AMEA Zoologiya İnstitutunda Zəlilərin süni yolla çoxaldılması üzrə ilk nəticə əldə edilib Elm » Biologiya və tibb elmləri 19 апреля 2017 AMEA Zoologiya İnstitutunda strukturun tərkibində aparılan dəyişikliklərə görə “cücülərin ekologiyası və fiziologiyası”, “faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriyaları birləşdirilərək Tətbiqi Zoologiya Mərkəzi yaradılmışdır. AMEA Zoologiya İnstitutundan ZiM.Az-a bildiriblər ki, Mərkəzin yaradılmasında əsas məqsəd zoologiya elminin bir çox istiqamətləri üzrə geniş tədqiqatlar aparmaq, tədqiqatın nəticələrinin elmi istehsalata və kənd təsərrüfatına tətbiqidir. Bundan əlavə nəsli kəsilməkdə olan və təsərrüfat əhəmiyyətli növlərin çoxaldılması və təbiətə buraxılması mərkəzin əsas elmi istiqamətlərindən biridir. Süni şəraitdə artırılmasına ehtiyac duyulan təsərrüfat əhəmiyyətli növlərdən biri də tibb zəlisidir. Tibb zəlisi (Hirudo medicinalis) farmoseptik əhəmiyyətə malik, tibbin müxtəlif sahələrində müalicə məqsədi ilə tətbiq olunan canlıdır. Xeyli müddətdir ki, AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində tibb zəlisinin süni yolla çoxaldılması texnologiyasının hazırlanması üzrə təcrübələr aparılır. Bu istiqamətdə ilk sevindirici nəticə baramanın əldə edilməsi ilə oldu. Belə ki, 42 gün bundan əvvəl akvariuma 8 ədəd zəli daxil edilmiş, orada zəlilərin yaşadığı təbii şəraitə uyğun ekosistem yaradılmışdır. Akvariuma çay daşları döşənmiş və xüsusi substratın üzərində mamır yerləşdirilmişdir. Təcrübə davam etdiyi müddətdə akvarium qaranlıq otaqda, sakitlik şəraitində saxlanılmış, kənar müdaxilələr edilməmişdir. Hazırda Zoologiya Mərkəzində bu istiqamətdə tədqiqatlar davam etdirilir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.