SARI YARIMADASI

SARI YARIMADASI Sarı yarımadası Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizinin qərb sahilində, Lənkəran rayonunun inzibati ərazisində, rayonun şimal-şərqində yerləşir.Sarı sahəsinə görə respublikamızda Abşerondan sonra ikinci yarımadadır. Sahəsi 100 kv. km, uzun yeri 33 km, eni isə 2-6 km olan Sarı ilk əvvəl ada olmuş, 1956-cı ildə Liman şəhərindən buraya 6 km-lik torpaq yol çəkildiyindən o, yarımadaya çevrilmişdir.

Sarı yarımadası qədim tarixə malikdir. Onun adına eramızın 90-168-ci illərində yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomeyin “Coğrafiya” əsərində, XIV əsrdə yaşamış alman alimi Adam Olearinin əsərlərində rast gəlirik (Əlirza Əliyev, Güloğlan Bağırov. 70 yaşlı məktəb. L.,1999, səh.6-7). Sarı adası haqqında 1795-1796-cı illərdə Lənkəranda olmuş məşhur səyyah və coğrafiyaşünas Hacı Zeynalabdin Şirvaninin “Bustanus-səyahət” (“Səyahət gülzarı”, 1833), Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm” (1841), Səidəli Kazımbəyoğlunun “Səidiyyə” (“Cəvahirnameyi-Lənkəran”, 1869) və digər kitablarda, eyni zaman da Azərbaycan Respublikasının “Coğrafiya” dərsliklərində məlumat verilmişdir. Maraqlıdır ki, haqqında bəhs edilən kitablarda yarımadanın adı Sara, Sarı və ya Sari kimi qeyd olunur.Məhz buna görə də yarımadanın adının etimologiyası ilə bağlı müxtəlif mülahizələr vardır.Bu mülahizələrdə Sarı (Sara, Sari) şəxs adı, “bataqlıq”, “qırmızı çay”, “çayın başlanğıcı” və rəng mənalarında izah olunur. Qeyd edək ki, bölgə əhalisi yarımadanı talış dilində Səri, Azərbaycan dilində isə Sarı adlandırır. Fikrimcə, yarımadanın adı Sara, Sari deyil, Sarıdır. Sarı Azərbaycan dilində rəng bildirən şəffaf toponimdir. Görünür ərazisindəki torpağın rənginə görə yarımada Sarı adlandırılmışdır. Toponim coğrafi reallığı da özündə əks etdirir. Həqiqətən də, yarımadanın torpağı nisbətən sarı rəngdədir.Respublikamızın ərazisində bu qəbildən olan çoxlu sayda toponim vardır. Misal olaraq, Sarıdağ (Qubadlı, Kəlbəcər, Gədəbəy), Sarıqaya (Qazax, Qubadlı, Daşkəsən, Masallı, Goranboy), Sarıdüz (Kəlbəcər), Sarıdərə (Zəngilan, Kəlbəcər, Göygöl, Laçın, Cəbrayıl), Sarızirvə (Yardımlı), Sarısu çay (Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz), Sarısu gölü və d. göstərmək olar.

Sarı yarımadası bir çox tarixi hadisələrin şahidi olmuşdur. Tədqiqatçı-coğrafiyaşünas N.N.Şavrovun “Sarı yarımadası” əsərinə istinad edən Mirhaşım Talışlı və Etibar Əhədov yazırlar: “Stepan Razin (Don kazaklarının atamanı, 1667-1671-ci illərdə Rusiyada baş vermiş kəndli üsyanının rəhbəri – İ.Ş.) 1668-1669-cu illərdə Həştərxandan İrana Xəzər dənizi vasitəsi ilə yürüş edərək indiki Sarı yarımadasının bargahında lövbər salıb daldalanmışdır. 1722-1723-cü illərdə I Pyotrun yürüşü zamanı Sarı yarımadasından bir dəniz istehkamı kimi istifadə edilmiş və burada hərbi donanmanın qərargahı yerləşdirilmişdir” (Lənkəran: ensiklopedik lüğət. B.,2014, səh. 404). 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Lənkəran (Talış) xanlığına hücum edən zaman Mir Mustafa xan Lənkəran əhalisini Sarı adasına köçürüb müdafiə mövqeyi tutmuşdur (Azərbaycan tarixi. 9-cu siniflər üçün dərslik. B.,2005, səh.130). İranlılarla döyüş zamanı həlak olmuş rus əsgərlərinin kütləvi şəkildə dəfn olunduqları məzarlıqlar bu gün də yarımada ərazisində qalmaqdadır.

Hal-hazırda Sarı yarımadasında bir-birindən 12 km aralı olan iki yaşayış məntəqəsi – NərimanabadBalıqçılar qəsəbələri vardır. Bu yaşayış məntəqələri yerli sakinlər tərəfindən Nərimanabad-1 və Nərimanabad-2 adlandırılır. Burada Nərimanabad-1 qəsəbəni (Nərimanabad), Nərimanabad-2 isə “kəndi” (Nərimanabad kənd) bildirir. Əslində Lənkəran rayonu ərazisində Nərimanabad adlı kənd mövcud olmamışdır. O, Nərimanabad qəsəbəsinin tərkib hissəsi, bir məhəlləsi olmuşdur. 1971-ci ildə Nərimanabad-2, yəni “Nərimanabad kənd” Balıqçılar qəsəbəsi adlandırılmışdır.

= NƏRİMANABAD QƏSƏBƏSİ =

Lənkəran şəhərindən 16 km şimalda yerləşir. Ərazisi 998 hektar, əhalisi 5 min nəfərdir. Nərimanabad 1935-ci il fevralın 20-də qəsəbə statusu almışdır. O, Limanla birlikdə (Liman 1971-ci ildən şəhərdir) Lənkəran rayonunun ilk iki qəsəbəsindən biri hesab olunur. Qəsəbə 1957-ci ilə kimi Sara adası adlanmışdır. 1957-ci il fevralın 19-da Sara adası qəsəbəsinə Nərimanabad adı verilmişdir.Nərimanabad simvolik toponim olub, ictimai və dövlət xadimi Nəriman Nərimanovun (1870-1925) şərəfinə adlandırılmışdır.

= ÜZÜMÇÜLÜK =

Sarı yarımadasında Üzümçülük adlanan yaşayış massivi də vardır. Sovet dönəmində burada üzümçülük təsərrüfatı yaradılmış və həmin təsərrüfat “Lənkəran” üzümçülük sovxozu adlandırılmışdır. Məhz buna görə də, yaşayış massivi yerli sakinlər tərəfindən Üzümçülük və ya sovxoz da adlandırılır. Üzümçülükdə olan sosial obyektlərin yerləşdikləri ünvanın adı Üzümçülük qəsəbəsi (məsələn, Üzümçülük qəsəbə tam orta məktəbi) kimi qeyd olunsa da, əslində Üzümçülük ayrıca bir yaşayış məntəqəsi yox, Nərimanabad qəsəbəsinin tərkib hissəsi, bir məhəlləsidir. Çünki, Üzümçülükdə doğulanların və yaşayanların

sənədlərində doğulduqları və yaşadıqları yerin adı Üzümçülük qəsəbəsi deyil, Nərimanabad qəsəbəsi yazılır. Nərimanabad qəsəbəsi Nərimanabad qəsəbə inzibati ərazi dairəsinin mərkəzidir, dairə tək Nərimanabad qəsəbəsini əhatə edir.

= BALIQÇILAR QƏSƏBƏSİ =

Lənkəran şəhərindən 23 km şimalda yerləşir. Ərazisi 390 hektar, əhalisi 2500 nəfərdir. Qəsəbə 1971-ci ilə qədər Nərimanabad qəsəbəsinin tərkib hissəsi olmuş və qeyri-rəsmi olaraq Nərimanabad-2 və ya Nərimanabad kənd adlanmışdır. Burada balıq kombinatının işçiləri üçün evlər tikildiyindən qəsəbə Balıqçılar adlandırılmışdır. Respublikamızda ən iri balıq kombinatı məhz burada yerləşir. Balıqçılar Azərbaycan dilində şəffaf-toponim olub, məşğuliyyət bildirir. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli qərarı ilə Balıqçılar qəsəbəsi Nərimanabad qəsəbə inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq o, mərkəz olmaqla Balıqçılar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.

Balıqçılar qəsəbə inzibati ərazi dairəsi tək Balıqçılar qəsəbəsini əhatə edir.

Son olaraq qeyd edim ki, Sarı yarımadasında 4 ümumtəhsil məktəbi fəaliyyərt gostərir və bu məktəblər də müvafiq olaraq Nərimanabad, Üzümçülük, Balıqçılar qəsəbə və Nərimanabad kənd tam orta məktəbləri adlanır. Yuxarıda qeyd etdiyim kimi Üzümçülük və Nərimanabad “kənd” ayrıca yaşayış məntəqələri deyildir. Nərimanabad və Üzümçülük məktəbləri Nərimanabad qəsəbəsinin, Balıqçılar qəsəbə və Nərimanabad kənd məktəbləri isə Balıqçılar qəsəbəsinin ərazisində yerləşir.

İldırım ŞÜKÜRZADƏ,
tədqiqatçı-tarixçi

ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: