ZƏLİMXAN YAQUB FƏXRİ XİYABANDA ANILDI Digər » UNUTSAQ, UNUDULARIQ!.... 9 января 2018 Bu gün Xalq şairi Zəlimxan Yaqubun dünyasını dəyişməsinin ikinci ildönümüdür. Zəlimxansevərlər, yaxınları və doğmaları, ailə üzvləri Fəxri xiyabandakı məzarı başında şairi anıblar. ZiM.Az xəbər verir ki, Əməkdar Mədəniyyət İşçisi, Zəlimxan Yaqubun yaxın dostu və ədəbi irsinin araşdırıcısı Musa Nəbioğlu şairin hələ sğlığında ikən özünə milyonların qəlbində abidə qurduğunu vurğulayıb və bu yaxınlarda onun xatirəsinə ehtiram əlaməti olaraq “Zəlimxan özü var xatirələrdə” adlı kitabın işıq üzü gördüyünü deyib. Qeyd olunub ki, kitabda Z.Yaqub dünyasını dəyişəndən sonra onun haqqında yazılmış elmi-publisistik məqalələr və ona ithaf olunmuş şeirlər yer alıb.Sonra Millət vəkili Qənirə Paşayeva çıxış edib. O, Zəlimxan Yaqubun həm bir şair, həm də bir şəxsiyyət kimi böyüklüyündən söz açıb, Azərbaycan ədəbiyyatındakı yerini və rolunu vurğulayıb. Tədbirdə çıxış edən gənc şairlər Qılman İman və Anar Amin Zəlimxan Yaqubun söz-sənət aləmində hər zaman yerinin göründüyünü, onun gənc ədəbi qüvvələrə daim qayğı göstərdiyini vuruğlayıb, onunla bağlı xatirələrini bölüşüblər. Şairin doğulub boya-başa çatdığı Borçalının Kəpənəkçi kəndinin adından çıxış edən “Kəpənəkçi” Xeyriyyə cəmiyyətinin sədri Azər Göyüşov öz çıxışında təkcə kəpənəkçililərin deyil, bütövlükdə borçalıların Zəlimxan Yaqubla hər zaman qürur duyduğunu deyib, bu böyük söz ustadı ilə bağlı gələcəkdə həyata keçirəcəkləri tədbirlərdən söz açıb.Sonda şairin oğlu Bəhlul Yaqubov çıxış edərək anım tədbirində iştirak edənlərə və bütün zəlimxansevərlərə ailə üzvləri adından təşəkkürünü bildirib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.