ŞUŞA – VƏTƏN, AZƏRBAYCAN – SƏFƏRBƏR!.. Qarabağ, BDU 9 мая 2021 Azərbaycanımızın mədəniyyət paytaxtı dünyanın incisinə çevrilir"Biz Şuşanı alacağıq..." 1992-ci ilin əvvəllərində erməni polkovnik Arkadi İvanoviç Ter-Tadevosyan Rusiyanın populyar "Sobesednik" ("Həmsöhbət") həftəlik qəzetinə müsahibə vermişdi. İki rus müxbirin hazırladığı o cəfəng yazı Azərbaycan xalqına qarşı açıq-aşkar nifrət hissləri aşılayır, müstəqilliyimizi aşağılayır, ölkəmizin ərazi bütövlüyünü şübhə altına alırdı... Mən respublika rəhbərliyiynin, əlaqədar nazirliklərin və geniş ictimaiyyətin diqqətini bizə qarşı hazırlanan təxribata yönəltmək üçün həmin müsahibəyə redaktoru olduğum "Mübarizə" qəzetində cavab yazmalı oldum ("Mübarizə": Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının qəzeti, 22 fevral 1992-ci il, №4 (47), s.3).Tiflisdə doğulan, Bakıda Ali Ümumqoşun Komandirlər Məktəbində, Leninqradda Hərbi Akademiyasda təhsil alan erməni faşisti bağıra-bağıra Azərbaycanı hədələyirdi: "Biz Şuşanı alacağıq..." Əfqanıstan müharibəsində "Dağ tülküsü" ləğəbi ilə tanınan, sonralar Almaniyada, Çexoslovakiyada və Belarusiyada hərbi xidmətini davam etdirən Arkadi Ter-Tadevosyanın müsahibəsindən çevirdiyim və qəzetdə dərc etdiyim həmin yazının bir abzasını burada olduğu kimi verirəm: "Dağınıq dəstələri... biz indi ordu strukturlarında birləşdiririk. Bütün döyüşçülər könüllülərdir. Hətta məktəbliləri də qəbul edirik. Düzdür, hələlik onlar əməliyyatlarda iştirak etmirlər. Kim bilir, həyatımda ikinci dəfə üz-üzə gəldiyim bu mənasız müharibə necə başa çatacaq. Mən Əfqanıstanda olmuşam. Kimin necə vuruşduğunu öz gözlərimlə görmüşəm. Bəziləri ipə-sapa yatmayan azğın təkəbbürlərin qurbanı olurdu, bəziləri isə qarət edilmiş qızılla, valyuta ilə ciblərini doldururdu... Planlarımız haqqında, aydındır ki, heç nə deməyəcəm. Amma biz Şuşanı alacağıq. Hərbçi olsam belə, hətta mən də o tərəfdən müntəzəm eşidilən top gurultusuna daha dözə bilmirəm. Şəhərin (Şuşanın - Red.) yerləşdiyi mövqe hərbi əhəmiyyətə malik əlverişli yer olduğuna görə paytaxtımıza (Xankəndiyə - Red.) uçan "Alazan" raketləri məhz oradan atılır, şəhər məhz oradan demək olar ki, fasiləsiz olaraq avtomat-pulemyot atəşinə tutulur..."XatırlatmaArayış: SSRİ-də ilk rəngli həftəlik qəzet olan "Sobesednik" 23 fevral 1984-cü ildən çıxır. 1990-cı ilin oktyabr ayına qədər məşhur "Komsomolskaya Pravda" ("Komsomol Həqiqəti") qəzetinin rəngli əlavəsi kimi buraxılırdı. Həmin ilin oktyabrından qəzet müstəqil nəşrə çevrildi. 1989-cu ildən indiyə qədər Yuri Pilipenko onun baş redaktoru olaraq qalır...Bir daha xatırladıram: Peşəkar hərbçi olan Arkadi Ter-Tadevosyanın həmin təhdid dolu təxribatçı müsahibəsi Moskvada kütləvi tirajla buraxılan, Sovet İttifaqının hər yerinə yayılan, hətta xarici ölkələrdə belə oxunan rusdilli nəşrin 1992-ci il 6-cı nömrəsində verilmişdi...Mənim "Biz Şuşanı alacağıq..." adlı cavab yazım isə o vaxtlar 12 min nüsxə tirajla çıxan "Mübarizə" qəzetinin 22 fevral 1992-ci il tarixli nömrəsində çap olunub... Amma o zamankı Azərbaycan rəhbərliyi bu cür harayları, bu mövzuda taleyeklü xəbərdarlıqları nəzərə almaq, operativ tədbirlər görmək iqtidarında deyildi..."Şuşanın dağları başı dumanlı..."Elə həmin "Mübarizə" qəzetinin ilk səhifəsində ənənəvi olaraq "Redaktor: sözün kəsəsi" rubrikasında dərc etdirdiyim "Qeyrət" adlı yanğılı yazım isə bu cümlələrlə başlayırdı:"Qarabağ od içindədir...Təkcə Qarabağmı?..Azərbaycan qan ağlayır...Yanan təkcə kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz deyil, abidələrimiz, yaddaşımız, tariximizdir...Hər gün qarış-qarış, addım-addım düşmənlərə təslim edilən, murdar erməni tapdağından zillət çəkən torpaqlarımızın iniltisi yalnız başsızlarımızın qulağına çatmır, qardaş!.." ("Mübarizə": Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının qəzeti, 22 fevral 1992-ci il, №4 (47), s.1).Çatmadı da... Nəticə isə çox acınacaqlı, daha doğrusu, fəlakətli oldu...Bu hay-haraydan, həyəcan siqnalından heç üç ay keçmədi, 8 may 1992-ci ildə Şuşa işğal olundu... Şuşanı ələ keçirəndən sonra verdiyi müsahibədə polkovnik Arkadi Ter-Tadevosyan lovğa-lovğa deyirdi:“Şuşanın coğrafi mövqeyi, relyefi, yerləşdiyi məkan o qədər mürəkkəbdir ki, həmin ərazidə hərbi əməliyyatlar keçirmək bir çox hallarda mümkünsüzdür. Amma biz bunu bacardıq... Biz mümkün olmayan bir məsələni mümkün etdik, biz Şuşanı aldıq...” Bu isə Britaniyalı jurnalist, Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaalın illər keçəndən sonra – 2003-cü ildə Nyu Yorkda nəşr etdirdiyi “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında yazdıqlarındandır: “1992-ci ildə Şuşanın itirilməsi Azərbaycanın mədəni həyatına amansız zərbə oldu. Bir bakılı intelligent mənə dedi: “Bu xəbər bizə çatanda mən və mənim bir çox dostum sadəcə hönkür-hönkür ağladıq”..."Hanı millətin yiyəsi?.."Mən isə 9 may 1992-ci ildə "Mübarizə" qəzetinin ön səhifəsində qara çərçivə içərisində ürəkağrısı ilə oxucularımıza, bütövlükdə çarəsiz durumda qalan xalqımıza "Hanı millətin yiyəsi?" sualını ünvanladım:"Aman dağlar, yaman yerdə axşamladıq... Qəm ələndi başımıza, kədər çıxdı qarşımıza..."Birlik! Birlik!" - deyə-deyə parçalandıq, paralandıq, qəlbimizdən, könlümüzdən yaralandıq..."Aman dağlar, ya biryolluq çalxalanmaq, ya biryolluq adımızı tarixin qan yaddaşından silmək gərək... Ya biryolluq durulaşmaq, zirvələşmək, ya biryolluq ölmək gərək!.."Yazımın sonunda sızlaya-sızlaya qələmə aldıqlarıma poetik çıxış yolu arayırdım:Arzudu, amaldı, saf məhəbbətdi,Təmiz bir ürəyə yerləşə bilər.Taleyi fırlanıb çətinə düşsə,Bir əldə yumruq tək birləşə bilər, -Vallah, bu millətin yiyəsi yoxdu...Lap sonda isə qayibdən gələn "Qəfildən səs" ümidinə köklənirdim:- Millətin yiyəsi var!..- Varmı?- Bəli!..- Varsa, qoy bir addım çıxsın irəli!..("Mübarizə": Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının qəzeti, 09 may 1992-ci il, №9 (52), s.1).Dönüşün başlanğıcı Vətənə, bayrağa, millətə yiyə dura biləcək lider gəldi: mənfur sovet rejiminin təqibindən, təzyiqindən, təhdidindən qurtarmağı bacaran Heydər Əliyevin möhtəşəm şəxsiyyəti üfüqlərdə ümid Günəşi kimi göründü!.. Dünya çapında böyük nüfuz sahibi olan səriştəli dövlət xadiminin, Sovetlər Birliyinin ali məqamına qədər yüksəlmiş Azərbaycan oğlunun Vətənin dar günündə əvəzsiz tarixi şəxsiyyətə, əfsanəvi qəhrəmana çevrilməsi milyonların gözü önündə baş verirdi. Heydər Əliyevin əvvəlcə Naxçıvanda, daha sonra Bakıda hakimiyyətə gəlməsi xeyli yubansa da, xalqın istəyinin, xalqın tələbinin qarşısında heç nə duruş gətirə bilmədi. Xalq 1993-cü ilin iyununda Azərbaycanın rəhbəri kimi alqışladığı müdrik rəhbərinə inandı. Xalq - İqtidar - Ordu birliyi yarandı. Xalqın dərin məhəbbətlə, sonsuz inamla gözlədiyi öndərin rəhbərliyi ilə qısa müddətdə ölkədə işığa doğru dönüş başladı. Elm, təhsil, mədəniyyət, səhiyyə, xalq təsərrüfatı - bütün sahələr dirçəliş yoluna qədəm qoydu... Ən əsası nizami ordu quruculuğu ciddi vüsət aldı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz davam etdirildi... O vaxtlar Heydər Əliyev inamla deyirdi: "Ordu xalqımızın tərkib hissəsidir. Ordu ölkəmizin, millətimizin, dövlətimizin dayağıdır".Ulu öndərin bu sözlərinə də diqqət yetirin:“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır!”Bəli, bu gün xalqımız əminliklə sözləyir: 1993-cü ildən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli səhifələrindən biri Azərbaycan Ordusunun yenidən qurulması ilə bağlıdır..."Dağlarda toy" əməliyyatı – "Dağlarda vay" fəlakətiHələ 28 fevral 1992-ci ildə – Xocalı soyqırımından iki gün sonra erməni quldur qüvvələrinin komandanı polkovnik Arkadi Ter-Tadevosyan öz müavini “Syamo” ləqəbli Samvel Babayanla birlikdə Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat planı hazırlayıb Ermənistanın müdafiə naziri Vazgen Sərkisyana təqdim etmişdi. Heç özlərinin də inanmadığı bu ağlasığmaz işğal planının həyata keçiriləcəyi təqdirdə 33 yaşlı nazir Vazgenə Şuşa dağlarında toy çaldırmağa qərar vermişdilər. Ona görə də Şuşanın işğalı ilə nəticələnmiş əməliyyatın şərti kod adını “Dağlarda toy” qoymuşdular. Xatırladaq ki, Şuşa qəsb olunsa da həmin Vazgen özünə toy çaldıra bilmədi, aradan 7 il keçəndən sonra – 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində terror aktı nəticəsində qətlə yetirildi, dünyadan subay getdi... Unutmayaq: qaniçən erməni hərbçi Arkadi Ter-Tadevosyan 1990-cı illərdə – Sovet İttifaqı dağılan ərəfələrdə Dağlıq Qarabağ ərazisini Azərbaycandan qoparmağa çalışan silahlı dəstəyə başçılıq edib. Ermənistanın Azərbaycanla sərhəd olan kəndlərində xalqımıza qarşı fasiləsiz təxribatlar törədib. "Sasunlu David" quldur dəstəsinə hər cür kömək göstərib... Birinci Qarabağ müharibəsində "Komandos" ləqəbi ilə tanınan murdar ordu komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum əmrini 4 may 1992-ci ildə imzalasa da, əslində ermənilər aprel ayının 27-dən Şuşanı atəş hədəfinə almışdılar.Şuşanın işğalından sonra hər üç erməni quldur öz ənamını aldı – 25 may 1992-ci ildə Arkadi Ter-Tadevosyana general-mayor rütbəsi, onun sağ əli olan Samvel Babayana 1996-cı ildə general-leytenant rütbəsi verildi. Müdafiə naziri Vazgen Sərkisyan isə daha sonra Ermənistanın baş naziri oldu...Zəruri qeyd: 1991-ci ilin may ayında Sovet İttifaqının daxili işlər və müdafiə nazirlikləri Qarabağın bir sıra bölgələrində və Ermənistan həmsərhəd rayonlarında qoşunları rəsmi olaraq "pasport yoxlanılması" adlanan hərbi əməliyyat keçirmişdilər. Həmin əməliyyat sonralar Çaykənd əməliyyatı və ya "Halqa" əməliyyatı kimi tarixə düşdü. Əsas məqsəd özünü "fədai" adlandıran erməni hərbi dəstələrinin silahsızlaşdırması idi. Mütəxəssislər Çaykənd əməliyyatını Qarabağ münaqişəsində açıq hərbi mərhələnin başlanğıcı hesab edirlər. Britaniyalı jurnalist Tomas de Vaalın fikrincə, bu əməliyyat özü özlüyündə şübhəsiz ki, "sovet dövrünün ilk və son vətəndaş müharibəsi" idi, çünki Sovet Ordusunun hissələri elə sovet ərazisində hərbi əməliyyatlar aparırdılar.Xarici müəlliflərin mülahizələrinə görə, Çaykənd əməliyyatının icrası məhz rəsmi Moskvada artmaqda olan siyasi hərc-mərcliyə görə mümkün olmuşdu. SSRİ Prezidenti Mixail Qorbaçovu devirmək niyyətində olan güc strukturlarının rəhbərləri bu əməliyyata dəstək verirdilər. Öz hakimiyyətini qorumaq istəyən Mixail Qorbaçov Sovet İttifaqının cənubunda baş verən etnik qarşıdurmadan qorxuya düşərək belə bir əməliyyatın aparılmasına razılıq vermişdi. Amma əməliyyat axıra qədər tam olaraq başa çatdırılması...Diqqət: 1991-ci ilin iyununda - "Halqa" əməliyyatı zamanı həmin fəal separatçı Samvel Babayan da pasport rejimini pozduğuna görə həbs olunmuş, 6 aydan çox Bakıda həbsxanada saxlanılmış, sonradan SSRİ Daxili Qoşunları komandanlığının əmri ilə azadlığa buraxılmışdı...Niyə?.. Nə üçün?.. Cavab müəmmalıdır...Erməni generalın son etirafıMaraqlı bir fakt. 2020-ci ilin avqustunda, yəni Tovuz hadisələrindən sonra Ermənistan ordusunun general-mayoru Arkadi Ter-Tadevosyan mətbuata yeni açıqlama vermişdi. Erməni mediasının yaydığı məlumata görə, erməni general iyul ayında Tovuz istiqamətində baş verən döyüşlərin payızda Qarabağda təkrarlana biləcəyini söyləmişdi. Onun fikrincə, əməliyyatlar yenidən başlasa, Ermənistan ordusu üçün mürəkkəb şərait yarana bilər: “Düşünürəm ki, hər şey Rusiyanın özünü necə aparmasından asılı olacaq. Pis olan odur ki, biz çətin vəziyyətə düşəndə başqalarını ittiham edirik, ruslar bunu etmədi, onu etmədi və s. Amma biz özümüz də səhv edirik və bu barədə susuruq. Bəli, Rusiya var və get-gedə biz ondan uzaqlaşırıq. Qarabağda növbəti hərbi addımlar oktyabr-noyabr aylarında atıla bilər. Əməliyyat başlasa, bizim üçün çətin olacaq”.Birinci Qarabağ müharibəsinin əsas quldurlarından olan peşəkar hərbçinin bu etirafı əslində Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında zəifliyini, acizliyini, gücsüzlüyünü subuta yetirirdi...O ki qaldı mənfur erməni Arkadi Ter-Tadevosyanın taleyinin sonuna, vaxtilə "Biz Şuşanı alacağıq" - deyən, Ermənistanın güclü havadarları ilə birlikdə bu çirkli niyyəti həyata keçirən bu qaniçən polkovnik həyatının sonunda yaşayışına peşman oldu... O, müzəffər Azərbaycan Ordusunun müqəddəs Şuşa şəhərini azadlığa qovuşdurduğu xəbərini müzəffər Ali Baş Komandanın dilindən televiziyada eşidə bildi. İllərlə uzanan erməni işğalının puçluğuna şahid oldu. Bakıda kəsdiyi halal çörəyə haram qatan “Dağ tülküsü”nün gözü beləcə ovuldu...1992-ci ilin may ayında Şuşanın işğalı əməliyyatının komandiri kimi tanınan, üzdəniraq qəhrəmana çevrilən erməni vandalı Arkadi Ter-Tadevosyan 31 mart 2021-ci ildə İrəvanda cəhənnəmə vasil oldu... "Şuşa əməliyyatı ayrıca bir dastandır..."Bu məqamda yanvarın 14-də Şuşa şəhərində möhtəşəm üçrəngli bayrağımızı ucaldan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbçilər qarşısında çıxışı yada düşür:“Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır”.Hələ görün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında çıxış edərkən nə deyir:"Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaqdır. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı. Ancaq peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına biz Şuşanı azad etdik və düşmən diz çökdü, qabağımızda başını əydi, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktına imza atdı və biz bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissəsini də geri aldıq".Şuşanın gözü yolda...Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Sərəncamda qeyd olunduğu kimi: "Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir".Əslində dövlət başçımız bu məsələni bir neçə dəfə vurğulayıb. Məsələn, o hələ 2021-ci il yanvarın 5-də mədəniyyət nazirini təyin edərkən deyir:“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.Artıq erməni işğalından azad edilmiş Şuşada bərpa və quruculuq işləri uğurla davam edir. Şuşaya əsl həyat qayıdır. Qafqazın mədəniyyət beşiyi olan Şuşa “Xarı bülbül” Muğam Festivalına, Molla Pənah Vaqif Poeziya günlərinə hazırlaşır.İndi Türk mənəviyyatının incisi sayılan Şuşamız ali mənəvi haqqı olan ilk qonaqlarını – Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yolunu gözləyir... Bu müjdəni qardaş ölkələrin qardaş liderləri verib.Bu yaxınlarda Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib:“Türkiyə şirkətlərinin iştirakı ilə Şuşa şəhərinə avtomobil yolu çəkildikdən sonra qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşaya gedəcəyik”.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında belə söyləyib:“Ramazan ayından sonra qardaşımla (yəni Prezident İlham Əliyevlə - red.) birgə Şuşanı ziyarət edəcəyik. Azərbaycanın bu bölgəni ayağa qaldırmaq üçün bütün məcburi köçkün qardaşlarımızın öz torpaqlarına dönməsini çox vacib sayıram”.Bu tarixi səfər böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamlarının daha bir əyani göstəricisi olacaq...Yaddaşımda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindəki bu cümlələr səslənir:"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.Əziz Şuşa, sən azadsan!Əziz Şuşa, biz qayıtmışıq!Əziz Şuşa, biz səni dirçəldəcəyik!Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" Şuşa – qeyrət, Şuşa – namus, Şuşa – ar...Şuşa ləldir, Şuşa – inci, Şuşa – zər...Hər nər Türkün ürəyində Şuşa var,Şuşa – Vətən, Azərbaycan – səfərbər!.. Knyaz ASLANBakı Dövlət UniversitetiKitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri,Birinci Qarabağ müharibəsi veteranıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.