“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur Elm » Digər bölmələr 14 апреля 2018 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ölkəmizin tarixinə mühüm hadisələrdən biri kimi yazıldı. Azad və şəffaf şəkildə keçirilən seçkilər nəticəsində xalq yenidən öz səsini respublikamızın son 15 ildəki bütün uğurlarının müəllifi olan İlham Əliyevə verdi. Böyük səs çoxluğu ilə qalib gələn İlham Əliyev növbəti 7 il müddətinə Prezident seçildi. Bu qələbə Azərbaycan dövlətini və cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında gələcəyə apara biləcək ən layiqli insanın İlham Əliyev olduğunu sübut edir.Aprelin 9-da isə Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncam imzaladı. Bu, dövlət başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğıyla yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Şübhəsiz ki, belə bir günün təsis edilməsi AMEA qarşısında daha ciddi vəzifələr qoyur.“Elm günü” kimi məhz 27 mart tarixinin seçilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevin imzaladığı və işlər idarəsinin müdiri A.Bokovetsin təsdiq etdiyi “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 27 mart 1945-ci il tarixli qərarla ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilmiş, Akademiyanın ilk Nizamnaməsi təsdiq olunmuşdu. Elmlər Akademiyasının ilk təsisçiləri olan görkəmli elm xadimləri Azərbaycan elminin və ictimai-ədəbi fikrinin inkişafında əvəzsiz xidmətlər göstərmişlər.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılması ölkəmizin elm həyatında baş verən ən önəmli və şərəfli hadisəsidir. Azərbaycan cəmiyyətinin sonrakı bütün inkişaf mərhələsində Elmlər Akademiyası mühüm rol oynamışdır. Bu elm ocağı ölkəmizdə ziyalı qüvvələrin formalaşdırılması, dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə olunması işinə töhfələr vermişdir. Azərbaycanın inkişafına dair həyata keçirilən bütün dövlət proqramlarının icrasında Milli Elmlər Akademiyası mühüm vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak etmişdir.AMEA-nın Azərbaycan elmi və bütövlükdə ölkənin ədəbi-ictimai həyatındakı rolu və xidmətlərini ümummilli lider Heydər Əliyev belə ifadə edib: “Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixində böyük səhifədir. Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.Heydər Əliyev dövlətə rəhbərlik etdiyi illərdə ölkə elminin inkişafı üçün əsas istiqamətləri müəyyən etmiş, məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ümummilli lider hər zaman Azərbaycan tarixinin elmi əsaslarla öyrənilməsi, ayrı-ayrı görkəmli alimlərin xidmətlərinin qiymətləndirilməsinə önəm vermiş, onların fəaliyyətini stimullaşdırmışdır.XX əsrin 70-80-ci illərində Azərbaycan Elmlər Akademiyası “qızıl dövr”ünü yaşamış, respublikanın inkişafına xidmət edən elmi ideyaların, ixtiraların və kəşflərin əsas mərkəzinə çevrilmişdir. Bu illərdə Azərbaycanda yeni elmi məktəblər yaranmış, adlı-sanlı böyük elm xadimləri fəaliyyət göstərmişlər.Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixində imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” fərman bu böyük elm ocağının imkan və səlahiyyətlərinin genişləndirilməsinə, onun fəaliyyətinin yeni formatda davam etdirilməsinə yol açmışdır. Fərmanda deyilirdi: “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respubilkasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır”.Ölkə Prezidenti İlham Əliyev də dövlət başçısı kimi fəaliyyətə başladığı dövrdən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyasının regionda əsas elmi mərkəzə çevrilməsi üçün genişmiqyaslı islahatların həyata keçirilməsi üçün müxtəlif fərman və sərəncamlar qəbul etmişdir.2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi-siyasi təminat vermişdir. Qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsi, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqamətləri, yüksəkixtisaslı kadr hazırlığı sahəsində dövlət siyasətinin əsasları, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və sair kimi məsələlər öz əksini tapmışdır.Akademiya hazırda Prezident İlham Əliyevin apardığı geniş miqyaslı islahatları və məqsədyönlü şəkildə həyata keçirdiyi elm siyasəti fonunda daha məsuliyyətlə addımlayır, yeni elmi nailiyyətlərə imza atır. Bu uğurlar müstəqil dövlətimizin inkişafına, xalqımızın daha işıqlı gələcəyinin təmin edilməsinə və elmin tərəqqisinə xidmət edir. Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, dissertantZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.