlak olmuş, yuxarıda adlarını qeyd etdiyimiz qəzet və jurnallar, Tiflis Azərbaycan – Türk Dövlət Dram Teatrı, Azərbaycan dilli pedaqoji məktəblər, texnikumlar bağlanmış, beləliklə də, Tiflisdə Azərbaycan ədəbi-ictimai mühiti zəifləməyə başlamışdı.Asif Hacılı. Bəli sovet dövrü ziddiyyətlərlə doludur, 20-30-cu illərin əvvəllərində ideoloji çalarda olsa da milli mətbuat və mədəniyyət də 1940-cı illərə qədər müəyyən canlanma izlənir, lakin bir qədər sonra kütləvi repressiyalar milli mədəniyyətə sağalmaz zərbələr vurur.Müşfiq Borçalı: Gürcüstan Demokratik Respublikasının süqutundan və Gürcüstan Sovet Respublikiası qurulduqdan sonra Tiflis, istərsə də Borçalı ədəbi mühiti sürətlə inkişaf etmişdir. 1921-1925-ci illərdə Güecüstanda Azərbaycan türkcəsində 5 adda kitab, 26 adda müxtəlif kitabça və broşür çap olunmuşdur. 1923-cü əldə “Əşar məcmuəsi”, 1927-ci ildə “Qığılcım” ədəbi almanaxı işıq üzü görmüşdür. Yeri gəlmişkən qeyd edək ki, S.Vurğunun, R.Rzanın və b. ilk mətbuu şerləri məhz “Qığılcım” ədəbi almanaxında işıq üzü görmüşdür. Qeyd etdiyim kimi, bir sıra mətbuat orqankları dərc olunmuşdur.Asif Hacılı: Elə də zəngin mənzərə olmasa da, hər halda müəyyən dirçəliş idi və bu dövrdə yaranan təhsil ocaqlarını da ədəbi mühitin bir məkanı olduğunu nəzərə alsaq, hər halda bu dövrü ədəbi prosesin canlanma mərhələsi hesab edərik. Lakin 1937 və 40-cı illərin fəlakəti Borçalı və Tiflis ədəbi-mədəni mühtinə sarsıdıcı zərbə vurdu. Məlum olduğu kimi, bu repressiyalar, o cümlədən 1944-cü ilin kütləvi milli sürgünləri daha amansız şəkildə məhz türk-müsəlman xalqlarına qarşı yönəlmişdi.Müşfiq Borçalı: Tamamilə haqlısınız. Bircə fakta diqqət yetirək – 1937-1940-cı illərdə Tiflis ədəbi-ictimai mühitinin başqa sahələrində olduğu kimi, kitab nəşri işləri də repressiyanın qurbanı olmuş və bundan sonra düz 37 il Tiflisdə və eləcə də bütün Borçalıda Azərbaycan dilində bir nüsxə belə kitab nəşr edilməmişdir! Gürcüstanda yaşayıb-yaradan ziyalılarımız 1960-cı illərə qədər burada ictimai-mədəni şəraitin olmaması ucbatından baş götürüb Azərbaycana köçmüşlər. Yalnız 1960-cı ildə “Sovet Gürcüstanı” (indi “Gürcüstan” adı ilə çıxır) qəzetinin və Tiflis radiosunun Azərbaycan dilində verilişlərinin bərpasından sonra Tiflisdə yaradıcı qüvvələr cəmlənməyə başlamışlar. Bu da soydaşlarımızın mədəni-milli inkişafı sahəsində az da olsa dirçəlişinə səbəb olmuşdur.Asif Hacılı: Müşfq müəllim, mülayimləşmə dövründə, xüsusən, keçən əsrin 60-cı illərində Borçalıda-Tiflisdə ədəbi dərnəklərin fəaliyyəti də bərpa olundu, bir sıra yeni qurumlar yarandı. Əslində bu dərnəklərin tarixi çox qədimdir, klassik mərhələni saymasaq, yeni dövrdə keçən əsrin əvvəllərindən ədəbi dərnəklər fəaliyyətə başlayıb.Müşfiq Borçalı: Çox maraqlı məsələyə toxundunuz. Gürcüstanda Azərbaycan dilli mətbuatın və ədəbiyyatın inkişafında ayrı-ayrı ədəbi dərnəklərin və ədəbi dərgilərin də böyük rolu olmuşdur. Müəyyən mənada ədəbi dərnək və mətbuat müştərək inkişaf etmişlər. Hələ 1923-cü ildə “Yeni fikir” qəzetinin mətbəəsində “Əşar məcmuəsi” adlı almanax işıq üzü görmüş və elə həmin il Böyükağa Talıblının təşəbbüsü ilə Tiflisdə N.Nərimanov adına fəhlə klubunda “Ədəbiyyat dərnəyi” təşkil olunmuş və bir az sonra həmin dərnək Gürcüstan Yazıçılar İttifaqının nəzdində Azərbaycan Türk Bölməsinə çevrilmiş, 1926-1931-ci illərdə “Dan ulduzu” () adlı aylıq ictimai-ədəbi və bədii jurnal, 1927-ci ildə “Qığılcım” adlı ədəbi-bədii almanax işıq üzü görmüşdür. Bölmənin 30-40-cı illərdə 22 nəfər üzvü olmuşdur. “Qığılcım” Azərbaycan dilində çap olunmuş ədəbi-bədii almanaxlar arasında ilk ədəbi məcmuədir və burada R.Rzanın R.Göyçaylı imzasıyla və digər ədiblərin əsərləri dərc olunmuşdur.Qeyd edək ki, Gürcüstan Yazıçılar İttifaqınınAzərbaycan Türk bölməsinin yerlərdə də yaradıcılıq dərnəkləri və ya birlikləri yaradılmışdır. Belə birliklərdən biri də əsrimizin 30-40-cı illərində yazıçı-jurnalist Rza Şahvələdin rəhbərliyi ilə Adıgün rayonunda çıxan “Adıgün kolxozçusu” qəzetinin nəzdində fəaliyyət göstərirdi. Lakin təəssüflər olsun ki, bir neçə il sonra Respublikada baş verən siyasi repressiya Yazıçılar İttifaqının Azərbaycan Türk şöbəsini də birdəfəlik ləğv etdi. Borçalı ziyalıları 1980-cı illərdə Gürcüstan Yazıçılar İttifaqının Azərbaycan bölməsini bərpa etmək üçün çox təşəbbüslər göstərdilər. Müraciət etmədikləri respublika təşkilatı qalmadı, hər dəfə söz verdilər, ancaq heç bir iş görmədilər. Hətta, Yazıçılar İttifaqının üç nəfər – M.H.Bəxtiyarlı, V.Əliyev, Ə.İsmayıllı -canlı üzvü ola-ola Azərbaycan şöbəsinin təşkil olunması müşkül bir hala çevrildi və bu məsələ hələ də həll olunmayıb.Həmin illərdə Əhməd Cavad, Qulam Məmmədov, Yəhya Qarabağlı, Məmməd Mübariz, Binalı Həsənli, Nemət Bəsir, Cəmil Mursaqulov, Neman Məmmədli və b. Borçalı obalarında on bir ədəbiyyat dərnəyi yaratmışdılar. S.Vurğun, R.Rza, M.S.Ordubadi, M.D.Rəsulzadə, M.Dilbazi, N.Rəfibəyli, O.Sarıvəlli, S.Rüstəm, Ə.Nazim, M.Hüseyn, H.Arif kimi sənətkarların o zamanlar Tiflisdə, Borçalıda olmaları, ədəbiyyat dərnəklərində, mətbuat orqanlarında çıxışları ədəbi mühiti cavanlaşdırır və ruhlandırdı. 1960-cı ildə “Sovet Gürcüstanı” qəzetinin yenidən fəaliyyətə başladığı vaxtdan redaksiyanın nəzdində ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinin müdiri Vəli Əliyevin rəhbərliyi ilə çalışmağa başlayan “Çeşmə” ədəbi dərnəyinin xidmətini də xüsusilə qeyd etmək lazımdır. Az müddət ərzində “Çeşmə” ədəbi birliyi ətrafında onlarla gənc şair, nasir, tənqidçi, alim və müxtəlif sahələrdə fəaliyyət gösrətən ziyalılar birləşdi. Həmin dərnək sonralar Əzim İsmayıllının rəhbərliyi ilə Gürcüstanda yaşayıb-yaradan qələm sahiblərinin qeyri-rəsmi “yazıçılar ittifaqına” çevrilmişdir.Bir az sonra Gürcüstan Yazıçılar İttifaqının nəzdində “Dan ulduzu” ədəbi birliyi, yerlərdə müxtəlif ədəbi dərnəklər yaradılmış, A.S.Puşkin (indi S.S.Orbeliani) adına Tbilisi dövlət Pedaqoji Universitetiinin Azərbaycan bölməsində “Qaynaq”, Qarayazı (Qardabani) rayonunun “Samqori” qəzetinin nəzdində “Müjdə”, Marneuli rayonunun “Yeni Marneuli” qəzetinin nəzdində “Dan ulduzu”, Gorarxında “Şəbnəm”, Bolnisi rayonunun “Qələbə bayrağı” qəzetinin nəzdində “Yurd yeri” və s. dərnəklər fəaliyyət göstərmiş, ədəbiyyatımızın Borçalı qolunun yaranmasında, inkişafında, təbliğində, bir çox yazıçı və şairlərin püxtələşməsində mühüm rol oynamışlar.Asif Hacılı: Müşfiq müəllim, bu prosesdə, həm anadilli təhsil, həm ədəbiyyatımız baxımından atanız, ustadımız Mədəd müəllimin xidmətini ayrıca qeyd etmək istərdim. Bildiyimə görə, repressiya ilə bağlı 37 illik uzun fasilədən sonra 1977-ci ildə Tiflisdə Azərbaycan türkcəsində ilk kitabı, “Azərbaycanca-gürcücə qısaca danışıq lüğəti” gürcü həmkarı M.Çinçaladze ilə birlikdə məhz Mədəd müəllim nəşr etdirmişdir.Müşfiq Borçalı: Təşəkkür edirəm, Asif müəllim. Siz bu məsələyə toxunduzsa, davam edim. Həmin kitabdan sonra Mədəd müəllim Azərbaycan şairlərinin Gürcüstan haqqında yazdıqları şeirləri toplayıb 1977-ci ildə Bakıda “Sevirəm Gürcüstanı” və 1978-ci ildə Tiflisdə “Dostluq nəğmələri” adı altında gürcü dilində ayrıca kitab şəklində çap etdirib, daha daha bir neçə kitabın Tiflisdə işıqüzü görməsinə nail olmuş, eyni zamanda Azərbaycan dili və ədəbiyyatı tədrisi üçün bir çox dərsliklər yazıb çap etdiirmişdir. Repressiyadan sonrakı nisbi yumşalma dövründə Tiflisdə yaşayıb-yaradan digər ziyalılarımız da burada bir sıra kitablar nəşr etdirmişlər. Onlardan 1980-90-cı illərdə Əzim İsmayıllının tərtib və nəşr etdirdiyi “Çeşmə”, “Dan ulduzu” ədəbi məcmuələri, Məmmədhüseyn Bəxtiyarlının “Şeirlər, tərcümələr”, Əlixan Düşgünün “Düşüncələr”, “Səbuhi”, Adil Mişiyevin “Azərbaycan yazıçıları və Tiflis ədəbi-ictimai mühiti (1820-1905-ci illər)”, Alı Musayevin “M.F.Axundov və G.Eristavi”, Valeh Hacıyevin “Azərbaycan folkloru ənənələri”, Şurəddin Məmmədlinin “Alın yazımız”, Bahəddin Oruclunun “Borçalı dünyası”, “Borçalı axşamları” kitabları, eləcə də, Bahəddin Oruclunun Zümrüd Orxanla birlikdə Marneulidə nəşr etdirdikləri “Dağlar dərdə düşsə…” ədəbi məcmuəsi və Sizin 1992-ci ildə Bakıda çıxmış, borçalışünaslıq baxımından da dəyərli olan “Qəribəm bu vətəndə: Ahıska türklərinin etnik mədəniyyəti” və digər bu kimi kitablar xüsusilə qiymətlidir.Asif Hacılı: Müşfiq müəllim, XX əsrin həm əvvəllərində. Həm də repressiyadan sonrakı mərhələdə, bu yüzilin ikinci yarısında ədəbi-mədəni mühitin inkişafında, yerli yaradıcı ziyalıların formalaşmasında milli təhsilin də rolu danılmazdır və həmin vaxtlar Borçalı mahalında öz dövrünün nüfuzlu, qabaqcıl təhsil müəssisələri olub, bilikli, səriştəli, fədakar müəllimləe işləyib. Mən daha ətraflı bələd olduğum Sarvan, indiki Marneuli haqqında deyə bilərəm ki, tarixən bu şəhərin Azərbaycan məktəblərində və Texnikumda görkəmli müəllimlər çalışmış və bu gün də yüksək səviyyəli pedaqoji kadrlar çalışmaqdadırlar. Sarvan məktəblərinin, eləcə də Borçalının digər obalarının məktəblərinin məzunlarından bir çox ziyalılar, alimlər, müəllimlər, həkimlər, mühəndislər, iqtisadçılar, şair və yazıçılar, jurnalistlər, dövlət xadimləri, hərbçilər, idmançılar yetişmişdir. Sarvan məktəblərinin və Texnikumun müəllimlərindən Xəlil Bayramov, Halay Bayramov, Mədəd Muradov, Mirzə Axundov, Kafiyə Almərdanova, Rüstəm Şərifov, Rüstəm Hacıyev, Abbas Hacıyev, Rüxsarə Əliyeva, Marklen Kuzmiç, Mirzə Axundov, Məmməd Orucov, Rizvan Əliyev, Kamal Məmmədov, Abbas Kərimov, Adil Gərəkməzli, Əmirxan Əliyev, Midhət Qarayev, Ənvər Cəfərli, Tofiq Hacıyev, Səyyad Xəlilov, Rafiq Hacıyev, Tariyel Hacıyev, Roza Xudayeva, Həcər Qarabağlı, Elyura Əliyeva, Elman Cəfərli və bir çoxları xalqın böyük hörmətini qazanmış və bu gün də hörmətlə anılırlar.Müşfiq Borçalı: Asif müəllim, çox vacib məsələyə toxundunuz. Təhsil Gürcüstandakı soydaşlarımızın vacib məsələlərindəndir. Keçən əsrin birinci yarısında Tiflis Azərbaycan ədəbi-ictimai mühitinin inkişafında Tiflis Türk Pedaqoji Texnikumunun, ikiillik Tiflis Müəllimlər İnstitutunun böyük rolu olmuşdur.Asif Hacılı: Türk Pedaqoji texnikumları Borçalı ziyalılarının yetişməsində böyük rol oynayıb. 1930-50-ci illərdə Tiflislə yanaşı, Başkeçiddə, Ahıskada, Çörük-Qəmərlidə və Sarvanda da Türk Pedaqoji Texnikumları fəalyyət göstərmiş, yüksək səviyyəli təhsil prosesi olmuş, bu təhsil ocaqlarının məzunlarından bir çox alimlər, müəllimlər, həkimlər, mühəndislər, hərbçilər, iqtisadçılar, dövlət qulluqçuları yetişmişdir. Təəssüf ki, bu təhsil müəssisələrinin tarixi bu günə qədər araşdırılıb ictimaiyyətə təqdim olunmamışdır.Müşfiq Borçalı: Elədir, Asif müəllim, Borçalıda, Tiflisdə milli təhsil tariximiz, o cümlədən keçən əsrin ikinci yarısından A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin) tarix-filologiya fakültəsinin Azərbaycan bölməsinin və Azərbaycan dili və ədəbiyyatı kafedrasının fəaliyyəti, milli kadların yetişməsində, eləcə də ədəbi mühitimizin inkişfında müstəsna rolu araşdırılmayıb. 1970-2000-ci illərdə həmin kaferaya rəhbərlik etmiş professorlar Adil Mişiyev, Mədəd Çobanov, Valeh Hacıyev, burada çalışmış professor və dosentlər Şurəddin Məmmədli, Telman Quliyev, Həmid Vəliyev, Mahmud Hacıxəlilov, Gülnarə Qocayeva-Məmmədova, Alxam Binnətoğlu və başqalarının fədakar pedaqoji, elmi, ədəbi fəaliyyətini minnətdarlıqla qeyd etmək istərdim.Asif Hacılı: XX əsrin ortalarından Gürcüstan türklərinin ədəbi, mədəni mühitinin dirçəlməsində, yeni ədəbi nəslin formalaşmasında məhz bu təhsil ocaqlarının, o cümlədən həmin dövrlərdə yüzlərlə Azərbaycan məktəblərində çalışan çox dəyərli, səviyyəli, vətənpərvər və millətsevər ədəbiyyat və dil müəllimlərimizin xidmətini unutmaq olmaz.Müşfiq Borçalı: Məhz bu dediyiniz və digər amillərin təsiri ilə 1950-60-cı illərdə Borçalıda yeni ədəbi nəsil yetişmiş, gənc ziyalılar ədəbi mühiti öz axarına salmaq üçün ilk növbədə Tiflisdə Azərbaycan dilində mətbuat yaratmağı, daha doğrusu, fəaliyyəti dayandırılmış qəzetlərdən birinin yenidən nəşrinə icazə almağa çalışmışlar, nəhayət, 1956-cı ildə Gürcüstan Hökumətinin rəhbərliyi rus dilində nəşr olunan “Zarya Vostoka” qəzetinin azərbaycanca tərcüməsinin nəşrinə icazə vermişdir. 1956-1959-cu illərdə həftədə 5 dəfə çıxan “Şərqin şəfəqi” qəzetinin səhifələrində bəzən ara-sıra Azərbaycan ziyalılarının yazılarına yer verilsə də, bu, Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlını təmin etmirdi və edə də bilməzdi. Böyük zəhmət nəticəsində, nəhayət, 1960-cı ilin avqust ayının 2-dən “Sovet Gürcüstanı” qəzeti Murtuz Muradovun redaktorluğu ilə yenidən fəaliyyətə başlayır. Qəzet сонралар Гулу Гулуйевин вя Сцлейман Сцлеймановун редакторлуьу иля Tiflisdə Azərbaycan ədəbi mühitinin yenidən dirçəlişinə təkan verir. 1984-cü ilin may ayının 1-dən qəzetə tanınmış filosof – fəlsəfə elmləri doktoru, профessor Тeymuraz Ъяфярли рящбярлик етмяйя башлаyır və indiyədək həftədə 3 dəfə 1 çap vərəqi həcmində çıxan “Sovet Gürcüstanı” qəzetinin formatı böyüdülərək 2 çap vərəqinə çatdırılır. Təəssüflər olsun ki, bir qədər sonra “Gürcüstan” adıyla çıxan qəzetin formatı kiçildi, müntəzəm çıxmasına imkan verilmədi, ancaq əməkdaşların qəzet böyük fədakarlığı sayəsində qəzet ayda 3 dəfə həm də kiçik formatda çıxmaqla öz fəaliyyətini davam etdirir.Asif Hacılı: Müşfiq müəllim, indi Azərbaycan da, Gürcüstan da müstəqil dövlətlərdir və ölkələrimizi, xalqlarımızı səmimi dostluq, qardaşlıq əlaqələri bağlayır. Lakin yenə də mətbuatımız, mədəniyyət ocaqlarımız, təhsilimizlə bağlı problemlər yaranır və bəzən qalmaqda davam edir. Əminəm ki, hamımızın biirgə səyi, gürcü qardaşlarımızın da dəstəyi ilə bu məsələlər həllini tapacaq. Biz həm dost və qardaş, həm də strateji müttəfiq olan dövlətlərin vətəndaşlarıyıq və bununla fəxr edirik. Gürcüstan Respublikası, kökü, əsli bu ölkədən olan hər bir soydaşımız üçün, harada yaşamasından asılı olmayaraq, doğma vətən kimi əzizdir. Lakin bu günün reallıqlarının da öz məntiqi var. Biz artıq sovetlər ölkəsində yaşamırıq, hər bir ölkənin öz dövlət maraqları və dövlət dili var və onu bilmək hər bir vətəndaşın mənəvi borcudur, eyni zamanda əmək fəaliyyəti, inkişafı, karyerası üçün əsas amillərdəndir. Hazırda soydaşlarımız uğurla Gürcüstan cəmiyyətinə inteqrasiya edir, gənclərimiz gürcü dilini öyrənir, orta və ali təhsillərini bu dildə alanlar da var. Bu hər bir vətəndaşın öz seçimidir və məmnunluq doğuran odur ki, müasir dövrdə də Gürcüstanda Azərbaycan təhsili movcudluğunu saxlayıb. Hazırda Tiflisdə, Borçalı mahalında ana dilində orta məktəblər işləyir, 12 illik təhsil aparılır, Azərbaycan Respublikası bu məktəbləri dərsliklə təmin edir. Gürcüstanın ali məktəblərində təhsil alan Borçalı gənclərinin təhsil haqqını SOKAR vasitəsi ilə Azərbaycan Respublikası ödəyir. Lakin Gürcüstanda Azərbaycan məktəblərinin problemləri də yox deyil, ilk növbədə, məktəblərin gənc kadrlarla təmin olunması, iki ölkə arasında azərbaycandilli təhsil sahəsində müvafiq qurum və mütəxəssislərin əməkdaşlığı, Gürcüstanda ali təhsil səviyyəsində azərbaycanşünaslıq üzrə müəllim kadrların hazırlanması, məktəblərdə çalışan müəllimlərə ixtisasartırma kurslarının ölkəmizdə vəya Gürcüstanda təşkil edilməsi, məktəblərin texniki təminatı kimi həlli mümkün məsələləri qeyd etmək istərdik. Onu da nəzərə almalıyıq ki, son dövrdə soydaşlarımızın Gürcüstan cəmiyyətində fəallığı, ictimai, siyasi, mədəni proseslərdə fəal iştirakı geniş vüsət alıb, eloğlularımız tarix boyu olduğu kimi, bu gün də Gürcüstan dövlətçiliyinə sədaqətlə xidmət edirlər.Müşfiq Borçalı: Müasir dövrdə sodaşlarımızın ictimai-siyasi və milli dirçəlişi başlamış və mədəniyyətimizin inkişafına da təsir göstərmişdir. Bu dövrdə yeni ədəbi məcmuələr, qəzet və jurnallar nəşr olunmağa başlamışdır. Bunların bəziləri qısamüddətli olsa da, milli mədəni həyatımızda böyük rol oynayır. Ədəbi prosesimizdə də canlanma aşkardır. Müasir dövrdə soydaşlarımızdan Dünyamali Kərəm, Əli Səngərli, Mədəd Coşqun, Əlixan Binnətoğlu, Osman Əhmədoğlu, Səadət Buta, Rafiq Hümmət, Nizami Məmmədzadə b. kimi istedadlı şairlərimizin, Vəli Əliyev, Əzim İsmayılı, Əli Abbas, Emin Mahmudov, Eyvaz Əlləzoğlu, Nəriman Əbdürrəhmanlı və b. kimi nasirlərimizin müxtəlif mətbuat orqanlarında, ədəbi məcmuə və toplularda dərc olunmuş əsərləri də bir daha əyani şəkildə sübut edir ki, Gürcüstanda milli mədəniyyətimiz və ədəbiyyatımız öz varlığını qorumaqda və inkişaf etməkdədir.Asif Hacılı: Borçalı-Tiflis ədəbi mühiti həmişə digər mədəniyyətlərə açıqlığı, tolerantlığı ilə seçilib. Xüsusən Tiflis mühitində müxtəlif xalqların etnik dəyərləri, mədəni sərvətləri çulğaşmış, qarşılıqlı əlaqlər, mədəniyyətlərarası dialoq aparıcı xüsusiyyət olmuşdur. Borçalı ədəbi mühitində da Azərbaycan və gürcü ədəbi əlaqələri, tərcümə sənəti inkişaf etmiş, iki xalqın qarşılıqlı marağı dərin olmuşdur. Bu əlaqənin ədəbi qaynaqları folklorumuzdan, türk və gürcü dilində dastanlarımızı söyləyən gürcü aşıqlarının yaradıcılığından, Nizamidən bu yana klassik ədəbiyyatımızdan, Mirzə Fətəlinin Tiflis çevrəsi ilə münasibətlərindən və təbii ki, bu gün Gürcüstanda yaşayıb-yaradan ədblərimizin fəaliyyətindən gəlir. Tiflisdə ali təhsil almış və bu mühitə daxildən bələd olan bir ədəbiyyatçı kimi bu məsələ barədə fikrinizi bilmək maraqlı olardı.Müşfiq Borçalı: Asif müəllim, bu çox geniş və zəngin bir mövzudur. Mən ümumi şəkildə xalqlarımız arasında qarşılıqlı əlaqə və dostluğu sevimli şairimiz Məmməd Araz sözləri ilə səciyyələndirmək istərdim: “Azərbaycan xalqı ilə gürcü xalqının qonşuluq tarixi nə vaxtdan başlanır? İlk odu biz onlara vermişik, ya onlar bizə? Yoxsa eyni vaxtda tapmışıq? Demək çətindir. Min illərin işıq, su, hava, torpaq qonşusuyuq…” Bəli, tarixən qonşu olmuş Azərbaycan və gürcü xalqlarının ədəbi əlaqələrinin tarixi də bu xalqların özlərinin tarixi qədər qədim və zəngindir. Həmin əlaqələrin qaynaqları uzaq keçmişlərdən məcralanır, sorağı əfsanə və əsatirlərimizdən, ozan-aşıq yaradıcılığından, bayatı və mahnılarımızdan gəlir. XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, XVIII əsrdə M.P.Vaqif, M.V.Vidadi, Şikəstə Şirin və başqalarının yaradıcılığında daha da genişlənən dostluq əlaqələri, XIX əsrdə M.F.Axundovun, A.Bakıxanovun, M.Ş.Vazehin, İ.Qutqaşınlının və b. Gürcüstanda yaşayıb-yaratmaları ilə əlaqədar olaraq yeni inkişaf mərhələsinə yüksəlmiş, XX əsrdə isə N.Nərimanov, A.Şaiq, Ö.Faiq, H.Minasazov, C.Məmmədquluzadə, H.Cavid, S.Vurğun, M.Müşfiq, S. Rüstəm, R.Rza, M.Rahim, H.Arif və b. fəaliyyəti sayəsində daha da möhkəmlənmişdir. Ədəbi əlaqələrimizin inkişafında gürcü klassiklərindən S. S.Orbeliani, İ.Çavçavadze, M.Cavaxaşvili, N.Dumbadze, K.Leonidze, K.Kaladze və b. rolu da böyükdür.Əsrimizin 50-60-cı illərindən sonra isə bədii tərcümə və Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında xüsusi xidmətləri olan mərhum Dilarə Əliyeva, Tahir Hüseynov, M.H.Bəxtiyarlı, Əflatun Saraclı, Şamil Qurbanov, Abbas Abdulla, İsa İsmayılzadə yolunu Əlixan Binnətoğlu, Emin Elsevər, Həmid Vəliyev, Mədəd Çobanov, Süleyman Süleymanlı, Dünyamalı Kərəm, Nəsib Nəsibzadə, Şurəddin Məmədli, Valeh Hacıyev, İmir Məmmədli, Mirzə Məmmədoğlu, Əlixan Düşgün, Mədəd Coşğun, Eyvaz Əlləzoğlu, Bəhram Mehdi Həmzəli İlyas və başqaları uğurla davam etdirməyə başlamış və bu yönümdə özlərini artıq tanıtmışlar. Azərbaycan-gürcü ədəbi əlaqələrinin tədqiqi və inkişafı sahəsində isə artıq yuxarıda qeyd etdiyimiz kimi, professorlar Adil Mişiyevin, Mədəd Çobanovun, Valeh Hacıyevin, Həmid Vəliyevin, Şurəddin Məmmədlinin, Mirzə Məmmədoğlunun, Alı Musayevin və b. fəaliyyətləri xüsusilə təqdirəlayiqdir.Asif Hacılı: Müşfiq müəllim, Sizə bu geniş və çoxcəhətli məsələlər barədə təqdim etdyiniz peşəkar məlumata, müşahidə və düşüncələrinizə görə təşəkkür edirəm. Bu söhbətdən belə bir vacib qənaət hasil olur ki, Gürcüstanda Azərbaycan ədəbiyyatı yaşamaqda və ikişaf etməkdədir, ədəbi əlaqələrimiz bu gün də yüksələn xətlə artır. Tiflisdə, Borçalının bölgələrində ədəbi mühitimiz öz varlığını qorutur, istedadlı yazarlarımız Azərbaycan və Gürcüstan sevgisini qəlblərində və əsərlərində yaşadıb ifadə edir. Ulu Borçalı iki ölkə arasında mənəvi, mədəni, insani körpü rolunu oynamaqda davam edir. Dünyanın bu qarışıq dövründə xalqlarımız arasında dostluq və qardaşlıq regionumuzdakı bəzi başqa toplumlar üçün bir örnəkdir, nümunədir. Azərbaycan xalqı bütün xalqlarla əməkdaşlığa, birgəyaşayışa hazır və bunu bacaran xalqdır. Borçalı mahalında gürcülərin və azərbaycanlıların qardaş münasibəti, borçalıların tolerant yaşam tərzi və mədəniyyəti bunun əyani sübutudur. Ümid edək ki, bu nümunə daim var olacaq, başqalarına da təsir edəcək və Cənubi Qafqazda rifah, sülh, əməkdaşlıq tam bərqərar olacaq.https://avciya.az/borcali-sohbətləri-borcali-ədəbi-muhiti-dunən-və-bu-gun/ZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.