SAĞ QALMAĞIM TANRININ LÜTFÜDÜR Publisistika, Müsabiqə 17 апреля 2016 “Qonşuluqda yaşlı bir kişi vardı... dünyanın hər üzünü görmüşdü. Uşaqlıqda ata məhəbbətindən məhrum olmuş, gənc yaşında - Cahan savaşında sağlamlığını, daha doğrusu, gözünün birini itirmişdi. Baxışlarına bir nisgil, bir kədər çökmüşdü elə bil. Söhbətə başlarkən, sinəsindən bir ah qopardı, o ahın illətindən qovrula-qovrula bəzən deyəcəklərini unudar, bəzən də dodaqaltı nəsə pıçıldayırdı. O pıçıltıların mənasını anlamasaq da, çox sonralar başa düşdüm ki, müharibəni törədənlərə lənət oxuyurmuş. Poçtalyon idi Miriş dayı. Hamı onun gəlişini səbirsizliklə gözləyir, müjdə gətirəcəyinə inanırdılar. Nədənsə, Miriş dayının söhbətlərindən doymazdım. Özü də bunu hiss eləmişdi, hiss eləmişdi ki, bəzək-düzəksiz döyüş səhnələrinə qulaq asmaqdan yorulmuram. Almanlara qarşı aparılan uğurlu-uğursuz əməliyyatlardan sanki zövq alırdım. Bəzən də asılırdım Miriş dayının yaxasından ki, bəs neçə faşist öldürmüsən, döyüşə gedəndə məni niyə özünlə aparmamısan?! O da başımı sığallayır, müharibənin daha dəhşətli, daha amansız olduğunu anlatmağa çalışırdı. Onu da deyirdi ki, “görürəm qorxmaz oğlansan, böyüyəndə vətənimizin sərhədlərini qoruyarsan, bir ox olub batarsan düşmənlərin gözünə.” Mənə elə gəlir ki, Miriş dayı Qarabağda baş verəcək hadisələrdən xəbərdar idi, yoxsa dövlətimizə layiqli əsgər olmağı tapşırmazdı. Təəssüf ki, Miriş dayını tez itirdim və mənim üçün ən ağır itki oldu. Axı o, mənim ən yaxın dostum, sirdaşım idi.” İstəkli oxucular, Cahan savaşından üzüağ, alnıaçıq qayıdan və sinəsini medallar bəzəyən Miriş dayı İlham Məhərrəmlinin yaddaşında necə qalmışdısa, sizə də elə çatdırdıq. İlham Nadir oğlu Məhərrəmli 1971-ci ilin baharında – təbiətin oyanan vaxtında dünyaya göz açıb. Şirvan şəhər 13 saylı məktəbin 8-ci sinfini bitirəndən sonra Orta Texniki Peşə məktəbinə daxil olub. İlham uşaqlıqdan futbol, voleybol, sambo, karate, taekvando və idmanın digər növləri ilə məşğul olub. Bayrağımızı dünya arenasında ən yüksək zirvələrə qaldırmağı qarşısına məqsəd qoyub. Ancaq məqsədinə çatmaqda zamanın sərt küləkləri qarşısına böyük maneələr çəkdi. Sovet ordusunda hərb elminin sirlərini yaxşı mənimsəyən İlham bütün növ silahların dilini də öyrənə bildi. Sanki o, Vətəndə baş verən qanlı-qadalı günlər üçün hazırlayırdı özünü.İlham Sovet ordusundan tərxis olunandan sonra kərpic zavodunda işə düzəlmişdi. Amma fikri-xəyalı Qarabağda idi. Sanki fürsət, məqam axtarırdı. Bu o zamanlar idi ki, erməni yaraqlıları kəndlərimizə hücum edir, əhalini isti ocağından didərgin salmağa çalışırdı. Artıq bir çox kəndlər quldurların əlinə keçmişdi. Bir neçə ailə də Şirvana pənah gətirmişdi - İlhamgilin qonşuluğuna. -Salam, qardaş, deyəsən, oralarda vəziyyət gərgindi” – deyə İlham yurdunu, isti ocağını itirən uşaqdan soruşdu.14-15 yaşlı uşağın gözləri doldu, deyəcəyi söz boğazında qurudu. -Nə dəhşətli günlər varmış, İlahi! İlham uşağın başını sığallayıb bağrına basdı, qəhərdən boğulsa da bildirmədi. Handan-hana özünü cəmləyib təzə qonşunu sorğu-suala tutdu. Orada döyüşən oğulların döyüş yolunudan xəbər tutmağa çalışdı. Məlum oldu ki, düşmən silah-sursatla tam təmin olunmaqlarına baxmayaraq, əsgərlərimiz qorxmadan, çəkinmədən onların üzərinə yeriyir, bir çox hallarda düşməni geri oturtmaqla yanaşı, hərbi qənimət də ələ keçirirlər. Döyüşdə fəallığı ilə seçilənlər arasında Əbülfət, İlyas, İbad kimi oğulların adı daha çox hallandığına görə İlhamda həmin əsgərlərə qarşı rəğbət oyandı. Onları görmək, onlarla çiyin-çiyinə vuruşmaq üçün özündə güc tapdı. Bir neçə gün sonra İlhamın səsi ən qaynar nöqtədən – Ağdərədən gəldi.Vəziyyət gözlənildiyindən də gərgin idi. Bu gərginliyi nəzərə alan komandanlıq Dövşanlı kəndini azad etmək üçün “hücum” əmri verdi. Bir neçə istiqamətdən irəliləyən əsgərlərimiz düşmənin başına od ələdi. Gözlənilməz hücumdan çaşbaş qalan quldurlar müqavimət göstərmək istəsələr də, öndəki tankın əsgərlərimiz tərəfindən vurulmasından sarsıldılar. Elə bu sarsıntının nəticəsiydi ki, bir çoxları silahlarını atıb qaçmağı üstün tutdu. Bundan ruhlanan igidlərimiz daha da irəli şığıyaraq qaçmaqda olan yaraqlıları təqib etdilər. O gün düşmən ordusu xeyli sayda itki verdi, hər yan qan rəngində idi. Döyüş meydanında qrad qurğusu, tank, silah dolu yük maşını, xeyli avtomat və pulemyot qalmışdı. Dovşanlı kəndinin azadlıq günü idi o gün. Məhz həmin gün Vəng yaşayış məntəqəsi də döyüşçülərimiz tərəfindən azad edildi. Kəlbəcər ərazisində düşmən artilleriyası xeyli fəallaşmışdı. Bir çox yüksəkliklər düşmən əlində olduğuna görə, irəliləmək mümkün deyildi. Kotavan kəndi ətrafında postların sayını artıran quldurlar yeni əraziləri zəbt etmək üçün əməliyyat hazırlayırdılar. İlhamın daxil olduğu dəstə kəşfiyyatın gətirdiyi məlumatları bir daha dəqiqləşdirəndən sonra Kotavan istiqamətində yola düşdülər. Məqsəd bəlli idi. Düşmənin növbəti zərbəsini vaxtında dəf etmək üçün Kotavanı ilk həmlə ilə ələ keçirmək... İlham yenə də öndə idi. Pulemyotu sinəsinə sıxıb komandirin ardınca addımlayırdı: “Dayanın!” komandir həyəcanla dilləndi. Qarşıda erməni kəşfiyyatçıları vardı deyəsən. Duyuq düşməsinlər deyə, bir qədər dincəlməli oldular. Artıq Kotavanın iki yüz metrliyində idilər. Amma düşmən xəbər tutmuşdu. Elə ona görə də əsgərlərimiz vaxt itirmədən döyüşə atıldılar. Əsl ölüm-dirim savaşı başladı. Hər iki tərəfdən ölən və yaralanan vardı. Əsgərlərimiz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edir, daha da irəli atılırdılar. Təxminən bir saat çəkən döyüşdən sonra, nəhayət ki, üstünlüyü ələ alan ər oğullarımız Kotavanı ermənilərdən təmizləyə bildilər. İlhamın, eləcə də silahdaşlarının dodağından bir sevinc işartısı boylanırdı o gün.Tərtərin Kəlbəcərə yaxın kəndləri düşmən qüvvələri tərəfindən tez-tez atəşə tutulurdu. Vaxtilə quldur yuvasına çevrilən məntəqələrdən biri də Şəhriyar kəndi idi ki, əsgərlərimiz onu düşməndən təmizləmişdi. Bu təmizləmə qonşu kəndlərin müdafiəsini xeyli gücləndirmişdi.Ağdərənin “Qlobus” yüksəkliyinə də əsgərlərimiz nəzarət edirdi. Qarşıda isə ermənilərin məskunlaşdığı, daha doğrusu, növbəti bir quldur yuvası vardı. Əməliyyat konturları hazır olandan sonra hər kəs öz mövqeyini seçdi. İlham həmişəki kimi öndə idi. “Atəş!” əmri ilə pulemyotun şaqqıltısı sanki düşməni yuxudan oyatdı. Döyüş getdikcə şiddətlənir, ölənlərin, yaralıların sayı artırdı. Ancaq yenə də əsgərlərimiz müqavimət göstərir, geri çəkilmirdilər. Bir qədər aşağıda isə daha şiddətli döyüş geirdi. Komandirin əmri ilə İlhamgil dağdan aşağı düşdülər – silahdaşlarına kömək üçün. Artıq hər yanı duman basmışdı. Kim necə gəldi, pərakəndə halda gülləni səpələyirdi. Nəhayət, mövqe seçən döyüşçülərimiz yaraqlıları hədəfə ala bildilər. Düşmən yeni bir qüvvənin gəldiyini hiss etdi. Məhz bundan sonra əsgərlərimiz top və qradlardan atəşə tutuldu. Döyüş daha da şiddətləndi. İlham qarşıdakı səngərə tullanmaq istərkən minamyotun qəlpələri onu havada yaxaladı. Toz dumanı bürüdü hər yanı. Dünya zülmətə döndü bir anlıq. “Deyəsən azmışıq”-kəlməsi qulağımda cingildədi. Gözlərimi açanda gördüm ki, silahdaşlarımın çiynində - xərəkdəyəm. Qalxmaq istəsəm də bacarmadım, ağrı da hiss eləmirdim. Yolları yaxşı tanıdığım üçün hər tərəfə göz gəzdirdim, həqiqətən də erməni postuna tərəf gedirdik. “Geri dönün” deyə tələsdirdim onları. 3km -dən sonra yolun kənarında köhnə su maşını olmalıdır, oradan sağa dönün”. Bu sözdən sonra gözlərim qapandı. İndi düşünürəm ki, “azmışıq” kəlməsiylə oyanmağım bəlkə də Tanrının bir lütfü idi. Əks təqdirdə düşmənlə qarşılaşacaqdıq,- deyə İlham təəccübünü gizlətmədi.Gözümü açanda Bakıda- hospitalda gördüm özümü. Ağır yaralı olduğumu da burada hiss etdim. Amma bir xoş təsadüf sanki məni yenidən həyata qaytardı. Bir vaxtlar yurdundan didərgin düşən yeniyetmənin haqqında danışdığı qorxmaz döyüşçü İbad Hüseynli və qardaşları ilə hospitalda tanış oldum. Bu tanışlıq mənəvi ruh verdi mənə. Arzusunda olduğum, cəsarətindən ilham aldığım igidi gördüyüm üçün hətta ağrılarımı da unutdum”. İlham sözünə ara verdi. İstəkli oxucular, Qarabağ qazisi İlham Məhərrəmlinin qəlbi yenə də vətən eşqi ilə döyünür. Yenə də o torpaqlar uğrunda vuruşlara qatılmağa can atır. Amma təəssüflər olsun ki, sağlamlığını elə o torpaqda qoyub gəlib. Amma inanır, inanır ki, Tanrının köməyi ilə haçansa ayağa qalxacaq, yenə də pulemyotunu sinəsinə sıxıb düşmənə meydan oxuyacaq. Biz də inanırırıq ki, o gün uzaqda deyil. GÜNAY KƏLBƏCƏRLİ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.