Yunis QARAXANOV: "ADƏMdən ADAMa dəyişdi Dünya!..."

Yunis QARAXANOV: "ADƏMdən ADAMa dəyişdi Dünya!..." GEDİRƏM MƏN YENİ İLİMƏ DOĞRU

Mən köhnə dərdimlə, köhnə qəmimlə,
Gedirəm mən yeni ilimə doğru.
Əyilən qəddimlə, sınan qəlbimlə,
Gedirəm mən yeni ilimə doğru.

Nə bir yenilik var, nə sevinc, fərəh,
Vaxt - zaman məhduddur, ömürsə gödək.
Üz tutub yaradan Tanrıya bir tək,
Gedirəm mən yeni ilimə doğru.

Tək bircə arzum var, həsrətdən uzaq,
Qüssədən, kədərdən, möhnətdən uzaq,
Ən böyük günahdan, dəhşətdən uzaq,
Gedirəm mən yeni ilimə doğru.


GÜNDƏ YÜZ YOL SƏNİNLƏ

Bir ümidin işığında
yüz arzuya qapanıb,
Xəyal qurub yaşayıram
gündə yüz yol səninlə.
Hər arzuda yazıq ürək,
bəlkə, yüz yol yıpranıb,
Yaşlanıram, yaşlanıram,
gündə yüz yol səninlə.

Hər arzuda bir sən varsan,
bir mən varam,
bir də ki,
Səninlə xəyal qurub,
yaşadığım xəyal dünyam.
Başqası gərək deyil,
bir tək sənsən ürəkdəki,
İstərəm gerçəkdə də
bir tək yalnız səni duyam.

Toxunanda isti, sıcaq öpüşünü
hiss edəm,
Ruhumu asta - asta, yavaş - yavaş
mən kövrəldəm.
Yandır məni fərağında,
yandır məni,
qoy yanım,
Mən bu gözəl tamaşaya
dözməyib, havalanım,
Məcnun olub,
səhər - axşam səhraları dolaşım,
Fərhad olub,
qayalarla,
Bisütunla çarpışım.

Bir ümidin işığında
yüz arzuya qapanıb,
Xəyal qurub yaşayıram
gündə yüz yol səninlə.
Hər arzuda yazıq ürək,
bəlkə, yüz yol yıpranıb,
Yaşlanıram, yaşlanıram,
gündə yüz yol səninlə.


KİŞİ

Sevəndə sevgisi daşlara dəyən,
Həsrət şuh qəddini ikiyə əyən,
Yollara göz dikib, gözünü döyən,
Baxıb, öz içində ağlayan kişi.

Kişi qürurundan heç zaman enməz,
Dərdini, qəmini heç kəsə deməz.
İçində qəlbini yükləyər, dinməz,
Qəlbini çal - çarpaz dağlayan kişi.

Deyirlər kişilər dözümlü olur,
Bir az da vüqarlı, əzimli olur,
Bəzən də bəxtindən bezməli olur,
Bəxtin qapısını bağlayan kişi.

Bu zalım, amansız, vəhşi dünyada,
Yunis tək baş əymir heç zaman yada.
Qüruru, əzimi getməsin bada,
Kişilik adını saxlayan kişi.


ADƏMDƏN ADAMA DƏYİŞDİ DÜNYA

Tanrı xəlq eylədi, yaratdı Adəm,
Sonra da Həvvanı yaratdı həmdəm.
Lütf edib, bəxş etdi gözəl bir cənnət,
İnsansa bu lütfə etdi xəyanət.

Uydu kor şeytanın yalan vədinə,
Əyildi içində olan nəfsinə,
Eşidib duymadı Tanrı sözünü,
Üz döndü Tanrının inanc, dininə.

Tanrının sözünə o, hey zidd getdi,
Dünyanı hey bölüb, o, hey sədd çəkdi.
Tökdü nahaqq yerə qardaş qanını,
Aldı neçə - neçə məzlum canını.

İstədi dünyada təkcə bu olsun,
Özünə ad qoydu, oldu o, firon.
Özünə əbədi o, taxt - tac qursun,
Şahlığı bitməsin, olmasın heç son.

Var - dövlət artdıqca eylədi zülüm,
Dedi bu dünyada təkcə mənəm, mən.
Mənə gərək deyil axirət, ölüm, -
Deyib, əl çəkmədi eyiş - işrətdən.

Bəzən də bölündü, xırdalandı mən,
Ayaqlar altına düşdü ləyaqət.
Satıldı ya pulla, ya pulsuz bədən,
İtdi abır - həya, itdi şərafət.

Tövbədə bulunsun, geri qayıtsın,
Nifaqın, nifrətin daşını atsın,
Kəsmədi heç zaman əhdi - ilqarı,
Peyğəmbər göndərdi yerə hey Tanrı.

Ötüşdü nəsillər , dəyişdi zaman,
Azaldı get - gedə insanda iman.
Düzəlməz bir daha, etməyək güman,
Adəmdən adama dəyişdi dünya.


BAXMA ŞƏKİLLƏRDƏN NİFRƏTLƏ MƏNƏ. . .

Baxma şəkillərdən nifrətlə mənə,
Təkcə şəkillərdir yadigar qalan.
Qorxuram nifrətin dil açıb dinə,
Alar xatirəni, qallam nigaran.

Baxma şəkillərdən nifrətlə mənə,
Şəkillər çox şeydir, bəlkə də, beş il,
Ömrümdən çaldığın xoşbəxtliyimin,
Hər anı, hər günü, hər ayıdır, bil.

Baxma şəkillərdən nifrətlə mənə,
İzin ver, bir az da yanında qalım.
Sənli təsəllimdir sənsiz dünyada,
Onu da gəl alma, qadanı alım.

Baxma şəkillərdən nifrətlə mənə,
Qəlbim qan içində, ruhum pərişan.
Məgər sevgimizin yoxmu xətiri?
O sevgi xətrinə sən olma düşman.

Baxma şəkillərdən nifrətlə mənə,
Yunisin zərrəcə yoxdur günahı.
Səninlə bağlanan arzularımı,
Sən özün puç edib, getmisən, axı?


* * *

Ananın qəlbini qıran, ey insan,
O qəlbdə sevgiylə gəldin dünyaya.
Bir düşün, bir daşın, bəlkə, bir dayan,
Dilin var gəldimi o qəlbə qıya?

Şeytan əməlinlə qıyma cənnətə,
Yoxsa çatammazsan şana, şöhrətə.
Sahib çıx içində ara, qeyrətə,
Yaransın üzündə zərrəcə həya.

Varlığı nəşədir, yoxluğu ələm,
Onsuz bir an belə dözməyib ölləm.
Yunisəm, alanda əlimə qələm,
Yazıram ilk öncə şeir anaya.


DAHA BİR İLİMƏ KEÇİRƏM SƏNSİZ

Görmədim böyməyin, körpə yerişin,
Daha bir ilimə keçirəm sənsiz.
Gördüm bu dünyanın yeni gərdişin,
Daha bir ilimə keçirəm sənsiz.

Canımdan can qopur, ağrıyır qəlbim,
Bu ağrı, sızıya ağlayır qəlbim,
Özü öz içini dağlayır qəlbim,
Daha bir ilimə keçirəm sənsiz.

Bəlkə də, fələyin oynudur belə,
Sənsiz illərimi calayır ilə,
Od vurur köksümdə çırpınan könlə,
Daha bir ilimə keçirəm sənsiz.

Bilmirəm, nədəndir dərd məni seçir,
Doğrayıb, doğrayıb, ruhumu biçir.
Bir il də beləcə ötüşüb keçir,
Daha bir ilimə keçirəm sənsiz.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: