Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib Elm » Humanitar elmlər 22 ноября 2019 2019-cu il noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib. Əvvəlcə bölmənin tərkibinə daxil olan elmi tədqiqat müəssisələrinin nailiyyətlərini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə tanışlıq olub.Ümumi yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Teymur Kərimli, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyatı üzrə dəvət olunmuş şəxslər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli il ərzində HEB-in Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında bir sıra mühüm tədbirlər keçirdiyini, sanballı çap əsərləri, monoqrafiyalar ərsəyə gətirdiyini, qabaqcıl elmi tədqiqat işlərinin müdafiə olunduğunu diqqətə çatdırıb.İlk olaraq Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində 2019-cu ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar dinlənilib. Hesabat məruzələrində cari ildə bölmənin institutlarında əldə olunan mühüm elmi nəticələr, Azərbaycan Respublikası Prezidentinin sərəncamları və dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də ölkə başçısının "Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamına müvafiq olaraq görülmüş işlər, "İmadəddin Nəsimi-650" çərçivəsində çap olunmuş kitablar haqqında məlumatlar öz əksini tapıb. Eyni zamanda məruzələrdə qeyd olunub ki, 2019-cu ildə dövlət başçısının “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında”, “Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında”, “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında”, “Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında”, “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamlarının icrasından irəli gələn bir sıra tədbirlər həyata keçirilib.Tədbirdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid ixtisası və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları ixtisası üzrə doktoranturaya qəbul və dissertantlar üçün minimum imtahanlarının keçirilməsi üçün proqram və test bankının təsdiqi məsələləri də müzakirə olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.