GƏLƏCƏK NƏSLƏ ÖRNƏK ÖMÜR

GƏLƏCƏK NƏSLƏ ÖRNƏK ÖMÜR Tarix boyu yerin-göyün yeddi qat dərinliklərindəki sehr – sirr dolu möcüzələr elmin gücü ilə kəşf olunub. Elə möcüzələr özü də elmi uğurların nəticəsidir. Milli elm kəhkəşanımızın ənginliklərində sayrışan topa-topa ulduzların işığı – alim ömrünün, alim əməyinin nuru əsrlərdir ki, bütün həyatımızı, dünyamızı öz sehrinin ağuşuna alıb. Bəli, elm qədimdən bəri az qala zamandan da sürətli yol qət edib.

Azərbaycan Milli Elmlər Akademiyasının
70 ilinin zirvəsindəki dərinliklərin sirrinə bələd olmaq üçün yolumuza çıraq kimi bir iz seçdik:
akademik Musa Əliyevin ömrünə - həyatının enişli-yoxuşlu yollarına, elmi uğurlarına, elmi-təşkilatı bacarığına nəzər salmaqla həm də akademiyanın ilk onilliklərinə ekskurs etməli və sonrakı uğurlarımızın o illərdəki özülünün şahidi olduq. Bir alim ömrünə-taleyinə yazılan səhifələri vərəqləməklə ruhunu yad etdik və o illəri gözümüzdə, könlümüzdə bir daha yaşadıq, öyrəndik. Unudulmaz şəxsiyyətin fəaliyyəti müstəvisində həm akademikin öz ömrü – taleyi, həm də yaşadığı tarixin ictimai – siyasi ab-havası, XX əsr milli elm tarixində açılan hər yeni səhifənin bünövrə daşının qoyulması, XXI əsrə daşınan elmi-nəzəri təcrübələri nəşr olunmuş “Elmin haqq çırağı” kitabımızın qayəsi oldu.

Akademikin həmkarlarının – dostlarının, tələbələrinin, qızı Rəna xanımın, bu gün Milli Akademiya Prezidenti zirvəsindəki tələbəsi akademik Akif Əlizadənin, elmi – yaradıcı fəaliyyəti ilə ustadına dərin ehtiramı olan Tofiq Həsənovun, xeyirxahlıq etdiyi çox-çox insanların ... xatirələrində, qeydlərində, söhbətlərində, arxiv sənədlərində, ömrə işıq tutan fotolarda, saralmış qəzet-dərgi səhifələrində oxuduqlarımızı, müşahidə etdiklərimizi, dinlədiklərimizi diqqətinizə yetiririk, inanırıq ki, vərəqlədiyiniz bu sətirlər hər kəsə xoş ovqat bəxş edəcək.

GƏLƏCƏK NƏSLƏ ÖRNƏK ÖMÜR Musa Mirzə oğlu Əliyev 1908-ci il aprel ayının 11-də Şamaxıda anadan olmuşdur. Valideynləri Şamaxı zəlzələsindən sonra Türkmənistana köçdüklərindən Musa Əliyev ilk təhsilini - Aşqabad şəhərindəki Nekrasov adına fizika-riyaziyyat təmayüllü orta məktəbdə alır, tələbəlik həyatına isə Bakıda qədəm qoyur.

İlk ali təhsilini Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dağ-mədən fakültəsində almışdır. Professor V.V.Boqaçov məktəbindən bəhrələnən Musa Əliyev ömrünün sonuna kimi elmi yaradıcılığını paleontologiya və stratiqrafiya elmləri ilə bağlayır. Məlumdur ki, geoloq kadrların professional hazırlanmasının əsası 20-ci illərin  başlanğıcında Azərbaycan Politexnik, sonralar isə Azərbaycan Neft elmi-tədqiqat və layihə institutlarında qoyulmuşdur. 20-ci illərdə Azərbaycana dəvət olunmuş V.V.Boqaçov, S.A.Kovalevski, V.E.Livental və başqalarının rəhbərliyi altında ilk azərbaycanlı paleontoloqlar - Q.Ə.Əlizadə, M.M.Əliyev, D.Ə.Ağalarova, C.M.Xəlilov, C.İ.Cəfərov və b. paleontologiya elminə yiyələnərək ixtisaslaşırlar. Hələ tələbəlik illərindən pedaqoji fəaliyyətlə (1930-33-cü illərdə Balaxanıda Sənaye texnikumunda müxtəlif fənlərdən dərs deyirdi) məşğul olan M.Əliyevin ömrü boyu bu peşəyə sevgisi tükənmədi. Ali məktəbi bitirən il təhsil aldığı institutda dərs demək hüququ qazanan M.Əliyev cəmi 6 il sonra Sənaye İnstitutunun neft fakültəsinə dekan (1937), iki il sonra isə institutun direktoru vəzifəsinə (1939-41) təyin edilir. Həmin zaman o, 30 yaşını yenicə ötmüşdü. 1941-42-ci illərdə M. Əliyev iki il Moskva Neft İnstitutunda “Paleontologiya və tarixi geologiya” kafedrasında dosent vəzifəsində çalışır, eyni zamanda Moskvada SSRİ Neft Sənayesi Xalq Komissarlığı Tədris Müəssisələrinin Baş idarəsinə təyin olunur.  Lakin 1943-cü ildə Bağırovun təkidli tələbi ilə Bakıya qayıdaraq Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsində pedaqoji fəaliyyətini davam etdirir. Elmi və ictimai fəaliyyətdə özünü erkən yaşlarında təsdiq edən M.Əliyev 40 yaşında Nazirlər Sovetinin sədr müavini Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilir (1948-1949), SSRİ Ali Sovetinin II çağırış deputatı seçilir, davamlı olaraq IIIIV çağırışlarda da seçilir.
Azərbaycan Milli Elmlər Akademiyasının III prezidenti: 42 yaşlı akademik Musa Əliyev AMEA-nın prezidenti vəzifəsinə iki dəfə - 1950 - 1958-ci illərdə seçilmişdir. O, bu vəzifəyə gəlincə, təbii ki, xeyli gərgin, zəhmət dolu bir həyat keçmişdir. Təhsil və elm yollarındakı uğurlarını yuxarıda sadaladıqca onun arxasında dayanan çətinlikləri dilə gətirməməyimiz heç də hər şeyə asanca nail olması demək deyil. Hər halda, tərcümeyi-halındakı acınacaqlı tale yolları çox mətləbləri anladır. Fitrətən fazillik elm qapılarının açarıdır, eləcə də gecəli-gündüzlü zəhmət məqsədə doğru mükəmməl və etibarlı yoldur. M.Əliyev məhz belə bir yolun sarvanı olmuşdur. Onun ziyalılığı yüksək insani keyfiyyətləri ilə də diqqəti cəlb edir. Çalışdığı bütün vəzifələrdə sadə insanların arxadaşı olmaq sanki hobbisi olmuşdur. Taleyin onun üzünə açdığı qapıları arxasınca bağlamayaraq çox insanların uğruna səbəb olmuşdur. M.Əliyev haqqında düşüncələri oxuduqca, onun haqqında deyilənlərə qulaq asdıqca bunun gerçəkliyi ilə üzləşirik. İnstitut direktorluğu illərində olduğu kimi, Akademiyanın prezidentliyi zamanında da gəncliyə, gənc kadrlara qayğısı, diqqəti daim nəzərində olmuşdur.
Əlcəzair kəşfləri. Musa Əliyevin tədqiqat dairəsi Zaqafqaziyadan başlayaraq Qərbi Sibir, Volqa - Ural və Orta Asiyanın neftli-qazlı sahələrini əhatə edirdi. Bunların içərisində Əlcəzair ölkəsindəki kompleks tədqiqatları həyatında xüsusi iz buraxmışdır. 1969-71-ci illərdə Sovet-Əlcəzair neft-qaz kontraktına rəhbərlik etmək akademik M. Əliyevə nəsib olur. İşlərinin yekunu olaraq akademik elmi heyəti ilə birgə hazırladıqları ikicildlik “Əlcəzair Saxarasının geologiyası və neftqazlılığı”“Əlcəzair Atlaslarının geologiyası və neftqazlılığı” adlı monoqrafiyaları 4 dildə (fransız, rus, ingilis və ərəb) nəşr etdirdi. İşinin öhdəsindən layiqincə gələn akademik nəticədə ən yüksək mükafata (“Fəxri neftçi”) layiq görüldü.

Akademik M.Əliyev təkcə Azərbaycanda, keçmiş SSRİ məkanında yox, bir çox xarici ölkələrdə də tanınır, əsərlərinə ciddi yanaşırdılar. Dəfələrlə Meksika, Danimarka, Hindistan, Misir, Livan və b. ölkələrdə keçirilən beynəlxalq elmi simpozium və konfranslarda məruzələri maraqla dinlənilmişdir. Elmi əsərləri  Mexikoda, İskəndəriyyədə, Beyrutda, Qahirədə, Dehlidə çap olunmuş və onun şöhrətli həyatına işıq salmışdı. M.Əliyevin yüksək elmli alim olması əsərlərinin sübutudur. İlk əsərini 1939-cu ildə dərc etdirən müəllif ömrünün axır vaxtlarına qədər çap olunmuşdur. Hətta vəfatından sonra iki fundamental əsəri Moskvanın “Nauka”  nəşriyyatında nəşr olunmuşdur. Ümumiyyətlə, akademik 350-yə qədər elmi  əsərin müəllifi, 50-yə  qədər gənc alimə elmi rəhbər və ya məsləhətçi olmuşdur, haqqında müxtəlif mətbuat orqanlarında sanballı məqalələr dərc edilmişdir.

Musa Əliyevin xatirələrindən bir yarpaq:  Mənim də anam şuşalıdır. Ailəmiz hər il yayı orada dincələrdi. 1918-ci ildə yenə Şuşada idik. O vaxt 9-10 yaşım olardı. Ermənilərin azğınlaşmış vaxtı idi. Onların törətdikləri vəhşiliklərin şahidi olmuşam. Çar ordusunun köməyi ilə güclü silahlanmış ermənilər silahsız azərbaycanlıları şəhərin təzə məhəlləsinə və cıdır düzünə sıxışdırmışdılar. Onlar olmazın vəhşiliklər edirdilər. Uşaqları, qadınları və yaşlı kişiləri kütləvi surətdə məhv edirdilər. Hətta yadımdadır, deyirdilər ki, qadınlarımıza işgəncə verdikdən sonra kürəklərinə qaynayan samovarları bağlayıb qaçmağa məcbur edirdilər. Vəziyyət çox acınacaqlı idi. Yadımdadır, anamın qohumlarından bir nəfər gəlib qadınları və uşaqları sakit etdi ki, ətraf rayonlardan böyük kömək gəlir. Bu vaxt silahlı gənc bir qız (o zaman onlarla qız erməni vəhşiliklərinə qarşı döyüşürdü) gəlib sevinə-sevinə dedi ki, ermənilər general Səməd bəy Mehmandarovun atlı dəstəsinin Əsgəran qalasına daxil olmasını eşidib şəhərdə nələri varsa atıb, kütləvi halda vahimə içində qaçırlar. Bir gün keçdikdən sonra mən general Səməd bəy Mehmandarovun öz atlıları ilə şəhərə daxil olduğunun şahidi olmuşam. Bütün bunları mən ona görə danışıram ki, siz gənclər həmişə ayıq olasınız. Onlar pis əməllərini həyata keçirməyə həmişə hazırdırlar. Burada - Moskva şəhərində mən onu həmişə hiss edirəm.

Ailə səadəti hər şeydən ucadadır. Musa Əliyev Sona xanımla 1930-cu illərdə qurduğu ailə həyatının acılı-şirinli günlərini bölüşərək 55 il birgə yaşayıblar. Bağırov dövrünün istənilən ziyalının başı üzərində hər an asılan “Domokl qılıncı”nın  M.Əliyevin də başı üstdə görünmək ehtimalı gündəmdən heç düşməyib. Hətta bu stresslərin nəticəsi idi ki, saçları bir gecənin içində ağappaq olmuşdu. Sibirin ölüm düşərgəsi olan “Solovki” yollarının tez-tez yada salınması təbii ki, insana mənəvi terrordan başqa bir şey deyildi. Bütün bu ağır günləri birgə bölüşən ailədə iki oğlan və bir qız  dünyaya göz açmışdır. Rəna xanım Paşayeva: Atam hər şeyə öz zəhməti ilə nail olmuşdu. Odur ki, uşaqlarını sənət-peşə seçimində sərbəst buraxdı. Son dərəcə əliaçıq, xeyirxah, böyük ürək sahibi olan atamız həm də tələbkar idi. Biz - övladları onu çox sevmişik, onunla həmişə öyünmüşük, çalışmışıq ki, bütün həyatımız boyu onun adına layiq olaq. Nəvələri onun kim olduğunun dərkini gözəl anlayırlar.

 Vaxtilə M. Əliyevdən dərs alan, qayğı görən, bir sözlə, Musa Əliyev məktəbindən keçərək akademikliyə qədər yüksələn dəyərli alimlərimizin ustadları haqqında dedikləri - yazdıqları xatirə yarpaqlarını vərəqləyək:

Akademik İsmayıl İbrahimov: 
İndiki Azərbaycan Neft Akademiyası 1920-ci ildə yaranandan 1934-cü ilədək direktor sifəti ilə başqa millətin nümayəndələri rəhbərlik etmişdilər. İnstitut yarandıqdan 14 il sonra birinci dəfə ona azərbaycanlı alim Məmməd İsmayıl Axundzadə direktor təyin olunur. Lakin cəmi il sonra repressiya qurbanı olan M.İ.Axundzadənin yerinə Moskvadakı Mərkəzi Təşkilatlar Moskvada texnikum direktoru vəzifəsində çalışan erməni Arşavir  Arababovu göndərirlər. Bu isə o demək idi ki, milli kadrların yetişdirilməsi üçün tam mənada sədd çəkilir. 1939-cu ildə yeni rəhbər - Musa Əliyev rektor təyin ediləndə artıq məsələlər əksinə inkişaf yoluna keçir. Milli kadrların yetişdiriliməsi üçün ciddi işlərə başlanır. İlk əvvəl, institutun 20 illik yubileyi ərəfəsində işçilərin cəmi 20-30 faizini təşkil edən azərbaycanlıların əksəriyyəti orden və  medallara təqdim olunur. Bu isə institut üzrə 70 faiz demək idi. Bəli, işlədiyi qısa müddətdə neft sənayesi üzrə milli kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyə olunmasında atılan ilk addımlar məhz Musa Əliyevin adı ilə bağlıdır. Akademiya prezidentliyi dövründə imkanlarından istifadə edərək nəhəng “Akademiya şəhərciyi”nin tikilməsində xidmətləri misilsizdir.

AMEA-nın prezident əvəzi, akademik Akif Əlizadə: Akademik Musa Əliyev həqiqətən elm sahəsində bir novator olmuşdur...  Onun Azərbaycan elminin inkişafındakı ölçüyəgəlməz xidmətlərini sadalamaqla başa gəlməz. Azərbaycanda bütün elmlərin inkişafı tarixində akademik M.Əliyevin adının xüsusi yeri vardır - məhz onun istedadı və qayğısı sayəsində Azərbaycan Elmlər Akademiyasında fizika, kimya, riyaziyyat, astronomiya, iqtisadiyyat və s. fundamental elmlər planlı şəkildə inkişaf etməyə başladı.
GƏLƏCƏK NƏSLƏ ÖRNƏK ÖMÜR Böyük enerjiyə malik olan Musa müəllim alim kollektivlərini düzgün yönəltmək bacarığı ilə seçilib.
M.Əliyev onunla birlikdə və yanında işləmiş alim-həmkarları və tələbələri arasında böyük nüfuza malik olub.
Mən düşünürəm ki, bu sözlər M.Əliyevin həyatı və fəaliyyəti üçün səciyyəvidir:
“Ustad, şagird yetişdir ki, sonralar öyrədən olsun”. 

Bəli, bu gün o, neçə-neçə elm adamının fəxrlə özünü  “Musa Əliyev məktəbi”nin yetirməsi olduğunu dilə gətirməsinin səbəbkarıdır.

Musa  Əliyev haqqında yaşlı nəsil alimlərin - ziyalıların böyük hörmət və məhəbbət dolu xatirələri, söz-söhbətləri qurtarmır. Akademik haqqında söhbət açarkən ani olaraq onların üz-gözlərinə dolan nur, xoş təbəssüm nəzərdən qaçmır. Elm yolunun nə qədər ağır, nə qədər məsuliyyətli və zəhmət dolu bir həyat olduğunu bildiyimizdən, mənəvi borc bilərək təqdim etdiyimiz bu yazı alim ömründən bir yarpaq səmimi sözdür.

Almaz Ülvi
Filologiya elmləri doktoru

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Allah rəhmət eləsin!.. Akademik Arif Şəfaət oğlu Mehdiyev...

Allah rəhmət eləsin!.. Akademik Arif Şəfaət oğlu Mehdiyev...

Elm, Nekroloqlar
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AKADEMİK ZAHİD XƏLİLOVUN İKİNCİ DƏFƏ ÇAP OLUNMUŞ “FUNKSİONAL ANALİZİN ƏSASL ...

AKADEMİK ZAHİD XƏLİLOVUN İKİNCİ DƏFƏ ÇAP OLUNMUŞ “FUNKSİONAL ANALİZİN ƏSASL ...

Digər bölmələr, Bolus
100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

100 yaşlı akademikə “Şərəf” ordeni təqdim olundu

"Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
Ümummilli lider

Ümummilli lider

Prezident
Ruhun şad olsun, bacarıqlı təşkilatçı, böyük alim, unudulmaz şəxsiyyət - ak ...

Ruhun şad olsun, bacarıqlı təşkilatçı, böyük alim, unudulmaz şəxsiyyət - ak ...

Digər bölmələr, Bolus, UNUTSAQ, UNUDULARIQ!....

"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və AMEA-nı ...

Elm, Elanlar
Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Elm, Biologiya və tibb elmləri
AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

Elm, Nekroloqlar
Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Digər bölmələr, Rusiya
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
Akademik Zahid Xəlilov (1911-1971)

Akademik Zahid Xəlilov (1911-1971)

---
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycan, Elm, Nekroloqlar
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

Digər bölmələr, Tiflis, Nekroloqlar
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
Ərəb Liqasının Baş katibi Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İda ...

Ərəb Liqasının Baş katibi Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İda ...

Diaspora
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: