Törə Hacı Xəlilzadə (1992)

Törə Hacı Xəlilzadə (1992) Törə Hacı Xəlilzadə (Sadaxlı) - 31 may 1992-ci ildə Bakı şəhərində anadan olub.
2011-ci ildə qədim Borçalı mahalındakı, indiki Marneuli rayonunun Sadaxlı kəndindəki Yusif Heydərov adına 1 saylı orta məktəbi bitirib.
2012-ci ildə İlya Dövlət Universitetinə qəbul olub, 2017-ci ildə həmin universiteti bitirib.
Hazırda Marneuli şəhərində "QafqazTürk.com" xəbər portalında fəaliyyətini davam etdirir.
O, həm də bədii yaradıcılıqla da məşqul olur.

Biz də fürsətdən istifadə edib, Törə Hacı Xəlilzadəni doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də bədii yaradıcılığında yeni-yeni yaradıcılıq uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az



SADAXLIDANAM

İstər ləl verələr, istərsə qızıl,
İnanma yurdumu gizlədəm, danam.
Məndən soruşsalar haralısan sən,
Ləlvərin qoynundan, Sadaxlıdanam.

Kasıba əl tutan, qeydinə qalan,
Uzaqda olanı yadına salan,
Ellərin içində hörməti olan,
Başqa bir dünyadı, Sadaxlıdanam.

Neçə şairlərin yurd yeri oluf.
Arxada gör necə bir tarix qoyuf
Adını dünyanın hər yeri duyuf,
Sazların fəryadı Sadaxlıdanam.

Elə bil cənnətdi, cənnət meşəsi,
İnsanı məst edər tər bənövşəsi,
Sanki möcüzədi hər bir guşəsi,
Sonsuz bir dəryadı, Sadaxlıdanam.

Soyadım Xəlilov, Törələr nəslim,
Bir Allah bəndəsi, Hacıdır ismim,
Hamıya bəllidir ünvanım, yerim,
Şirin bir röyadı, Sadaxlıdanam.


DÜNYA


Dünya qumarbazdı, məğlub edilməz,
Onunla hər adam bacara bilməz,
Dünya sınağından hər adam keçməz,
İnsanı ələyən ələkdi dünya,
Sən elə bilirsən mələkdi dünya?

Dünya bir səhnədi, gələnlər gedər,
Sən elə bilmə ki, dərdindən ölər,
Altdan quyu qazar, üzünə gülər,
Tülküdü, şeytandı, kələkdi dünya,
Sən elə bilirsən mələkdi dünya?

Dünyadan heç kəsə çatmayıb torpaq,
Öləndə qismətin parça olacaq,
Sən öz saydığını sayarsan, ancaq,
Oyunlar oynayan fələkdi dünya,
Sən elə bilirsən mələkdi dünya?
10.05.2021


OLA BİLMİRƏM

Deyəsən qayıdıb gəlmisən yenə,
Otur qabağımda nəzər sal mənə,
Məndən fayda gəlməz gözəlim sənə,
Mən daha əvvəlki ola bilmərəm.

Bir bax üz-gözümə, soruş nəyim var,
Bir sınıq qələmim, bir ürəyim var,
Nə yağış olaram nə də yağan qar,
Kövrək ürəyinə dola bilmərəm,
Mən daha əvvəlki ola bilmərəm.

Tutma əllərimi, kimsə görəcək,
Mən səndən əl çəkdim, gəl sən də əl çək.
Yenicə gül açıb əkdiyim çiçək,
Səninlə yenidən sola bilmərəm,
Mən daha əvvəlki ola bilmərəm.

Yuxuna haramlar qatıb gedirəm,
Sənsiz xoşbəxtliyə batıb gedirəm,
Səni mənsizliyə atıb gedirəm,
Bağışla, səninlə qala bilmərəm,
Mən daha əvvəlki ola bilmərəm.
07.12.2021


UŞAQ GƏLİN

Heyif çox dəyişmişik insanlığı, qardaşım,
Görürəm zəmanənin yaman çıxıbdır zayı,
Barmağa üzük taxıb hördənini doldurur,
Başda oturur hələ əmi, nənə və dayı.

Yığılır hamı bir-bir, cəm oluruq süfrədə,
"Rumka"ları doldurub, yaxşı yeyib-içirik.
Bir qızın həyatını məhv edib söndürərək,
Utanmırıq, üstəlik "Xoşbəxt olsun" - deyirik.

Baş o qədər qarışıb dolmaya və toyuğa,
Heç kim ağzını açıb bircə dənə söz demir,
Hələ bunlar bəs deyil, həyasız, arsız kimi,
Musiqi də çaldırıb rəqs edirik, ya səbir.

Üzündə təbəssümlə təbrik edir "qonaq"lar,
Biri öpür març-ha-març, biri isə "sevinir".
Guya o körpə uşaq dünya qurur özünə?
Dünya qurmur o uşaq, dünyasını dəyişir.

Əziz qız övladının hörmətli valideyni,
Bir qıza savad verin, kitab verin əlinə.
Qoy oxuyub savadlı müəllim, həkim olsun,
Ağ paltar geyindirib çevirməyin gəlinə.
09.02.2020

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: