SƏDİ YARADANQULU (1954) : RÜBAİLƏR

SƏDİ YARADANQULU (1954) :     RÜBAİLƏR ***
Əzizdir torpağı, Vətənin daşı,
Bilinmir ayağı, - Vətənin başı,
Sədi, qorusaydıq bütöv Vətəni!...
Qəhrəman olardı hər vətəndaşı.

***
Önündə baş əyim, çöküm diz üstə,
Düşüm ayağına, düşüm üz üstə,
Qaldır qədəmini, Ana, ay Ana!
Öpüb ayağını qoyum göz üstə.

***
Səs salma, güllərin qaçar yuxusu,
Əl vurma, güllərin qaçar qoxusu,
Çəmənin qoynunda buta güllərin,
Vədəsi gələndə açar çoxusu.

***
Sədi, sevgini böl dostla, tanışla,
Gələn qonaqları güllə qarşıla.
Görəndə dostların uğurlarını,
Mərhəba söyləyib, sən də alqışla.

***
Həya-abır olmaz həyasız üzdə,
Çalış abırsızdan özünü gözdə.
Sədi, bedasıldan daima uzaq ol,
Bil ki, min məkr var hər şirin sözdə.

***
Ayağım yerdədi, əlim göydədi,
Duydum, torpaq nədi, bildim göy nədi?
Mən Vətən deyəndə ağzımda dilim,
Köksümün başında ürək göynədi...

***
Bir qarış torpağın üstündə insan,
Qan töküb hər zaman, qan tökür hər an.
Onu analarsanmı, ey aqil insan!
Torpaq sənin deyil, sən torpağınsan!..
***
Nərdtaxta tək oyuncaqdır ömrümüz,
Ağ-qaralı daşa bənzər günümüz.
Sədi, hər gün zər atsaq da fələklə,
Hər oyunda uduzuruq yenə biz.

***
Kimi bu dünyada gəzir cəh-cəlal,
Kimi bu dünyada çəkir ah-məlal.
İlahi! Verdiyin bu naz-nemətdə,
Kimi haram gəzir, kimisi halal.

***
Bu ocaq daşıdı, bu bucaq daşı,
Götürüb çiyninə, daşı-ha-daşı,
Nazını çəksən də soyuq daş kimi,
Səni anlayarmı, söylə hər naşı?

***
Bu torpaq dərdidi, bu Vətən dərdi,
Yağı gül bağımı vətəndə dərdi...
Deyən çox, - şairin heç dərdi varmı?…
Sədinin dərdi var… - bir Vətən dərdi.

***
Ömrün şum yerində gül əksək də biz,
Təsəlli tapanmır yenə qəlbimiz.
Vətən Qarabağa, bir gör nə vaxtdan
Həsrətli qalmışıq, biz, - hər birimiz…

***
Görüşünə gəlmişəm nazlı dildarın,
Əlimdə bir dəstə güllə, nigarın.
Sədi, əvəzinə qönçələr öpdü,
Qönçə dodağından gülüzlü yarın.

***
Gülün yaxasına açanda rüzgar,
Çatlayıb qanayar qönçə dodaqlar.
Hər səhər görürəm, qönçə tək sənin,
Qanayıb dodağın, ey gözəl nigar!

***
Ləlvərə qar düşdü, əlim üşüdü,
Pərən- pərən düşdü, elim üşüdü.
Ələsgərin yurdu, Göyçə deyəndə
Ağızım içində dilim üşüdü...

***
Hər müdrik sözündə min bir hikmət var,
Aqillər hər sözdən inci-dürr tapar.
Ey Sədi, cahillər anlamaz səni!
Tapdığın xəzinəni özünlə apar.

***
Yaxşılıq toxumu əksən qəlbində,
Şirin söz cücərər bil ki, dilində.
İnan ki, o zaman söz xəzinənin,
Bütün açarları olar əlində.

***
Ağac tez yıxılar yoxsa dayağı,
Çıraq da tez sönər, yoxsa da yağı.
Çürük ağac kimi tez yıxılarsan,
Əgər dostlarından çoxsa da yağı.

***
Bivəfa dostları axtarma, anma,
Vəfasız yar üçün yaxılıb yanma.
Sədi Qədiroğlu çalış, həyatda
Hər kəsi özünə vəfadar sanma!

***
Çalışıb-əlləşib əgər töksən tər,
Getməz bu əməyin heç zaman hədər.
Sevinclər içində xoş keçsə ömrün,
Onun getməsindən tutmazsan xəbər.

***
İşvənlə, qəmzənlə ey nazlı mələk!
Sədini gəl üzmə, nazınnan əl çək.
Məni Tanrı sənə aşiq yaratmış,
Səni də mənimçün yaratmış göyçək.

***
Ataya-Anaya bəslə məhəbbət,
Böyüyə-yaşlıya sən elə hörmət.
Çalış, hər bir şeyin yerin biləsən…
Doğmaya dəyər ver, dostlara qiymət.

***
Bu qoca Sədini sən bir az dinlə,
Gəl otur üz-üzə, söhbət et mənlə.
Onda görərsən ki, dediyim sözlər
Tam bir həqiqətdir, düşünsən zənnlə.

***
Bir az diqqətli ol, sən asta yeri,
Ayağını yerə bas, asta yeri.
Ruhlar inciməsin torpaq altında,
Danışıb səs salma, sus, asta yeri.

***
Kişi tək sözünü sən üzə söylə,
Duraraq üz-üzə, göz-gözə, söylə.
Arxadan söz atmaq kişilik deyil...
Əgər sözün varsa çıx, üzə söylə.

***
Sədi haqqı sevib, haqdır əməli,
Haqq üstə qurulub onun təməli.
Harda haqsız görüb tənbeh eyləyib,
Haqqa səsləyibdir hər bədəməli,

***
Zirvədə deyirdim..- zirvə mənimdi
Gördüyüm gül-çiçək çöl-çəmənindi.
Gül-çiçək solanda onu anladım,
Biz qaratorpağın, zirvə çənindi.

***
Vətən məndə yaşar, mən də vətəndə,
Yaşarıq bir yerdə, biz bir bədəndə.
Bir gün mən də dönüb vətənləşərəm...
Həyatım tükənib, ömür bitəndə.

***
Qəm mənə doğmadır, mən də ki, qəmə,
Ehtiyac duymuram daha heç kimə.
Gedib sığınıram tək qalan zaman,
Qəm adlı vəfalı, mən bir həmdəmə.

***
Bir dincliyim yoxdur bu yer üzündə,
Gözüm yer axtarır göyün üzündə.
Nəşim torpaq altda, ruhumsa ancaq,
Bəlkə, dinclik tapdı göyün üzündə.

***
Ataların sözü dürdür, incidi,
Çoxları düz sözdən durdu, incidi.
İnciyən, başınız daşa dəyəndə,
Deyin, daş dəyən yer çoxmu incidir?

***
Sevgi müqəddəsdir, eşq müqəddəs,
Bunu bilməlidir hər sevilən kəs.
Görəsən anlarmı məhəbbət nədir?
Sevgini oyuncaq o sayanlar bəs.

***
Vaxt vardı, hər eşqin dəyəri vardı,

Gəl, indi aləmi dolaşaq, görək,
Leyli tək, Məcnun tək bir sevən vardı?...

***
Şəm yanıb əriyir şölə saçaraq,
Pərvanələr gəlir, qanad açaraq,
Ürəyimiz şəm tək yandığı zaman,
Bəs, bir gələn varmı, görüb-qaçaraq?...

***
Göyə bax, yerə bax, bir də hər yana,
Görərsən göy sirri, yer xanə-xanə.
Hər qarış torpağın öz yiyəsi var,
Adamlar sığmayır deyən cahana?...

***
Gərək bu hikməti anlasın hər kəs,
Qəm-qüssələr çəkmək deyilmi əbəs!
Dərindən düşünsək bilərik onu
Nədir insan ömrü? - Bir quru nəfəs...

***
O cansız dağ-qaya, biz canlı insan,
Onlar bir-birinə dayaqdır hər an.
Bəs nədən onlar tək bir-birisinə
Dayaq ola bilmir şüurlu insan?

***
Gecə qaranlıqdan ucaldı bir səs,
Söylədi: - Bu dünya bizlərə qəfəs.
Çox olub “bu dünya mənimdir” deyən,
Dünya öz yerində, deyən hanı bəs?...

***
Dünyaya gələndən dözürük dərdə,
Bizdən əskik olmur kədər də, sər də.
Sədi, de ürəklər necə sevinsin,
Kədər olan yerdə, qəm olan yerdə?

***
Varmı bu dünyada günahsız bir kəs?
Varsa da söyləsin, söyləsin o kəs!
Gəlmişik dünyaya pak və günahsız,
Gedirik günahkar niyə görən bəs?

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: