“Azərbaycanın elm məbədi” Elm, "Zirvə" 6 ноября 2015 Bakı Ali Neft Məktəbində AMEA-nın 70 illik yubileyi qeyd edildiNoyabrın 5-də Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, Akademiyanın üzvləri, BANM-ın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.Qonaqları salamlayan BANM-ın rektoru Elmar Qasımov Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 illik yubileyinin tamam olduğunu qeyd etdi, Bakı Ali Neft Məktəbinin heyəti adından AMEA-nın bütün rəhbər heyətini, üzvlərini, ölkənin elm adamlarını bu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik etdi. E.Qasımov AMEA-nın 70 ildə keçdiyi şərəfli tarixi yoldan danışaraq, ölkədə elmin milli sərvət kimi formalaşdırılmasında, yüksək ixtisaslı kadrların hazırlanmasında və Azərbaycanda elm cəmiyyətinin inkişafında Akademiyanın müstəsna rolu olduğunu qeyd etdi. Azərbaycanda müstəqilliyin bərpasından sonrakı dövrdə dövlət tərəfindən bütün sahələrə, o cümlədən elmə böyük diqqət və qayğı göstərildiyini deyən rektor, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı strategiyasının aparıldığını və bu strategiyanı uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-ci ildə “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncamından söz açdı.Elmar Qasımov, həmçinin Akademiyanın dövlətçiliyin möhkəmləndirilməsində rolundan və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə verdiyi töhfələrdən bəhs etdi. Sonda rektor AMEA-nın kollektivinə elmi fəaliyyətlərində daha böyük uğurlar və nailiyyətlər arzuladı.AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında BANM-ın rəhbərliyinə akademiyaya göstərilən xüsusi diqqətə görə öz təşəkkürünü bildirdi. O, Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılması, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının 70 il ərzində keçdiyi tarixi yoldan, inkişafından və əldə etdiyi uğurlardan ətraflı danışdı.İsa Həbibbəyli dövlət tərəfindən AMEA-nın fəaliyyətinə göstərilən qayğıdan bəhs edərək, ümummilli lider Heydər Əliyevin 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilməsi haqqında tarixi Fərman imzaladığını xatırlatdı və bu Fərmanın AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yaratdığını, Akademiyanın fəaliyyət dairəsinin genişləndirdiyini, elmin davamlı inkişafını təmin etdiyini qeyd etdi.İ.Həbibbəyli AMEA-nın 70 illik yubileyi münasibətilə bütün elm adamlarını təbrik etdi, onlara elmi fəaliyyətlərində yeni nailiyyətlər arzuladı.Tədbirdə çıxış edən AMEA-nın digər üzvləri Akademiyadakı çoxsahəli fəaliyyətlərindən söz açdılar, elmi sahədə baş verən yeniliklərdən bəhs etdilər. Tədbirin sonunda AMEA-nın 70 il ərzində keçdiyi tarixi yolu, fəaliyyətini əks etdirən film nümayiş etdirildi.Nail Rəhimzadə, Vüsal Cahanov (foto), “İki sahil” Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.