İradə GÜLFİR (1958): VƏTƏN HAQQINDA RÜBAİLƏR...

İradə GÜLFİR (1958):  VƏTƏN HAQQINDA RÜBAİLƏR... İradə GÜLFİR,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


İradə Gülfir (Quluyeva
İradə Gülməmməd qızı )
-
1958-ci il dekabrın 25-də
Şəki rayonunun
Bideyiz kəndində
dünyaya gəlib.
1988-ci ildən Azərbaycan
Gözdən Əlillər Cəmiyyətinin
Şəki Regional şöbəsinində
çalışır və hal-hazırda da həmin şöbənin sədri və Tədris İstehsalat Mərkəzinin direktorudur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Dünya işığını, gözəlliklərini görməkdən məhrum olsa da, bəsirət gözü açıqdır.
İradə Gülfir qələmsiz, kağızsız yazır. Ürəyinin gözü ilə görüb, yazıb yaradır.
İti hafizəsi qələmi, ürəyi isə kağızı əvəz edir. Gülfirin könül duyğularından doğan
söz qoşumu, fikir qönçələri əlvan bir çiçək buketi olub öz ətrinin oxşarlığı,
öz təravətliyi ilə seçimində ümumi bənzəmələrindən xaliliyi ilə fərqlənir.
Gülfir şeirlərin birində öz məramını belə açıqlayır, o öz gücünə inanır,
həyatın bütün proseslərində kiminsə onun qolundan yapışıb keçməyini,
addım atmağını inkar edir, öz gücünə, öz iradəsinə inanır.

İradə Gülfir 11 adda kitabın müəllifidir: “Zülmətdə çırpınan ürək”, “Nəğmə pıçıldayır dodağım mənim”,
“Nənəmin əfsanəvi nağılları”, “Qəlb işığında”, “Könül dünyam”, “İşığa gedən yollar”
və s.
Minlərcə şeirləri, 45 adda poeması, rübailər kitabı var. 22 şeirinə mahnı yazılıb.
Vətənpərvər şeirlərinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov diplomçusudur,
işlədiyi Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin fəxri üzvüdür.
Əlillərin Ümumrespublika festivallarının (1998, 2001, 2004, 2007, 2010, 2013-cü illər) qalibi olub,
şeir naminasiyası üzrə müsabiqənin laureatı - 1-ci dərəcəli diplomçudur.
Hazırda Bakı şəhərində yaşayır, evlidir, bir qızı, üç nəvəsi var.

Biz də İradə xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə rübaisini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az


Tənha yolçuyam mən, yollarım çətin,
Yollarda bərkiyib,olmuşam mətin.
Qanad aldım yenə dəcəl küləkdən,
Başına dolandım bu məmləkətin.

* * *

Yaxşı söz dərmandır,söz var həkimdir,
Sözlə bilmək olur,bu insan kimdir.
Qürbət bir ölkədə,uzaqda olsam,
Bir kəlmə doğma söz təbərikimdir.

* * *

Qılınc,söz,bir də saz üçü müqəddəs,
Üçünü bir tutur bu eldə hərkəs.
Bunlara bağlanıb ulularımız,
Düşmənə yerində verib gözəl “dərs”.

* * *

Burda müqəddəsdir yanan hər ocaq,
Igidlər böyüyür qoç kimi qoçaq.
Halal zəhmətinin varı-bəhrəsi,
Kəm baxan düşmənin gözünə bıçaq.

* * *

Ən yaxın,ən doğmam Vətən, anadır!
Ən sevimli nəğməm Vətən,anadır!
Əbədi sevgisi qəlbimdə yaşar,
Dilimdə şah kəlməm Vətən anadır!

* * *

Yurd eşqimin qədər sayı bilinməz,
Məhəbbəti ürəyimdən silinməz.
Vətəndən çox, yurd sözünü sevirəm,
Yurd bütövdür, hecaya da bölünməz.

* * *

Qaranlığa işıq saçan söz gözəl,
Al lalədən əlvan olan düz gözəl.
Öz Vətənim, öz baharım, öz dilim,
Pərdə-pərdə havalanan saz gözəl.

* * *

Öz qanıyla yazdı, öz adlarını,
Vətən unudarmı övladlarını?
Şəhidlərin ruhu, Vətən üstünə,
Açıb qollarını, qanadlarını.

* * *

Gündə yeniləşən kamalın ülvi,
Şükür tanrımıza, camalın ülvi.
Ey ulu millətim, ey ulu xalqım,
Sabaha yol alan, amalın ülvi!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: