SIĞON QƏBRİSTANLIĞI

SIĞON  QƏBRİSTANLIĞI
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi,
AJB-nin və bələdiyyə üzvü


Sığon qəbristanlığı Lənkəran rayonunun ərazisində qeydə alınmış 86 tarixi abidədən biridir. O, rayonun Bəlləbur və Lüvəsər kəndləri arasında, Bəlləbur kəndinə məxsus ərazidə yerləşir. Nekronim öz adını talış dilində “sığ”-daş və “on”-lar cəm şəkilçisinin birləşməsindən alaraq Azərbaycan dilinə tərcümədə “Daşlar” mənasını verir. Burada çoxlu sayda iri daşlar olduğundan nekronim Sığon adlandırılmışdır. Sığon qəbristanlığında digər qəbirlərdən fərqli olaraq uzunluğu 3-4 metrə çatan iri qəbirlər vardır.Məhz buna görə də, yerli sakinlər qəbristanlığı Divəlonə, yəni “Divlər yuvası” da adlandırır. Son tunc və erkən dəmir dövrünə (e.ə.II minilliyin ikinci yarısı-I minilliyin birinci yarısı) aid edilən Sığon qəbristanlığının 3000-3500 ilə qədər tarixi vardır.Qəbristanlıqda ilk arxeoloji-tədqiqat işləri XIX əsrin sonlarında aparılmışdır. 1886-1889-cu illərdə fransız arxeoloqu Jak de Morqan burada tədqiqat işləri apararkən aşkar etdiyi maddi-mədəniyyət nümunələrinin dəyərlilərini vətəni Fransaya göndərmişdir. Jak de Morqanın Sığon və eləcədə Lənkəran bölgəsində aşkar etdiyi maddi-mədəniyyət nümunələri Parisin Sen-Jermen muzeyində “Azərbaycanda Talış əyalətlərində tapılan yeraltı və yerüstü eksponatların inkişaf nümunələri” adı altında muzeyə gələnlərə təqdim edilir.Təqdim edilən nümunələr arasında xırda dolmen qəbirlər (sal daşdan tikilmiş qəbirlər-müəllif),nəhəng dolmen qəbirlər,ikimərtəbəli dolmen qəbirlər, qızıldan fiqurlar, xırda silahlar və digərləri vardır.
Jak de Morqan Lənkəranın kəndlərində olan dolmenlər haqqında 1894-cü ildə Parisdə çap etdirdiyi kitabında məlumat vermişdir (Etibar Əhədov. Lənkəran boğçası. Bakı-1993, səh.75).
XX əsrin 60-cı illərində arxeoloq Fərman Mahmudov Sığonda tədqiqat apararkən burada 200-dən artıq daş qutu aşkar etmişdir.Əfsuslar olsun ki, bu tarixi abidəni qorumaq, mühafizə etmək əvəzinə, yerli hakimiyyət orqanları 1980-ci illərdən başlayaraq məzarlığın ərazisini həyatyanı sahə kimi sakinlərə satmağa başlamışlar. Sakinlər ərazinin tarixi bir yer olduğuna varmayaraq oradakı qəbirləri dağıtmış, iri daşları parçalayaraq ev tikintilərində istifadə etmişlər. Tədqiqatçı-müəllim Ayaz Əhmədov yazır: “1980-ci ilə qədər Sığonda 150 daş qəbir var idisə, artıq 1992-ci ildə orada yalnız 30 dolmen qəbir qalmışdı”(Qədim Azərbaycan və onun cənub bölgəsi.Bakı-2001, səh.56).
Vaxtı ilə 40 hektar ərazisi olmuş məzarlığın bu gün ümumi sahəsi 200-250 kvadrat metrdir. Eyni zamanda 1980-ci lə qədər 150 dolmen-daş qəbrin olduğu Sığonda hazırda 15 məzar qalıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2001-ci ildə Sığon qəbristanlığı yerli əhəmiyyətli tarixi abidə kimi qeydə alınmışdır. Həmin vaxtdan etibarən Sığonun yalnız kiçik bir hissəsi dövlət tərəfindən tarixi abidə kimi mühafizə olunur. Tarixi abidələri qorumaq, gələcək nəsillərə ötürmək nəinki dövlətin, eyni zamanda hər birimizin vətəndaşlıq borcudur. Çünki tarixi proseslərin şahidi olan bu abidələr tariximizin müəyyən dövrünü özündə yaşadır.


İstifadə edilmiş ədəbiyyat:
B.Hüseynbalaoğlu, M. Talışlı. Lənkəran. B.,1990
E.Əhədov. Lənkəran boğçası. B., 1993
M.Talışlı, E.Əhədov. Lənkəran: ensiklopedik məlumat. B.,2014
A.Əhmədov. Qədim Azərbaycan və onun cənub bölgəsi. B., 2011
Q.Cəfərov. Sığondan başlanan söhbət. ”Leninçi” qəzeti, 19.10.1989
Vikipediya.az saytı

08.09.2016
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: