Dərya QILINC: "İNTİHAR" (Hekayə)

Dərya QILINC: "İNTİHAR" (Hekayə) Dərya Qılıc (Qılıcova Nailə Bahadır qızı) - 31 dekabr 1958-ci ildə
Sumqayıt şəhərində, ziyalı ailəsində anadan olub.
1985-ci ildən A.S.Puşkin adına Tovuz şəhər orta məktəbində
müəllimə işləyib. Ailəlidir.
Dərya Qılıc "Qəmli səadət", "Cəhənnəmə gedən yol", "Bir qapılı iki məhəllə", "Tale yolları", "İtkin arzular", "Daglardan gələn səda" və "Cinayət və məhəbbət" romanlarının müəllifidir.
Aşağıda Dərya xanımın "İNTİHAR" adlı hekayəsini dərc edir və ona
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

ZiM.Az


İNTİHAR

Ceyhun bu il universiteti qurtarırdı. Orta məktəbi kimi, ali məktəbi də əla qiymətlərlə başa vururdu. Amma ürəyində heç bir hiss yox idi. Kədərlənməsə də sevinə də bilmirdi. Heç rayona getməyə də həvəsi yox idi. Halbuki uşaqlar böyük həvəslə Nahidin toyuna getməyə hazırlaşırdı. Onlar universitetə qəbul olan ili Nahidgildə olmuşdular. Uzun müddət orada keçirdikləri xoş günləri unuda bilmirdilər. Həvəsi olmasa da uşaqlardan ayrılmaq istəmirdi. Çünki bilirdi ki, getməsə təkcə Nahid deyil ,uşaqların hamısı inciyəcəkdi. Uşaqlar Ceyhunun zarafatlarını çox sevirdi. Universitetin uzun enli dəhlizində dayanıb pəncərədən çölə baxırdı. Həyətdə uşaqlar qaynaşırdı.
Ceyhun havaların qızdığını indicə anladı. Çünki hamı nazik paltarda idi. O , isə qış boyu necə geyinirdisə elə həmin şalvar , köynək və gödəkcə idi. Nə qışda havanın soyuq olduğunu hiss etməmişdi , nə də ki, indi havanın qızdığından xəbəri yox idi. Bir an ona elə gəldi ki, çöldə altmış dərəcə istilik olsa yenə də bu gödəkcə ilə gəzərdi. Bütün hisslərinin öldüyünə təəccüb etmirdi. Bir vaxtlar başını dərslər və imtahanlar qatırdı. Hal hazırda ona elə gəlirdi ki, universitetin pəncərəsindən bir başa boşluğa atılıb havadan asılı qalacaq . Nədənsə boşluq da onu özünə çəkirdi. Havada uçmaq istəyirdi. Oğlanı fikirdən Süsənin səsi ayırdı. Qızın nəşəsi yerində idi. İçəridən gülə- gülə cıxıb , yenə də gülürdü. Ceyhun çevrilib ona baxdı. Qızın nəyə güldüyünü anlamaq istəyirdi, Lakin onun danışdığı sözlər başına çatmırdı. Ona elə gəlirdi ki, söz qızın ağzından çıxır və ona çatmaq əvəzinə havada uçur. Ceyhun Süsəni sevirdi. Ona görə bu dünyada bu qız kimi gözəl , incə , ağıllı , şirin qız yox idi. Birdən birə ürəyindən bir hiss keçdi. Elə indi bu saat Süsənə sual vermək istədi. Demək istəyirdi mən səni sevirəm , sən də məni sevərsənmi? Qızın gözünün içinə baxırdı. Nə dediyini isə başa düşmürdü. Hətta onu da bilmirdi ki, artıq sual veribmi? Qızın üzünə baxıb cürbəcür cavablar uydururdu. Birdən birə Süsənin səsindən diksinib sanki yuxudan ayıldı. Qız onun qolundan tutub silkələyirdi:” Eşitmirsən? Səhərdən danışıram cavab vermirsən? Elə bil ayaq üstə yatırsan . Nə olub?” Özünü ələ alıb gülümsədi. Qız sualını təkrar etdi:
- Toya gedəcəksən?
Qətiyyətlə:” Hə”, - deyib oradan uzaqlaşdı.
İki gündən sonra kirayələdikləri kiçik avtobusla rayona toya gedirdilər. Ceyhunun əlacı olsaydı həmin bu maşınla , bu uşaqlarla hara desən gedərdi. Maşından heç düşməzdi. Bu toplumdan ayrılanda dərd onu didib parçalayırdı. Burada isə ayrı aləm var idi. Uşaqlar danışıb gülürdülər. Onu söhbətə cəlb edə bilməsələr də heç olmasa bu onları dinləyirdi. Ortalıq get-gedə qızışırdı . Uşaqlar gülməkdən qəşş edirdilər. Ən çox da Şahinin qızlardan birinin şalını belinə bağlayıb qadın rəqqasələr kimi oynamağı ləzzət edirdi. Bir azdan musiqini dəyişib hamı oynamağa başladı. Ceyhundan başqa da iki iç nəfər oynamırdı. Ceyhun nəinki oynamırdı , o artıq çoxdan burada deyildi. Bütün varlığı ilə evlərinə dönmüşdü. Anasının ağlamağı gözünün önündən çəkilmirdi. Çəkilmirdi deyəndə axır vaxtlar bunu hər gün görürdü. Lakin bu axırıncı dava onu yandırırdı. Ceyhun ailələrinin xoşbəxt olduğu illəri xatırlayırdı. Onların da sakit və xoş günləri var idi. Atası səhər işə gedir , axşam evə dönəndə anası onun gəlişini məhəbbətlə gözləyirdi. Birlikdə yeyib içib şənlənirdilər . İştirahət və bayram günlərində gəzməyə gedirdilər. Demək olar ki, ata - anası ayda iki üç dəfə toya və ya başqa şənliyə gedirdilər. Birlikdə bazar dükanı gəzib evə , ailəyə nə lazımdırsa alırdılar. Qırılıb tökülən yerləri təmir elətdiridilər. Evdə köhnələn hər şeyi təzələyirdilər. İki üç il bundan əvvəl hər şey dəyişməyə başladı. İlk günlər atası evə gec gəlməyə başladı. Get gedə istirahət və bayram günlərində gəzməyi azaltmağa başladılar. Sonra isə bir dəfəlik ləğv etdilər. Çünki o günlərdə atası evdə olmurdu. Hər dəfə yeni bir işi çıxdığı üçün hara isə getməli olduğunu söyləyirdi. Bütün bayramları onsuz keçirməli olurdular. Əslində bayram günləri onlar üçün matəmə çevrilirdi. Sonralar toylara heç vaxt anası ilə getmədi,bəhanə gətirib tək çağrıldığını deyirdi. Evdə hər şey qırılıb dağılıb köhnəlməyə başladı . Heç nəyə baxan yox idi. Ata anası bütün günü dalaşırdı. Davalar dözülməz hal almışdı. Uşaqların dərsinə , yeməyinə, geyiminə fikir verən yox idi. Günlər bir birindən pis gəlirdi. Atası günbəgün yadlaşırdı. Heç nə vecinə deyildi . Nə qızların ağlamağı , nə Ceyhunun hədsiz dərəcədə kefsiz olmağı onu narahat etmirdi. Bir həftə bundan əvvəlki hadisə oğlanı dəhşətə gətirmişdi. Səhər yuxudan ata anasının növbəti davasına oyanmışdı. O, hər gün ümidlə ata anasının əvvəlki günlərə qayıtmağını gözlədiyi halda atası var səsi ilə bağırıb : Mən bir dəfəlik boşanıram,- deyirdi. Ceyhun universiteti qurtarır daha yekə kişidir. Atasının sözü qədər anasının sözü onu yandırırdı. Nəyimə lazımdır Ceyhunun universitet qurtarmağı .
Avtobus Nahidgilin qapısının önündə dayanmışdı. Uşaqlar yenə də nəyə isə gülürdülər. Bir an Ceyhuna elə gəldi ki, uşaqlar onun düşündüklərini eşidib ona gülürlər. Hamı düşmüşdü , bir tək Ceyhun arxa oturacaqda oturub fikrə getmişdi. Nahid gəlməsə o hələ də oturduğu yerdən qalxmaq istəmirdi.
Bu gün Nahidgildə ciyər axşamı idi. Rayonlarda belə bir adət var idi. Toydan bir gün əvvəl ən yaxın adamlar yeyib içib oynayırdı. Bu mərasimin adı ciyər axşamı idi. Lakin bu əsl toy idi. Həyətdəki böyük çardağın altı adamla dolu idi. Ceyhun çox təəccüb edirdi. Burada bir toyun adamı var idi. Amma eyni zamanda bir sərbəstlik var idi. Məclis ancaq yaxın adamlardan ibarət olduğu üçün əsl kef məclisini xatırladırdı. Aman allah , Ceyhunu Nahidgilin ailəsi mat qoymuşdu. Onu ata anası qollarını bir- birinə keçirib uşaqlarının əhatəsində oynayırdılar . Hər ikisi Nahidi bağrına basıb öpürdü. Xalalar , bibilər əyinlərində xələt , əllərində kəfgir qaçıb rəqs edənlərə qoşulurdu. Ceyhun artıq evlərində dava dalaş başlayan gündən bəri evlərində bir qohum görməmişdi. Nə ata tərəf , nə də anısıgildən bir kimsə qapılarını açmırdı. Halbuki Ceyhunun uşaqlığı əmilərinin , dayılarının , xala və bibilərinin məhəbbətinin əhatəsində keçmişdi. O Nahidin yerində özünü, onu qucaqlayanların yerində bibilərini , xalalarını görürdü.
Bayaqdan oynayıb yorulmuş uşaqlar oturmağa gələndə Ceyhunu danladılar. “Nə olub, niyə yasa batmısan?” Söz oğlana güllə kimi dəydi. Gələn dəfə uşaqlara qoşulub ayağa durdu. Nahidi çox istəyirdi. Ona xoşbəxtlik arzulayırdı. Amma oynaya bilmirdi , ürəyindən daş asılmışdı. O daşı sürüyə bilmirdi. Hara baxırdısa gözüyaşlı anasını görürdü. Səsi qulağına gəlirdi. Axı niyə mənim atam bizimlə maraqlanmır, bizim taleyimiz onu narahat etmir, deyə düşünürdü. Nahidin atası da onun atası kimi yol idarəsinin rəisi idi. Evləri , məhəllələri cənnəti xatırladırdı . Hara baxırdısa gözünü oxşayırdı. Onların evləri isə xarabalığa bənzəyirdi. Atası gözünün qırağı ilə evə baxmırdı . Olan qalan köhnə əşyaları da vurub qırmışdı. Kül qabı atmaqdan divarlar , mebellər deşik- deşik olmuşdu.
Bu təntənəli mərasim gecə yarısı sona yetdi. Uşaqları qohumlar evlərinə apardı. Ceyhunu Nahidin anası heç yerə getməyə qoymadı . İkinci mərtəbədə lap başdakı otaqda ona yer açdı. “ Bu uşaq kefsiz görünür, narahatam”, - dedi. Gecəni Ceyhun daş kimi yatdı. Səhər onu yuxudan çardağın altından səsləri gələn uşaqlar oyatdı. Qalxıb pəncərədən onlara baxırdı. Hər kəs danışıb gülürdü. Masanın baş tərəfinə buğlanan samovar qoyulmuşdu. Masanın üstündə barmaq basmağa yer yox idi. Ceyhunun iştahası yox idi. Əksinə, ürəyi bulanırdı. Uşaqlara baxıb nəyə güldüklərini düşünürdü. Ona elə gəlirdi ki gülməli heç nə yoxdur. Axır vaxtlar nə vaxt gülməyini xatırlamırdı. Hərdən içindən gəlməsə də kiminsə xətrinə gülümsəyirdi. Tələsik geyinib aşağı düşdü. Masaya otursa da bir fincan çayı zorla içdi.
Günortadan azca keçən kimi gəlin gətirməyə hazırlaşdıqlarını görəndə Ceyhun təəccüb etdi. lakin qız evində anladı ki, burada bir adət də var ki, bəyə və onun dostlarına süfrə acırlar .Yenidən yeyib içmək mərasimi başladı.
Masanın üstündəki nazı nemətlərə baxıb heç nə yeyə bilmirdi. Sadəcə özünü yeyirmiş kimi göstərirdi. Yenə də gülənlərə təəccüb edib, onların xətrinə gülümsəyirdi.
Toy çox gözəl keçdi. Axşamkından fərqli olaraq indi hamı bəzəkli idi. Hətta Ceyhun axşam gördükləri adamların çoxunu tanımadı. Axşamkı məclis ona ləzzət etsə də, bu günki təntənəyə də heyran qalırdı. Məclisdə bir sanbal var idi. Rəqs edənlər , yallı gedənlər məclisi tez qızışdırdılar. Bəylə gəlin oynayırdı. Uşaqlar onları dövrəyə almışdı. Ceyhun gəlinə baxırdı. Gözəl qızdı , xoşbəxt olsunlar , deyə düşünürdü. Sonra Nahidi qucaqlayıb qulağına xoşbəxt ol , dedi. Bir dəfə qol qaldırıb o da oynadı. Ürəyi sıxılırdı Çölə çıxmaq istəyirdi. Nahidə bir də yaxınlaşıb qulağına :” Süsənə deyərsən ki, Ceyhun səni sevirdi “,- deyib qapıdan çıxdı. Bir taksiyə oturub maşını Kür çayının kənarına sürdürdü. Taksinin pulunu verib söyüd ağacının dibində oturdu. Ayin işığında söyüdün budaqlarının suya düşən kölgəsi oynaşırdı. Azacıq əsən budaqları sağa sola yellədirdi. Ceyhun suya baxırdı. Orada Süsənlə onun toyu idi. Onlar ortada oynayırdı , atası , anası , qohumları onları əhatə etmişdilər. Atası qolunu anasının qoluna keçirib bacıları ilə oynayırdı. Külək artdıqca söyüdün budaqları daha bərk yellənirdi. Və o zaman Ceyhuna elə gəlirdi ki qonaqlar daha sürətlə oynayır. O, gözünü sudan ayırmaq istəmirdi. Çünki dərhal o mehriban ailədən ayrılır , əsl həqiqət gözünün önündə canlanırdı ki, orada nə ailə var idi , nə də mehribanlıq. Halbuki , bir vaxtlar o ailə var idi , onun isti ocağı, dolu bucağı , tükənməz sevgisi var idi. O ocağı sarı qız dağıtdı. Bir vaxtlar atasının maşınında gördüyü boyalı qız. Ceyhun gözünü sudan çəkdi. Reallıqla üz-üzə qaldı . Səhər evlərinə dönməli idi. Bir neçə gündən sonra məhkəmə olmalı idi. Ceyhun anasının halını düşünəndə dəhşətə gəldi . Sevil ailəsinin dağılmağını təsvir etmirdi. Qohumlarla , rəfiqələri ilə danışanda yalan sözdür deyirdi. Zahid məndən heç vaxt ayrılmaz. O uşaqlarını atıb getməz. Zahid isə artıq ayrılmaq üçün məhkəməyə müraciət etmişdi. Özü də getməyə hazırlaşırdı . Bunu kim bilməsə də Ceyhun bilirdi. O yavaş- yavaş əşyalarını aparırdı. Hətta qarajdan da maşın hissələrini daşıyıb aparmışdı. Sevil buna inanmasa da Zahid onu və uşaqları atıb gedirdi.
Ceyhun yenidən suya baxdı. Orada yenə toy idi. Sürətlə axan Kür çayının üzərində , ay işığında oynaşan kölgələrdə yenə ata - analarını , qohumları görürdü. Onlar yallı gedirdi. O , suya diqqətlə baxıb atasınla anasının arasına girmək istəyən sarı qızı gördü. Qız onlara çatırdı ,atasının əlini anasının əlindən qoparmağa çalışırdı. Ceyhun var səsi ilə yox deyib suya atıldı. Ertəsi gün onun cəsədini çox da uzaqda olmayan bir cəngəllikdən tapdılar. Uşaqlar səhərə gəldikləri avtobusla , o isə atasının tutduğu maşınla qayıtdı. Onun cəsədini maşına mindirəndə Nahid hamıdan çox ağlayan Süsənə yaxınlaşıb :” Ceyhun səni sevirdi”,- dedi.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: