AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI KEÇİRİLƏCƏK Elm, Digər bölmələr 11 октября 2017 2017-ci il Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi barədə müzakirələr aparılıb.AMEA Rəyasət Heyətinin aparatından ZiM.Az-a bildiriblər ki, tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev ilk olaraq ölkədəki gənclər siyasətindən danışıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini dövlət gənclər siyasəti təşkil edir. Gənclərin fiziki və mənəvi sağlamlığının təmin olunması, intellektual inkişafı üçün lazımi şəraitin yaradılması, onların fəaliyyətlərinin milli maraqlara yönəlməsi dövlət siyasətinin əsas amillərindəndir”. Bu siyasətin davamı olaraq AMEA-da intellektual gəncliyin hərtərəfli inkişafı üçün görülən işlərdən söz açan akademik Rasim Əliquliyev hazırda Akademiyada gənc alimlərin xarici ölkələrin elmi mərkəzlərində təhsil almaları, onların yüksəkixtisaslı kadr kimi yetişməsi, sosial problemlərinin aradan qaldırılması yönündə kompleks tədbirlərin həyata keçirildiyini bildirib.Rəyasət Heyətinin iclasında qeyd olunan məsələlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə bu il dekabrın 15-də Azərbaycan Gənc Alimlərinin I Qurultayının keçirilməsi qərara alınıb.İclasda qurultayın təşkil edilməsi üzrə məsul şəxs və İşçi qrupunun müəyyənləşdirilməsi, AMEA Gənc Alim və Mütəxəssislər Şurası, həmçinin elmi-tədqiqat müəssisələrinin müvafiq təşkilatlarının iclaslarında müzakirə əsasında formalaşan rəy və təkliflərin Təşkilat komitəsinə təqdim edilməsi ilə bağlı qərar qəbul olunub.Aytac MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.