BİR YANI ŞAH DAĞI, BİR YANI XƏZƏR... Regionlar, Köşə yazılar 21 февраля 2018 Çox olub ki, dəvət olunduğum, iştirak elədiyim tədbirlərdən yazı yazmağı düşünəndə elə adını da dodağımda, dilimdə pıçıldaya qayıtmışam evə... Bu mənim üçün fikirlərimi bir yerə cəmləyib təəssüratlarımı bölüşməyə, duyğularımı sətirləməyə kömək edib həmişə. Demək istədiklərini tutarlı bir ad altında düşünəndən sonra yazını yazmağa nə var ki?!. Belədə duyğu axını da öz məcrasını tapır, aşıb daşaraq ömrünü sətirlərə verib sonuclanır...Yenə bir tədbirin yükünü götürmüşdü ustad Ramiz Qusarçaylı çiyinlərinə... 2018-ci ildə ilk tədbirə toplaşacaqdıq “Ay işığı”nda. Mənə zəngindən iki-üç gün əvvəl görüşmüşdük şairlə. Səhhəti, müalicəsi ilə, baş verən qarışıq olaylarla əlaqəli xeyli müddət idi ki, onu narahat etmək istəməyərəkdən zəngini gözləyir, görüşmək, “dərdi-sərimizi” bölüşmək üçün səbrli idik. Rayon İcra Hakimiyyətində - şairin illərlə çalışdığı iş yerində rastlandıq. Qismət bizi dəyərli şairəmiz, Azərbaycan və Dağıstanın Yazıçılar Birliyinin üzvü Zərifə Qasımova ilə birgə Ramiz müəllimin iş otağına aparıb çıxarmışdı. Şair görüşünün istiliyi, doğmalığı bürüdü nəhəng daş binanı... Ətrafı cəlb edəcək tərzdə mehribanlıqla görüşdük. Hal-əhvaldan sonra təzəlikcə yeni vəzifəyə qəbul olunmuş Ramiz Qusarçaylını təbrik edərək, davamlı işlərində uğurlar dilədik. Deyəsən, bizi burada görəcəyini gözləmirdi... Onun gözləri, baxışları sualla, bizim dil-dodağımız isə sözlə dolu idi...Qədim Qubanın tarixini çözələməyə, ərslərdən bu yana elmin, mədəniyyətin inkişaf, mədəni təfəkkür mərkəzi olduğunu deməyə, elə bilirəm ki, ehtiyac yoxdur. Tarixə bir çox tanınmış şəxsiyyətlər bəxş edən bağlar diyarı şeirə, musiqiyə, qədim xalq yaradıcılığının bütün sahələrinə yüksək dəyər verməklə bərabər, həm də bunun yaradıcısı və davamçısı olub. Respublikamızın təbiətinə, iqtisadiyyatına və mədəni təfəkkürünə görə seçilən rayonlardan olan Quba həmişə qonaq-qaralı, yaradıcı insanların, turistlərin diqqətində olub. Qədim tikililəri, göy, qalın meşələri, qarlı, uca dağları, diş göynədən buz bulaqları ilə nəğmələrə, şeirlərə, xatirələrə köçüb. Qubada uzun illərdir ki, iki ədəbi məclis – Abbasqulu Ağa Bakıxanovdan yadigar olaraq davam etdirilən “Gülüstan” elmi-ədəbi və bütün Türk dünyasının tanınmış şairi Ramiz Qusarçaylı tərəfindən illər öncə təsis və rəhbərlik edilən “Ay işığı” fəaliyyət göstərir. Müntəzəm olaraq keçirilən bu söz, sənət məclislərində Qubada, ətraf rayonlarda yazıb-yaradan qələm sahibləri, gənclər toplaşırlar. Və bizlər hər dəfə dost, müxtəlif sənət adamlarımızla görüşlər zamanı uzlaşmayan cibimizlə restoranlara, mərasim evlərinə, istirahət mərkəzlərinə üz tutmalı oluruq. Artıq çoxdan rayonumuzda da bir Poeziya evinin tikilib qurulmasına böyük ehtiyac var. Quba Şimal bölgəsi yazarlarını bir yerə cəmləyən mərkəzdir həm də. Neçə illərdir əlaqəli qurumlara deyilməsinə, yazılı müraciət olunmasına baxmayaraq bölgə rəhbərimiz üçün bircə otaq belə ayrılmayıb. Yaradıcı insanlar rayonlarda o qədər də çox deyillər. Onlara diqqət, qayğı isə olduqca azdır Qubada. Gedənin arxasınca danışmazlar, deyiblər... Tez-tez dəyişən İcra başçılarının rayonumuzda yaradıcı insanlarla diqqətsizliyi, qayğısızlığı qabarıq görünür. Sağ olsunlar, amma, iş adamlarının, xeyirxah insanların dəstəyinə ümid bağlayıb xəyal qurmaq olmur... Pessimizim yaranır düşüncələrdə, dövlətdən aralı düşür söz adamları, qələm sahibləri... Bu idi bizi narahat edib rayon rəhbərliyinə gedən yolu ayaqlamağa sövq edən... Ramiz Müəllimin bizdən öncə dedikləri ilə üst-üstə düşdü məramımız. Belə ki, rayonumuza təzə təyin olunmuş İcra Başçısı ilə görüşən şair onun seirə, sənətə ruhən yaxın olduğunu, ziyalılarımıza hörmət və rəğbət bəslədiyini, tezliklə rayon yazarları ilə görüşüb, qayğıları ilə maraqlanacağını bildirdi. Ziyəddin müəllimin qəbulunda olarkən biz də bir daha buna əmin olduq. Fürsətdən istifadə edib qayğılarımızdan söz açdıq. Rayon rəhbərinin söylədikləri qənaətbəxş idi. Kaş ki, söz olmaya deyilənlər!..Bəşir Səfəroğlu adına Quba Mərkəzi Mədəniyyət Evinin qarşısında toplaşan Xaçmazlı yazarlarımız – “Ulduzlar” ədəbi məclisinin üzvlərini gözlərimiz uzaqdan aldı Zərifə xanımla... Yolu yaxın eləmişdi, əsil dostlarımız səhər tezdən! Qarlı dağlardan – əfsanəvi Xınalıqdan enmişdi şair Namik Xınalıqlı şeirin işığığına... Baxışlarımıza sığal çəkən səliqə-səhmanlı, yenicə təmir olunmuş isti oxu zalında iynə atsan yerə düşməzdi... Əsil şeir havası vardı! Baharın gəlişinə, qaranqışların qayıdışına bənzəyirdi bu görüş!.. Şimal bölgəmizin dörd rayonu Ədəbi məclis rəhbərlərinin, üzvlərinin toplaşdığı tədbirimiz başlandı. İştirakçıları, qonaqları salamlayaraq təqdim edən məclis sədrimiz həmişə olduğu kimi hərəni öz dilində dindirməyi əla bacarırdı...“Bütöv Azərbaycan həsrətini daşıyır öz soy adıyla, Azər Həsrət”, - demişdi, şair Ramiz Qusarçaylı Xaçmazda keçirilən tədbirlərin birində onu təqdim edəndə. Məntiqli, əhatəli, həm də poetik fikirləri ilə çox fərqlidir, bu yazarımız. Vətən təəssübü, yurd, torpaq yanğısı, vətəndaş sayıqlığı, qeyrəti hiss edirsən bütün çıxışlarında onu dinlədikcə. “Mən özümə yazar demirəm”, - deyən Azər Həsrət əslində iki - “Mən tanıqlıq edirəm” və “Bir əsgərin yaşantıları” romanlarının uğurlu müəllifidir. Tədbirimiz haqqında şair Aqşin Dadaşoğludan öyrənən və tədbirimizə qatılan bu istedadlı qələm sahibini görçək fəxarət hissi keçirdik. Bu gün dünyanın hər yerində səsi olan, Milli Mətbuat Şurasının üzvü, Əməkdar Jurnalistimiz bizim dərdi-sərimizlə birgə olmağı qərara almışdı. Sadaladığım problemlərimizlə çoxdan maraqlanırdı. Virtual aləmlə paylaşımlarımı izləyir, nəticəsini gözləyirdi. Gəlişi də, iştirakı da xoş məramlı idi. Çıxışında, əgər sən bu gün ətrafında hansısa istedadı olana kömək edir, ona dəstək olursansa, səhər öz bölgənə, insanlığa, Vətəninə sadiq bir qələm sahibi, şair qazanırsan, söylədi. Şair məclisləri yorucu olmur. Gərginliyi gözəl bir şeirlə, şux bir zarafatla, məqamı gəlincə çəkilən zərbi-məsəllə, söylənilən lətifəylə həmən unudursan. Tədbir davam edirdi. Çıxış edənlər Qubada fəaliyyət göstərən “Gülüstan” elmi-ədəbi məclisinin sədri Şıxamməd Şeyidməmmədov, Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin sədri Fərzalı Ziyanur, Şabranda fəaliyyət göstərən “Şabran” ədəbi məclisinin sədri Qafar Süleyman, Siyəzəndən şairə Sədaqət Məmmədova idi. Poeziyanın, seirin dünəninə, bu gününə, sabahına ünvanlanmışdı bütün çıxışlar. Şairlərdən Məmməd Qədir, Habil Rzanur, Güləli Bağban, Qərib Aşkari, Mövlan Şahid, Pənah Dilqəm, Elçin Həsənli, Telman Təravət, Zərifə Qasımova, Sevinc Məmmədova, Cavanşir Məmmədov, Rahib Alpanlı, Böyükağa Ağa, Cəmil Seyidov, Sərvinaz Sərvər, Aqşin Dadaşoğlu, Sabir Nemətov, Nəzər Mirzəyev, Namik Xınalıqlı, Mürfəttar Seyidməmmədov, Elçin Siyəzənli şeirlərini oxudular. Yazıçı Məhərrəm Mustafanın öz dilində dinlədik “Qaranquşun Xocalı arzuları” hekayəsini.Ustad Ramiz Qusarçaylının tədbirlərimizdə ürəyi kimi qoltuğu da dolu olur həmişə... Xeyli müddət idi ki, Şimal bölgəsi yazarlarının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə şeirlərindən ibarət kitabı nəşr olunmuşdu. Çox sevindik əldə edib tədbirdə. Həmçinin Şabranlı şairəmiz Aybəniz Əliyarın, Vaqif Arzumanlının kitabları, müxtəlif ədəbiyyat və Qubanın yeli “Şəfəq” qəzetində dərc olunuş şeirlərimizi, yazılarımızı çatdırdı bizlərə, şair.Budur, bu dəfə yazdığım yazının adını sonunda pıçıldadım özümə, əvvəlinə qayıdaraq. “Bir yanı Şah dağı, bir yanı Xəzər” olacaqdı sətirlədiyim ovqatın adı. Sizləri Qubanın başı qarlı Şah dağından bəri çəkəcəkdim - Mavi gözlü, dəli-dolu Xəzərimə doğru...Sevinc Məmmədovaşair-publisist,AJB-nın və AYB-in üzvü,ZiM.Az-ın xüsusi müxbiriZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.