BÖYÜK İLAHİYYATÇI ALİM ŞEYX QƏLƏM AXUND

BÖYÜK İLAHİYYATÇI ALİM ŞEYX QƏLƏM AXUND
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd
tam orta məktəbinin tarix müəllimi,
bələdiyyə və AJB-in üzvü,
"Abdulla Şaiq" və “Qızıl qələm” mükafatı laureatı



Xalqımız tarixən öz dininə bağlı xalq olmuşdur. Məhz bunun nəticəsidir ki, zaman-zaman ölkəmizdə savadlı ilahiyyatçı və din xadimləri çıxmışdır. Bu şəxslər Mədinə, Nəcəf, Məşhəd (Xorasan), Dəməşq, Səmərqənd, Buxara və digər dini mərkəzlərdə mükəmməl ali dini təhsil aldıqdan sonra Vətənə qayıdaraq müqəddəs dinimizi, Qurani-Kərimi təbliğ etməklə insanları sülhə, ədalətə, bərabərliyə, saflığa, paklığa və doğru yola çağırmışlar.

Əfsuslar olsun ki, 70 il (1920-1991) yaşadığımız Sovetlər Birliyində hakim kommunist ideologiyasının tərkib hissəsi kimi ateizm yəni, Allahsızlıq tərbiyəsi təbliğ olunurdu. Şübhəsiz ki, ateizmdən ən çox ziyan çəkənlər də ilk növbədə din xadimləri olmuşdur. Din xadimləri təqib edilir, dini ayinlərin keçirilməsinə maneçilik törədilir, məscid, kilsə və sinaqoqlar bağlanaraq onlardan anbar kimi istifadə edilirdi. Amma, bütün təzyiq və qadağalara baxmayaraq xalqı öz mənəviyyatından ayırmaq mümkün olmamışdır. Respublikamız müstəqillik qazandıqdan sonra vicdan azadlığı elan edilmiş, insanların inancına hörmətlə yanaşılmış, məscid, kilsə və sinaqoqlar yenidən dindarların istifadəsinə verilmiş, yeni-yeni məscidlər tikilmiş, ziyarətgahlarımız təmir və bərpa edilmiş, nəinki Bakıda, həmçinin bölgələrimizdə də dini təhsil verən məktəblər, mədrəsələr açılmış, Bakı İslam İnistitutu fəaliyyətə başlamış, tanınmış din xadimlərimiz haqqında çoxlu kitab və məqalələr yazılmışdır.
Azərbaycan Respublikasının cənub-şərqində, dağlar qoynunda yerləşən Lerik rayonu təkcə özünün gözəl təbiəti,uzunömürlüləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə deyil, eyni zamanda din xadimləri ilə də tanınır. Bütün ölkədə tanınan Mirkərim Axund, Şeyx Qələm Axund, Molla Hüseyn Axund, Hacı İlham Axund də digər din alimləri məhz Lerikdə dünyaya göz açmışlar. Bu dini alimlərdən Şeyx Qələm Axundun adını ilk dəfə hələ orta məktəb illərində (1970-ci il təvəllüdlüyəm-müəl.) valideyinlərimdən, yaxınlarımın hüzür məclisləri və dini mərasimlərdə edilən söhbətlərdən eşitmişəm.Yaşlı sakinlər söhbət əsnasında onun olduqca savadlı axund, Qurani-Kərimi, ərəb-fars dillərini mükəmməl bildiyini qeyd edirdilər. Şeyx Qələm Axund haqqında ilk dəfə geniş və dolğun məlumatı isə “Bəyaz saçların yaşıl işığında” kitabında əldə etmişəm.Həmmüəllifləri Hacıməmməd Quluzadə, Qədiməli Əhməd və Akif Məmmədli olan bu kitabda Lerik pedaqoqlarından bəhs edilir.2006-cı ildə işıq üzü görən “Bəyaz saçların yaşıl işığında” kitabında oxuculara Zenonulu Şeyx Qələm başlıqlı 7 səhifəlik məlumat da verilmişdir, Müəlliflər haqlı olaraq Lerik pedaqoqlarından bəhs edən kitabda Şeyx Qələm Axunda da yer ayırmışlar. Ali dini təhsil alan Şeyx Qələm Axundu Lerikin ilk pedaqoqlarından hesab etmək olar. Çünki o, tələbələrinə dini biliklərlə yanaşı dünyəvi elmlərdən də dərs keçmişdir. Bu yaxınlarda “Şeyx Qələm Axund” kitabı işıq üzü görmüşdür. Müəllifi “Pərvanə” jurnalının baş redaktoru, əməkdar jurnalist İdris Şükürlü olan kitabda Şeyx Qələm Axund və onun müasirləri haqqında publisistik-xatirə oçerklər toplanmışdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, “Şeyx Qələm Axund” kitabı şəxsi kitabxanamda yoxdur, onu dostum,”Məşəl” jurnalının baş redaktoru, şair-publisist Əliməmməd Ağazadədən alıb oxuduqdan sonra ona qaytardım.Həm “Bəyaz saçların yaşıl işığında” və həm də “Şeyx Qələm Axund” kitablarında bu böyük dini alim haqqında geniş məlumat verilmişdir.Şeyx Qələm Axund haqqında yazılanları oxuduqdan sonra sanki daxilimdə hansısa bir qüvvə məni bu böyük düha, zəka sahibi barəsində nəsə yazmağa məcbur etdi.Sual oluna bilər kimdir Şeyx Qələm Axund?
Şeyx Qələm Axundun əsl adı Qulamrzadır. Qulamrza Məhəmmədrza oğlu Qasımov 1883-cü ildə Lənkəran qəzasının Dırıq nahiyyəsinin (indiki Lerik rayonunun-müəl.) Zenonu kəndində anadan olmuşdur. “Bəyaz saçların yaşıl işığında” kitabında oxuyuruq: “Çox erkən yaşlarında atasını itirən Qulamrza babası Əbülqasımın himayəsinə keçir. Əbülqasım onu əmisi oğlu Ağamalı Axundun yanında təhsilə qoyur. Ağamalı Axund onun zəkasına heyran qalır, təhsilini davam etdirmək üçün Lənkəran şəhərinə göndərir.İki il sonra Qulamrza Xorasana yola düşür (Xorasan İranın ostanlarından (vilayətlərindən) biridir. Mərkəzi Məşhəd şəhəridir-müəl.). Bu təqribən 1898-ci ildə 15 yaşı olan vaxta təsadüf edir. Çox çətinliklə Xorasana çıxa bilir. Burada 18 il oxuyur... Təkcə ilahiyyat elmilə kifayətlənməyən Qələm (Qulamrza) Xorasan təhsilindən sonra Ərəb ölkələrinə üz tutur.Bu ölkələrdəki məktəblərdə dünyəvi elmlər də tədris olunurdu. Əvvəlcə 3,5 il Nəcəfdə (İraqda şəhər-müə.), sonra 3,5 il Mədinədə (Səudiyyə Ərəbistanında şəhər-müəl.) təhsil alır. Böyük alimlik dərəcəsini alır.” (Bakı 2006, səhifə 18). Qulamrza hələ Xorasanda oxuyarkən dərin savadı və gözəl yazı qabiliyyətinə görə müəllimləri tərəfindən QƏLƏM adlandırılmışdır. Qələm ərəb sözü olub, müxtəlif mənalarda, o cümlədən “yazı növü”, “xətt” mənasında da işlənir.Məhz bundan sonra Qulamrza Qələm adı ilə məhşurlaşmışdır.
Şeyx Qələm Axundun həyatı ilə tanış olduqda məlum olur ki, o, təkcə din alimi, şəriət və Quran bilicisi yox, həmçinin dilçi, ədəbiyyatşünas, şərqşünas, filosof, astronom və coğrafiyaşünas olmuşdur.Ensiklopedik biliyə malik olan alim təkcə Lerik və cənub-şərq bölgəsində deyil, həmçinin ölkə hüdudlarında belə tanınmışdır. Tanınmış alimlər, filologiya elmləri doktorları, professorlar Əzəl Dəmirçizadə, Feyzulla Qasımzadə (Şeyx Qələm Axundun tələbə yoldaşı olmuş, Xorasanda bir yerdə oxumuşlar-müəl.), coğrafiya elmləri doktoru, professor Q. Gül və digərləri Şeyx Qələm Axundla dəfələrlə elmi mübadilədə olmuş və onun dərin savadına, məntiqi cavablarına heyran qalmışlar. Şeyx Qələm Axund ərəb və fars dillərini mükəmməl bildiyi üçün bir neçə dəfə BDU-nun şərqşünaslıq fakültəsinə müəllim kimi dəvət olunsa da , lakin bundan imtina edərək doğma Zenonu kəndində yaşamağa, burada dinimizi təbliğ etməyə üstünlük vermişdir. Axundun çoxlu tələbələri olmuşdur. Təkcə Lerikdən yox, həm də bölgənin digər rayonlarından da dərs almaq üçün onun yanına gələnlər olmuşdur. Heç də təsadüfi deyildir ki, bu gün neçə-neçə axund, ilahiyyatçı özünü “Şeyx Qələm Axund məktəbi”nin “məzunu” hesab edir.
Ateizmin hökm sürdüyü zamanlar Şüyx Qələm Axund həmişə Sovet cəza aləti olan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) təqiblərinə məruz qalmışdır. Lakin, bu böyük ilahiyyatçı alim yerli sakinlərin köməyi ilə haqsız təqiblərdən və 1937-ci il repressiyasından yaxa qurtara bilmişdir. Onu təqiblərdən qurtarmaq üçün adı kənddəki təsərrüfatda (kolxoz-sovxoz) sahə gözətçisi kimi qeyd edilmişdir. Ümummilli lider Heydər Əliyev bu böyük zəka sahibini şəxsən tanımışdır. “Şeyx Qələm Axund” kitabında yazılır: “Mərhum Prezidentimiz Heydər Əliyev DTK-nın sədri (1967-1969-cu illər-müəl.) olarkən, demə Şeyx Qələm Axundu qapalı şəkildə Bakıya dəvət edibmiş, bunu heç öz ailə üzvləri də bilmirmiş. Ərəbistandan gələn yüksək səviyyəli qonaqlarla ərəb dilində ən çətin ifadələri işlətməklə danışan Şeyx Qələm Axund hamını heyrətdə qoymuşdur. Ərəbistandan gələn qonaqlar heyrətlərini belə bildiriblər: “Cənab Əliyev, Sovet hökumətinin vaxtında Azərbaycanda belə dərin zəkalı ilahiyyat aliminin olması heç kimin ağlına gəlməzdi. Bu möcüzədir.” (İdris Şükürlü, Bakı- 2013, səh.46).
Axundun şəxsi həyatına gəldikdə isə o, Piruzə adlı qadınla evlənmiş və onların nigahından üç qız –Cəmilə, Gülnar, Zöhrə və iki oğlan Əhməd, Rzaxan dünyaya gəlmişdir.
Bütün bunlarla yanaşı Şeyx Qələm Axund həm də xeyriyyəçi olmuşdur. Beləki, o özünün şəxsi vəsaiti hesabına yaşadığı Zenonu kəndinə dəmir boru ilə uzaq məsafədən su çəkdirmiş, burada bulaq və məscid tikdirmiş, kasıblara əl tutmuş, imkansız ailələrin məclislərini yola vermişdir.
Dərin zəka sahibi, böyük ilahiyyatçı alim, el ağsaqqalı Şeyx Qələm Axund 101 il ömür sürərək 1984-cü il dekabrın 25-də haqq dünyasına qovuşmuşdur. Vəsiyyətinə əsasən o, doğma Zenonu kəndində şəxsi vəsaiti hesabına inşa etdirdiyi məscidin həyətində dəfn edilmişdir.
Çox əfsuslar olsun ki, Allaha bağlı olan bu böyük şəxsiyyətin adı hələ də əbədiləşdirilməmişdir. Lənkəran şəhərində XIII əsrin böyük sufi alimi Şeyx Zahidin (1215-1300) və Axundun müasiri olmuş böyük din alimi Mirzə Məmmədhüseyn Axundun (İmam Axund; 1878-1960) adlarına küçə vardır. Lerik şəhərinin küçələrindən birinə Şeyx Qələm Axundun adının verilməsi düşünürəm ki, hamının ürəyincə olacaqdır.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: