Uçurumun kənarında (hekayə)

Uçurumun kənarında (hekayə) Bir həftə olardı ki, onu palataya götürmüşdülər. Hospitala gətirilməsi isə on gün olardı. Vəziyyəti ağır olduğu üçün dörd gün reanimasiyada qalmışdı. Sağalmasına kimsənin ümidi yoxdu. Hətta, həkimlər də onun əməliyyatdan sağ çıxmasına əmin deyildilər. Çünki onun bədəni güllə və qəlpələrdən dəlik-deşik olduğuna görə “aşsüzən”i xatırladırdı. Həkimlər yaralının bədənindən 3 güllə, iki qəlpə çıxarmışdılar. Amma bu hələ hamısı deyildi. Bədənində, ürək nahiyəsinə yaxın yerdə daha bir güllə və baş nahiyəsində isə bir qəlpə qalmışdı. Həkimlər yaralının yaxınlarına demişdilər ki, bunları çıxarmaq çox təhlükəlidir. Həm də bu əməliyyatı daha sonralar – orqanizmin müqavimət imkanının müəyyən qədər artdığı bir vaxtda etmək mümkündür.Yəni xəstə özünü toparlamalıdır. Özü də bu əməliyyat Bakıda deyil, Türkiyədəki Gülhana Hərbi hospitalında edilməlidir.

Fəridin növbəti iynəsini vurmağa gələn tibb bacısı gülərək dedi:
- Qəhrəman, ziyarətçiniz var. Amma bu dəfəki ziyarətçi əvvəlkilərinə heç bənzəmir.
- Kimdir? - Fərid təlaşla soruşdu.
- Düzü, bilmirəm. Yəni, onu burada heç görməmişəm. Gələndə, özünüz görəcəksiniz. İndisə, icazə verin, iynənizi vurum, - deyə tibb bacısı şprisi və spirtli pambığı hazırladı.
Tibb bacısı iynəni vurmaq üçün Fərid üzü üstə çevrildi və sağ əliylə pejamasını azca aşağı çəkdi. Qız iynəni vurarkən həmişəki kimi, Fərid yenə də “uf!” dedi. Qız isə onun bu ufuldamasını görüb soruşdu:
- Qəribədir, bədəninizdən bu qədər güllələr, qəlpələr çıxarılıb, ancaq bircə dəfə də olsun belə onların ağrısından səsinizi çıxartmamısınız. Bəs nədən kiçicik bir iynədən bu qədər ufuldayıb, sızlayırsınız? Mən ki, iynə vurarkən sizi incitmirəm.
- Sevinc xanım, güllə, qəlpə və iynə ayrı-ayrı şeylərdir. Çünki döyüş meydanında insan güllənin ona nə vaxt dəyəcəyindən xəbərəsiz olur. Bu ani olur və sən həmin vaxt heç bir şey hiss etmirsən. Ağrılar sonradan başlayır. İynənin vurulması vaxtını və ağrısını gözləyirsən. Ona görə də özümdən asılı olmadan, instink olaraq ufuldamaq məcburiyyətində qalıram. – deyə Fərid tibb bacısına qısaca izahat verdi.
Yaxşı, xanımı daha gözlətməyim, çıxıram. Bir şey lazım olsa, başının üstündəki düyməni
basarsan, - deyə tibb bacısı palatanı tərk etdi.

***

Sevinc Fəriddən xoşlanırdı. Fəridin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar, şücaətlər barədə dostları danışarkən eşitmişdi. Amma bu xoşlanmadan Fəridin xəbəri yoxdu...
Sevinc palatanı tərk etdikdən sonra Fəridi maraq hissi bürüdü. Onun gözləri ziyarətinə gələn
xanımı görməyə tələsdi. Bu zaman qapı açıldı, əlində gül dəstəsi olan və çiyinlərinə ağ xalat atılmış bir xanım palataya daxil oldu. Fərid bu xanımı tanımadı.
- Salam, Fərid. Sənin döyüşdə ağır yaralandığını yuxumda gördüm. Durub rayondan birbaş Bakıya gəldim. Amma hansı xəstəxanada yatdığını məhəllənizdəki uşaqlardan öyrəndim. - Qız gülə-gülə Fəridin çarpayısına yaxınlaşdı.
Fərid isə bu qızı tanımaq üçün hələ də beynini qurcalayırdı, ancaq bir yerə vara bilmirdi. Qız, Fəridin ona diqqətlə baxdığını, lakin tanımadığını yəqin etdikdən sonra dedi:
- Necə, yəni məni tanımadınmı? Mənəm də, Sevil. İki il bundan öncə həyatımı xilas edən, yenidən dünyaya qaytaran və məni yuvarlanmaqda olduğum uçurumun kənarından qurtardığınız həmin Seviləm.
Fərid bu dəfə də bir şey anlamadı. Ola bilsin bunların hamısı “narkoz”un təsirindəndi. Sevil Fəridin onu, doğrudan da, tanımadığını görüb, əlavə məlumatlar verməli oldu. Belə ki, Sevil ona ilk tanışlıqlarını, yeri olmadığından, həmin o axşam onlarda gecələməsini, qəfil sancılamasını və həmin axşam onu xəstəxanaya aparmasını xatırlatdı. Bütün bunlardan sonra Fəridin beyninin üzərinə sərilmiş dumanlı pərdə sanki çəkilməyə və o, bu qızla yaşadığı on günlük macəralarla dolu anları yavaş-yavaş xatırlamağa başladı...
Məsələ beləydi: Bir gün Fərid məşqdən çıxıb evə gələrkən binanın qarşısında qardaşı Rüfəti bir qızla gördü. Ona bərk acığı tutdu. Onlar eyni binada, ancaq ayrı-ayrı girişlərdə yaşayırdılar. Rüfət evli idi, iki uşağı da vardı. Yaşca o, Fəriddən böyükdü. Rüfətin bu hərəkəti Fəridi bərk qəzəbləndirmişdi. Buna görə də elə qızın yanındaca ona irad tutaraq bildirdi: “Rüfət, bu sənə heç yaraşırmı?! Sən axı, evli adamsan. Sənubər rayondan gələndən sonra bundan xəbər tutsa, ona nə cavab verəcəksən? Ayıb deyilmi? Niyə nəslimizin adını batırırsan? Sənin bu hərəkətin hamımıza utanc gətirir. Qonşulardan, tanış-bilişdən heç utanmırsanmı? Hələ bibimi demirəm. O, sənin bu hərəkətindən xəbər tutsa, qiyamət qoparacaq.”
Rüfət özündən kiçik qardaşına and-aman etdi ki, onun bu işdə heç bir qəbahəti yoxdur. Sadəcə olaraq, qıza kömək etmək istəyirdi. O, metrodan çıxıb evə gələrkən qızın özü onunla tanış olmaq istəmişdi. Qız Rüfətə rayondan gəldiyini və gecələməyə yerinin olmadığını bildirmişdi. O da xeyirxahlıq əlaməti olaraq, həm də uşaqların evdə olmamasından istifadə edərək gecələmək üçün onu evinə gətirmək istəmişdi. Bu işdə onun pis bir niyyətinin olmadığını qardaşına isbat etməyə çalışdı. Ancaq qardaşının iradından sonra Rüfət qızı binanın həyətində buraxaraq, pərt olmuş halda mənzilinə getmişdi. Sonra Fərid də qıza çəpəyi nəzərlərlə baxaraq yuxarı qalxmışdı. Amma on dəqiqədən sonra axşam çörəyi almaq üçün həyətə düşən Fərid qızın hələ də Rüfətgilin “bloku” ağzında dayandığını gördü. Bu dəfə Fərid qıza yaxınlaşıb ondan niyə çıxıb getmədiyini soruşdu. Qız utana-utana dedi:
- Bir az bundan öncə tutulub qaldım. Nə deyəcəyimi bilmədim. Amma biləsən ki, qardaşınızı nahaq yerə danladınız. Onun heç bir günahı yoxdu. Mən özüm onunla tanış olmaq istədim. Rayondan gəlmişəm, Bakıda tanıdığım kimim-kimsəm yoxdu. Bu şəhərdə birinci dəfədir ki, oluram. Qardaşından bir gecəlik qalmaq üçün yer xahiş etdim. O da ailəsinin rayonda olmasını əsas gətirərək, bir günlük müsafir kimi onun evində qalmağıma razılıq verdi.
- Bəs tanımadığın şəhərə nə üçün gəlmisən? Tanımadığın bir oğlanla bir yerdə gecələməyini necə anlamaq olar? - Fərid şübhə dolu nəzərlərlə qıza baxdı.
- Bəzi problemlərim var, onunçün şəhərə gəldim. Amma gördüm ki, bu şəhər ona yad olan adamları heç də yaxşı qarşılamır. Hə, onu da deyim ki, adım Sevildir. - Qız məyus halda cavab verdi.
- Yaxşı, Sevil xanım, başqa gedəcək yeriniz doğrudan da yoxdursa, o zaman insanlıq xatirinə bir gecəlik qonağım olarsınız. Amma bir neçə dəqiqəliyə burada gözləyin, marketdən çörək alıb qayıdıram. - Fərid dedi.
Sevil güldü. Fərid ondan niyə güldüyünü soruşdu:
- Bəs qardaşınız Rüfət mənim sizdə gecələdiyimi bilsə, o zaman siz ona nə cavab verəcəksiniz? Bu doğrudan da gülməli çıxmırmı? - Qız dedi.
- Orasına hələ baxarıq. - Fərid iti addımlarla marketə tələsdi...
Fəridgilin ailəsi doqquz nəfərdən ibarətdi. Onlar dörd qardaş, üç bacıydılar. Fəridin bacıları və iki qardaşı ailə qurmuş, Fərid və ondan kiçik qardaşı isə hələ subaydılar. İki qardaşı və bacıları kənddə, iki qardaş isə Bakıda yaşayırdı. Fəridin bibisi də şəhərdə, onlara yaxın binada olurdu. Xuraman tez-tez Fəridgilə baş çəkirdi. Atası Rəhim kişi Fəridin on yaşı olanda xəstəlikdən dünyasını dəyişmişdi. Kənddə Rəhim kişini hamı xeyirxah, başqalarına canıyanan, hamının hay-harayına yetişən, çətin durumda olanlara, çıxılmaz vəziyyətdə qalanlara həmişə kömək əlini uzadan bir insan kimi xatırlayır. Onun kənd camaatı arasında yaxşı xətir-hörməti vardı, böyükdən kiçiyə hamı ona rəğbət bəsləyir, onu saya salır, imanlı, əsl Allah adamı kimi tanıyırdı. Kənddə onun sözü hamı üçün keçərliydi.
Bir dəfə ot biçini zamanı dəryazçılardan Məcid adlı bir kişini ilan sancır. Təcili türkəçarə edirlərsə də, bir işə yaramır. Kişinin əhvalının pisləşdiyini görən Rəhim vaxt itirmədən yenicə biçilmiş otlardan arabaya döşəyərək, Məcidi götürüb atı rayon mərkəzinə doğru mahmızlayır. O zamanlar hələ kənddə kimsədə maşın yoxuydu. Kənd camaatı alış-veriş üçün rayona atla, eşşəklə, arabayla gedib gəlirdi. Kənddən rayon mərkəzinə olan məsfə on kilometrdi. Həmin vaxt Rəhim kişi Məcidi vaxtında həkimə çatdırmışdı. Bunu həkimin özü etiraf etmişdi. Və həkimlər vaxtında Məcidin həyatını qoruya bilmişdilər. Bu hadisəni kənddə hamı bilirdi. Deyirdilər ki, Rəhim kişi olmasaydı, Məcid indi yaşamazdı. Ondan sonra bir gün axşam süfrəsində Rəhim kişi övladlarına müraciətlə demişdi: “Uşaqlarım, indi söyləyəcəklərim qoy məndən sizlərə bir ata nəsihəti olsun. Hər şeydən öncə, xalqınızı, millətinizi, Vətəninizi sevin, torpağınızı qoruyun! Həyatda ləyaqətlə və şərəflə yaşamağa çalışın. Həyatda yaşadığınız müddətdə xeyir işlər görün, adamların köməyinə yetişin, çarəsizlərin əlindən tutun. Çünki xeyir iş tutmaq insanın ürəyinə toxtaqlıq və rahatlıq gətirər. Məhəmməd Peyğəmbərimiz (s.a.s.) xeyir iş barədə belə deyib: “Xeyir iş görməkdə inadkar olun.” İnamlı və imanlı olun. Sizi Yaradana ibadət edin. Çünki ibadət ruhunuzu Allaha qovuşdurar. Çörəyinizi halal zəhmətinizlə qazanın. Çalışın ki, boğazınızdan haram loxma keçməsin. Övladlarınıza da haram yedizdirməyin. Əmanətə xəyanət etməyin, oğurluqdan çəkinin. Özünüzdən böyüklərə hörmət və ehtiram göstərin. Özünüzdən kiçiklərə yaxşı əməllərinizlə nümunə olun. Zinadan uzaq olun. Başqasının halalına ehtirasla baxmayın. Elm dalınca gedin. Bilikli və savadlı olun. Bilik ən çətin açılan qapıların açarıdır. Çalışın hər zaman həqiqəti söyləyin, hər işinizdə ədalətli olun. Çətin vəziyyətə düşüb, sizdən kömək istəyənləri məyus etməyin, onlara yardım edin. Kimsəni yarı yolda buraxmayın...”
Fəridgil atalarının nəsihətlərinə həmişə əməl etməyə çalışmışdılar. Ona görə də Fərid marketdən çörəyi alandan sonra Sevili də götürüb evinə qalxdı. Artıq hava qaranlıqlaşmışdı, küçə işıqları yanırdı. Fərid evinə dəvət etdiyi müsafirə özünü sərbəst hiss etməyi tapşırdı və idmandan gəldiyi üçün duş almaqdan ötrü hamama girdi.
Fərid hamamdan çıxandan sonra qız onun maykadan açıqca hiss edilən dolu bədəninə və əzələlərinə baxaraq soruşdu:
- Siz idmançısınız?
- Xeyr, idmançı deyiləm. Amma idmanla məşğul oluram. Bunu bağlı olduğum məslək tələb edir.
- Onun necə məslək olduğunu bilmək olarmı? Çünki mən də idmanla məşğul olmaq istəyirəm. Amma kiminsə mənimlə məşğul olması gərəkdir. - Sevil gülərək Fəridə yaxınlaşdı və əli ilə onun əzələli qoluna toxundu.
- Siz doğrudanmı idmanla məşğul olmaq istəyirsiniz, yoxsa bunu sözgəlişi dediniz?
- Doğru sözümdür. İdmanla məşğul olmaq istəyirəm.
- Bu sizin nəyinizə lazımdır?
- Özünü müdafiə etmək üçün qız uşağına idman hökmən lazımdır.
- Eləsə, mən sizlə məşğul olaram. İndi isə bir şey yemək lazımdır.
- Yaxşı oldu. O zaman yeməkdən sonra dərhal idmana başlayırıq, eləmi?
- Sizin üçün necə münasibdir, elə olsun. - Fərid şam yeməyinə bir şey hazırlamaq üçün mətbəxə keçdi.
Şam yeməyindən sonra Fərid qıza özünümüdafiə üçün bəzi idman fəndlərini öyrətmək istədi. Belə ki, o, qıza ilkin olaraq sadə bir fənd işlətməyi qərara aldı. Fənd işlədərkən Fəridin əli yavaşca Sevilin sağ böyrünə toxundu. Bu zaman qız: “Vay, öldüm!” deyə bərkdən qışqıraraq yerə uzandı. Fərid qorxdu. Sevil isə əli ilə sağ tərəfini tutub qışqırmaqda davam edirdi. O, özünü itirmədən qızı qucağına götürüb aşağı düşdü, bir taksi tutub onu yaxınlıqdakı tanış xəstəxanaya apardı. Burada Fəridin tanış həkimi vardı. Xöşbəxtlikdən bu axşam onun növbəsiydi. Həkim qıza baxan kimi xəstənin təcili əməliyyatxanaya götürülməsini tapşırdı. Fərid isə dəhlizdə gözləməli oldu. Qırx-əlli dəqiqədən sonra Fuad həkim çıxdı və Fəridə qorxulu bir şeyin olmadığını söylədi. Qızın kor bağırsağıymış. Əməliyyatın uğurlu keçdiyini bildirən həkim Fəridi sakitləşdirdi...
Üç gündən sonra Fərid qızı xəstəxanadan çıxarıb yenə evlərinə gətirdi. Bir də üç gündən sonra tikişini sökmək üçün həkimin yanına aparacaqdı.
Fərid gündüzlər döyüşçü dostlarıyla idmanla məşq edir, axşamlar isə evə qayıdırdı. Xüsusi təyinatın uşaqları əsasən fiziki sağlamlıqlarına ciddi fikir verirdilər. Fərid döyüşçü dostlarıyla birlikdə Ağdam, Goranboy, Ağdərə, Tərtər bölgələrində bir sıra mühüm tapşırıqları yerinə yetirmişdi. Növbəti tapşırıq Ağdamın Şelli kəndinə hücum edən ermənilərin qarşısını kəsmək və oradakı düşmən bölmələrini məhv etmək idi. Onlar iyirmi nəfər xüsusi təyinatlı dəstənin uşaqlarıyla əvvəlcə kəşfiyyata getmişdilər. Geri qayıdarkən ermənilərin mühasirəsinə düşürlər. Həmin mühasirədə Fərid on iki yoldaşını itirir. Mühasirədən yaralılarla birlikdə cəmi yeddi nəfər çıxa bilmişdi. Fərid yaralı yoldaşını çiyninə alıb sürünərkən arxadan həm yoldaşına, həm də özünə bir neçə güllə dəymişdi. Yoldaşı kürəyindəcə keçinmişdi, ancaq buna baxmayaraq Fərid onu da mühasirədən çıxara bilmişdi. Ölmüş yoldaşını uşaqlara təhvil verrək yenidən digər yaralı yoldaşını xilas etmək üçün geri qayıtmaq istəmişdi. Yoldaşları yaralı olduğunu Fəridə anlatsalar da, buna fikir verməmiş, digər yaralı dostunu qurtarmaq üçün yenidən irəli can atmışdı. O, yoldaşlarından iyirmi metr aralanmışdı ki, yanında qumbara partlamışdı. Fərid yerə yıxılmışdı. Gözlərinə qaranlıq çökmüş, xəyalında son dəfə anasını xatırlamışdı. Anası ona həmişə xoşladığı üçün bişmiş südün üzünü verərdi. O, həm də soyuq aylarda anasının bişirdiyi çörəkləri təndirdən çıxardıqdan sonra qonşu uşaqlarla birlikdə ayaqlarını təndirə salladıqlarını, təndirin közünün altına kartof basdırmalarını, sonra da bişmiş kartofları əlləri yana-yana necə soyduqlarını, yay aylarında isə çayda balıq tutmaq üçün uşaqlarla gəndəlaş bitkisindən düzəltdikləri kolaz çəkmələrini xatırlamışdı... Yoldaşları elə bilmişdilər ki, Fərid ölüb. Lakin ona yaxınlaşanda nəbzinin hələ də vurduğunu hiss etmişdilər. Sonra döyüşçü dostları onu götürüb tez rayon xəstəxanasına aparmışlar. Amma vəziyyəti ağır olduğu üçün Bakıya göndərməli olmuşdular...
Artıq doqquzuncu gündü ki, Sevil Fəridin müsafiriydi. Qız sağalmışdı. Həmin axşam Sevil Fəridə göstərdiyi qonaqpərvərliyə və xeyirxahlığa görə minnətdarlığını bildirdi. Sabah qız rayona gedəcəkdi. Bu zaman qapı döyüldü. Fərid qapıya yaxınlaşıb gözlükdən baxdı və təlaş içində dönüb Sevilə dedi: “Vay, yandım, bibimdir! Səni burada görsə, mənə toy tutacaq...”
Xuraman haradansa Fəridin evində yad bir qızın qaldığını öyrənmişdi. Ona görə də bu xəbəri eşidən kimi birbaş qardaşı oğlunun qapısına dayanmışdı. Fərid qapı arxasında bibisini görən kimi qızı hamamda gizlətməyə çalışmışdı. Amma Xuraman xanım evə girən kimi Fəridin üstünə: “Hanı o, qancıq?! Hardadır o, fahişə?” deyə əsəbi halda ucadan qışqırmağa başlamışdı. Qardaşı oğlu ona mane olmağa çalışmış, ancaq bibi əliylə qoymuş kimi qızı tapıb saçından tutaraq onu hamamdan çıxarmış və onu döyəcləməyə başlamışdı. Birdən Fəridin yadına nəsə düşmüşdü və ucadan bağıraraq demişdi: “Bibi, qız yaralıdı! Ona toxunma! Onu burax! Əməliyyat olunub. İndi yarasının tikişi açılacaq!”
Bu sözdən sonra Xuraman qızı rahat buraxdı. Fərid bibisini sakitləşdirdi və əhvalatı olduğu kimi ona anlatdı. Bibisi Fəridi sona qədər dinlədikdən sonra: “Fərid, bu sənə heç yaraşmır. – dedi. - Sən ki ağıllı oğlansan. Sənin küçə qadınlarıyla nə işin var? Bizim adımız-sanımız var. Gör bir sən kimin oğlusan?”
Bu qızı sabah tezdən rayona yola salırsan. Daha başqa bir söz eşitmək istəmirəm.
Yaxşı, bibi. Mən Sevili sabah rayonlarına yola salacağam. - Fərid bibisini əmin etdi.
Ertəsi gün Fərid Sevili avtovağzala gətirdi, ona bilet aldı, əl çantasına bir az da yolxərci qoydu və dedi:
- Yaxşı ki, bizim kimi adama rast gəlmisiniz, yoxsa şorgöz kişilər sizi çoxdan kirlətmişdilər. Məsləhətim odur ki, bir də şəhərə gəlməyin.
Bu hadisədən iki il keçəndən sonra indi həmin qız yenidən Fəridin qarşısında dayanmışdı. Fərid gülümsündü:
Bəs bu dəfə nədən gəldiniz?
- Sizə bir təşəkkür borcum vardı, onunçün gəldim. O zaman sizə minnətdarlığımı bildirməyə macal olmadı, həm də buna bibiniz imkan vermədi. Bu gün mən sizə hər şeyi səmimi şəkildə etiraf edəcəyəm. Hər şeydən öncə, onu deyim ki, siz mənim xilaskarımsınız. Bu barədə evdəkilər də bilir. Siz mənim həyatımı qurtarmısınız. Məni pis yola düşməkdən çəkindirmisiniz. Namusumun ləkələnməsindən qorumusunuz! Siz məni həyatın dibinə yuvarlanmaqdan xilas etmisiniz. İndi nişanlanmışam. Bu yaxınlarda toyum olacaq. Çox istərdim ki, toyumda qardaş əvəzi olaraq siz də iştirak edəsiniz. Çünki mənim həyatda qardaşım olmayıb. Bir qardaş kimi gəlin köçərkən xeyir-duanı sizdən almaq istərdim. Biz ailədə üç bacı olmuşuq. Bizi anamız böyütmüşdü. Atamız qız uşağı istəmədiyi üçün bizləri atıb birdəfəlik harasa gedib. Mən o zaman Bakıya niyə gəldiyimi sizə indi anladacağam. Evdə olarkən sağ tərəfimdən tez-tez ağrılar tuturdu. Bir dəfə əlacsız qalıb anam məni kənd həkiminə apardı. O, mənə baxıb dedi ki, məndə “apendisit”dir. Təcili əməliyyat olunmalıdır. Yeməyə çörəyi güclə tapırdıq. Əməliyyata pulu hardan tapacaqdıq. Buna görə də anama və bacılarıma yük olmaq istəmədim. Bakıya gəldim. Fikrim də tutmuşdum ki, rastıma çıxan hər hansı bir oğlanla tanış olum. Onunla yatarkən birdən qışqırıb qəsdən böyrümü tutacağam. O da istər-istəməz məni xəstəxanaya aparacaqdı. Və “apendisit”im olduğu məlum olacaqdı. Beləliklə, həmin adamın hesabına əməliyyat olunacaqdım. Yaxşı ki, Allah qarşıma ilk olaraq Rüfət və sizi çıxardı. Sizin kimi namuslu, qeyrətli adamlar qarşıma çıxmasaydı, kim bilir həyatım indi necə olacaqdı. Siz Allah təklifimi və dəvətimi qəbul edin. Məni qırmayın. Sizin kimi qardaşın xeyir-duasına indi həqiqətən də çox ehtiyacım var. Necə olursa-olsun qardaş bacısının xoş günündə onun yanında olmalıdır, elə deyilmi?!
Fərid Sevilin son cümləsindən keçə bilmədi. Və gülərək: “Narahat olma. Sizə xeyir-dua verib, ər evinə bir qardaş kimi mən yola salacağam, bacım!” dedi.

Camal ZEYNALOĞLU
27.05.2016




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: