AZADƏ NOVRUZOVA: "Sənsizəm..."

AZADƏ NOVRUZOVA: "Sənsizəm..." Azadə Yamən qızı Novruzova - Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Qarakilsə (indiki Ermənistanın Sisian) rayonunun Şəki kəndində anadan olub.
Bakı Dövlət Univetsiteni bitirib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında çalışır.

Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), İLESAM-ın (Türkiye İlim ve Edebiyyat Eseri Sahibleri Meslek Birliyi), ASKEF-in (Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu), Türkmən Ədəbiyyatı Yazarları Birliyinin üzvüdür.

20-dən çox kitabın tərtibçisi və redaktoru olmaqla yanaşı, "Ovunmayan həsrət", "Sən mənim ağ kitabım" adlı bədii əsərlərin və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. Bir çox şeir və esseləri ingilis və rus dillərinə tərcümə edilib.


Biz də Azadə xanıma yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az




İki damla göz yaşısan

Sıxsam gözlərimi dənizə
Gəmilər boğulacaq.
Balıqların donu daralacaq.
Dərya yetim ayrılıqlar doğacaq
Həsrət-həsrət baxışlar boylanacaq
küçələrin gözlərindən.
Qəhər tıxanacaq boğazına
Yosunlar dolaşıq düşəcək.
Telləri əlçimlənəcək dalğaların.
Qağayılar sərgərdan olacaq.
Özgə ellər Vətən olmur qaçqın uşağa.
Vətən yarımır naxələfdən oğul doğanda.
Noğullar kəsərsiz olur,
Oğullar fərsiz olanda.
Arılar bal yığammır,
Çiçəklər solanda.
Yağış ol ələn üstümə,
Quruyum gün çıxanda.


Bu gecə yuxumda bir uşaq ağlayırdı...

Bu gecə yuxumda bir uşaq ağlayırdı,
Əlləri xınalı, telləri qıvrım.
Can deyib, haray çəkirdi.
Harayı dağ çəkirdi.
Gözündən od tökülürdü,
Alışıb, yanırdı dünya!

Bu gecə yuxumda bir uşaq ağlayırdı,
Əynində qırmızı don, ayağı yalın.
Don vurmuşdu ayağını,
Ünü ərşə çatırdı.
Diziüstə çökmüşdü
Səcdədən qalxırdı dünya!

Bu gecə yuxumda bir uşaq ağlayırdı,
Xocalıdan...
Gəlinciyi qucağında.
Cəsədi qar içində.
Yiyəsi ölmüşdü,
Ortalıqda qalmışdı dünya!


Ümid var hələ...

Ümid var hələ...
Hələ qışın oğlan çağıdır.
Bahar gəlməyib hələ...
Qar üşüdür nar ağacının əllərini.
“Xocalı” parkında var-gəl edə-edə
dünyanın qarasınca deyinir
əli Allahın ətəyində olan bəndə...
Qar üstündə “SƏNİ SEVİRƏM” yazır
gəncin biri.
Qulağımda adın cingildəyir...
Bu an rəsmini çəksəydim
boyanın bütün çalarlarıyla
“sənsiz olmur”u anladar...
və yanağındakı xalın kölgəsini qaralayardım.
Ağlaya-ağlaya gülən gözlərinin parıltısının...
birdə tez-tez küsməyinin altını
çizərdim qırmızıyla...

Ümid var hələ...
Hələ qışın oğlan çağıdır...
Qar ələnir payızda söylədiyin nağıllarda...
Ayaq altında xırçıldadıqca
sevildiyindən xəbərsizdir
qar dənələri...
Yuxumu xeyirə yozan
anamın nur üzünə açılan sabahlara
İstək göyərdən narın yaz yağışlarına...

Ümid var hələ
Hələ qışın oğlan çağıdır...
Qar örtür sığalına mürgüləyən
alabəzək pişiyin ləpirlərini...
Bahar gəlməyib hələ...


Nə gözəl yağırsan, ay yağış…

Nə gözəl yağırsan, ay yağış,
Elə bil, sevincdən bir gözəl ağlayır göydə.
Daş üstə düşən damcılar
Xoşbəxtlik üçün gəlin dabanında
sınan şüşə qabın
sevincini yaşadır öz ritmi ilə.
Pəncərənin şüşəsinə çırpılan
damcılar bayıra can atan körpənin üzünə gülür,
divanda mürgüləyən nənəsinin
dodağına qonan təbəssümlə.
Nə gözəl yağırsan, ay yağış
Göydə gülən o gözəlin gözlərindən süzülüb,
yerdə küsən
mən gözəlin izlərini yuyursan…


Sənsizəm....

Adını yazmışam nəlbəkimin arxasına
İsti saxlasın çayımı.
Qurutmusan Allahın göz yaşını
daha bizə yağmır yağış...
Dolu tökür, ardıncada qarlayır...
Soyuq olur evimiz.
Adın isidir istəkanı qucaqlayan əllərimi...
Yuxumda yenə oxuyurdun...
"Təbrizin küçələri dalanbadalan"
Qaragiləm, gəl silim gözün yaşın
bəri dolan.


Sən hardan biləsən?

Sən hardan biləsən....
Küsüb öz-özünə barışmaq nədir?
Susmaq...
danışmamaq nədir?
Özünü yada salmaq
təkrar-təkrar yazmaq, pozmaq
ürəyi durmamaq nədir?
Yerdə göylə, göydə yerlə əlləşmək
Sevmək, sevmək , sevmək nədir?
Allahın evində birdən...
Səndən darıxmaq nədir?


Bu gün yağış bizə yağır

Bu gün yağış bizə yağır
Evimizə, küçəmizə.
Əlində əsir olduğum
həsrətin üzünə baxıb,
Gülə yağır, gülə yağır...
Sevincək olubdu yağış
Elə yağır, elə yağır...
Ayrı-ayrı adda elə
Bakıya, Təbrizə yağır.
Bizə yağır, bizə yağır...
Bu gün yağış belə yağır,
Elə yağır, elə yağır...

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: