Bilal ƏNSƏR: Yaxşı insan, Rəşid Qədirov, hardasan?

Bilal ƏNSƏR: Yaxşı insan, Rəşid Qədirov, hardasan?
(Olmuş hadisə əsasında)

Yaxşı insana hərə bir cür tərif verə bilər. Hərənin öz yaxşı insanı olduğu kimi, mənim də öz yaxşı insanım var. O nə qohumdu, nə dostumdu, nə də tanışım. Yaxşı olan ürəyimdəkini vərəqlərə köçürüm. Hərə mənim yaxşı insanıma necə istəyir qiymət versin. Elə bu başdan onu demək isdəyirəm ki, yaxşı insanlar olmasaydı, vallah, yaşamaq soyuq zindanlardan da betər olardı. Nə yaxşı ki, yaxşılar var həyatda. Onlardan biri də mənim qəhrəmanım - Rəşid Qədirovdur.
Yayın qorabişirən günlərində Qazax rayonunun Fərəhli kəndində istirahətdə idim. Bu kənd Odun dağına söykənmiş, məşhur göylərə baş çəkən Göyəzən dağının qənşərindədir. Bu yerin gözəlliyinə o qədər valeh olursan ki, gecələri də yatmaq istəmirsən. Baxmayaraq ki, qapı bir qonşusu olan bədnam ermənilərin atəş səslərini də eşidirsən, bu gözəlliklərdən nəzərimi çəkindirə bilmir. Odun dağının yamacından Ucgül dağlarına, Daşsalahlıya qədər, xəyalımda canlanan doğma yurdumun dağlarına qədər canlanır. Lılıx zoğaldan, qara moruqdan bir-bir dərib ağzımıza alıb, bulaq suyundan da doyunca içirik.
Göyəzənin sinəsində qovalanan zağaya qara quşların da tez-tez girib çıxmaları marağımı daha da artırır.


Avqustun 12-də mobil telefonuma zəng daxil olur. Açıram:
-Əmi, Böyük-Kəsiyin Yeni Ləmbəli kəndində yaşayan Bahadurdur. Əmizadəmiz rəhmətə gedib. Sabah onun dəfnidir, - dedilər.

Çox çətinliklə də olsa, həmin gün Qazaxa, Qazaxdan Ağstafaya, ordan da adı çəkilən kəndə çatdım. El adəti ilə dəfndə iştirak edib başsağlığı verdikdən sonra Ağstafaya qayıtdım. Dəmiryol stansiyasında Qazaxa getmək üçün avtobus gözləyənlərə qarışdım. “Qazel” gəlib öz yerində dayandı. Sərnişinlər oturdular. Yer olmadığından bir-neçə nəfər ayaqüstə, başlarını əyərək dayanmalı oldular. Sürücü maşını işə saldı. Demək olar ki, sərnişinlərdən səs çıxmırdı. Hərə qəlbində nələr düşündüyünü bilmək o qədər də asan deyildi: Ancaq o aydın olur ki, cəfa çəkənlərin görəcəyi səfadır.

-Hörmətli sərnişinlər, şəhər bazarında düşmək istəyənlər buyursunlar, - deyib sürücü “Qazel”in qapısını açdı və bir neçə yükün endirilməsinə də kömək etdi. Doğrudan da yaxşılığın qapısı yaxşılara açılır, -demişlər. Bu sürücünün hərəkəti onu gözlərimdə göyə qaldırdı. Edilən yaxşılıq isə heç vaxt yerdə qalmaz.
-Kim nə istəyir bazardan alsın, 10-15 dəqiqədən sonra gedəcəyik.

Vaxt çatdı. Sərnişinlərdən 8 nəfər öz yerini tutdu. “Qazel” yola davam etdi.
Şəhərin çıxacağındakı dairədə dayanmışlar arasında bir nəfər əli sinəsində ikiqat olduğunu gördüm. Körpünü keçən kimi maşın dayandı.
Sürücü: - Dostlar, xahiş edirəm inciməyin. Dairədə dayanmışlar arasında əlini sinəsinə basmış, ikiqat olmuş bir kişi gördüm. Elə bilin qayıbdan mənə dedilər ki, darıxmışı yolda qoyub hara gedirsən?
-Doğrudur, mən də gördüm onu.

-Bəlkə ürəyi ağrıyır, bəlkə heç ailəsinində xəbəri yoxdur. İcazə versəniz onu xəstəxanaya çatdırardıq. Mən özümü o xəstənin yerində görüb sürücü ilə razılaşmalı oldum. Sərnişinlər də razılaşdılar. “Qazel” dəsvaha geri döndü. Dairəyə çatandan gördük ki, kişi yerə sərilib. Bir-iki nəfər də ona kömək etməyə çalışırlar. Sürücü düşüb, yanında oturan sərnişinlərin köməyi ilə onu maşına qoydular.

-Dayı, qorxma, özünü toxdat, bu saat xəstəxanaya çatdıracağam səni. Maşını işə salmağı ilə telefonla xəstəxanaya zəng vurmağı bir oldu.

Maşın xəstəxananın həyətində dayanan kimi xərəklilər hazır oldular, xəstəni xəstəxanaya qaldırdılar.

Sürücü dərindən nəfəs aldı, biləyi ilə alın tərini sildi.

-Dostlar, indi bir az rahatlaşdım. Təki Allahın köməkliyi ilə həkimlər onu həyata qaytara bilsinlər. Maşın işə düşdü.

-Oğul, deyə bilərsənmi sən kimsən? Xəstə qohunun idi?

-Yox, dayı, qohum deyil. Mən sadəcə sürücü Rəşid Qədirovam.

-Bərəkallah, oğul. Mərd-cəsur mənasını bildirən adın da, qüdrətli-qüvvətli mənasını bildirən soyun da sənə yaraşır.
-Yox, dayı. Bu hamımızın borcudur.

-Adı gözəl olanın özü də gözəl olur. Sənin təvazökarlığın da böyüklüyünə dəlalət edir, oğul. Sənin bu hərəkətin təki əksər gəncliyimizə nəsib olaydı.

-Çox sağol dayı. Biz də onu istəyirik. Bu xüsusiyyəti mənə valideynlərim, müəllimlərim, dost-tanışlarım vermişdir... Çatdıq, dayı, buyurun düşün, - deyib Rəşid “Qazel”in qapısını açdı, özü də ağsaqqallara kömək edib düşürürdü. Gözləyənlər “Qazel”ə oturdular. Sürücü sol qolunu çıxarıb:

-Sağ olun, sizə uğurlar olsun, - deyib maşını işə saldı.

Biz bu yaxşı insanın arxasınca baxaraq xəyala daldıq.
Təki belələrinin sayı çox olaydı ölkəmizdə.
Doğrudan da adamın qiymətini adamlar verməlidir.


20.02.2016

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: