Bəhman Heydəroğlu: Kəf gəlir qardaş-qardaşa

Bəhman Heydəroğlu: Kəf gəlir qardaş-qardaşaBəhman Heydəroğlu

Mənimdir

Bülbül, əbəs yerə nəğmə söyləmə,
Nəğmə də mənimdir, dil də mənimdir.
Eşqini güllərə bəyan eyləmə,
Çiçək də mənimdir, gül də mənimdir.

İnsanam gözəllik aşiqi mənəm,
Sevgi, məhəbbətlə doludur sinəm.
İstəmirəm qəmli danışam, dinəm,
Avaz da mənimdir, dil də mənimdir.

Başı ərşə çatan qarlı dağım var,
Laləzər çəmənim, barlı bağım var,
Borçalı deyilən öz oylağım var,
Bəhmanam oba da, el də mənimdir.

Yaxşıdır

Kimi gülür, kim ağlıyır həyat çətin olanda,
Sınıq könlü ovutmağa bir alqış da yaxşıdır.
Bel bükülür, diş tökülür, insan ömrü solanda,
Cavanlığın yadigəri zər naxış da yaxşıdır.

Nə olsun ki ötüb keçir ömürdən fəsli bahar
Bir kimsənin ürəyini sındırıb eyləmə xar,
Qocalsaq da başımıza ələnsə də dümmağ qar,
İnsan ömrü xoş keçəndə qarlı qış da yaxşıdır.

Heydəroğlu, nə susmusan, danışsana, dinsənə,
Alnına nə yazılıbsa olacaqdı pay sənə,
Güman varmı çatacaqsan yetmişə, ya səksənə,
Kişi kimi-yaşamağa altımış da yaxşıdır.

Yoxdur

Gileyliyəm zəmanədən,
Çarəsinə güman yoxdur.
İşi tərsə düşüb nədən,
Düz deyənə aman yoxdur.

Gədə-güdə keçib başa,
Haqq-ədalət dönüb daşa,
Kəf gəlir qardaş-qardaşa,
Məzhəb itib, iman yoxdur.

Kimə necə sərf eləyir,
Olmalıdır belə deyir,
Mömünlərdə haram yeyir,
Ağızlarnı yuman yoxdur.

Heydəroğlu, yorma səri,
Gəlmir vecə alın təri,
Toxun acdan yox xəbəri,
Çünki küsüb uman yoxdur.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: