Prezident İlham Əliyev gənclərimizi daha vətənpərvər, sağlam, savadlı, işgüzar və müasir dövrlə ayaqlaşan görmək istəyir Azərbaycan, Gənclik 20 ноября 2017 “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi zamanın ruhuna uyğun tərtib olunub.Bu fikri Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev dövlətimizin başçısının sentyabrın 15-də imzaladığı Sərəncamla təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.Y.Məmmədəliyev bildirib ki, Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılıb, dövlət gənclər siyasətinin əsas çərçivələrini müəyyənləşdirən qanunverici aktlar qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Ölkəmizdə dövlət gənclər siyasətinin daha planlı şəkildə həyata keçirilməsi məqsədilə “Azərbaycan gəncliyi” dövlət proqramı qəbul edilərək, 2005-2009-cu və 2011-2015-ci illərdə uğurla icra olunub.“Ölkəmizin müasir inkişaf dinamikası Azərbaycan gəncliyinin tələblərini də artırır. Ötən dövrdə icra olunmuş proqramların nəticəsində Azərbaycan gənci inkişaf edib, müasirləşib, onun yeni tələbatları yaranıb. Məhz bu amilləri nəzərə alaraq dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam dövlətin gənclərimizə olan inamını ifadə etməklə, onların məsuliyyətini də artırır. Eyni zamanda, qəbul edilmiş proqram, müxtəlif dövlət qurumları, nazirlik və komitələr qarşısında konkret məqsədlər qoyur. Müvafiq dövlət qurumları proqramın tam, vaxtında və yüksək səviyyədə icrası üçün çalışacaqlar”, - deyə Prezident Administrasiyasının şöbə müdiri qeyd edib.“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının əhatə etdiyi zamanın ruhuna uyğun tərtib edildiyini vurğulayan Y.Məmmədəliyev bildirib ki, proqramda gənclərimizin milli köklərə söykənərək, müasir dünyanın bir parçası olmalarını təmin etmək istəyi diqqəti cəlb edir. Təsadüfi deyil ki, sənəddə ölkə gənclərinin müasir texnologiyalara yiyələnməsi, beynəlxalq əlaqələrini gücləndirməsi təşviq olunur. Azərbaycan gənclərinin informasiya texnologiyaları sahəsinə, müxtəlif startaplara olan təbii marağını təmin etmək üçün proqramın icrası zamanı, dövrün müasir təzahürlərinə xüsusi diqqət ayrılacağı gözləniləndir. Proqramın icrasına dair tədbirlər planı ilə tanış olduqda görürük ki, burada Azərbaycan gəncliyini düşündürən bütün məsələlər ətraflı şəkildə öz əksini tapıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu proqramdan irəli gələn tədbirlər planının icrası nəticəsində gənclərimizi daha vətənpərvər, sağlam, yaradıcı, savadlı, işgüzar və müasir dövrlə ayaqlaşan görmək istəyirlər.“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əhatə etdiyi dövrdə ölkə gəncliyinin və müxtəlif dövlət qurumlarının fəaliyyəti üçün istiqamətverici sənəd olacaq. Gənclərimizi onların inkişafına faydalı olacaq bu proqramın qəbul olunması münasibətilə təbrik edirəm”, - deyə Y.Məmmədəliyev vurğulayıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.