Yaxşılıq köhnəlməyən libasdır Azərbaycan » Regionlar 2 апреля 2019 Dağlar qoynunda yerləşən Tovuz rayonu ölkə prezidentinin diqqət və qayğısı sayəsində getdikcə inkişaf edir. Azərbaycanın bütün şəhər və rayonlarında olduğu kimi Tovuz rayonunun da siması günü-gündən dəyişməkdədir.İndi bu diyarda təbiətin gözəl çağıdır. Hər tərəf yaşıl libasa bürünüb, yazın gəlişi təbiətə xoş ovqat gətirməklə yanaşı, insanlarda da işgüzarlığı artırıb. Onlar uzun keçən soyuq qış aylarından sonra əkin sahələrinə çıxır, sanki isti nəfəsləri ilə torpağa hərarət verir, bol bərəkətin bünövrəsini qoyurlar. Yolun hansı səmtə düşsə əkinçiliklə məşğul olan insanlarla rastlaşırsan. Bu işgüzarlıq isə hər bir tovuzlunun firavan həyatı deməkdir. Bu poetik sətirlərim mənim əyani surətdə gördüklərim və xoş təəssüratlarımdır.Həmin ərəfədə yolum Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reestr Xidmətinin 15 saylı Tovuz ərazi idarəsinə düşdü. Doğmalarımdan birinin daşınmaz əmlakının sənədləşməsi ilə bağlı idarənin bir neçə əməkdaşı ilə görüşdüm. Daha sonra arxiv şöbəsinin müdiri Musa Məmmədova müraciət etdim. O, bizi hörmətlə qarşılayıb, suallarımıza aydınlıq gətirdi və məsləhətini verib, lazım gələn sahəyə yönəltdi. İdarədə olarkən söhbət əsnasında bir neçə vətəndaş Musa müəllimin insanlarla mədəni rəftarından, insanlığa bəslədiyi hörmətindən, işinə məsuliyyətindən, müraciət edənləri düzgün istiqamətə yönəltməsindən və xeyirxahlığından razılıq etdilər. Eşitdiklərimdən çox məmnun oldum. Qənaətimdən irəli gələn bu kiçik yazımın sərlövhəsində qeyd etdiyim kimi; yaxşılıq köhnəlməyən libasdır. Nə yaxşi ki, Vətənini, millətini sevən, paklığı qoruyan, insanlığa dəyər verən xeyirxah insanlar hələ də aramızda vardır. Bu bizi çox sevindirir. Musa müəllimlə söhbətimdən öyrəndim ki, o - Musa Nadir oğlu Məmmədov Gəncə şəhər Texnologiya Universitetini bitirib. Ali təhsilli mütəxəssis və işinin bilicisi kimi 10 ildən artıqdır ki, sevib-seçdiyi sahədə çalışır. O, çalışdığı müddət ərzində mədəni səviyyəsi, səmimiyyəti və peşəsindəki obyektivliyi sayəsində çoxlarının hörmətini qazanmışdır. Şübhəsiz ki, bütün bunlar insanların sevgisini qazandıran cəhətlərdir.Mən də, öz növbəmdə bir qələm əhli kimi belə xeyirxah, peşəsini sevən insan haqqında fikrimi bildirməyi özümə borc bildim. Daşınmaz Əmlakın Dövlət Reestr xidmətinin 15 saylı Tovuz ərazi idarəsinə Qazax, Ağstafa, Tovuz rayonundan və bütün ətraf kəndlərdən müraciətlər çox olur. İdarənin kollektivi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq öz vəzifə borclarını şərəflə, ləyaqətlə, xeyirxahlıq missiyası ilə yerinə yetirirlər. Əhaliyə göstərilən bu kimi yüksək xidmət hər bir vətəndaşda dövlətimizə, dövlətçiliyimizə və qanunlarımızın aliliyinə bir daha böyük inam hissi yaradır. Bunun üçün biz qəzetimizin yaradıcı heyəti adından ilk növbədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova minnətdarlığımızı bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reestr xidmətinin 15 saylı Tovuz ərazi idarəsinin belə gözəl, öz işinə məsuliyyətlə yanaşan, peşəkar əməkdaşları vardır.Xanım Bilalqızı,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.