Saytların dili ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb Elm » Humanitar elmlər 13 июня 2018 2018-ci il İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu “Saytların dil mənzərəsi” mövzusunda “dəyirmi masa” keçirib.ZiM.Az xəbər verir ki, tədbirdə dilçi alimlər ölkə saytlarının dili ilə bağlı aparılmış monitorinqin nəticələrini müzakirə ediblər.Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən danışıb. Akademik bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını bildirib. Vurğulanıb ki, xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürü olan dil həm də milli dövlətçiliyin rəmzidir və bu baxımdan onun inkişaf etdirilməsi, qayda və normalarının qorunması hər bir vətəndaşın borcudur.İnstitutun monitorinq şöbəsinin müdiri, dosent Sevinc Əliyeva dilin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə mütəmadi monitorinqlərin keçirildiyini deyib. O, yaxın günlərdə “Musiqi ifaçılarının nitqində ədəbi dil normalarının pozulması” mövzusunda aparılmış monitorinqin nəticələrinin açıqlanacağını diqqətə çatdırıb.Sonra institutun aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov müşahidə edilən dil qüsurları ilə bağlı “Qaynar xətt”ə daxil olan müraciətlər barədə məlumat verib.Saytlarda dilin inkişafına təsir göstərəcək ciddi proseslərin müşahidə edildiyini söyləyən Ş.Məmmədov deyib: “Saytlar publisistik üslubun yazılı kütləvi nitq forması olduğu üçün danışıq dilinə çox yaxındır. Saytlarda dilin dinamikliyi, sərbəstliyi, yığcamlığı, bəzən də obrazlılığı onun kütləviliyindən irəli gəlir. Saytların dilində ədəbi dilin təmizliyini pozan sözlərə də rast gəlirik. Monitorinqə cəlb etdiyimiz saytlarda norma pozuntuları müxtəlif dil səviyyələrində özünü göstərir”.Fonetik normanın pozulması hallarının əksər saytlarda müşahidə olunduğunu söyləyən alim bildirib ki, xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çox olur. Adətən mətnlər ciddi redaktə olunmadan yayımlanır. Saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar olduğu kimi, mətnlərin dilində leksik, üslubi və qrammatik normanın pozulması halları da özünü göstərir. Cümlədə söz sırasının dəyişməsi nəticəsində qrammatik normanın pozulduğu hallar da var. Bu cür norma pozuntuları daha çox danışıq dilinin təsiri ilə baş verir.Ş.Məmmədov qeyd edib ki, saytlarda müşahidə olunan norma pozuntularından biri də cümlədə durğu işarələrinin düzgün qoyulmamasıdır.Sonda alimlər KİV nümayəndələrinin suallarını cavablandırıblar.Qeyd edək ki, dövlətimizin başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Dil nöqsanlarının aradan qaldırılması istiqamətində müxtəlif məsələlərlə yanaşı, KİV-lərdə və elektron mediada dil normalarının pozulmasının qarşısının alınması, ədəbi dilin düzgün tətbiqi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi bu vəzifələr sırasına daxildir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.