BAYRAĞI DÜŞMƏNƏ VERMƏYƏN OĞUL

BAYRAĞI DÜŞMƏNƏ VERMƏYƏN OĞUL “Azadlıq uğrunda hər cür müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir”
J.Lakorder


2020-ci ilin 27 sentyabrda başlanan 44 günlük müharibə bizə Zəfər Gününü yaşatsa da, otuz illik ayrılığın ürəklərdə açmış yaralarını qismən azaltsa da, tamamilə sağaltmadı. I Qarabağ müharibəsindən ötən otuz il ərzində düşmən işğalında qalan torpaqlarımızın azadlığı uğurunda minlərlə şəhidlərimiz Vətən üçün canlarından keçdilər, yaralılarımız oldu, sonra Aprel döyüşlərimiz, Tovuz hadisələri və nəhayət II Vətən müharibəsinin ağrıları. Gedənlərimizin çoxu qayıtmadı. Müharibə şəhidsiz, itkinsiz, yaralısız mümkün deyil. Yüzlərlə oğullarımız bu müharibələrdə itkin düşdü. Torpaq uğurunda döyüşə atılan və İtkin düşən igidlərimizdən biri də I Qarabağ müharibəsinin döyüşçüsü Qasımov Natiq Səlim oğludur.
Natiq Qasımov mətbuat səhifələrində, saytlarda və sosial şəbəkələrdə “Bayrağı düşmənə verməyən oğul” adı ilə dillərdə dastana çevrildi.


Bu gün “Elm və Təhsil” qəzetinin və “Şərqin səsi” qəzetlərinin baş redaktoru olaraq mən də igidimiz haqqında yazmağı özümə borc bildim. Qəhrəmanımızın qardaşı Nofəl Qasımova göstərdiyi köməyə görə həm öz adımdan, həm də redaksiyamızın əməkdaşları adından təşəkkürümü bildirirəm.
Gənclərimizə örnək olan cəsur döyüşçülərimizi tanıdaq.

1987-ci ildən başlayaraq və 1990-cı illərin ilk günlərindən yenidən Azərbaycanda hökmranlıq iddiasında olan nankor qonşularımız ermənilər tərəfindən başlanan və elan olunmamış müharibənin dəhşətləri çox ailələrin çırağını söndürdü. Analar oğulsuz, gəlinlər ərsiz, uşaqlar atasız qaldılar. Gözlənilməyən müharibə lap qapının ağzında idi. Vətən ölüm-dirim savaşı ilə qarşı-qarşıya dayanmışdır. Azərbaycanın igid oğulları Vətənin müdafiəsinə qalxdılar.
Sovetlər İttifaqından yenicə ayrılmış Azərbaycanın vəziyyəti o qədər də ürəkaçan deyildi. Çünki, hələ nizami Milli Ordumuz formalaşmamışdı. Vətəni düşməndən müdafiə etmək üçün müxtəlif könüllü batalyonlar yaradılmışdı. Artıq ölkədə iqtisadi böhran yaranmış, xaos başlamışdı. Hər kəs Vətənin müdafiəsi üçün gözlərini qırpmadan ölümə getməyə hazır idi, təki Vətəni qoruya bilsinlər.
I Qarabağ müharibəsindən(erməni separatçı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi)otuz ildən artıq vaxt keçməsinə baxmayaraq, bu müharibədə həyatını torpağa qurban verən, özünü Vətən harayına yetirən igid oğullarımız olmuşdur ki, onların haqqında yetərincə yazılıb və hələ də yazılmaqdadır. Belə igid oğullardan biri də Natiq Səlim oğlu Qasımovdur.

Azərbaycanın tarixən igidlər, qəhrəmanlar diyarı olduğu məlumdur. İgid oğullarımız hər dövrdə ölkəmizə edilən təcavüzlərə qarşı qətiyyətlə döyüşmüş, göstərdikləri qəhrəmanlıqları ilə dillər əzbərinə çevrilərək, dastanlara dönmüşlər. Bu gün də Azərbaycanın belə igid oğulları yüzlərlə, minlərlədir. Biz Natiq Qasımovun adını elə-belə söz gəlişi çəkmədik. Natiq elə igidlərdən idi ki,cəsarətlə təkbaşına düşmənin qarşısına çıxmışdı.
Azərbaycan igidləri 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən müharibədə qəhrəmanlıqlarını göstərərək, bütün dünyaya sübut etdi.
1988-ci ildən başlanan, ölkəmizə qarşı erməni qəsbkarları tərəfindən irəli sürülən torpaq iddiası hər bir azərbaycanlı kimi Natiqin də qüruruna toxunmuş, onu Vətənin harayına səsləmişdir. Çox gənc olan Natiq də digər ogullarımız kimi doğma torpağımızı işğal etmiş düşmənə cavab vermək üçün könüllü olaraq Qarabağa yollanmışdır.

Natiq Qasımovun göstərdiyi şücaəti haqqında nəinki, bir yazı, bir hekayə yazmaq olar, hətta bir əsər, bir roman belə yazılsa yenə azdır.
Mən məqaləmə yazdığım başlığa təsadüfən rast gəldim. “Bayrağı düşmənə verməyən oğul” sözü diqqətimi cəlb etdi. Maraqlandım,oxudum. Natiq Qasımov adlı bir əsir döyüşçü haqqında idi. Bu məlumat məni elə duyğulandırdı ki, mən bir anlıq gözlərimin önündə Natiqin keçdiyi döyüş yolunu, canlandırdım. İyirmi iki yaşlı bir gəncin, məsəllərdə deyildiyi kimi “şir ürəyi yeyib” misalını xatırladım və onun haqqında bir Azərbaycan ziyalısı, bir vətəndaş, jurnalist olaraq yazmağı özümə borc bildim. Axtarışım elə də çətin olmadı. Qəhrəmanımızın qardaşı Nofəl Qasımovla əlaqə saxladım.
Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramurad kəndində anadan olmuş, gözəl Gədəbəyin səfalı havasını udmuş, suyunu içmişdir. O, elə kiçik yaşlarında, yəni, 1975-ci ildə isə ailəsi ilə birlikdə Mingəçevir şəhərinə köçmüş, orta məktəb təhsilini də orada almışdır. Ölkəmizdə siyasi-hərbi vəziyyətin qarışıq olduğu çox ağır bir vaxtda Natiq Rusiyaya əsgəri xidmətə getmişdir. Ağır dövr ona görə deyirəm ki, Sovet İmperiyasının dağılması ərəfəsində, hərc-mərcliyin baş alıb getdiyi vaxtda Natiq vətəndən uzaqlarda, Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunların hərbi heyətində əsgəri xidmətini yerinə yetirmişdir. Bu illər ərzində sovetlər birliyinin tərkibində olan respublikalar bir-birinin ardınca SSRİ-dən ayrılaraq, öz müstəqilliklərini elan edirdilər. Azərbaycanda da vəziyyət eyni idi. Lakin, bizim digər respublikalardan bir fərqimiz də onda idi ki, mənfur qonşumuz olan ermənilər həmişə olduğu kimi yenə torpaq məsələsini ortaya atmış, aranı qarışdırmışdılar. Ermənilər vaxtı ilə ölkəmizin bir hissəsində (İrəvan quberniyasında) çar Rusiyası tərəfindən zorla yerləşdirilsələr də, gözləri doymamış, yenidən torpaq iddiasına düşmüş və Qarabağı da Azərbaycanın tərkib hissəsindən ayırmağa çalışırdılar. Bu səbəbdən ölkəmizdə həm siyasi-ictimai, həm hərbi, həm də iqtisadi vəziyyət gərginləşmişdi.

Vətənin üzərini qara buludların aldığı zaman Natiq Qasımov Rusiyada əsgəri xidmətini başa vurub, 1991-ci ildə evlərinə qayıdır.
O, hərbi xidmətdən qayıtdıqdan bir az sonra Xocalı faciəsi baş verir. Evdə qərar tuta bilməyən Natiq anasına məktub yazıb qoyaraq, cəbhəyə yollanır. Xocalıda əsir düşən qız, gəlinlərimizi xilas etmək, həlak olanların qisasını almaq üçün yenidən hərbiyə qayıdan Natiq amansız düşmənin nələr törədə biləcəyini bilərək, hər şeyi göz önünə alır və Vətənin müdafiəsinə yollanır.
Döyüşə ilk olaraq Ağdam cəbhəsinin “Qarabağ Şahinləri” batalyonunda başlayır. Dəstənin rəhbəri-komandiri döyüşçülər arasında Qatır Məmməd adı ilə məşhur olan Yaqub Ələsgər oğlu Rzayev idi. Natiq ilk günlər bu batalyonun tərkibində Ağdam-Xankəndi istiqamətində gedən bir neçə döyüşdə iştirak edir.

Ağdamın Xramort kəndi yaxınlığında qanlı döyüş başlayır. Xüsusi tapşırığı yerinə yetirməyi, strateji bir yüksəkliyi azad etmək Natiqgilin dəstəsinə tapşırılır. Ağır döyüşdən sonra 31 nəfər cəbhə dostları şəhid olan Natiq, altı nəfər döyüşçü yoldaşı ilə mühasirədə qalır. Natiq mühasirədə olsa da təslim olmaq barədə düşünmürdü. Atışma davam edirdi, az sonra Natiqin yanındakı dostları da həlak olur. Döyüşçü dostlarının hamısının həlak olduğunu görən Natıq, xəlvətcə yaxınlıqda olan Alban kilsəsinə daxil ola bilir. Beş gün ac-susuz düşmənlə təkbaşına döyüşür. Düşmənə sərrast atəşlə cavab verən Natiq bilirdi ki, buradan sag çıxması mümkün deyil, amma o təslim olmamaq üçün son nəfəsinədək döyüşməyi qərara alır. Düşmən tərəf kilsədə xeyli döyüşçünün olduğunu düşünürdü.Onlar kilsədə Natiqin tək olmadığını düşünərək, kilsəni partlatmaq qərarına gəlirlər. Birdən onların ağlına əsir götürdükləri xocalılardan istifadə etmək gəlir. Əsirlərin içərisindən azərbaycanlı məktəb direktoru olan Cəfər Cəfərovu(Xocalı əsiri) Natiqlə danışmağa göndərirlər. Cəfər müəllim kilsəyə girəndə zülmət qaranlıq olduğundan göz-gözü görmürdü. O tez azərbaycanlı olduğunu söyləyir və əgər təslim olmasan iyirmi iki nəfər Xocalı sakinini güllələyəcəklər-deyir. Sonra Cəfər müəllim Natiqə: qaçmaq üçün imkanın var idi, niyə qaçıb canını qurtarmadın?-dedikdə Natiq: komandirimiə söz vermişdim, qaça bilməzdim-deməsi Cəfər müəllimi olduqca kövrəldir
. Cəfər müəllim çıxışlarında Natiq Qasımovun Vətən sevgisi, millət sevgisi onu təslim olmağa vadar etdiyini və təki o günahsiz insanlar güllələnməsin-söylədiyini-demişdi.

Natiq Qasımov kilsənin üzərinə sancmış olduğu bayrağı çıxararaq sinəsinə sıxır və beləcə düşmənin üzərinə əlində Azərbaycanın üçrəngli bayrağını tutaraq kilsədən çıxır. O hətta silahında qalan iki gülləni də havaya atır ki, düşmən o güllədən bizimkilərə qarşı istifadə edə bilməsin. Düşmən kilsədən Natiqin tək çıxdığını və onlarla tək döyüşdüyünü bildikdə heyrətlərini gizlədə bilməmişdilər. Düşmənin özü Natiqin Vətənə, bayrağa olan sevgisindən düşmən dəhşətə gəlmişdi.
İyirmi iki yaşlı Natiq gəncliyinin ən çılğın dövrünü yaşayırdı. Odur ki, o da digər Azərbaycan gəncləri kimi qorxmadan bayrağı sinəsinə sıxaraq,cəsarətlə irəli addımlayırdı. Çox ağır vəziyyətlə qarşılaşan Natiq, qarşıda onu nələrin gözlədiyini bilirdi. Lakin qürurunu endirmədən düşmənin üstünə mərd-mərdanə gedirdi.
Əgər bu gün Natiq Qasımov aramızda olsaydı əlli bir yaşını qeyd edəcəkdi. Lakin, Natiq Qasımovun ailə üzvləri, doğmaları, onu yaxından tanıyanlar cəsur döyüşçünün bir gün qayıdacağına ümid edir, yolunu gözləyirlər. Biz də istərdik ki, igidimiz sağ-salamat Vətənə qayıtsın, keçdiyi o ağır, məşəqqətli döyüş yolunu öz dilindən Azərbaycan ictimaiyyətinə çatdırsın.
Anası Dursun Qasımova oğlu Natiqin müharibəyə getməsinə narazılıq etsə də Natiq sözündən dönmür. Anasının və qardaşı Nofəlin Natiq haqqında danışıqlarından onun qeyri adi xüsusiyyətlərə malik olduğunu dinlədikcə, belə igid oğlu olan Vətənin övladı olmağımla fəxr etdim.
Natiq Qasımovun təkbaşına beş gün düşmənlə döyüşdüyü, 22 azərbaycanlı əsiri xilas etmək üçün özünü düşmənə təslim etdiyi, göstərdiyi igidliyini nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Natiqi tanıtdı.

Böyük Britaniyanın Broken Pot Media Şirkəti Natiq Qasımovun haqqında toplanmış materiallar əsasında “Oğul” adlı sənədli filmini çəkmişdir. “Nizami” kino mərkəzində təqdimatı olan bu film bütünlüklə 1992-ci ildə Ermənistan-Azərbaycan müharibəsində əsir götürülmüş Natiq Qasımovun axtarışlarına həsr olunmuşdur. Əlində üçrəngli bayrağı tutmuş və düşmənin yanında şəstlə yeriyən Natiq Qasımovu iki saqqalı erməni müşayət edirdi. Bunlardan biri müharibədə azərbaycanlılara qarşı vəhşiliklər törətməkdə təqsirli bilinən Vitali Balasanyan idi.
Böyük Britaniyadan olan rejissor Karan Sinq bu filmin çəkilişlərinin Azərbaycanda, Ermənistanda, Qarabağda, Birləşmiş Krallığında aparıldığından, həmçinin rusiyalı çıxışçıların olduğunu, filmdə hərbi əsir Natiq Qasımovun sonu bilinməyən acı taleyindən bəhs edildiyini söylədi. Hətta, italyan fotoqrafı Enriko Sarzini əlində olan fotoların birində Vitali Balasanyanın olduğunu deyir. Vitali Balasanyan isə fotoda özünün deyil, başqa erməni hərbiçisinin olduğunu söyləsə də onu tanıyanların vasitəsilə bu fotonun Vitaliyə aid olduğu sübuta yetirilir.
Hərbi əsir götürülmüş 22 yaşlı Natiq Qasımovun keçdiyi döyüş yolu əsl qəhrəmanlıq dastanıdır. Yəqin ki, qəhrəmanımız göstərdiyi şücaətinə görə gec də olsa dövlətimiz tərəfindən layiqli qiymətini alacaq və Milli Qəhrəman kimi, Vətən Qəhrəmanı kimi hərb tariximizdə qalacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Natiq Qasımova həsr olunmuş şeir.

Qızıl həriflərlə bir tarix yazdın,
Düşmənə göz dağı bir məzar qazdın,
Yolun hara getdi, hayanda azdın,
Sözündən heç zaman dönməyən oğul,
Bayrağı düşmənə verməyən oğul.

Sənin igidliyin, qəhrəmanlığın,
Dillərdə dastana dönən varlığın,
Əlində üçrəngli Vətən bayrağın,
Haqqında dastanlar bitməyən oğul,
Bayrağı düşmənə verməyən oğul.

Qorxmadın düşmənlə üz-üzə qaldın,
Qeyrəti, namusu belə qorudun.
Tək qalıb döyüşdün, dönüb qaçmadın,
Günlərlə ac qalıb yeməyən oğul,
Bayrağı düşmənə verməyən oğul.

Sinən sipər oldu xalqa, millətə,
Vətənin yolunda dözdün zillətə,
Düşmən heyran qaldı bu cəsarətə,
Əlini silahdan çəkməyən oğul,
Bayrağı düşmənə verməyən oğul.

Düşmən qarşısında vüqarla durdun,
Vətənin adını sən uca tutdun,
Verdin torpağına sən oğul burcun,
Qəddini ölümə əyməyən oğul,
Bayrağı düşmənə verməyən oğul.

Səni bu el, oba, bu torpaq, məkan,
Unutmaz nə qədər keçsə də zaman.
Sənsən ürəklərdə yaşayan, qalan,
Bir qarış torpaqdan keçməyən oğul,
Bayrağı düşmənə verməyən oğul.

BAYRAĞI DÜŞMƏNƏ VERMƏYƏN OĞUL
PƏRİXANIM MİKAYILQIZI
“Elm və Təhsil”, “Şərqin səsi” qəzetlərinin
baş redaktoru, AJB-nin üzvü, şair-publisist,
nasir, F.b.Köçərlinin tədqiqatçısı,
“Xarı Bülbül” və “X.b.Natəvan” medalıları və
bir çox media mükafatları laureatı


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

ŞƏHİDLƏRİMİZ, "Elm və Təhsil", "Mən Şirvanın səsiyəm", UNUTSAQ, UNUDULARIQ!....
AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

AzTU-nun rektoru universitetin şəhid məzunu Natiq Baxşəliyevin ailəsini ziy ...

ŞƏHİDLƏRİMİZ, YAP, AzTU
“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

"Mən Şirvanın səsiyəm", "Elm və Təhsil"
Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ - İbad Mirzəyev !

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ - İbad Mirzəyev !

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Əfqan Axundov - CƏSUR DÖYÜŞÇÜ

Şəhid Əfqan Axundov - CƏSUR DÖYÜŞÇÜ

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” fil ...

AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” fil ...

AzTU
BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZ VAQİF PAŞAYEV

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZ VAQİF PAŞAYEV

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
VƏTƏNİ SEVMƏYİN YAŞI YOXDUR

VƏTƏNİ SEVMƏYİN YAŞI YOXDUR

Qarabağ, "Elm və Təhsil"
Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Başkeçid, Hüquq
KAMAL QASIMOV - 110

KAMAL QASIMOV - 110

UNUTSAQ, UNUDULARIQ!....
Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

ŞƏHİDLƏRİMİZ
Şəhid İzzət Həmidovun YARIMÇIQ QALMIŞ ÖMÜRÜ

Şəhid İzzət Həmidovun YARIMÇIQ QALMIŞ ÖMÜRÜ

ŞƏHİDLƏRİMİZ, Sumqayıt, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Borçalı, Təbriklər
MİLLİ QƏHRƏMANIM SAMİR XASİYEV

MİLLİ QƏHRƏMANIM SAMİR XASİYEV

ŞƏHİDLƏRİMİZ
ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV

ŞƏHİD PİLOTUMUZ XALİD GÖZƏLOV

ŞƏHİDLƏRİMİZ, Qarabağ, UNUTSAQ, UNUDULARIQ!....
Qafqazın ən böyük “Böyük Yalan”ı... - Natiq Abdullayevin yeni kitabı

Qafqazın ən böyük “Böyük Yalan”ı... - Natiq Abdullayevin yeni kitabı

Yeni nəşrlər, Qarayazı, Təbriklər
VƏTƏN HƏR ZAMAN İGİD OĞULLARI İLƏ GÜCLÜ OLUR

VƏTƏN HƏR ZAMAN İGİD OĞULLARI İLƏ GÜCLÜ OLUR

Qarabağ, "Şərqin səsi"
ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

ŞƏHİD OLMAQ ONUN ARZUSU İDİ

ŞƏHİDLƏRİMİZ, Qarabağ, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: