Böyükkişi Laçınlı (Əhmədov)

Böyükkişi Laçınlı (Əhmədov) Böyükkişi Laçınlı (Əhmədov) 1913-cü ildə Laçın rayonunun Çorman kəndində anadan olmuşdur.
Bölgədə aşıq kimi tanınmış, el şənliklərində aşıqlıq məharətini göstərmişdir.
O həm yaradıcı həm də yaşadıcı aşıq olmuşdur.
Yaradıcılığa 60 yaşındabaşlasa da,aşıq şeiri üslubunda qoşma, gəraylı, bağlama, klassik şeir üslubunda qəzəl və s. janrda şeirlər yazmışdır.
O, ahıl yaşında qaçqın düşmüş, ömrünün qalan hissəsini Şəkinin Aşağı Küncüt kəndində keçirmişdir.
1995-ci ildə elə həmin kənddə də vəfat etmişdir.
Onun şeirlərini bacısıoğlu Məhəmməd Hüseynov toplamışdır.
Aşağıda həmin şeirlərdən bir neçəsini ZiM.Az -ın hörmətli oxucularına təqdim edirik.

Vüsal ŞABİZADƏ.


DÜNYA

İtirdin qocanı, şux cavanları.
Polada mum deyən pəhləvanları.
Taxtından endirdin neçə xanları
Nə dərd çəkir nə də qocalır, dünya!

Varlıya meydandır, yoxsula zindan,
Varlı həyat sürür, yoxsullar hicran.
Axırda edirsən cümləsin viran
Nə alçalır nə də ucalır, dünya!

Dolandıqca aylar, keçdikcə illər,
Mara qismət imranı dillər.
Murada çatmayır külli-könüllər,
Əzəldən etmisən xəyalı, dünya!

Əziz nemətləri sən bitirirsən,
İnsanlar yaradıb hey itirirsən.
Bəzisin arzuya düz yetirirsən,
Deyilsən insana vəfalı dünya!

Bükülməz belin, ağarmaz başın,
Yaranmış nə bilsin neçədir yaşın.
Yerində bərqərar torpağın, daşın.
Kim verərə ömrünə sualı dünya!

Sən yaratdın biz də gəldik cahanə
Əcələ tapırsan min cür bəhanə
Zülm edirsən kam almamış cavanə
Qurub dağıdırsan cəlalı dünya!

Vəfasız da olsan sevirəm səni
Təmənna edirəm,aparma məni
Hələlik boyuma biçmə kəfəni
Kim öyrədib sənə bu halı dünya!

Əcəl tutdu Böyükkişini buraxdı
Sinəndə yaşayan beş gün qonağdı
Tələsmə,şairim gələcək vaxtı
İnsanlar təbilin hey çalır dünya!


DEYİM

Gözəlim,mən sevirəm eşqimi aşkarə deyim,
Qaçırsan ahu kimi, vurursab min yarə deyim.

Odlara yandırırsan mən təki biçarələri,
Təzədən üz döndərib hansı bir dildarə deyiç.
Hüsnündə cazibə var. Düşünmə ki, solmayacaq.
Gülləri xəzan edən qoynundakı xarə deyim.

Sevirdik hər ikimiz üzün döndü tez nə üçün,
Edirəm nalə bu gün hansı səbəbkarə deyim.
Böyükkişi gərki düşün sevməyəcəkdir o səni,
Qoy bilsin eşq əhlilər qalmışıq avarə deyim.


GÖRÜRƏM

Əsla mən qocalmaram, nəğməli dövran görürəm.
Necə bəs şad olmayım, xəlqi firavan görürəm.

Keçdikcə aylar-illər,şən yaşayır azad elim.
Hamımız bir arzuda, xəlqi mehriban görürəm.
Əməyin bəhrəsidir,alın təri min gül açır.
Çıxanda tarlalara işlək qız-oğlan görürəm.

Vururlar gənc nəsillər hər ili zəhmətlə başa.
Qurbanam bu dövranə, hər zaman, hər an görürəm.
Böyükkişi səksən yaşda gəncdir ürəyin, bilirəm
Xəstəyə şəfa verən yüzlərlə loğman görürəm.


GƏNCLİK KEÇİR ÜRƏYİMDƏN

Səksən yaşda hələ gəncəm,
Yuxum yoxdur fərəhimdən.
Gənclər mənə ilham verir
Xoş arzu xoş diləyimdən.

Tarlalarda çalışqanlar,
Ürəklərə verir vüqar.
İndi keçir xoş ruzigar.
Qorxum yoxdur çörəyimdən.

Baxdıqca obaya,elə
Gəncləşirəm ildən-ilə.
Qocalmaram yüz il belə
Gənclik keçir ürəyimdən.

İstismarlıq keçmiş bu an,
Öz əməyin yeyir insan.
Nura batıb, Azərbaycan,
Xəlqimin gur əməyindən.

Böyükkişi yaz, qız-gəlin,
Qabar edib ipək əlin.
Pambıq yıöın, üzüm dərin.
Danış dağlar gözəlindən.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: