Şəfa Abdulla: "ADEL" SİNDROMU... Nəsr, Müsabiqə 21 апреля 2016 Hər bir insanın həyatında bir an olur... o bir anın içində insan böyüyür, qocalır hətta ölür... O anda sanki zaman donur, həyat dayanır, yer kürəsi artıq fırlanmır. Hər kəsin həyatında olur o an, yuxudan ayıldığı, xəyallardan oyandığı, göylərdən yerə çırpıldığı, sərt şilləni yediyi, qaranlıq məqamların bir anda aydınlandığı o an. İndi biri durub sübut eləsin ki, bu “Adel sindromu” yox, həqiqi sevgidir. Bəlkə elə məsələ həqiqətən bu qədər bəsitdir... bir şeyin ki isbatı var, sübutu var, düsturu, diaqnozu qoyulur, bir şeyə ki, xəstəlik deyilir, resepti tutulur, müalicəsi aparılır, daha bu sevgi olmadı ki..Bir şey ki tarixə sevgidən başı havalanmış qadının sərsəmləməsi kimi düşüb, onda hansı saf hisslərdən danışılır? Indi durub mübarizə aparacaqsan, soğan qoxusu verən qonşun deyəcək sırtıq və həyasızdır, müəllim deyecək qürursuzdur, yazıçı deyəcək yaxşı mövzudur, həkim deyəcək xəstəlikdir. Adı da “Adel sindromu”...Bunların hansına inanasan?? Hansı yolla gedəsən?Unudun o insanları ki, siz gecənin bir saatında onu düşünərkən o Allah bilir neçənci yuxudadır...Yaxşı sözdür, məntiq dolu, qürur dolu, bunu deyən elə bilib ki, dünyada bir söz var imiş, onu da özü deyib, güya biz bilmirmişik bunu, tək bunun ağlına gəlib.Dəyirmi? Apardığımız mübarizələrə, aparmadığımız mübarizələrə dəyirmi?Həmin o Adel sevdiyi adamı unudub ərə gedərdi, cücə kimi on dənə bala doğardı, tikiş tikərdi, qurjevalı paltar geyərdi, ziyafətlər təşkil edərdi, qonaqların üzünə gülərdi, ərinin çirkli corablarını yuyardı, qızlarına tərbiyə verərdi, onlara üzdə əxlaqlı olmağı, özünü tərbiyəli aparmağı, heç bir kişi ilə göz-gözə gəlməməyi, gizlincə isə ən yaxşı ər namizədini tovlamağı öyrədərdi. Xoşbəxt qadın olardı. Bu lənətə gəlmiş cəmiyyətin bütün standartlarına uyğun “xoşbəxt” olardı. Yəni əslində xoşbəxt yox, bədbəxt olub xoşbəxtlik rolunu oynayardı. Bəlkə də doğurdan xoşbəxt olardı. Hərdən tək qalanda, ərinin qulluqçu qızla yatdığını biləndə, qızları ərə gedib onu tək qoyanda, oğlanları bütün vaxtlarını, pullarını, enerjilərini öz arvadlarına, sevgililərinə sərf edəndə, xərçəng olub yatağa düşəndə, altına ləyən gələndə, şikəst olanda, gecə əri köşək qədər içib yanında xoruldyanda, yuxusu çəkiləndə, hər nə səbəbdənsəəəəə, nəhayət bir dəfə başına göydən daş düşəndə özü, öz taleyi, hissləri, duyğuları barəsində fikirləşmək xəyalına düşsə, nə hiss edərdi? Nə nəticəyə gələrdi? Xoşbəxt hiss edərdimi özünü? Dəyərdimi vaz keçməyə? Milyonlardan biri olmağa, zərrəcik olmağa dəyərdimi? Təslim olmağa, yaşayarkən meyid olmağa dəyərdimi? Bəlkə də dəyərdi. Axı cəmiyyətdə o nümunəvi ana, həyat yoldaşı, qadın, qonşu, gəlin, bacı, övlad hər nə zibilsə, əsası budur cəmiyyət üçün standartlara uyğun biri olardı. Baxmayaraq ki, o cəmiyyətin bütün üzvləri ya onun kimi özünü kiçik dünyasında həbs etmiş riyakarlardan, bədbəxtlərdən, yaxud da hər bir insanda bir qüsur axtaran cəmiyyətin “ağıllı təbəqəsi, məsləhət verən filosofu, stantardları təyin edən” lənətə gəlmiş həşəratlardan ibarətdir. Dəyərmi? O Adel nə cavab verərdi?Bəs bu Adel?Bəs bu Adel nə etdi? Evdən qaçdı, sevdiyi o kişinin, bir qadının sərsəm dərəcəyə çatan sevgisindən qorxan o “kişinin” arxasınca qaçdı. Ölkələri diyar-diyar, qarış-qarış gəzdi, isti yemək yemədi, yumşaq yataqda yatmadı, təmiz paltar geyinmədi, küçələrdə gecələdi, bir hərbiçinin arxasıyca düşüb ölkələr gəzəcək qədər dəlicəsinə sevdi. Dəlixanalara düşdü, təhqir olundu, rədd edildi, ələ salındı, yazıq kimi baxıldı, dəli kimi baxıldı, hər cür hoqqadan çıxdı, hər cür hoqqaya dözdü, bir sevgiyə görə. Dəyərdimi? Axırı nə oldu? Dəlixanaya düşdü, ömrünün son günlərinə qədər o sevginin böyüklüyündən qorxan, ona cavab verməyə münasib bir yeri çatmayan o kişiyə, o “kişiyə” məktub yazdı. Son günə qədər sevdi, son nəfəsinə qədər yazdı, sevdi, yazdı, sevdi, yazdı, dəyərdimi? Hansı dəyər? Birinci Adelin etdikləri, ya ikinci Adelin etdikləri??Bəlkə heç biri dəyməz. Onda yaşamağa dəyərmi?Mənə nə olub? Bir franzujinkaya görə, bir sindroma görə bu qədər aqressivliyə dəyərmi?. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.