Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb Elm » Biologiya və tibb elmləri 6 февраля 2018 AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabana gələrək görkəmli alminin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra tədbir Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun akt zalında davam etdirilib.Anım mərasimində institutun direktoru, akademik İradə Hüseynova çıxış edərək, dünya şöhrətli seleksiyaçı alim akademik Cəlal Əliyevin həyat yolundan və elmi yaradıcılığından geniş söz açıb. Bildirib ki, akademik Cəlal Əliyev Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, bu sahənin inkişafında mühüm xidmətləri olan alimlərdəndir. Onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. Akademik İradə Hüseynova alimin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, onun bir sıra ali dövlət mükafatlarına layiq görüldüyünü diqqətə çatdırıb.Akademik Cəlal Əliyevlə bağlı xatirələrini bölüşən akademik İradə Hüseynova bildirib ki, elmə dəyərli töhfələr vermiş böyük alimin əziz xatirəsi ürəklərdə yaşayacaq, Azərbaycan xalqı görkəmli övladının xatirəsini daim uca tutacaqdır.Tədbirin sonunda Elm TV-nın ərsəyə gətirdiyi və "Mədəniyyət" kanalında yayımlanmış akademik Cəlal Əliyevə həsr edilmiş “Əbədi çıraq” filmi nümayiş etdirilib. Ekran əsərində Cəlal Əliyevin tükənməz enerjisindən, əbədiyaşar elmi irsindən, biologiya elminə verdiyi əvəzsiz töhfələrdən bəhs olunub.Film böyük maraqla qarşılanıb.Aysel MƏDƏDLİ,AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.