Xəzangül Hüseynova: "Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar" Gəncə, Elmi Məqalələr, Borçalı 7 марта 2023 857 100 1 2 3 4 5 Xəzangül Hüseynova,Azərbaycan Yazıçılar Birliyi və Avrasiya Yazarlar Birliyinin üzvüƏdəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizami yalnız dahi şair deyil, onun ölməz ideyaları öz dövrünü xeyli qabaqlamış, humanizm, ülvi məhəbbət, fədakarlıq haqqında, ədalətin bərqərar olması uğrunda fəal mübarizə aparmağın yollarını göstərmişdir. O, zülmkarlığa qarşı etiraz səsini ucaltmış, hökmdarlara, padşahlara qarşı o dövr üçün son dərəcə cürətli sayılan fikirlər irəli sürmüşdür.Nizami ədəbiyyatda özünə qədər tədqiq edilməmiş yeni sahələr kəşf etmişdir. Poeziyada daxili həyəcanlarını, qəlb çırpıntılarını öz oxucularına təlqin edə bilmişdir.Bütün bəşəri duyğuları əsərlərində cəmləşdirən, ona görə də bəşəriləşən Nizami. Gəncədə doğulan, Gəncədə yaşayıb-yaradan, özü ilə, sözü ilə Gəncəni də ucaldan Nizami.870 ildir ki, Nizami ədəbiyyatın əbədiyyət səhifəsində ən ucada oturub, öz poetik, idrakla, təfəkkürün vəhdətindən irəli gələn əsərlərinin qalibiyyət bayrağını bütün kainat üzərində dalğalandırır. Özü də heç vəchlə özünün unudulmasına, unudulmaq yox, bir növ, azda olsa uzaqlaşmasına yol vermir. Nizaminin dediyi kimi, "Yüz illər keçsə də, sorsanız o hardadı, misralarım deyəcək o burdadı".O, Gəncədə doğulsa da, bütün dünya ölkələri, bütün millətlər onu hardasa özününküləşdirməyə cəhd edir. Çünki onun əsərləri bütün dünya poeziyasına "Nizami" möhrünü vurub.Nizami "Xəmsə"sinə daxil olan poemaları ozündə Şərq poeziyasının, ən əsası türk poeziyasının mədəniyyət tarixində yeni səhifə açmış, son dərəcə gözəl, misilsiz poemalar Yaxın və Orta Şərq ədəbiyyatı və incəsənətinin inkişafına böyük təsir göstərmiş və indi də göstərməkdədir. Həm də türk poeziyasının bir çox klassikləri üçün tükənməz ilham mənbəyi olmuşdur. Nizaminin "Xəmsə"sinə çoxlu nəzirələr yazılmışdır. Bu nəzirələr görkəmli türk şairləri Əbdürrəhman Cami, Əlişir Nəvai, Xosrov Dəhləvi və başqa klassiklər tərəfindən qələmə alınmışdır.Böyük Nizaminin fəlsəfi, romantik, məhəbbət, tarixi qəhrəmanlıq poemaları rəssamlar üçün də tükənməz yaradıcılıq şövqü üçün ilham mənbəyi olmuşdur və çoxlu incəsənət əsərlərinin meydana gəlməsinə səbəb olmuşdur.Türk dünyası ölkələrindən biri və o dövr üçün ən möhtəşəmi olan Azərbaycan torpağının övladı və Gəncə şəhərinin dünyaya bəxş etdiyi, bütün bəşəriyyəti heyrətdə qoyan, qeyri-adi, sözlə ifadə olunmayan istedada malik böyük Nizami ilə fəxr edir, qürurlanırıq. Onun hər əsərində Azərbaycan, o cümlədən türk dünyasının adət-ənənələrinə, folkloruna, əxlaq dünyasına tükənməz sevgisini, məhəbbətini görürük.Böyük Nizami türk qadınını ucalardan ucalara qaldırmış, qadın fədakarlığına, qadın ağlına, qadın sədaqətinə, qadın ismətinə yüksək qiymət vermişdir. Onun Fitnəsi, Şirini, Nüşabəsi, Azadəsi əsl türk qadınlarıdır. Türk qadını Fitnə o qədər cəsur, o qədər ağıllı, o qədər səbirli qadın surətidir ki, o, hətta Bəhram şaha özünün fikirlərini təlqin edə bilir.Nizami öz əsərlərində yeniliklə birgə, keçmişi də qiymətləndirməyə unutmamağa çağırır. O deyir ki, "Keçmişin çil-çırağına daş atmaq, yetimlərin malına əl uzatmaq kimi bir şeydir". Ən əsası, onu demək olar ki, o həm də tədqiqatçı alim olub. Məsələn: "İsgəndərnamə" poemasını yazmamışdan əvvəl İsgəndər haqqında kitab kimi yazılı heç bir mənbə tapmamışdır. İsgəndər haqqında yəhudi, nəsrani, pəhləvi dillərində yazılan əlyazmalardan istifadə etmişdir. "Yeddi gözəl"i yazanda bütün şahların tarixini öyrənmişdir. Ona görə də Nizami yazırdı:Dünyada nə qədər kitab var hələ,Çalışıb mən onu gətirdim ələ."Xəmsə"sini oxuduqca onun xalqla daim təmasda olduğunu, kəndlilərlə, dünyagörmüş müdrik qocalarla yaxın olduğunu, xalq yaradıcılığını, doğma Azərbaycan və bütün türk ölkələrinin şifahi ədəbiyyatını, folklorunu yaxşı bildiyini görürük. Əməkçi insana sonsuz məhəbbət, xalq hikmətlərinə doğma münasibət insanı heyrətdə qoyur. O, öz Azərbaycan dilinin qiymətini bilməyin əsas amillərindən birini başqa dilləri bilməkdə görürdü. O, bir beytində deyir:Saydığım dilləri ətraflı bilən,Saxlar öz dilini tənə, töhmətdən.İnsan Nizami dərinliyinə endikcə istər-istəməz onun fikir, ağıl, poetik hünərinin önündə mat qalır, bilmirsən, hansı tərəfə dönəsən ki, həyəcanını boğa biləsən. Elə bil ki, onun ürək çırpıntılarını, daxili həyəcanını, poetik ilhamı, ilahi duyğuları səni silkələyir, bir növ səni özününküləşdirir, sən istər-istəməz onun quluna, qurbanına çevrilirsən və belə qul olmaq, belə qurban olmaq insana mənəvi sevinc, mənəvi yüksəklik gətirir. Onu "söz tanrısı" adlandırırıq. Özü demişkən, "Şeir hücrəsinin əsasını mən qoydum", "Mən şeiri elm, ürfanla birləşdirdim". Bu "söz tanrısı"nın söz bəndələri kimi ona səcdə edirik. Bundan başqa, Nizamini oxuduqca onun dərdə üstün gəlmək bacarığına heyran qalırsan. O, dərdə çəkdiyi zəhmət hesabına üstün gəlir. O deyir:Qana qəltan etsə də, səni zəhmət tikanı,Çalışmaqdan usanma, işə alışdır canı.Bizə elə gəlir ki, Nizamini aça bilmişik. Amma mənim fikrimcə, o, hələ pünhandı, gizlidi. Biz onu tamamilə aça bilməmişik. Onu aça bilmək üçün elmlə helmi birləşdirərək, bu birləşmənin vəhdətindən ərsəyə gələn əsərlərini bütövlükdə tədqiq etmək lazımdır. Çünki o, elə bir dühadır ki, onun dahiliyi Göylə Yerin barışığından, məhəbbətindən doğulmuşdu. Böyük Nizami özünün kimliyinin sirrini özünü insanlara tanıtmaq üçün açar vermişdi. O deyir: "Hər kəs məni görmək istəsə, canımın məğzini əsərlərimdə görə bilər". Özünün gizliliyini, Nizami sirrinin dərkedilməzliyini idrakımızın, təfəkkürümüzün hardasa dərk etməsi üçün onun səviyyəsi ilə uyğunlaşmamaq bizə mane olur. O, özü də yazılarında bizə kömək etmək istəyir. Deyir ki, "O kəs ki, hər beytində sənə bir sirr açar, o səndən necə gizli qala bilər?" O, hər beytində bir sirr açırsa, deməli o, sirr məcmusudur, bu sirr məcmusu bütövlükdə bir vəhdətdir. Bütövlük özü də dünyadı, bütün kainatdı. Ona görə də sirrdir, özü də ilahi bir sirr. Amma fərəhlə, qürurla onu deyə bilərəm ki, o, azərbaycanlıdı, o, türkdü, o, gəncəlidi.Mən inanıram ki, bir vaxt xəyalımda canlanan "Nizami şəhərciyi" öz həqiqət adlanan libasını geyinib gerçəkliyə çevriləcək.Bu, mütləq olacaq...Bu, tarixi bir salnaməyə çevriləcək. Bu tarixi salnaməni yaradan, bu missiyanı yerinə yetirən ömürlük tarixin yaddaşına həkk olunub, Nizami ruhunun istəklisinə, məhəbbətinə çevriləcək. Eşq olsun belə istəyə, belə məhəbbətə. Buna nail olan insan nə bəxtiyardır.870 ildir bəşəriyyəti öz poetik dünyası ilə heyrətdə qoyan İlyas ibn Yusif ibn Müəyyəzdir - o, nurdur, o, işıqdır, o, böyük Nizamidir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.