NƏRİMAN NƏRİMANOV – ŞƏRQDƏ SOSİALİST İNQİLABININ CƏNGAVƏRİ

NƏRİMAN NƏRİMANOV – ŞƏRQDƏ SOSİALİST İNQİLABININ CƏNGAVƏRİ NƏRİMAN NƏRİMANOV – ŞƏRQDƏ SOSİALİST İNQİLABININ CƏNGAVƏRİ

Müasir dövrümüzdə görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanova münasibət birmənalı deyil. Bu Nəriman Nərimanovun siyasi fəaliyyəti ilə əlaqəlidir: Azərbaycan Xalq Cümhuriyyətinə qarşı apardığı mübarizəyə görə siyasi məsuliyyət daşıması, “günəşli” Azərbaycana aclıq gətirməsi (Volga bölgəsində, kannibalizmin bütövlükdə yayıldığı qədər fəlakətli olmasa da), Azərbaycan ərazilərinin paylaşması sazişi üçün Mərkəz xatirinə susması (N.Nərimanovun Qarabağın özgələşdirilməsinin qarşısını almasında rolu xüsusi vurğulanmalıdır), bir sinif olaraq, Azərbaycan kəndlilərinin məhv edilməsinə göz yumması, Şimali Azərbaycanla Güney Azərbaycan arasındakı ziddiyyətli siyasi kursu dəstəkləməsi və s.
Bütün bunlara baxmayaraq, milli və bəşəri düşüncə sahibi olmuş N.Nərimanov Azərbaycanın maraqlarının müdafiəsi üçün kəskin siyasi mübarizə aparmışdır. Bunun üçün əleyhdarları onu daha çox M.Ə.Rəsulzadənin ideallarına sadiq qalmasında ittiham edirdilər.
Bütün ruhu ilə beynəlmilləlçi olan N.Nərimanov millətçi adı ilə damğalanmışdır.

Əlbəttə ki, N.Nərimanov müsavatçı deyildir, ancaq onun Azərbaycanın siyasi və iqtisadi maraqlarını qorumaq uğrunda mübarizəsi M.Ə.Rəsulzadənin fikirləri ilə uzlaşan siyasi platformanın meydana gəlməsinə təkan verdi. H.Həsənov əbədi ucalıq qazanmış N.Nərimanov və M.Ə.Rəsulzadənin Azərbaycan qarşısındakı xidmətlərini, müstəqilliyimiz üçün etmiş olduqları əməlləri eyni müstəviyə qoya bilmişdir: “Azərbaycan tarixində də hər siyasətçimizin öz yeri vardır. Əgər Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov və b. müstəqil dövlətimizi yaratmaqda əvəzsiz tarixi xidmətlər etmişdirlərsə, N.Nərimanov sovet rejiminin ən qəddar dövrü olan bolşevik dövründə xalqımızın tarixi maraqlarını qorumaqda əvəzsiz rol oynamışdır”. (3, s.34) H.Həsənov N.Nərimanovun millətçi adlandırılması faktına da aydınlıq gətirə bilmişdir: “N. Nərimanovun nəinki sağlığında, hətta ölümündən sonra da onun ətrafındakıları milli təmayüllü kommunist adlandıraraq təqib etməyə başlamışlar. N.Nərimanov hətta ölümündən sonra bolşeviklər, solçular tərəfindən “satqın”, “təxribatçı”, “agent”, “gələcək millətçi” kimi təqib olunmuşdur”. (3, s.34)
Bu tarixi qarşıdurma fonunda N. Nərimanovun həyat yolunun bütün faciəsi özünü göstərir. Dərin düşüncəli bir insan olan Nəriman Nərimanov Şərqdə sosialist inqilabının cəngavərinə çevrildi. N. Nərimanovun bir siyasi xadim kimi siyasi fəaliyyətinin ümumi cəhətlərinə aydınlıq gətirmək üçün Xarici İşlər üzrə Xalq Komissarı Q.V. Çiçerinin qeydlərinə nəzər salaq: “Müsəlmanlar arasında təbliğatçılara verdiyi tövsiyələr olduqca ağlabatandır. Ancaq ümumi siyasət sahəsində, hətta Yaxın Şərqlə münasibətlərdə, o, artıq bəzi sadəlövhlüyə yol verir”. (5, s.33) Kommunist-zadəgan və mübahisəli Brest Barışının imzalayan Georgi Vasilieviçə etiraz edərək bildirmək istərdim ki, N.Nərimanov sadəlövh deyil, dərin düşüncəli, ləyaqətli bir insandır. Dərin düşüncəli insan olması N.Nərimanovu 1921-ci ildə I Ümumazərbaycan Sovetlər Konqresinin qərarının yerinə yetirilməsi üçün 1920-1921-ci illərdə Azərbaycandan sürgün edilmiş şəxslərin konsentrasiya düşərgələrindən, həbsxanalarından və həbs mərkəzlərindən azad edilərək doğma yerlərə geri qaytarılmaları barədə V.İ.Leninə teleqramla müraciət etməyə vadar etmişdir. Azərbaycanın tərəqqisinə mane olanları səlahəyətləri çərçivəsindən tutduqları vəzifələrdən uzaqlaşdırmağa nail ola bilirdi: “Yeri gəlmişkən, əvvəllər sosialist Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış Nərimanov E.Ş.Xanbudaqovu AzSSR MK-nin sədri vəzifəsindən uzaqlaşdırılmasına nail ola bilmişdir”. (7)
Bəzən elə düşünürsən ki, N.Nərimanovun qarşıdurmasında külək dəyirmanları ilə mübarizə aparan Don Kixotla uyğunluq var. N.Nərimanovun xidmət etdiyi ideologiya onu əvvəlcə siyasi Olimpin zirvələrinə qaldırdı, sonra isə, N.Nərimanov ona qarşı çıxanda yerlə yeksan etdi. H.Həsənov N.Nərimanovun vəzifə sahibi olub, səlahiyyətlərinin əlindən alınması faktına toxunaraq qeyd etmişdir ki, “N.Nərimanov İnqilabi Komitənin sədri olaraq hakimiyyətə gəlsə də tam səlahiyyətlərə malik deyildi. O, əslində bolşeviklərin içində müxalifətə çevrildi. Azərbaycanda N.Nərimanovun rahat fəaliyyət dövrü çox qısa olmuşdur. Sovet Azərbaycanında hakimiyyətdə N.Nərimanovun başçılıq etdiyi Müvəqqəti İnqilab Komitəsi və Xalq Komissarları Soveti olsa da, qısa bir müddətdən sonra hökmranlıq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin əlinə keçmişdir”. (3, s.59) N.Nərimanovun 1922-ci ildə yaradılmış ZSFSR-ə rəhbər vəzifəyə gətirilməsi, onun Azərbaycandan uzaqlaşıdrılmaq məqsədi güdmüşdür. Məhz ZSFSR-in yaradılması N. Nərimanovun Azərbaycan üçün təmin edə biləcəyi üstünlüklərdən məhrum etmək məqsədi güdürdü.
N. Nərimanovun siyasi tənhalığı ona əsaslanırdı ki, Azərbaycan millətçiləri köhnə incikliklərini, yəni onun Sovetlərin hakimiyyəti dövründə siyasi orientasiyasını “dəyişdirməsini” bağışlamamışdılar, gizli fəaliyyət göstərən keçmiş bolşevik yoldaşları onun müstəqil Azərbaycan SSR haqqında ideallarını qəbul edə bilmirdilər. Tarixin paradoksu ondan ibarətdir ki, Kommunist Partiyası daxilində “sol” təmayülü qəbul etmiş keçmiş millətçilərin köməyi ilə Nəriman Nərimanovun Azərbaycanda müstəqil sosialist dövlət yaratmaq istəyinə qarşı çıxmışdı. Burada belə bir sual yaranır - Azərbaycanın həqiqi vətənpərvəri kimdir - Azərbaycanın müstəqilliyi uğrunda qeyri-bərabər döyüşə girmiş ideoloji kommunist N. Nərimanovmu, yoxsa, Azərbaycanın maraqlarına xəyanət edərək, şüurlu şəkildə genişləndirmə siyasətinin alətinə çevrilmiş boşboğazlıq edən “müsavatçılar”mı?
Nəriman Nərimanov Şərq hökumətində inqilab carçısı kimi hakimiyyətə gərəkli idi. Buna görə də onunla hesablaşırdılar. Ümumdünya inqilab ideyasının üstünlük təşkil etdiyi zamanda hesablaşırdılar. Nəriman Nərimanovun ictimai-siyasi fikirin öncüllərindən olması Ümummilli liderimiz Heydər Əliyev tərəfindən vurğulanmışdır: “N. Nərimanovun əməkçi kütlələr maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı”. (2, s.29-30) N. Nərimanov yalnız Azərbaycanın deyil, ən yüksək siyasi quruma mənsub insanlarla rəqabət aparmağa qadir olan ümumittifaq miqyaslı bir şəxs idi. Millətlər İşləri üzrə Xalq Komissarı olan İ. Stalin müdirini tənqid edən müavini N. Nərimanovun fəaliyyətinə səssizcə dözürdü. Məsələ burasındadır ki, N. Nərimanov 1922 - 1938-ci illərdə SSRİ dövlət hakimiyyətinin ən yüksək orqanı olan SSRİ Mərkəzi İcraiyyə Komitəsinin (SSRİ MSK) həmsədrlərindən biri idi. Başqa sözlə, N. Nərimanov SSRİ-nin başçısı idi.
N. Nərimanovun vəfatından sonra onun xalq qarşısındakı xidmətləri, xalqının birliyi uğrundakı mövqeyinə görə təqib edilməsi kimi faktlar cəmiyyətdən gizlədilmişdir. N. Nərimanovun xalq üçün etdiyi fədakarlıqları əks etdirə bilən sənədlər məxfi saxlanılırdı. 2014-cü ildə məxfilik qrifinin götürülməsi N. Nərimanovun fəaliyyəti ilə cəmiyyətin yaxından tanış olmağa şərait yaratdı. Nəriman Nərimanovun inqilabi fəaliyyətinə tədqiqatçılar tərəfindən maraq davam etdirilməyə başalanıldı. Rudolf İvanovun (1931-2019) qələmə aldığı “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” kitabında Nəriman Nərimanovun inqilabi fəaliyyətini əks etdirən 475 tarixi sənəd, ədibin nadir nəşrlərdən seçilmiş məqalələri və nitqləri əksini tapmışdır. Yazıçı-publisist Rudolf Nikolaeviç İvanovun “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” əsəri Azərbaycan oxucusunda birmənalı olmayan təəssürat yaradır. Bir tərəfdən müəllifin mətnlərində sosialist təbliğata xas olan ideoloji meylilik kəskin şəkildə özünü göstərir, digər tərəfdən R.İ. İvanov bəzən tarixi obyektivliyi üslubi tərtibat naminə qurban verir. Buna görə də bu kitab gənc azərbaycanlı oxucusu tərəfindən qəbul edilməyə də bilər ki, bu da, əlbəttə ki, tələsik və əsassız olardı. Məsələ ondadır ki, Rudolf Nikolaeviç İvanovun “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” əsərində, əvvəllər yalnız dar dairələrə məlum olan XX əsrin əvvəllərindəki Azərbaycanın tarixi mozaika hissəcikləri yenidən qurulurdu.
Nəriman Nərimanovun Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi qalması uğrunda apardığı mübarizə R.N. İvanovun “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” kitabında əksini tapmışdır. Kitabda Nəriman Nərimanovun Qarabağ məsələsində Stalin, Orconikidze, Maxaradze, Myasnikov, Kirov, Nazaretyan və digər mənfur qüvvələrə qalib gəlməsi, Qarabağın Azərbaycanın tərkibində saxlada bilməsi əksini tapa bilmişdi. (6, s.89) N. Nərimanovun siyasi fəaliyyəti nəticəsində Naxçıvanın Ermənistana birləşdirilməsinə olan cəhdlərin qarşısı da alınmışdır: “N. Nərimanov və onun yaxın silahdaşlarının prinsipiallığı və cəsarətli tələbləri sayəsində, ermənilərin Q.K. Orconikidze və onun əlaltılarının “xeyir-duası” ilə Naxçıvanı Ermənistana birləşdirmək cəhdi baş tutmadı”. (1, s.256) N. Nərimanovun emənilərin türklərə qarşı apardıqları soyqırım məsələlərinə göz yummaması, etiraz səslərini yüksəltməyi bacarması da bəlli faktdır: “Türkiye-Sovyetler Birliği ilişkilerinde, her zemin ve şartta Türkiye’nin yanında olmuş, Ermeni meselesinde Lenin’e “Ermenilerin yanında yer alırsanız, bütün doğuyu ve Azerbaycan'ı kaybedebilirsiniz” deme cesaretini göstermiştir”. (4, s.52)
Moskvanın N. Nərimanovanın bu cür siyasi fəaliyyətinə qarşı təbliğat kampaniyası heç bir nəticə vermirdi. N. Nərimanovun SSRİ Mərkəzi İcraiyyə Komitəsindən ayrılmaq üçün ərizə ilə müraciət etməsi onun əleyhdarlarını çaşbaş salsa da, amma müəmmalı ölümü ilə nəticələndi. Düşmənlər inqilab cəngavərini siyasi mübarizə gedişində aradan götürməyə nail ola bilmədikləri kimi, nə adını ləkələməyi bacardılar, nə də susdurmağı... N. Nərimanovun ölümünün MK tərəfindən həyata keçirilməsi istisna edilmir. Nəriman Nərimanovun Vətən uğrunda, milli ideologiya daşıyıcı olduğu üçün ona sui-qəsd edilməsi haqqında müxtəllif fərziyələr irəli sürülür. Məsələn, R. İvanovun “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” kitabının “Böyük vətəndaşın vəfatı” adlı V fəsildə N. Nərimanova süi-qəsd edilməsinə eyhamlar özünü göstərmişdir. Bu eyham, Nəriman Nərimanovun dəfnində M.İ. Kalininin matəm nitqində ədibin “Şərq xalqlarından birinci qurban” kimi təqdim edilməsi onun qəsdən öldürülməsinə işarədir. Bu sui-qəsdin yalnız N. Nərimanova qarşı deyil, millətin 1937-ci ildə üzləşəcəyi repsesiyalara bir işarə idi: “Nəriman Nərimanov yoldaşın şəxsində biz öz doğma partiyamızın sıralarındakı bir yoldaşımızı və dostumuzu dəfn edirik. Onun şəxsində Qızıl Meydan Şərq xalqlarından birinci qurbanı öz ağuşuna alır”. (6, s.427) R.N.İvanov əsərində də N.Nərimanovun ölümünün sirli olmasını xüsusi vurğulamaqla yanaşı, 1925-ci ilə qədər hakimiyyəti əllində cəmləşdirməyə nail olmuş İ.Stalinin də bunda maraqlı olması faktına da toxunmuşdur.
N.Nərimanovun siyasi fəaliyyətini nəzərdən keçirdikdə belə bir sual yaranır: Siyasi xadimin apardığı mübarizə əbəs idimi? Bu sualın cavabı birmənalı deyil. Amma xüsusilə qeyd etmək istərdim ki, N.Nərimanovun siyasi fəaliyyəti sayəsində Azərbaycan torpaqlarının qonşu respublikaların xeyrinə daha da özgəninkiləşdirilməsinin qarşısı alınmış, Mərkəzi hökumət məcbur edilmişdir ki, hökumət orqanlarına və partiya strukturlarına azərbaycanlılar daha fəal cəlb edilsinlər.
N.Nərimanov başa düşürdü ki, onunla mübarizə aparmaqlarının əsas motivi Azərbaycanın neft ehtiyatlarıdır. “Yoldaş Nərimanovun AKP-nin Bakı Komitəsinə, AKP MK-yə və yoldaş Ordjonikidzeyə qarşı irəli sürdüyü əsas ittiham”da xüsusi olaraq vurğulanmışdır ki, N.Nərimanov A.P.Serebrovskiyə qarşı ittiham irəli sürmüşdür ki, rəhbərlik etdiyi “Azneft” istehsalat birliyini AzSSR lehinə qeydiyyatdan keçirməmişdir. N. Nərimanov 1921-ci ildə bağlanılmış və özündə RSFSR və AzSSR dəmir yollarının birləşdirən, Azərbaycan neftinin RSFSR-in səlahiyyətinə verilməsini əks etdirən müqaviləyə də qarşı çıxmışdı.
SSRİ neftə ciddi ehtiyac duyurdu və bu sahə üzərindəki nəzarəti itirməyi özünə rəva bilməzdi. N. Nərimanovun Azərbaycanın müstəqilliyi və özünəməxsusluğu uğrunda apardığı mübarizənin bütün siyasi və ideoloji qarışıqlıqları əsasən neft uğrunda mübarizədə birləşirdi. RKP Siyasi Bürosunun 17.10.1921 tarixli qərarının 5-ci bəndində N. Nərimanov Azərbaycana neft bonuslarının verilməsi barədə fikirlərini əlavə etmişdir.
Təəssüf ki, N.Nərimanov neft uğrunda apardığı mübarizədə məğlub oldu. Beləliklə, o, Azərbaycan üçün müstəqillik əldə edə bilməsinə nail ola bilmədi. Azərbaycan partiya funksionerlərinin əksəriyyətinin səssiz xəyanəti N. Nərimanovu mərkəzi hökumətlə meydanda yalnız qoydu. Buna baxmayaraq, Nəriman Nərimanovun çoxsahəli siyasi mübarizəsi faciəli olmasına baxmayaraq, səmərəli bir mübarizə idi.
Qeyd etmək istərdim ki, SSRİ-nin siyasi rəhbərliyinin zirvəsinə Azərbaycanın yalnız iki nümayəndəsi - Nəriman Nərimanov və Heydər Əliyev qalxa bildilər. MK-nın intriqalrı səbəbindən “siyasi romantik” N. Nərimanovun yerli kadrları öz ətrafında birləşdirə bilməməsini, Ümummilli lider Heydər Əliyev həyata keçirərək vahid komanda yaratmağa nail oldu. Ulu Öndərimiz Heydər Əliyev N.Nərimanovun reabilitasiyasında xüsusi rol oynadı.


Ədəbiyyat

1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı. “Lider nəşriyyat” - 2005, 472 səh;
2. H.Ə. Əliyev. Görkəmli dövlət xadimi (N.Nərimanovun 100 illik yubileyinə məruzə). Ədəbiyyatın yüksək borcu və amalı (nitqlər, məruzələr, çıxışlar). Bakı. “Ozan”- 1999. 496 səh. s. 29-42;
3. H.Ə. Həsənov Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti. Bakı: Elm, 2005. 248 səh.;
4. Hüseyin Adıgüzel. Atatürk, Nerimanov ve Kurtuluş Savaşımız. İstanbul, İleri yayınları, 2004. 159 seh.;
5. Р.Н. Иванов. Нариман Нариманов основатель советского Азербайджана и первый руководитель Союза ССР. — М., 2016. — 496 с.;
6. Р.Н. Иванов. Смертельная схватка. Москва. - 2015. 520 с.;
7. С.Тарасов. Тайны Багирова: бросок на политический Олимп // https://regnum.ru/news/polit/2316108.html;
8. С.Ш.Шарифова. Рыцарь революции: взлет и падение. «Литературный Азербайджан», 2015 г. № 6, 136 с. с. 56-58.

Salidə ŞƏRİFOVA
AMEA-nın professoru, filologiya elmləri doktoru,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Nəriman Nərimanov - milli təmayüllü kommunist"

Yeni nəşrlər
Bəhram Mehdi: Nəriman Nərimanovun Tiflisdəki Ev muzeyini xalqa qaytarın!

Bəhram Mehdi: Nəriman Nərimanovun Tiflisdəki Ev muzeyini xalqa qaytarın!

Tv, Tiflis
Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Mədəniyyət, Tiflis
Nəriman Nərimanov Gürcüstanda niyə yadlaşıb?

Nəriman Nərimanov Gürcüstanda niyə yadlaşıb?

Tv, Borçalı
“Millət necə tarac olur, olsun” deyib kənardan baxmayın...

“Millət necə tarac olur, olsun” deyib kənardan baxmayın...

Tiflis, Borçalı, Köşə yazılar
Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanovun V.Leninə məktub-teleqram ...

Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanovun V.Leninə məktub-teleqram ...

Tarix
Nəriman Nərimanovun ev Muzeyinin əməkdaşlarının Tiflis səfəri

Nəriman Nərimanovun ev Muzeyinin əməkdaşlarının Tiflis səfəri

Tiflis
MƏŞHUR DÖVLƏT XADİMİ, TANINMIŞ DİPLOMAT VƏ ZƏHMƏTKEŞ TƏDQİQATÇI ALİM HƏSƏN  ...

MƏŞHUR DÖVLƏT XADİMİ, TANINMIŞ DİPLOMAT VƏ ZƏHMƏTKEŞ TƏDQİQATÇI ALİM HƏSƏN ...

Dünya, Arxiv
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidəki Azərbaycan mədəniyyə ...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidəki Azərbaycan mədəniyyə ...

Tiflis, Diaspora
Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovu ...

Nəriman Nərimanov irsini təftiş edən səbatsızlara professor Şamil Qurbanovu ...

Ədəbi tənqid, Bolus, Müşfiq Borçalı
Vətəndaş, alim, jurnalist - Teymur Əhmədov - 85

Vətəndaş, alim, jurnalist - Teymur Əhmədov - 85

MEDİA, Ədəbiyyatşunaslıq
Məşhurların övladları: HƏSƏN HƏSƏNOVun alim oğlu - ZAUR HƏSƏNOV

Məşhurların övladları: HƏSƏN HƏSƏNOVun alim oğlu - ZAUR HƏSƏNOV

İctimai elmlər, Tarix, Avropa
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

M.F.Axundzadə adına Muzey, Humanitar elmlər, Tiflis
ŞAİQ NÜMUNƏ MƏKTƏBİ

ŞAİQ NÜMUNƏ MƏKTƏBİ

Elmi Məqalələr, Borçalı
Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Əsas xəbər, "XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
Şamil QURBANOV (1934-2004)

Şamil QURBANOV (1934-2004)

Milli Məclis, BDU, "XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
DİPLOMATİYA TARİXİMİZDƏN: İbrahim Əbilov – Azərbaycanın Türkiyədə ilk  fövq ...

DİPLOMATİYA TARİXİMİZDƏN: İbrahim Əbilov – Azərbaycanın Türkiyədə ilk fövq ...

Bakı, Turan
TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

"XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
Naxçıvan Muxtar Respublikası sözün həqiqi mənasında özünün yeni intibah döv ...

Naxçıvan Muxtar Respublikası sözün həqiqi mənasında özünün yeni intibah döv ...

Naxçıvan, Humanitar elmlər, "Zirvə"
Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Azərbaycan KP MK Rəyasət Heyətinin ilk sədri sədri - Mirzə Davud Bağır oğlu ...

Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: