ŞAİQ NÜMUNƏ MƏKTƏBİ Elmi Məqalələr, Borçalı 30 октября 2017 XX əsr Azərbaycanda rus dilinin hökmranlıq etdiyi bir dövr idi. Bu o dövr idi ki, bütün ölkədə, istər rəsmi, istərsə də qeyri-rəsmi işlər rus dilində aparılırdı. Cəmiyyətin istənilən sahəsində rus dili hökmranlıq edirdi. Milliləşmə ənənələrinin hələ də formalaşmadığı bir cəmiyyətdə 1917-ci ildə o vaxtkı hakimiyyət tərəfindən milli siniflərin açılması barədə əmr verilmiş və bu işin həyata keçirilməsi Abdulla Şaiqə tapşırılmışdı. Hər şeydən əvvəl qeyd edək ki, Abdulla Şaiq millətini, milli dilini, ana dilini sevən, daim milliləşmək, türkçülük ideyaları ilə coşub-çağlayan yaradıcı bir şəxsiyyət olmuşdur. Onun ana dilinin üstünlüyü ilə bağlı söylədiyi fikirlər də diqqətdən kənarda qala bilməz. Belə ki, ədibin bu barədə kiçik bir xatirəsini bölüşsək yerinə düşər: “Qəzəl və qəsidə dövrü çoxdan keçmiş olduğundan, birincilərə yaxınlaşmadım. İkincilərə gəldikdə öz yazıçılarımızdan ilk dəfə Nəriman Nərimanovun əsərlərini oxudum və o zaman bu əsərlərin dili mənə çox qəribə göründü. N.Nərimanovun dili sadə olsa da, cümlələrinin quruşunda Azərbaycan dili üçün təbii olmayan rus dili qrammatikasına məxsus cəhətlər var idi. Sonralar Nəcəfbəy Vəzirovun, Ə.Haqverdiyevin və Süleyman Saninin əsərlərini oxuduqda N.Nərimanovun əsərləri haqqında olan fikrimi dəyişdim. Anladım ki, bu yalnız Nərimanova məxsus olmayıb. Azərbaycan mühitində rus məktəblərinin təsiri altında yaranmış müəyyən bir dövrün bədii məhsulunun dilidir. Rus məktəblərində təhsil almış bu yazıçılar rus ədəbi dilinə məxsus sadəliyi, bədiiliyi dilimizə gətirməklə yanaşı, bəzən istər-istəməz onun forma xüsusiyyətlərini də gətirir, bu isə nəticə etibarilə iltisaqi dillərə daxil olan Azərbaycan dilinin təbiiliyinə xələl gətirirdi. Yeri gəlmişkən deməliyəm ki, eyni dil xətaları təhsillərini fars və ərəb dillərində almış yazıçıların dillərində də nəzərə çarpırdı”. Milli siniflərin yaradılması işinin Abdulla Şaiqə həvalə edilməsinə baxmayaraq ədib bu yolda çox çətinliklərlə qarşılaşmışdır. Ədibin bu işi həyata keçirməsinə hər vəchlə mane olmuşlar. Lakin bütün varlığı ilə gəncliyə bağlı olan Şaiq bu çətin yolda qarşısına çıxan hər bir maneəni dəf edərək - rus şovinist məmurları və müəllimləri ilə mübarizə apara-apara dərsləri ana dilində deyir, valideynlərlə bir-bir, ayrılıqda görüşərək, danışaraq onları övladlarının türk dilində oxumasına razı salmağa çalışırdı. Ədib özü bu barədə öz “Xatirələr”ində yazırdı: “1917-ci il fevral inqilabından sonra Tiflisin müvəqqəti hakimiyyət orqanı olan “Seym” tərəfindən bütün məktəblərin birləşdirilməsi haqqında əmr verilmişdir. Bundan sonra mürtəce, millətçi müəllimlər mənə düşmən kəsildilər. Vaxtdan istifadə edib üç ehtiyat, iki əsas olmaq üzrə beş sinif təşkil etdim. Məmur təbiətli müəllimlər və müdiriyyət mənə çox maneələr törətdi. Ancaq gənc iradəm sayəsində maneələri ortadan qaldırmağa müvəffəq oldum. Bu xüsusda realnı məktəbin yuxarı sinifləri də mənə çox yardım etmişdi. Çar müəllimləri və müdiriyyət milliləşdirilmiş qrupları dağıtmaq məqsədi ilə dəfələrlə tələbələrin atalarını toplayıb etirazlarını bildirmişdilər, uşaqlarını rus dilində oxutmağa dəvət etmişdilər. Bəzi cahil atalar onlara inanıb uşaqlarını yenə rus qruplarında verirdilər. Mən onları yenidən təşkil etdiyim qruplara gətirirdim. Bir tərəfdən çar siyasəti yürüdən rus pedaqoqları ilə, digər tərəfdən də cahil valideynlərlə mübarizə aparmağa məcbur olurdum”. Beləliklə, Bakı I Realnı məktəbinin nəzdində, A.Şaiqin təşəbbüsü ilə, Azərbaycan dili üzrə 3 aylıq kurs açıldı. Bu kursu qurtaran uşaqlar üçün 49 rus sinfi olan Bakı I realnı məktəbində bütün dərsləri Azərbaycan dilində keçilən bir sinif açıldı (III sinif). Həmin sinifdə 25 şagird oxuyurdu. Onlar 1924-cü ildə ana dilində orta məktəbi bitirən ilk məzunlar oldu. Bircə bunu demək kifayətdir ki, 1918-ci ildə - Cümhuriyyət dövrünün azadlıq ruhu ilə çırpınan Azərbaycanda “Şaiq nümunə məktəbi”nin əsası qoyulmuşdu. Milli təhsilimizdə Abdulla Şaiqin adı ilə bağlı bir dönüş yaranmışdı. Beləliklə Şaiq nüfuzu və ardıcıl, fasiləsiz əməyi sayəsində öz rəhbəri olduğu sinfi türkləşdirməyə - milliləşdirməyə nail oldu. Məhz bu təhsil mərkəzinin əsasında sonradan “Şaiq Nümunə Məktəbi” yaranmışdı. O, xatirələrində də yazırdı ki, 1918-ci ildə, Azərbaycan Cümhuriyyəti yarandığı dövrdə dərs dediyi Bakı realnı məktəbində rəhbəri, mürəbbisi olduğu öz sinfini milliləşdirmişdi: yəni bütün fənləri rus dilində keçirilən sinfin ana dilində tədris edilməsinə nail olmuşdu. Bu tədbir o zaman çox böyük zəhmətin hesabına başa gəlmişdi. A.Şaiqin əsasını qoyduğu bu məktəb – Nümunə məktəbi o dövrdə milliləşdirilmiş ilk rusdilli Azərbaycan məktəbi idi. “Şaiq Nümunə Məktəbi”nin tələbələrinin xüsusi seçilən geyimləri, döş nişanları, çiyinlərinə taxılmış xüsusi paqonları vardı. Məktəbi bitirəndə tələbələrə şəhadətnamə verilirdi. Bütün bu əşya və sənədlər Abdulla Şaiqin Mənzil Muzeyində qorunub saxlanılmaqdadır.1923-cü ildə “Şaiq Nümunə Məktəbi”nin tələbə və müəllimləri ədibin ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyinə həsr olunmuş təntənəli xatirə gecəsi keçirmiş və Yubiley günü Şaiqin tələbələri gül-çiçəklə ədibin keçmiş Yuxarı Dağlıq küçəsi adlanan yerdəki mənzilinə gələrək yubilyarı alqışlamış, sonra əlləri üstünə alaraq keçmiş Azərbaycan Ali Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) akt salonunda toplaşan, onu təlaşla gözləyən toplantı iştirakçılarının hüzuruna gətirmişdir. Əlbəttə ki, bu tələbələrinin müəllimlərinə qarşı duyduqları böyük sevgidən, ehtiramdan və hörmətdən irəli gəlirdi. “Şaiq Nümunə Məktəbi” adı bu tədris ocağına rəsmən, xüsusi qərar ilə verilmişdi. “Şaiq Nümunə Məktəbi” haqqında xatirə söyləyən, onun milli mövqeyini qiymətləndirən tələbələrin, demək olar ki, hamısı Şaiqin 1918-ci ildə milliləşdirdiyi sinfin tələbələri idi, ətrafında toplanan türkçü, azərbaycançı müəllimlər idi. Bu tələbə və müəllimlər Şaiqin özünün müəllimliyinin, təhsil-tədris sahəsindəki xidmətlərinin şahidi olmuşdular. Ədibin tələbələri sırasında Azərbaycanın görkəmli fikir adamlarının, vəzifəli şəxslərinin adlarını çəkmək olar: Cəfər Cabbarlı, görkəmli tənqidçi ədəbiyyatşünas Atababa Musaxanlı, Ruhulla Axundov, Tağı Şahbazi, Daxili işlər Naziri Mirteymur Yaqubov, Xarici işlər Naziri Mahmud Əliyev, akademik Əhəd Yaqubov, görkəmli jurnalist nəşriyyatçı Adil Əfəndiyev, professor Mirzağa Quluzadə, Saleh Salayev, dünyaşöhrətli dirijor Niyazi və başqaları. Elminaz MƏMMƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.