Mən səndən doymamışam - Ulu Borçalının gözü DARVAZIM!..

Mən səndən doymamışam - Ulu Borçalının gözü DARVAZIM!.. Rəşid Hacılar (Darvaz)

Çoxdu Borçalının şəhəri, kəndi,
Darvazdı ömrümün şəkəri,qəndi,
Hamı bu dünyaya gəldi-gedəndi,
Ay mənim sinəmdə sədəfli sazım
Ulu Borçalının gözü DARVAZIM.



ATA YURDU

Ata yurdu, görüşünə gəlmişəm,
Günahkaram, baxammıram üzünə.
Gözlərimdən çən-dumanı silmişəm,
Baxmaq üçün yol gözləyən gözünə.

Gec tanıdım məni doğma sananı,
Çıraq kimi gecə-gündüz yananı,
Məndən küsmüş bu balaca binanı,
Dəyişmərəm sarayların yüzünə.

Neçə yol dillərin sorubdu məni,
Ayların, illərin sorubdu məni,
Şəhərin yolları yorubdu məni,
Qurban olum yollarının tozuna.

Gəlmişəm ki, qucaq açım sənə mən,
Çox gərmişəm ayrılığa sinə mən,
And içirəm saçımdakı dənə mən,
Daha bir də ağ olmaram üzünə.


ATA HƏSRƏTİ

Bir həsrət qəlbimi yaman göynədir,
Nə vaxtdır kəndimə gedə bilmirəm.
Mənə həyat verib böyüdən kəsin,
Qəbrini ziyarət edə bilmirəm.

Ruhu ərşə çıxır ata qəbrinin,
Fəqət nə yad edən,nə bir anan var,
Bu müqəddəs ruhun tənhalığına,
Nə pənah gətirən,nə bir yanan var.

Tanrıdan dilərəm ata ruhunu,
Mələkli göylərdə tapa biləydim.
Rəşidəm,atamın qəbir daşının,
Önündə diz çöküb öpə biləydim.


ATAMIN YÜKÜ

Narahat yatardı atam gecələr,
Evdə bir işimiz düz getməyəndə.
Bunun səbəbini sordum bir səhər,
Qəribə bir maraq oyatdı məndə.

Yaxa qurtarmaqçün kasıbçılıqdan,
Dedi,fikirlərdir qoymur yatmağa.
Onunçün sübhəcən daşıyıram mən,
Dağı arana, aranı dağa.

Dağ boyda dağ çəkdi mənim sinəmə,
Atamın yanıqlı bu kəlmələri.
Yaşadı mənimlə ömrüm uzunu,
Həyatın dolaşıq bu ilmələri.

İllər ötüb keçir, mənim özüm də,
Hərdən gecələri yata bimirəm.
Dünyanın fırlanan çarxı dalınca,
Mən ha qaçıramsa çata bilmirəm.

Anladım nə imiş atamın yükü,
Nəyi daşıyırmış arana,dağa.
Mən indi bildim ki,nədir qoymayan,
Gecə yuxuları rahat yatmağa.


GÜLLÜ BULAĞI

Çəkilib dağların şehli qoynuna,
Dünyanın dərdini almır eyninə,
Güllü bir kəlağay salıb boynuna,
Bir bulaq çağlayır Ortabulaqda.

Şığınıb yamacın dərinliyinə,
İçənlər vurulur sərinliyinə,
Qarışıb dünyanın şirinliyinə,
Bir bulaq çağlayır Ortabulaqda.

Qışda qartallara nəğmə oxuyur,
yayda sevənlərə ətir qoxuyur,
Bir gözəl çiçəkdən çətir toxuyur,
Bəxtini yoxlayır Ortabulaqda.

"Güllü bulağı"dı çağlayıb axır,
Üzündən,gözündən məhəbbət yağır,
Sevənlər bu yerə pir kimi baxır,
Peyman da bağlayır Ortabulaqda.


Gördüm deyən tapılmadı

Baxmadım ağlın sözünə,
Düşdüm ilk eşqin izinə,
Cumdum sevda dənizinə,
Gördüm deyən tapılmadı.

Soraq etdim ayüzlünü,
Ürəyi dolu sözlünü,
Qaraqaş,qara gözlünü,
Gördüm deyən tapılmadı.

Ulduzdan, aydan soruşdum,
Dənizdən, çaydan soruşdum,
Bahardan, yaydan soruşdum,
Gördüm deyən tapılmadı.

Qəlbimin başı göynədi,
Gözümün yaşı göynədi,
Qəbrimin daşı göynədi,
Gördüm deyən tapılmadı.


ELƏ SEVƏK Kİ...

Körpələr evinə verildi uşaq,
Buna sevinmədi nə yaxın,nə yad.
Arada qalmışdı bir ildi uşaq,
Gecə də,gündüz də edirdi fəryad.

...Hanı ehtirasın qulu olanlar?
Atalıq,analıq sona yetdimi?
Hanı diri ikən ölü olanlar?
Ürək daşa döndü,vicdan itdimi?

Sevəndə ürəklər nə danışdılar?
Nə vəd eylədilər biri-birinə?
Onlar dəmirdilər,yoxsa daşdılar,
Ürəyə nə doldu sevgi yerinə?

Nə tez haçalandı ömür yolları?
Niyə duymadılar qəlbin səsini ?
Dünən bir-birini qucan qolları,
Niyə qucammadı öz körpəsini?

Deyirəm,sevəndə elə sevək ki,
Ruhu inciməsin Leyli-Məcnunun.
Gəlin elə sevək,elə sevək ki,
Bir ömrə bəs etsin sevgisi onun.


ÖMÜR ÖTÜB KEÇİR

Yenə yada düşdü gənclik illəri,
Titrədi qəlbimin incə telləri.
Vaxtında seyr edək doğma elləri,
Ömür ötüb keçir,qayıdan deyil.

Dadaq meşələrin quzqulağından,
Öpək çiçəklərin düz dodağından,
İçək o dağların buz bulağından,
Ömür ötüb keçir,qayıdan deyil.

Gəzək obaları,qucaq elləri,
Sevək bal süzülən şirin dilləri.
Gənclikdə verməyək boşa, illəri,
Ömür ötüb keçir, qayıdan deyil.

Həyatın sevinci,qəmi də deyir,
Dağların dumanı, çəni də deyir,
Ay Rəşid,saçının dəni də deyir,
Ömür ötüb keçir, qayıdan deyil.


QOCALIQ

Qüruba yan alır ömrün illəri,
Quş kimi üstümə səkir qocalıq.
Limana qayıdan gəmilər kimi,
Məni də torpağa çəkir qocalıq.

Yerişlər,duruşlar dünənki deyil,
Ürəyin atəşi həmənki deyil,
Saçıma yağan qar güman ki,deyil,
İllərin yüküdür tökür qocalıq.

Gəncliyin atəşi, odu azalıb,
Dünyanın ləzzəti, dadı azalıb.
Doğması, yaxını, yadı azalıb,
Gənclik tikdiyini sökür qocalıq.

Bu fani dünyadan bac almaq üçün,
Gələn nəsillərdən güc almaq üçün,
Sabah fidan kimi ucalmaq üçün,
Bu gün pöhrələri əkir qocalıq.


Mən səndən doymamışam - Ulu Borçalının gözü DARVAZIM!.. Mən DARVAZdan doymamışam

Vurulmuşam yurda, elə,
Dönmüşəm daşqına, selə,
Ölüm tələsməsin hələ,
Mən Darvazdan doymamışam.

Havası bol, suyu təmiz,
Eşqi dərya, özü dəniz,
Yaddaşında salmamış iz,
Mən Darvazdan doymamışam.

Tökülsün könlümün pası,
Sağalsın ürək yarası,
Ən ağır dərdin çarası,
Mən Darvazdan doymamışam.

Ömrü verməmişəm yelə,
Əritmişəm gilə-gilə,
Üz tutsam da son mənzilə,
Mən Darvazdan doymamışam.

Zamanın qəddar üzünü,
İrdələmişəm yüzünü,
RƏŞİD deyir son sözünü,
Mən Darvazdan doymamışam.
10.02.2017.


Darvaz dərəsiylə İncə dərəsi

(Şair dostum Rəfail İncəyurda)


Ürəyimdə iki elin odu var,
Damağımda ləzzəti var,dadı var,
Bir-birinə yaraşan da adı var,
Darvaz dərəsiylə İncə dərəsi.
Biri,taleyimə haqdan yazıldı,
Biri,ürəyimə qanla süzüldü,
Hər ikisi ilqarına düz oldu,
Darvaz dərəsiylə İncə dərəsi.
Darvaz ilə doğmalaşdı Kəmərli,
Dost yolunda dağlar aşdı Kəmərli,
Qardaş kimi doğmalaşdı, Kəmərli,
Darvaz dərəsiylə İncə dərəsi.
Ürəkdə arzu tək bitən oldular,
Dar gündə dadıma yetən oldular,
Rəşid Hacılara vətən oldular,
Darvaz dərəsiylə İncə dərəsi.


YOXDU

Qaş da yerindədi, göz də yerində,
İşvə də yerində, naz da yerində,
Kaman da yerində, saz da yerində,
Nə olsun, kökləyib çalanı yoxdu.

Çəmənə çıxanda güllər utanır,
Baxanda, lalənin yanağı yanır,
Sevənlər həsrətlə oda qalanır,
Amma ki,qeydinə qalanı yoxdu.

Oddan yaranıbdı, oddu o gözəl,
Pətəkdə bəslənən daddı o gözəl,
Rəşıd Hacılara yaddı o gözəl,
Onunçün yolunda öləni yoxdu.


"GİZLƏNPAÇ" oyunu

"Gizlənpaç" oynamağı
Sevirdi gül balası.
Onunçün oynayırdı,
Onunla öz babası.
Babası gizlənəndə,
Nəvəsi axtarırdı.
Nəvəsi gizlənəndə,
Babası axtarırdı.
Babası gec tapanda,
Nəvəsi sevinirdi.
O,bunu özü üçün,
Qəhrəmanlıq bilirdi.
Bir səhər nəvə durub,
Babasını görmədi.
Elə bildi babası,
Yenə də gizlənibdi.
Axtardı künc-bucağı,
Amma,tapa bilmədi.
Axtardı baxça-bağı,
Yenə tapa bilmədi.
Nəvə düşündü,görən,
Baba hara gizlənib.
Amma,o bilmədi ki,
Oyunlar təzələnib.
Hər kəsdən soruşsa da,
Nəvə öz babasını,
Heç kəs demədi,baban,
Dəyişib dünyasını.


Q Ə Z Ə L

Səni sevib düşündüm ki,sevgi bizi bağlayacaq,
Bilmədim ki, məhəbbətin ürəyimi dağlayacaq.
Gül açmamış çiçək kimi,vaxtsız solan bu sevgiyə,
Şahid olan meşələr də,bulaqlar da ağlayacaq.
Addım-addım izləyəcək,kölgən kimi, hara getsən,
Taleyimə hopub qalmış ətirini qoxlayacaq.
Bu dünyada qovuşmayıb,çatammasa arzusuna,
Məhəbbətim o dünyada səni rahat qoymayacaq.
Məni yolda qoyan sevgi ürəyimdə yuva salıb,
RƏŞİD onu əmanət tək, ömrü boyu saxlayacaq.
Bakı-2011.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: