“Dostluq körpüsü”

“Dostluq körpüsü” “Dostluq körpüsü” “Dostluq körpüsü” “Dostluq körpüsü”
Bu gün dünyanın bir çox ölkələrində təhsil sistemində informasiya texnologiyalarından geniş istifadə yeniliklərə səbəb olur. Hər bir müəllim bu yeniliklərdən faydalanmağa, müasir texnoloji üsul və vasitələrin köməyi ilə dərs təqdimatlarını hazırlamağa çalışır. Lakin yenilikləri düzgün və yerində icra etmək bacarığı müəllimdən yüksək çalışqanlıq və innovativlik tələb edir.
İnformatika müəllimi olaraq mən də öz dərsimdə müasir veb2-3 alətlərindən istifadə edirəm.


Bir neçə müddətdir ki, yenilikləri öyrənmək, keçdiyim mövzularda tətbiq etmək üçün distant təlimlərə qoşulur, beynəlxalq saytlardan “İnfourok”, “Multiurok”, “Kopilka urokov”, “Uroki doma”, “Pro şkola” və s. mövzulara uyğun layihələr, təqdimatlar hazırlayaraq həmin saytlar vasitəsi ilə qonşu ölkələrdəki müəllimlərin layihə və dərs təqdimatları arasındakı oxşar və fərqli cəhətləri müşahidə və təhlil edirdim.

Bu müəllimlərin dərs metodları ilə əyani tanış olmaq şansı mənim üçün əlçatmaz idi, lakin Azərbaycan Təhsil Şurasının təşkilatçılığı ilə bu il mart ayının 23-25-də Ukraynanın Lvov şəhərində keçirilən beynəlxalq konfransda bu arzum reallaşdı. Belə ki, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin rəhbərliyi altında Ukraynaya gedən müəllim, professor, məktəb direktorları və elmi işçilərdən ibarət 28 nəfərlik heyətin içində mən də var idim. Məqsədimiz dost ölkənin təhsilindəki yeniliklər və problemlərlə hali olmaq, getdiyimiz ölkədə öz təhsilimizin inkişafını nümayiş etdirmək, əməkdaşlıq qurmaq idi.

Lvov şəhəri Avropanın mərkəzində yerləşən qədim tarixi üslublu memarlıq abidələrinə və tikililərinə malik olan, zəngin mədəniyyəti və qonaqpərvərliyi ilə seçilən şəhərlərdən biridir. Diqqətimi çəkən getdiyimiz təhsil ocaqlarındakı müəllim və şagird heyətinin səmimi münasibəti, doğma rəftarı oldu. Bu bizdə yüksək əhvali-ruhiyyə yaratdı, olduqca işgüzar səfər keçdi. Bir neçə universitetdə, departamentdə, gimnaziyalarda olduq, elmi konfranslarda çıxışçı kimi iştirak edərək “İnteraktiv lövhələrin və müasir texnologiyanın riyaziyyat və informatika dərslərinə inteqrasiyası” mövzusunda məruzə etdim. Biz müxtəlif mövzular üzrə (vətənpərvərlik, multikulturalizm, İKT-nin fəal dərsdə düzgün istifadəsi, kreativ düşüncənin formalaşdırılması və s.) qruplara bölündük. Hər qrup verilən mövzulardan birini seçərək müxtəlif məktəblərə yollandı. Mənim üzv olduğum qrup Təhsil Şurasının sədri Əjdər Ağayevlə Lvovdakı 69 nömrəli orta məktəbdə olduq. Məktəbdəki sinifləri gəzərək dərs proseslərini izlədik. İlk növbədə məktəbin kabinet, bufet və dəhlizlərindəki səliqə-sahman diqqətimi çəkdi. Pəncərədən görünən yaşıllıq, çiçəklər, məktəbin həyətində salınmış kiçik bostan xüsusi marağıma səbəb oldu. Ukraynada tədris Azərbaycandan fərqli olaraq ənənəvi metodlarla aparılır. Məktəblərin interaktiv lövhələr, internet və kompüter texnologiyaları ilə təchiz olunması aşağı səviyyədə idi. Ukraynalılar Azərbaycan təhsilinin sürətli inkişafını böyük maraqla izləyirlər. Etdiyimiz təqdimatlar konfransda böyük marağa səbəb oldu. Gəzdiyimiz təhsil ocaqları, universitetlər, təşkil olunan konfranslar gənc bir müəllim kimi mənim üçün böyük təcrübə oldu. Mənim üçün sevindirici haldır ki, Azərbaycanın elmi işçiləri və tanınmış pedaqoqları ilə əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində iştirak etdim.

Aytac RZAYEVA,
Bakıdakı 24 N-li orta məktəbin müəllimi.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: