KAMİLLƏŞƏN ZİYALI ÖMRÜ

KAMİLLƏŞƏN ZİYALI ÖMRÜ “Təvəzökarlıq insanın mənəvi cəhətcə
təkminləşməsinə kömək edir.”
(Bakixanov)


Onun əmək kitabçasına yalnız bir ünvan yazılıb:
Şirvan şəhər Statistika idarəsi.


1960-cı il aprel ayının 2-də Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olan Xanımzər Səfər qızı Cəbrayılova 8-ci sinfə kimi Salyan rayonu Yolüstü kənd orta məktəbində, 10-11-ci sinifləri isə Bakı şəhərindəki fizika-riyaziyyat təmayüllü məktəbdə oxumuş və 1978-ci ildə bu təhsil ocağını bitirmişdir. Həmin ildə də o, indiki Azərbaycan Dövlət Texniki Universitetinin Avtomatika və Hesablama fakultəsinə qəbul olmuş və 1983-cü ildə ali təhsilini uğurla başa vurmuşdur. 1984-cü ildə Xanımzər xanım, Əli-Bayramlı (indiki Şirvan) şəhər Statistika idarəsində əmək fəaliyyətinə başlamış və bu günə kimi həmin idarədə çalışır. O, bu illərdə operator, mühəndis, statistik təhlil şöbəsində sektor müdiri, 2010-cu ildə isə Dövlət Qulluğu Komissiyasinda müsahibədən keçdikdən sonra idarədə rəis müavini vəzifəsinə təyin olunmuşdur. Xanimzər xanım bir oğul anasıdır. Oğlu Amil Səmədov Azərbaycan Kopperasiya Universitetini bitirmiş, hazırda Hacıqabul rayon Qaz İstismar İdarəsində Metrologiya şöbəsinin müdiridir. X.Cəbrayılova işini ürəkdən sevən, üzərinə düşən vəzifə məsuliyyətini dərindən dərk edən, Vətənini, xalqını sidqi-ürəkdən sevən, şəxsi mütaliəsi əsasında daima biliyinin və dünyagörüşünün artırılması qayğısına qalan, Şirvan şəhərində tanınan ziyalı qadınlarımızdan biridir. Xanımzər xanım 2011-ci il iyun ayının 23-də Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sistemində uzun illər səmərəli əmək fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri A.Vəliyevin imzası ilə Fəxri Fərmanla təltif edilmişdir. O, mətbuatla bağlı olan ziyalıdır. Məqalələri dövrü mətbuatda çap olunub. X.Cəbrayılova Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 oktyabr tarixli 1454 nömrəli sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Şirvan şəhər Statistika İdarəsi şəhər ərazisində statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və şəhərdə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətlə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran orqandır. Statistika idarəsi şəhər ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslərdən lazimi məlumatların elektron sənəd formasında təqdim edilməsini təşkil edir, statistik məlumatları təhlil edir, şəhərin iqtisadi və sosial vəziyyətinə dair statistik məlumatları dərc etdirir, məcmuələr, büllütenlər nəşr etdirir və onların istifadəçilər arasında yayılmasını təmin edir.
Səfər kişinin ailəsində 6 övlad dünyaya göz açmış, böyüyüb boya-başa çatmışdır: Nailə, Zeynəb, Səxavət, Xanımzər, İbadət, Cəbrayıl.
Göründüyü kimi Xanımzər ailədə 4-cü övladdır. Səfər kişi orta ixtisas təhsili olsa da Salyan rayonundakı 1 nömrəli sovxozda partiya komitəsi katibi vəzifəsində çalışmış, sonralar isə ticarət sistemində və Şirvan İstilik Elektrik Stansiyasında işləyib. Ömür-gün yoldaşı Sürəyya xanım evdar qadın kimi ailənin qayğılarını çəkməklə yanaşı, övladlarını halal zəhmətlə böyüyüb tərbiyə olunmasında həyat yoldaşına yardımçı olub. Valideyinlərinin diqqəti və qayğısı nəticəsində övladları da onlara göstərilən etimadı layiqincə doğrultmuş, cəmiyyətimiz üçün yararlı bir vətəndaş kimi yetişmişlər.
Səfər kişinin övladlarından Nailə Azərbaycan Dövlət Aqrar Universitetini, Zeynəb Əli-Bayramlı Sənaye Texnikumunu, Səxavət Peşə Liseyini, İbadət Azərbaycan Dövlət Neft Akademiyasını, Cəbrayıl Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İbadət Şirvan İstilik Elektrik Stansiyasında sex rəisi vəzifəsində işləyir. “Azərbaycan Respublikasının Əməkdar Mühəndisi” fəxri adına layiq görülüb. Cəbrayıl isə “SOCAR” şirkətində Vitse-prezidentin müavini vəzifəsində çalışır. Cəbrayıl səmərəli əmək fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Xanımzər xanım indi ömrünün 60-cı baharını yaşayır.
Ona uzun ömür, can sağlığı və işində uğurlar arzulayırıq.


Alik Rzayev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatı laureatı


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: