Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı: Milli Məclis, MEDİA 6 апреля 2016 5 aprel, 2016-cı il."Öncə cəbhədən alınan xoş xəbərlərə görə xalqımızı təbrik edirəm, ordumuza əzm, uğurlar arzulayıram.Hörmətli müvəkkilimizin hesabatını dinlədik. Əhatəlidir. İnsan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ilə bağlı məqamlar ətraflı təhlil olunub. Məruzədə «fikir və söz azadlığı», «informasiya əldə etmək azadlığı» kimi hissələrin olması təməl insan haqları məsələsinə önəmli yanaşılmasından xəbər verir. Müsbət haldır ki, Ombudsman bu müstəvidə baş verən prosesləri tam şəkildə diqqətdə saxlayıb. Hətta peşə fəaliyyəti ilə bağlı olmasa da, həbsdə olan jurnalistlərə baş çəkilməsi, onların saxlanma şəraiti ilə tanışlıq həssas münasibətin göstəricisidir. Bu da demokratik cəmiyyət quruculuğu baxımından təqdirəlayiqdir.Bununla yanaşı bəzi məqamlara da diqqətinizi çəkmək istərdim.Bildiyiniz kimi, Müvəkkil informasiya sahibi olan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin «İnformasiya əldə etmək haqqında» Qanundan irəli gələn tələbləri yerinə yetirmələrinə nəzarəti həyata keçirir. Belə bir səlahiyyət də demokratik cəmiyyət quruculuğu baxımdan müstəsna əhəmiyyət daşıyır. Məruzədə bildirilir ki, informasiya əldə etməklə bağlı 58 müraciət üzrə təhlillər aparılıb, müvafiq səlahiyyətli qurumlara sorğular göndərilib, məsələlər əsasən həllini tapıb.Əvvəla düşünürəm ki, 58 müraciətin özünün də təsnifatlandırılması yaxşı olardı. Yəni biz konkret şəkildə bilməliyik ki, müraciətlərdə nələrdən söhbət gedir. Bu məqamı təsadüfən qabartmadım. Cəmiyyətə informasiyanın çatdırılmasına media orqanlarımız məsuliyyət daşıyır. Məlumdur ki, onların bir çoxu ilk mənbədən informasiya alınmasında çətinliklərlə üzləşirlər. Ayrı-ayrı dövlət idarə, təşkilat və müəssisələrindən informasiya almaq bəzən müşkilə çevrilir. Jurnalistlər bununla bağlı narazılıqlarını Mətbuat Şurasına bildirirlər. Doğrudur, ötən illərlə müqayisədə mövcud sahədə vəziyyət xeyli dərəcədə yaxşılaşıb, ancaq qeyd etdiyim kimi problemlər hələ də qalmaqdadır.Qeyd etdiyim kimi, Müvəkkilin bu istiqamətdə də gördüyü işlər var və onlar məruzədə göstərilib. Ancaq hesab edirəm ki, məsələyə daha konkret yanaşmaq zərurəti var. Nəzərə alaq ki, «İnformasiya əldə etmək haqqında» Qanunda cəmiyyətə informasiyanın çatdırılması məsuliyyətinə fundamental yanaşılır. Hətta əvvəllər qanunda informasiya məsələləri üzrə ayrıca təsisatın yaradılması da əksini tapmışdı. Sonradan bu sahədəki işlər İnsan hüquqları üzrə Müvəkkilə həvalə olundu. İndi məncə, bizim Müvəkkildən bu sahə ilə bağlı 4 ildə hansı işlərin görülməsi ilə əlaqədar hesavat tələb etməyimizdə qəbahət axtarılmamalıdır.Bir sözlə, qanun sahənin spesifikliyini isbatlayır və buna adekvat da fəaliyyət olmalıdır. Düşürəm ki, Müvəkkil də qarşıdakı illərdə bunu nəzərə alacaq. Məruzədə də qeyd edilir ki, «İnformasiya əldə etmək haqqında» Qanunun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məsqədilə Müvəkkil aparatının strukturunun təkmilləşdirilməsini, aidiyyatı əməkdaşların ixtisaslaşmış treninqlərə cəlb edilməsini nəzərdə tutan təkliflər hazırlanıb. Artıq təkliflər müvafiq qurumlara verilib. İnanıram ki, onlar həyata keçirilsə, Müvəkkilin qarşıdakı fəaliyyəti daha uğurlu olacaq.Sonda Elmira xanıma Mətbuat Şurası ilə bağlı təklifinə görə minnətdarlığımı bildirirəm. Hörmətli həmkarlarımız döyüş bölgəsində baş verən olaylarla bağlı saytların rolundan danışdılar, iradlarını bildirdilər. Əlbəttə, səhvlər olur. Həm də bunların sayı həddən artıq az idi. Əsas media üzərinə düşən missiyanı layiqincə, milli maraqlarımızdan çıxış edərək yerinə yetirib. Azərbaycan əsgəri kimi Azərbaycan jurnalistikası da imtahan verdi. Deyərdim ki, bu imtahandan üzüağ çıxdı. Buna görə media nümayəndələrimizə təşəkkürümü bildirirəm. O ki qaldı medianın burda qaldırılan problemlərinə, mənə elə gəlir ki, biz bu məsələni kompleks şəkildə medianın iqtisadi durumunun da yaxşılaşdırılması müstəvisində həll edə bilərik".. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.