DOĞUM GÜNÜNÜZ MÜBARƏK, SOLMAZ ŞİRVANLI!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, SOLMAZ ŞİRVANLI!.. TƏBRİK EDİRİK!..

Bu gün tanınmış şairə - Zirve.info" saytının və
"Zirvə" ədəbi-bədii, elmi-publisistik məcmuəsinin
Şirvan bölgəsi üzrə nümayəndəliyinin rəhbəri
Solmaz Şirvanlının Ad günüdür!..


Solmaz Şirvanlı (Solmaz Ağaxan qızı Ədilova)
-
1955-ci il fevralın 1-də Şamaxı rayonunun
Ovculu kəndində anadan olub.
1972-ci ildə orta məktəbi bitirib.
1977-ci ildə Şamaxıda mühasib
peşəsinə yiyələnib.

1977-ci ildən 1994-cü ilə kimi mühasib işləyib.
1994-1995-ci illərdə Musa Yaqubun
redaktor olduğu "Cavanşir yurdu" rayon
qəzetində çalışıb.

İyirmi ildən çoxdur ki, rayon və
respublika mətbuatında şeirləri
və müxtəlif səpgili
məqalələri ilə çıxış edir.

2002-ci ildə "Tanrım mənə
qəm qıyıb"
adlı şeirlər kitabı çap olunub.

2003-dən Azərbaycan Aşıqlar Birliyinin,
"İti Qələm" Respublika Ədəbi Birliyinin,
İsmayıllıdakı "Dağ Çiçəkləri" Ədəbi Birliyinin,
Şamaxıdakı "Beytüs-Səfa" Ədəbi Birliklərinin
üzvüdür. Həmin birliklərin tədbirlərində
müntəzəm iştirak edir.

Dəfələrlə" N" saylı hərbi hissələrdə əsgərlər qarşısında çıxışlar edib,
Şəhid ailələrində görüşlərdə olub.
2002-ci ildən YAP-ın üzvüdür.
2003-cü ildə Azərbaycan Qadınlarının II Qurultayının nümayəndəsi olub.
2004-2014-cü illərdə Kənd bələdiyyəsində sədr müavini vəzifəsini icra edib.

"Əsrin Ziyalısı" qəzetinin "İlin Şairi" Fəxri Diplomu və "Ədalət yolu" ictimai siyasi hüquq qəzetinin
Fəxri Diplomu ilə təltif olunub.

Biz də hörmətli Solmaz xanımı Ad günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına ərmağan edirik!..

Müşfiq BORÇALI,
ZiM.Az


DOĞUM GÜNÜNÜZ MÜBARƏK, SOLMAZ ŞİRVANLI!.. Bakıda bir qız mənə dedi ki, Naxçıvanlısan?

Bir qız məndəm sordu, Naxçıvanlısan?
Dedim ki, gözəl qız, mən Şirvanlıyam,
Zəngəzur, Borçalı, ulu Göyçədən,
Dəli Kür, Xan Araz, Mil-Muğanlıyam.

Sormayın nəçiyəm, kiməm, hardanam,
Tomrislər yetirən bir diyardanam,
Laçından, Şuşadan, Qarabağdanam,
Koroğlu, Babəkəm, dəliqanlıyam.

Bir üzü Şəkidir,bir üzü Şirvan,
Bir üzü Bakıdır,bir üzü Salyan,
Şimalı Dərbənddir,cənub Lənkəran,
Cavidlər diyarı Naxçıvanlıyam.

Məhsəti,Natəvan yetirən yurddan,
Vurğun tək dühalar bitirən yurddan,
Sabir, Səhhət, Hadi itirən yurddan,
Seyid Əzim soylu - mən Şirvanlıyam.

Gəncəyəm,Qazaxam, külli Dağıstan,
Qədim Şamaxıyam, həm Azərbaycan,
Yarısı Təbrizəm, yarı İrəvan,
Azərbaycan adlı xanimanlıyam.

Sarılaq solaha bacım-qardaşım,
Vətən haraylayır öz vətəndaşın,
Qalmasın yağıya torpağım-daşım,
Qarabağ dərdindən ah-amanlıyam,
Vətənin daşıyam, Vətən canlıyam.

Bir qalayam sədlərim var keçilməz,
Şəhid qanlı bir bayrağam kiçilməz,
Bir zəmiyəm vağam oldum biçilməz,
Sabaha ümüdlü, xoş gümanlıyam,
El qızı Solmazam, mən Şirvanlıyam.!
11-02-2003-cü il
Şamaxı,Ovculu kəndi



Darıxmışam sənin üçün!!!

Sənsən mənim səhər mehim,
Güllər üstə düşən şehim,
Yağışda qövsi-qüzehim,
Darıxmışam sənin üçün!

Hardasan ay gözüm,canım,
Ay hamıdan mehribanım,
Ürək dostum,pasibanım,
Darıxmışam sənin üçün!!

Nolar bircə söz söylə sən,
Kabab ollam köz söylə sən,
Gələcəyəm; döz söylə sən,
Darıxmışam sənin üçün!!

Salma bu Solmazı dərdə,
Vəfa hanı gözəllərdə,
De hardasan, göydə,yerdə?
Darıxmışam sənin üçün!!!....
Şamaxı, Ovculu kəndi


Ələnmişəm

Zalım sənin xəbərin yox,
Həsrətinə bələnmişəm.
Dönüb çiskinə,yağmura,
Çiçəklərə çilənmişəm.

Bu həsrətin adı sənsən,
Bitməz eşqin dadı sənsən.
Sinəmdə köz, odu sənsən,
Bu sevdadan ölənmişəm?

Gümanım sən, pənahım sən,
Başım üstə Allahım sən.
Xoş açılan sabahım sən,
Saf sevgidən əçənmişəm.

Çiskinim sən,çənim ki,sən,
Bu ömrümə qənim ki,sən,
Hey deyirsən mənimkisən,
Sanki qulun,kölənmişəm!

Unut Solmaz,unut getsin,
Qoy bu bitməz sevda bitsin.
Necə edim həsrət itsin,
Bu sevdaya bələnmişəm!!!....
May 2016
Şamaxı,Ovculu kəndi



AXTARACAQSAN!

SƏSİM GETMƏYƏCƏK QULAQLARINDAN,
ADIM DÜŞMƏYƏCƏK DODAQLARINDAN,
LEYSANLAR AXACAQ YANAQLARINDAN,
BAX ONDA SƏN MƏNİ AXTARACAQSAN!

ADIMI HƏR YERDƏ AXTARACAQSAN,
MİN NALƏ,MİN ŞİVƏN QOPARACAQSAN,
MƏNSİZ SƏN HEÇ NƏSƏN,CANSIZ VARAQSAN,
BAX ONDA SƏN MƏNİ AXTARACAQSAN!

KÖNLÜNÜ ATƏŞLƏR YAXACAQ SƏNİN,
QƏIBİNDƏ ŞİMŞƏKLƏR ÇAXACAQ SƏNİN,
GÖZLƏRİN YOLUMA BAXACAQ SƏNİN,
BAX ONDA SƏN MƏNİ AXTARACAQSAN!

DEYİRDİN ƏZİZƏM GUYA SƏNİNÇİN
BİR ZAMAN MƏN İDİM SƏNİN SEVİNCİN,
DÜŞDÜ ƏLLƏRİNDƏN ALMAZIN-İNCİN,
HƏR YERDƏ SOLMAZI AXTARACAQSAN!!
22-06-2015


M Ə N

Adın ürəyimdə,eşqin canımda,
Sənsən sevda dolu xanimanım da,
Sənsiz əldən gedər din-imanım da,
Bil səni qəlbimə köçürmüşəm mən!

Səndən ayrı de mən kiməm-nəçiyəm,
Bu dünyanın "Qara Keşiş"köçüyəm,
Meyvələrin qurdlar yemiş içiyəm,
Sənsiz qəm libası biçirmişəm mən!

Ruhuma həmdəmsən,canıma həmdəm,
Səninlə bilmərəm nədir kədər-qəm,
Bir sənə bağlıyam vallah əzəldən,
Sənlə bal şərbəti içirmişəm mən!

Solmazam,ey Vətən sənə sadağa,
Kim edər bu eşqi mənə qadağa,
Laləli talaya,o uca dağa,
Bilən yox nə həsrət keçirmişəm mən.


Vətən üçün!

Döymə belə gözlərini,
Düz misraya sözlərini,
Qoyma yerə dizlərini,
Axıt qanı Vətən üçün!

Can deyənə can söylə sən,
Qan deyənə qan eylə sən!
Haqq üçün divan eylə sən,
Ver bu canı Vətən üçün!

Solmaz,daha gözləmə sən,
Hər nadanı izləmə,sən,
Düşmən qaçmaz bizləməsən,
Qurbanlar verdik torpağa,
Tükün sanı Vətən üçün!!!
23-09-2016


Qənim olsun!

Can dedim ol canana ki,
O, mənim canımı alsın?
Eşqində yanan mən olum,
O gedib özgənin olsun?

Fəraqında döndüm, külə,
O bivəfa gör neylədi,
Bilməz idim yaralayıb,
könlümü əfi tək çalsın.

Dedim getmə dönmə məndən,
Yox olaram,bil o gündən,
Həsrətimə dözməyib sən,
Qıyma eşqim belə solsun!

Mən sənə can söylədikcə,
Necə qıydın aldın canım,
Dedin girib ürəyimə,
İstəyin qəlbimdə qalsın.

Bu Solmazdan,dönən də sən,
Zirvələrdən enən də sən,
Ürəyimdən yenən də sən,
Sevgim sənə qənim olsun!
07-10-2016


Qardaş

Dağlayır qəlbimi yazdığın şeir,
Eşit gör ürəyim sənə nə deyir,
Axşamın da xeyir,sabahın xeyir,
Gəl hələ ölmıkdən danışma qardaş!

Axtarma baş qoyub ölməyə dizi,
Hələ qarşıla sən doxsanı,yüzü,
Hələ gülümsəsin,qoy gülsün üzü,
Gəl hələ ölməkdən danışma qardaş!

Ölmə ki,ölməyin yandırar bizi,
Ölmə parçalama ürəyimizi,
Sən qara boyama ləçəyimizi,
Solmaza, ölməkdən danışma qardaş!!!


Məni

Bezdim taleyimdən, qəsd etdim cana,
Qocaltdı acılar, ay ana, məni.
Fələk tuş eylədi özü nadana,
Yazmadı anlayıb, duyana məni.

Nə gördüm dünyanın gedişatından,
Doymadım toyundan, nə büsatından.
Taleyin qıldığı iltifatından,
Fələk uzaq saldı bu yana məni.

Tanrı verib mənə dərdə dözümü,
Çatdırın dostlara bu son sözümü.
Deyin bağlamasın qara gözümü,
Tapşır kəfənləyib yuyana məni.

Cansız xəyallarım vüsal çağında,
Ruhum dolaşacaq hicran dağında.
Qazdırın qəbrimi yol qırağında,
Çox da aparmayın o yana məni.

Solmazam, cavankən qocalmışam mən,
Tanrıdan pay alıb, ucalmışam mən.
Bir zaman fələkdən bac almışam mən,
İndi gör aparır hayana məni.
31.03.2005


Bütöv Azərbaycanam!

Mən Azəri türküyəm,
Həm də ki,müsəlmanam,
Vətənin övladıyam,
Bütöv Azərbaycanam!

Verib məni dünyaya,
Nur üzlü gözəl sonam,
Mənə hər şeydən əziz,
Bir Vətəndir, bir Anam.

Solmazam,qəm əhliyəm,
Arzulu-diləkliyəm,
Vətəni qorumağa,
Hər zaman gərəkliyəm!!
27-09-2016


Gətirərsən!

Gözəl şairə bacım Sənəm Səbayelin
"Gətirərsən" rədifli şerinə nəzirə!


Azəri elimin,ay şair qızı,
Gəl indi vəsf eylə qızıl payızı,
Eşidən olmadı harayımızı,
Bu fəsli payızda yaz gətirərsən!

Yayın qızmarında eləcə yandım,
Doğmamı itirdim beləcə yandım,
Dostum ya düşmənim güləcə yandım,
Dərdimi deməyə saz gətirərsən!

Yaşadım aranda yaylağa həsrət,
Üzdü ürəyimi qəm ilə möhnət,
Bağlaya bilmədim kimsəylə ülfət,
Məni ağlamağa göz gətirərsən!

Bağbanı olmayan gül olan mənəm,
Naləsi-fəryadı zil olan mənəm,
Ocağı sönükən,kül olan mənəm,
Qorlanıb, yanmağa köz gətirərsən!

Yamanca soyudum eldən-obadan,
Kimsəni tapmıram ana-atadan,
Sifətlər gedibdir, abır-həyadan,
Qızarıb-allanan üz gətirərsən!

İtirib hər bir şey öz dadın-tamın,
Rəbbim özü verib şair ilhamın,
Ocağın üstündə qaynar qazanın,
Bişən xörəyinə duz gətirərsən!!

Elə təşnəyəm ki, dərdin içində,
Nadanlar dolaşır mərdin içində,
Sağalmaz yaram var qəlbim içində,
Üstünə qoymağa buz gətirərsən!

Bir ömür boyunca gülə bilmədim,
Haqq mənə nə yazdı bilə bilmədim,
Ölmək istəyirkən ölə bilmədim,
Dərdə tablamağa döz gətirərsən!

Solmazam,ay bacı sinəm qəm dolu,
Əzəldən bağlıdır bəxtimin yolu,
Olmuşam Rəbbimin ən sadiq qulu,
Onu vəsf etməyə söz gətirərsən!
07-10-2016


Dönməyənə

Yanma belə dəli könlüm,
Yanma göydən yenməyənə,
Özün ucalarda sanıb,
Üzü sənə dönməyənə!

Unut daha dön yoluna,
Baxma sağa,nə soluna,
Çəkmə bu eşqin qəmini,
Yanma sənə yanmayana!

Boş yerədir çalışmağın,
Kefin -halın soruşmağın,
Nə mənası alışmağın
Səni səntək anmayana!

Unut Solmaz,unut getsin,
Bir xoş sözlə dinməyəni,
Özün zirvələrdə sanıb,
Göydən yerə enməyəni!!!
07-09-2016


Ucalsın başın!!

Kəlbəcərli şair İmam Cəmilliyə


İnanın bu yolda mən verərəm can,
Od tutub,alışıb,yer-ğöy,asiman,
Dərdim səngiməyir a qardaş bir an,
Alınsın torpağın,alınsın daşın,
El-aləm içində ucalsın başın!

O uca dağları,sıx meşələri,
Darıxıb bizlərçin bənövşələri,
Qalxın göstərəyin daha hünəri,
Yağıya dağ çəkək,kəsdirək başın,
Sovuraq göylərə torpağın-daşın!

O yurdlar bizimdir,bizim olacaq,
Sevincdən,fərəhdən gözüm dolacaq,
Deyib-danışmağa sözüm olacaq,
Solmazam,geyinib alın-qumaşın,
Basacam bağrıma çınqılın-daşın!!
O1 -05-2016


Bilə-bilə!

Alıb ürəyimi aparmısan sən,
Özümü-özümdən qoparmısan sən,
Getsəm əllərindən taparmısan sən,
Zülümlər edirsən sən bilə-bilə!

Hər kəs yatıb biz oyağıq hələ də,
Qoydun həsrət məni şirin dilə də,
Eşqin çıxmır ürəyimdən belə də,
Axır gözlərimdən yaş gilə-gilə!

Qəlbində olanı gizlət nə fayda,
Mən qaldım bu tayda,səndə o tayda,
Aç söylə qəlbini belədi qayda,
Yoxsa fəraqında dönürəm külə!

Dağlama Solmazı belə dağlama,
Özünü aldadıb,belə ağlama,
Gedib özgəsinə könül bağlama,
Qayıt gəl ömrümə sən gülə-gülə!!!
05-09-2016


Bilirsənmi?

Mən sən qəlbimin şahı edərdim,
Sən məni ürəkdən sevsəydin əgər!
Ömrüm boyu qibləgahı edərdim,
Bir kəlmə sevirəm desəydin əgər!

Desəydin ki,gözlə illər boyu mən,
Yoluna göz dikib gözləyəsiydim!
Sənsizəm, bu dünya bir heçdir mənə,
Baxıb boylanıram sən gələn yola,
Söz desən sözünü sözləyəsiydim!

Axı sən bilirsən nələr çəkirəm,
Gözlərim sel yolu,leysan tökürəm,
Bircə kəlmə desən səni sevirəm,
İnan ki, sevincdən qıyya çəkirəm.

Baxıram işığın sönməyib hələ,
Dönmüşəm eşqində canlı heykələ,
Bil sənə sadiqəm, eşqinə kölə,
Solmazam, bil səni gözləyirəm mən!
05-09-2016


Qəzəl

Canım alan ol dildarə, mən nə deyim bilməyirəm,
Axır çeşmim yaşı Yarəb,bax hələ də silməyirəm.

Gəl gecəmi-gündüzümü bir sənə qurban elədim,
Sənin həsrətindən ey dil, mən hələ də gülməyirəm.

Yandı atəşlərə canım, şəmlərə pərvanə kimi,
Ölmək istərkən odunda,axı niyə ölməyirəm?

Bil ləylü-nəhar dilimdə, bax bitibdir adın sənin,
Sənə bağlı ümman qəmim, heç kəsimlə bölməyirəm.

Solmazın sızlar qəlbini, gəl ki, böylə sızıldatma,
Dönəcəksən bir gün mənə, mən ki, sənə gəlməyirəm.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: