Dilimizin gərcək dəyəri Naxçıvan, "Elm və Təhsil", Köşə yazılar 17 июля 2019 Eltən Qədimbəyli Dilimizin gərcək dəyəriÇölçü olaraq bugünlərdə sosial şəbəkələrdə, dilimiz, dilimizin yenilənməsi, alınma sözlərdən təmizlənməsi yönündə apardığımız işlərlə bağlı çoxlu dartışmalar və qınaqlarla qarşılaşırıq. Buna görə, önəmli saydığımız bir neçə qatı daha aydın şəkildə ortaya qoymaq istədik. Çölçülər və dilimiz Çölçülər dilimizi çağlaşdıraraq əski yanaşmalara qarşı çıxıb, müxtəlif dillərdən alınan sözlərdən qurtularaq dilimizi duruldub, onu daha özləşdirib, daha milliləşdirib, daha özünəməxsuslaşdırıb, ticari güc qatmağa başlayıb. Bu çalışma dilimizi daha zəngin, daha duru və daha uca etməyə yönəlib. Bizə qarşı olan yanaşmalarda əziklik duyulur və başqa dilləri öz dilindən üstün görmə yanaşması ilə kor-koranə, "Sövetdən”qalma alqılarla dilimizə soxuşdurulmuş, yamanmış bəzi yad kəlimələri dilimizdən atmağa, bəzən bizdən güclü parasal və kültürəl gücə sahib olan xalqlara yaltaqlıq, kiçiklik, başəyənlik kimi görünən sözlərdən qurtulmağa, özümüzün olmayan sözlərlə danışmağa çalışan və bunu intelekt göstəricisi kimi topluma yaymaqda olan "aydınlar”dan qurtararaq, dilimizi daha da özəlləşdirib, daha da təmizləyib, yüzdəyüz öz sözlərimizlə danışmağa çalışır çölçülər. Bu çalışmalarla millətin öz dilinə sayqısını, sevgisini, öz dilindən güç almasını sağlayaraq, müxtəlif dillərin arasından törənmiş sözlərlə yox, dünya xalqlarının içində öz çoxlu söz ehtiyatı, dil fərqi və çalarları olan bir dilin, çağdaş bir dilin, yeni, çağdaş Azərbaycan dilinin, ortaq Türk dilinin oluşmasına çalışırlar. Çölçülər əmindirlər ki, onların oluşdurduğu və danışdığı ortaq Türk dili, Azərbaycandan başlayaraq digər Türk dövlətlərinə də yayılacaq. Bununla da o Türk dövlətlərindəki xalqlar da, başqa xalqlardan aldıqları alınma sözlərdən qurtularaq indi işlətmədikləri, öncəki sözlərə qayıdaraq yavaş-yavaş ortaq Türk dilinə yaxınlaşa biləcəklər. Türk xalqları arasında anlaşılmazlığın özəlliklərindən biri, əsas önəmli tərəflərindən biri də odur ki, Türk dilləri, istər qazaxca, istər qırğızca, istər Anadolu türkcəsi, istərsə də başqa türk xalqlarının dilində, yabançı sözlər çoxluq təşkil edir. Türk xalqlarının leksikasına daxil olan bu yabançı sözlər də hər xalqın dilində bambaşqa qavramları açıqlayır. Sonda alınma sözlərin yaratdığı bu qarmarışıqlıq üzündən ortaq Türk dilinin şəkillənməsi, biçimlənməsi zor başa gəlir. Halbuki bütün türkdilli dövlətlər, millətlər öz dillərindən bu alınma sözləri yox etsələr, uzaqlaşdırsalar, ortaq türk dili daha tez şəkillənəcək, biçimlənəcək. Və sonunda Dil bilimində, linqvistikada da, eyni zamanda dil öyrənmə işində də, ortaq Türk dili kimi bir məhsul ortaya çıxacaq. Ortaq türk dilində danışan 330 milyon insan isə 6-7 milyardlıq bir bazara sata biləcəkləri böyük, tükənməyən, hər çağ gərəkli və önəmli olan bir biznesi, bir işi yenidən qazanacaq. Çünki əskidən tükcə böyük bir coğrafiyada danışılırdı, yazışmalar bu dildə aparılırdı və Türk dili öyrənimi üçün bu dili bilən insanlar, əlbəttə, ödənişlər alırdı. Bu gün bizim əlimizdə belə bir güc varkən, belə bir alt yapı varkən bunu yenidən qaytarmağımız, yenidən çağlamasını sağlamağımız lazımdır. Biz itirdiyimiz bu gücü ortaq Türk dili ilə yenidən qaytara bilərik. Bunu anlamayacaq qədər geri düşüncəli olmamalıyıq. Çünki Çölçü Törəsinə görə irəlini, gələcəyi, bütöv görüntünü görə bilməyən adam həmişə geridə qalır. Biz bu geridə qalmaqdan qurtulmalıyıq. Ortaq Tük dilinin hər birimizin yaşamına qazandıra biləcəyi üstünlüyü görməliyik. Dillə bağlı istəklərimiz Ortaq türk dilinin yaradılmasında hər kəs iştirak edə bilər. Bunun üçün dilimizin təmizlənməsinin istəyən hər kəsin yeni və əslində isə əski, əsl öz sözlərimizin tapılması üçün gün ərzində düşünüb bu sözləri xatırlaması və yazıb qeyd etməklə qaytarıb ilk olaraq özünün o sözləri canlı dildə işlətməsi – sınaması lazımdır. Məsələn, mənim bu günə tapdığım sözlər:Qabaqcıl, canayaxın, irəli görüşlü. İdeya sözünün qarşılığı kimi isə "ən görüş” cizgisi işlətmək olar. Bundan başqa, bir internet səhifəsi yaradaraq hər gün tapdığımız belə sözləri hazırda leksikonumuzda olan populyar alınma sözlərin qarşılığı ilə bir yerdə, bir lüğət formasında qeyd etmək yaxşı olardı. Daha sonra toplanan bu bilgilərə daha elmi yanaşmaq üçün Dilçilik İnsitutu ilə işbirliyi qurmaq gərəkir. Öyrənmək amacı ilə dünyada əski dillərin bərpası faktlarını, dili önəmsəyən xalqların təcrübələrini araşdırmalıyıq. Bu həm də "Bununla uğraşmayın" deyənlərə örnək göstərmək üçün bir imkandı. Məsələn, ivrit dilinin yenidən yaranması hekayəsi, bu baxımdan örnək olası bir faktdır. Bundan əlavə, dillə bağlı sənədli filmlər, "Öz dilində danış" deyə bir şou proqram hazırlamaq mümkündür. Çağdaş texnologiyalar da işə yarayar – özəl bir bilgisayar yazılımı (Application,əplikeyşın) hazırlamaq və onun yardımı ilə dilin alınma sözlərdən təmizlənməsi, əsl öz sözlərimizin işlək dilimizə qaytarılmasına çalışan yarışmalar həyata keçirmək olar. Dil canlı bir varlıqdır. Dil bir ulusun, bir millətin qavrayışını, anlayışını, alqısını yönləndirən bir qavram biçimidir. Dil çağlamalıdır. Bizim amacımız, bizim istəyimiz, o demək deyil ki, biz əskiyə qayıtmalıyıq. Biz əksinə dilimizi yeniləyirik, dilimizi daha da çağdaşlaşdırırıq. Biz dilimizi alınma sözlərdən - fars, ərəb və başqa dillərin sözlərindən təmizləyərək daha qısa, daha açıq, daha tez anlaşılan daha tez alqılanacaq bir biçimdə yeniləməliyik. Bunu niyə etməliyik? Məsələn, "Kimya” qavrayışının anlayışını götürək. "Kimya” dərsliyinin girişi ərəb sözü olan "kimya” sözünün anlamını bizə anlatmağa çalışır və bunu yenə də ərəb və fars sözlərinin köməyi ilə etməyə çalışır. Alınma bir sözün anlamını alınma sözlərlə anlatmaq zorundadı cağdaş, işlətdiyimiz dil. Buna görə də bizim uşaqlarımız bilik qazanmaqda çətinlik çəkirlər. Biz isə ərəbin, farsın dilimizə yoluxdurulmuş sözlərini dilimizin zənginliyidir deyə alqılayırıq, amma əslində eyni anlamı daşıyan və özümüzün olan bir çox sözlərimizi işlətmədiyimizdən öz sözlərimiz itib batır. Düşünürəm ki, dilimizdə təmizləmələr aparmaqla toplumda və eyni zamanda bilikdə, sənətdə, həmçinin, iş dünyasındakı bir çox qavramaların adlarını öz dilimizə çevirməklə biz o qavramları daha tez alqılayacaq, daha tez anlatacaq, daha çox qəbul edəcəyik. Bu isə beynimizin daha sürətli, daha tez işləməsini sağlayacaq. Başımız daha yaxşı işləyəndə də, iş qollarında, iş bölümlərində biz daha rahat hərəkət edə biləcəyik, daha yaxşı işlər görə biləcəyik. Anlamağımız gərəkən çox vacib bir gerçəklik var – bizim beynimiz öz dilimızdə daha yaxşı işləyir. Məsəl üçün, örnək verək, vətən sözü, hamının bildiyi, işlətdiyi sözdür. Ancaq bu sözün yerinə "Yurd” deyəndə insanlar bunu daha tez, daha asan anlayır. Yurd, yuva – bu bizim sözümüzdür, öz dilimizdir. Bu sənin ulusun yaşayan torpağın, yerin olduğunu, sənə daha asan vurğulayır. "Yurd” bizə "Vətən” sözündən daha yaxın, daha doğma, daha çox məna yüklü sözdür və deməli özümüzündür. Beləliklə, biz öz dilimizə yiyə durmalıyıq, öz dilimizi sevməliyik, öz dilimizin önəmini, dəyəri anlamalıyıq. Öz dilimizdə danışmalıyıq ki, başımız öz dilimizdə çalışsın və öz dilimizdə daha yaxşı işləyən başımız bizi öz gələcəyimizə daşısın.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.