CƏNUBDAN BOYLANIŞ: GÜLBALA TEYMURDAN Azərbaycan » Regionlar 22 декабря 2019 ÖMÜR BUNDAN SONRAKIDIRElə yazılar var ki, dilinin altına söz-söz, sətirbəsətir yığılır. Onları qələmə almaq olduqca asan olur, zövqlə yazırsan. Düşüncələrin, duyğuların asanlıqla süzülür ağ vərəqlərə. Şair – qəzəlxan Gülbala Teymur haqqında, onun özünəməxsus şeir, sənət dünyası haqqında yazacaqlarım da bu qəbildəndir. İndi söz bolluğu, getdikcə təkmilləşən informasiya artımı zəmanəsində yaşayırıq. İti yaddaşlı, tələbkar oxucunun yadında qalmaq, ürək, könül şairi olmaq olduqca çətindir. Gülbala Teymuru xeyli vaxtdır tanıyıram. Onu mənə təqdim edən, oxumağı tövsiyə edən də dediyim o zövqlü, şeirə, sənətə dəyər verməyi bacara bilən oxuculardan, dostlardan olub. Könüllü təbliğatın, səmimi deyilmiş sözün doğruluquna inanır, ardınca mütləq gedirsən. Bax, beləcə sevilir, tanınır möhürlü imzalar ədəbiyyatda. Şairi ilk öncə virtual aləmlə izləmişəm, sonralar isə maraq məni mükəmməl sənət adamının, insanın şərəfli həyat yoluna, dövri mətbuatda qazandığı ədəbi uğurlarına qədər aparıb çıxarıb. İzlədikcə, oxuduqca daxilən kamil, torpağına, soy-kökünə bağlı müdrik bir şairin qoş-qoca dünyayla kəsdiyi sözə, insanlarla sənətdə və həyatda qoruyub saxlaya bildiyi haqqı salama heyran olmuşam. Nəyi var, Gülbala Teymurun oxucuları ilə?.. Nə çoxdur sözü boyda olmayan yazı adamları indi?! Şairlikdə “boğazdan yuxarı danışmamaq”, sənətdə izzəti-nəfsini, çəkisini qorumaq üçün bilirsinizmi, nə qədər hünər lazımdır?!. Tanrısına bağlılıq, ulu Türkün qədim mənbəələrinə istinad, oğuz elinin adət-ənənələrinə sadiqlik, sələflərini ləyaqətlə, yeni çalarlarla davam etdirmək, yaşatmaqdır Gülbala Teymurun gücü-qüvvəti. O oxucularını sadə, rəvan diliylə, duyğularını, düşüncələrini büküb-bürüdüyü səmimiyyətiylə, pafosadan, yeknəsəklikdən tamamilə uzaq, hay-küysüz danışığı ilə ovsunlayır. Kitablarını vərəqlədikcə sinəsini dünyanın dərdi-qəminə, dürlü-dürlü sevgilərinə dəyirman edən şairin Tanrı qismətinə, könül ruzusuna qonaq olursan:Mənadır, fikirdir sözün ləzzəti,Dağın əzəməti bəyaz qarıdı,Dünyanın bəzəyi, varı-dövləti,Hər zaman ağıllı adamlarıdı.Dəyər verə bilən şairin dünya, dövr üçün narahatlığı da bir başqadır, düşündürücüdür:Narahatam, Ayı itirmiş kimi, günü itirmiş kimi,Çiçəklərin içindən tikan götürmüş kimi.Narahatam,dünyanın pozulmuş, pərən-pərən dənginə,Narahatam səslərin dəyişmiş ahənginə.Qəlbi zərif, həssas şairi incidən nədir? Misralarında köllənən, məcrasına sığmayıb köpürlənən hansı dərdlərdir:Dağ çayına bənzəyirömür yolum, ay anaDaşdan, qayadan keçir...Gülbala Teymurun Vətənə, Torpağa, Bayrağa sevigisi şeirlərində qeyrətli vətəndaş, mübariz ruhlu türk ərəni, torpağı uğrunda şəhid ola biləcək əsil şair ruhundadır. Şair misralarında içdən gələn bir yanğı ilə:Bayraqla başlayıb qurtarır vətən,Ölkənin qüdrəti – bayrağı qədər.Bayrağa sarılmaz hər yoldan ötənHər kəsin bayrağı torpağı qədər – deyir.Şair şeirdə hüznünü belə yaşayır, itirdiyimiz torpaqların ağrı-acısını, erməni qəsbkarlarına qarşı kinini belə ifadə edir:Bizim döyüşümüz hələ qarşıda,Parçamız kəsilib öz canımızdan,Şuşada erməni bayrağı qalxıbÜzü kölgəliyik bayrağımızdan...Eşqin oduna ulu Füzuli qədər kimsə yanmayıb... Böyük Ustadın Məcnuna dönüb səhralara düşən Qeysindən, sevgisi yolunda şam kimi əriyib, torpağa gömülən Leylisindən daha gözəli, müqəddəsi varmı sənət dünyasında?!. Bir dəfə söhbətlərimizdə dostlardan biri Gülbala müəllimdən, Azərbaycan ədəbiyyatında ən uca zirvədə kimi gördüyünü soruşdu. Şair heç düşünmədən, özünəməxsus təmkini, aydın və təmiz səsi, tələffüzü ilə, Məhəmməd Füzulidir, söylədi. Nə qədər yazsaq da ona çata bilmərik. O kərpic-kərpic hördüyü nəhəng söz qalasının başında arxayınlıqla əyləşib, gülümsəyərək, təsdiqlədi. Həmən düşündüm ki, ruhu eyni olanlar, eyni atəşlə sevə bilənlər bir-birini bu qədər inamla, məhəbbətlə qəbul edə, şəfqətlə, şövqlə gülümsəyib başqalarında da təfəkkürünə inam yarada bilərlər. Gülbala Teymurun yeni kitabına yerləşdirəcəyi şeirləri bir-bir oxuduqca, intuisiyama əminliyim bir daha artdı. Bu qədər sevə bilmək, aşiqini özünə heyran edə, qanadlandırıb asimana çəkə bilmək üçün qanında Məhəmməd Füzulinin qanını daşıyasan gərək... Heç də nahaqdan deyilmiş bir-birindən oxunaqlı, dərin məzmunlu qəzəllərində böyük Füzulini xatırlatmaq, sələflərini hörmətlə, ləyaqətlə yad etmək:Həya et, sus, sən kimsən yazasan ustad seirini, ey Gülbala Teymur,Sən yandığın atəş deyil, şöleyi-qiyamətdir, böyük Füzulinin xəyalidir.Məktubla çox ünvanlara səpələnmişik şeirlərdə... Gülbala Teymur qədər səmimi olmaq isə ən gözəlidir:Sənə məktub göndərdim narahat anlarımda,Ayrılsaq da adını ürəkdən pozmamışam.İşə bax, bu dəfə də sənə çata bilmədimÇünki, məktubun üstə adını yazmamışam – deyən şair, vüsala inanır, ümid göyərdir ürəyində sevgisinə. Sonsuzluğa qədər sevə bilən şair eşqi üçün:Hopdu yaddaşıma qaldı,Cavabı yox, min sualdı.Zamanları əsir aldıVaxtı dayandırdı getdi – söyləyir. Tanrı adamı olmaq şair üçün ikiqat məsuliyyətdir, düşünürəm: insanlara sağkən hər iki dünyasını qazandırıb, Allah kimi böyük bir İşığa yönəltmək, haqq-ədalətə dəvət edib, Sülhə çağırmaq kimi məsuliyyətli, vacib bir işdir. Belə inamlıdır Gülbala Teymur Tanrısına! Allahına istinadla yazdığı bütün şeirləri ilə sair dərin-dərin mənalar kəsb edir, məbudunu sadə və sevgili dildə oxşayır:Həmd olsun sənə -qüdrətinə,sözünə!Sevgini sən yaratdın!Dağlar yanında kiçik,Dənizlərsə dayazdır.Sənə çatmaq gərək,Səni sevmək çox azdır! Çox azdır!Şeirdə bədii tapıntılarsız simaca nursuz, işıqsız, hissiz-duyğusuzdur yazarın çöhrəsi... Bu baxımdan Gülbala Teymurun üzü sənətində həmişə ağdır! Şair müxtəlif mövzuda yazdığı şeirlərdə uğurla dönüşlər edir... Qəttəzə bədii tapıntılarla, yeni formada cilaladığı sözlərlə, fikirlərlə oxşayır ruhumuzu. Onun səyahət etdiyi şəhərlərdə, təbiət qoynunda duyğulanıb yazdığı şeirlərində oxucu da dincələir, düşünür, mənəvi rahatlıq tapır:Bu şəhərçiçəklər şəhəri,mələklər şəhəri.Yarpaq yağır,səkilər saralırpayız kimi.Bu şəhərbir dərə,kiçik təpələrə sığımışçiçəkli mənzərə.Bu şəhər qonaq-qaralı,sözündən, sovundan, rəngindənbilinir, kim haralı...Bu şəhərdə qonaqdı hamı,bu şəhərdə pulun qurtardısaxlamırlar adamı.Hər bir şairin şeirləri, misraları ilə oxucu qarşısında özü üçün cızdığı müəyyən siması, portreti var. Görün, böyüklük, müdriklik Gülbala Teymura necə yaraşır:Nə yalana qarış, nə vara yalvar,Yadından çıxartma, qaşıda dağ var.Gözünü kor edər, dilini bağlar,Eşq ilə sinəni dağladar, oğlum. Yeni yaşına adlayacaq şair qarşıda. “Yanvarın biri gəlməmiş, başım üstə yaş asmışam”, deyən şairin özü ilə haqq-hesabı o qədər mənalı, kövrəkdir ki, misralarında:Heç fərqim olmadı babalarımdan,Ömürdən nə şahlıq, nə ad güdürəm,Nə də miras qalmır şair adımdanAllaha qul gəldim, qul da gedirəm.Amma, əsil şair ömrü yaşla hesablanmır... Ruhu ilə yaşayır söz adamları. Duyğuları tükənəndə, sevgisi bitəndə, alışıb-yanmaq eşqi sönəndə köçürülər bu dünyadan... Necə ki, qələm-dəftərini sinəsinə şövqlə sıxan Gülbala Teymur deyir:Ömür bundan sonrakıdır!..Sevinc MƏMMƏDOVAşair-publisist,Azərbaycan Jurnalistlər Birliyinin,Azərbaycan Yazıçılar Birliyinin üzvüZİM.AZ-ın Şimal bölgəsli üzrə xüsusi müxbiriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.