Etnosdan eposadək: DÖVRLƏŞMƏ KONSEPSİYASI VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

Etnosdan eposadək: DÖVRLƏŞMƏ KONSEPSİYASI VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ

İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli
Elmlər Akademiyasının
vitse-prezidenti,
Milli Məclisin
Elm və Təhsil
Komitəsinin sədri,
akademik



Azərbaycan tarixşünaslıq elmindəki orta əsrlər bölgüsü ədəbiyyatçıların düşündüyü qədim dövrləri də özündə cəmləşdirir.

Tarixçilər orta əsrlər dedikdə təxminən IV əsrdən başlayaraq XVIII əsrin axırlarına qədərki böyük bir dövrü nəzərdə tuturlar. Tarixçilərə görə, qədim dövr isə bizim eradan qabaqkı zamanlardan başlayaraq yeni eranın IV əsrinə qədər davam edir. Yeri gəlmişkən, sovet dövründən qalan və əsasən ictimai-iqtisadi formasiyaların marksist təsnifatına əsasən müəyyən olunan “qədim dövr” anlayışına və ümumən tarixi dövrləşdirmə probleminə yenidən baxılmasına ehtiyac vardır. Quldarlıq mərhələsinin qədim dövr, feodalizm erasının orta əsrlər hesab edilməsi heç də dünyanın bütün ölkələrində eyni səviyyədə mövcud reallıqla üst-üstə düşmür.

Ədəbiyyat baxımından isə qədim dövr tarixin qədimliyi ilə yanaşı, mifoloji mətnlərin və şifahi ədəbiyyatın yaranmağa başladığı ilkin çağları və bu prosesin ardıcıl olaraq davam etdiyi əsrləri özündə birləşdirir. Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin, xüsusən miflərin - əsatirlərin və azhecalı xalq şeiri nümunələrinin yaranması qədim dövr mərhələsinin tarixin başlandığı çağlardan etibarən formalaşdığına şahidlik edir.

Tədqiqatlarda mifoloji mətnlərin “protodil”, “protoyazı”, “əcdad dili” dövründən formalaşmağa başlaması haqqındakı fikirlər türk mifologiyasının, o cümlədən, xalqımıza aid əsatirlərin ən qədim tarixi dövrlərdə yarandığını göstərir. Son vaxtlarda Azərbaycanın ayrı-ayrı bölgələrindən, xüsusən Naxçıvan ərazisindən Həzrəti Nuh peyğəmbərlə əlaqədar əsatirlərin yazıya alınması və təhlili ölkəmizdə mifoloji təfəkkürün bəşəriyyətin ilkin çağları ilə bağlı olduğunu nəzərə çarpdırır. Tanrıçılıq dünyagörüşü üstündə köklənmiş türk mifoloji sistemi və onun ayrılmaz tərkib hissəsi olan Azərbaycan mifologiyası mənşə baxımından “tarixin sübh çağı”nın alatoranlıqlarına işıq salır. Belə ki, əski ovçuluq və təqvim miflərində ulu əcdadlarımızın ibtidai həyat tərzinin, inanclarının, ayin və mərasimlərin izləri yaşamaqdadır. Bir qədər sonrakı dövrlərdə yaranmış mifoloji rəvayət və əfsanələrdə artıq cəmiyyətlə əlaqədar müəyyən məqamlara rast gəlinir ki, bu da Azərbaycanda ictimai mühitin və şifahi bədii təfəkkürün artıq bir-biri ilə üzvi əlaqədə inkişaf etməkdə olduğunu nəzərə çarpdırır. Əsatir, mif daha dərin mənada etnosun mahiyyətini ifadə edən əsas vasitələrdən biri olmaq funksiyasını həyata keçirir. Əsatirdə etnos özünü sadəcə biruzə vermir, tam ifadə edir. Bu mənada Azərbaycan əsatiri milli mənəvi kimliyin ən qədim pasportudur.

Qədim dövrlərdə təkcə əsatirlərdə deyil, əksər janrlarda yaranmış bədii nümunələrdə “insanın ətraf aləmlə qarşılıqlı münasibətlərinin sözlə ifadəsi” (Kamil Hüseynoğlu) olan mifoloji baxışlar öz əksini tapmışdır. Şeir şəklində yaranan ovsunlarda və ağılarda, sehirli nağıllarda, mövsüm və mərasim nəğmələrində, sayaçı sözlərində və holavarlarda ibtidai insanların həyat hadisələri və təbiət qüvvələri ilə əlaqədar dünyabaxışı, inam və etiqadları ifadə edilmişdir. Tərəddüd etmədən demək olar ki, ilkin xalq şeiri nümunələri, mövsüm və mərasim nəğmələri protoazərbaycanlıların həyata və təbiət hadisələrinə mifoloji baxışlarının poetik əks-sədasından yoğrulmuşdur. Nəinki şifahi şəkildə yaranan ədəbiyyatın kiçik janrlarında, hətta nağıllarda və qədim dastanlarda da mifoloji qat aparıcı olmuş, ideyanın əsas daşıyıcısına və açılışına xidmət etmişdir. Bu mənada bədii düşüncənin beşiyi hesab olunan mifoloji mətnlər (əsatirlər) ən qədim şifahi xalq ədəbiyyatı nümunələri olub, bəşəriyyətin ilkin çağlarında ibtidai insanların təbiət hadisələri qarşısındakı heyrətinin bədii ifadəsinin əks-sədası kimi yaranmışdır.

Azərbaycanda ilk xalq şeiri nümunələri hələ Eneolit dövründən etibarən yaranmağa başlamışdır. Bu, ölkəmizdə şifahi poetik təfəkkürün qədimliyini müəyyən edir. Ovsunlar, sınamalar, fallar, andlar, dualar, alqış və qarğışlar, manilər ən qədim şifahi xalq ədəbiyyatı nümunələri hesab olunurlar. Bu janrların əksəriyyəti azhecalı şeir şəklində formalaşmışdır: “Neolit və daha qədim dövrlərə aid ovsunların (xalq şeiri nümunələrinin - İ.H.) misraları üç hecalı, eneolit dövrünə aid nümunələrdə üç və dörd hecalı, tunc dövrünə aid nümunələrdə isə beş və daha çox hecalıdır” (B.Tuncay). Eyni zamanda, ədəbiyyatşünaslıq elmi haqlı olaraq bu qənaətdədir ki, “ilk dəfə qısa vəznlərin (ölçülərin - İ.H.) vücuda gəlməsi pək təbii idi. Çünki çox bəsit bir dərəcədə olan dil birdən-birə güclü və mürəkkəb parçalı (duraqlı) vəznləri yaratmazdı” (Əmin Abid). Son illərdə folklorşünaslar azhecalı xalq şeiri nümunələrini toplayıb yazıya almaq və kitab halında nəşr etdirməklə Azərbaycan şifahi ədəbiyyatının bu qolunun varlığını və zənginliyini isbat etmişlər. “Bir-iki / Qırmadı. Üç-dörd / Vırmadı. Beş-altı / Xurmadı. Yeddi-səkkiz / Qurmadı. Doqquz-on / Durnadı - kimi üçhecalı şeir nümunəsi xalq şeirinin ilkin yaranma mərhələsinin xüsusiyyətlərini bütün reallığı ilə əks etdirir. Bir qədər sonra formalaşmış dördhecalı misralar zaman-zaman xalq şeirinin inkişafda olduğunu göstərən faktorlardan biridir:

Qodu daşı
Budu daşı.
Buludların
Gudu daşı
Bişirmişəm
Xəmir aşı
Qonaq gəlsin
Hodubaşı.
... Qodu kəssin
Yağışı.

Hələ qədim dövrlərdə xalq şeiri 5 hecalı misralarla oturaq bir sistem qazanmışdır. Beşhecalı şeirlər olan oxşama janrında yaranmış poetik formalar xalq şeirinin inkişafında növbəti addım olmuşdur. Ailə-övlad münasibətlərinin oxşama janrında olan şeirlərdə mənalandırılması həm də qədim dövrlərdə Azərbaycan cəmiyyətində ailə anlayışının möhkəmləndiyini göstərir. Bütövlükdə isə qədim dövrdə 7 hecalı şeir sisteminin yaranması ilə azhecalı şeir modelitam kamala çatmışdır. Beləliklə, qədim dövrdə azhecalı şeir cütmisralı qafiyələnmədən yeddi hecalı dörd misralı bəndlərə qədər böyük təkmilləşmə prosesi keçmişdir. Uzaq tarixi keçmişdə yaranmış sayaçı sözləri, holavarlar, ağılar, bayatılar, laylalar... 7 hecalı şeirin fərqli poetik formalarda təzahür etdiyini göstərir. Bütövlükdə 7 hecalı şeirin müxtəlif janrlarının yaranması və inkişaf etməsi ilə artıq şifahi xalq ədəbiyyatı tam formalaşmışdır. Əsatirlərdən fərqli olaraq, ayrı-ayrı janrlarda yaranmış azhecalı şeirlər daha fəal şəkildə ağızdan-ağıza, dildən-dilə keçərək yayılmış, şifahi ədəbiyyatın özünəməxsus obrazını canlandırmışdır.

Azərbaycan ədəbiyyatı tarixinin qədim dövrü şifahi xalq ədəbiyyatının ilkin nümunələrinin yarandığı çağlardan başlayan və yazılı ədəbiyyatın formalaşmağa başladığı VII əsrə qədərki dövrləri özündə birləşdirən böyük bir epoxadan ibarətdir. Azərbaycanda bu, böyük sivilizasiyanın başlanğıcı olan Nuh peyğəmbər əyyamından bizim eranın VII əsrinə qədərki dövrlərin şifahi söz sənəti nümunələrindən ibarət olan zəngin ədəbiyyat xəzinəsidir. Bu mənada ədəbiyyat tarixinin dövrləşdirilməsi baxımından “qədim dövr” anlayışı şərti olaraq hər xalqın şifahi xalq ədəbiyyatının tarixinə dair real faktların nəzərə alınması ilə fərdi qaydada müəyyən olunmalıdır. Bu baxımdan dövrləşdirmə üzrə təsnifatda tarixilik, müddət mənasında Azərbaycan ədəbiyyatının “qədim dövrü”nün bəxti gətirmişdir. Azərbaycan ədəbiyyatının şifahi qolu Nuh əyyamından başlamış yazılı ədəbiyyatın ilk örnəklərinin meydana çıxdığı VII əsrə qədərki çoxəsrlik böyük bir dövrü əhatə edir. Azərbaycan şifahi xalq ədəbiyyatının əsas janrlarının demək olar ki, əksəriyyətində qədim dövrə aid bədii nümunələr vardır.

Azərbaycan xalqının ulu əcdadlarının mifoloji-poetik təfəkkürünün məhsulu olan mərasim folkloru örnəkləri də yazılı ədəbiyyatdan qabaqkı dövrlərdə yaranmışdır. Azərbaycan mərasim folklorunda geniş yer tutan günəşiçağırma və ya yağışyağdırma şeirləri həmin hadisələrdə bağlı mərasimlərə dair mifoloji düşüncənin qafiyələnmiş nümunələridir. “Günəşi dəvət” adı ilə qeydə alınmış xalq şeirində mifoloji dünyagörüşlə əlaqədar günəşçıxarma mərasimi sadə xalq dilində yüksək poetik səviyyədə ifadə olunur:

Gün çıx, gün çıx!
Kəhər atı min, çıx!
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü,
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür, çıx!

Gün getdi su içməyə,
Qırmızı don biçməyə.
Gün özünü yetirəcək,
Qarı yerdən götürəcək,
Keçəl qızı ötürəcək,
Saçlı qızı gətirəcək.

Yağışyağdırma və yağışkəsmə mərasimlərini ifadə edən xalq şeiri nümunələrində də bu təbiət hadisəsinə dair xalqın arzusu, istəyi və inamı ifadə olunmuşdur. “Çax daşı, çaxmaq daşı, Allah versin yağışı” - misralarındakı hiss-həyəcan qədim insanların təbiət qarşısındakı çağırışlarıdır. “Daş başım, yaş başım, yaşdandı üst-başım” misraları isə artıq insanların istəklərinin gerçəkləşdiyini göstərir. “Qodu daşı, odu daşı, Qodu kəssin yağışı” nəğməsi təbiəti ovsunlamaq üçün oxunan duadır. “Səməni”, “Kosa-kosa” kimi mövsüm nəğmələrində də mifoloji baxışın əks-sədası vardır. Bütün bunlar Azərbaycan ilkin azhecalı xalq şeiri nümunələrinin mifoloji baxışların poetik ifadəsindən yoğrulduğunu nümayiş etdirir. İdeya-məzmuna görə azhecalı xalq şeiri nümunələri qafiyələnmiş əsatirlər təəssüratı yaradır.

Mifoloji rəvayətlə xalq şeirinin sintezi qədim dövrlərdə Azərbaycanda epos təfəkkürünü formalaşdırmışdır. Əsas xüsusiyyəti “boy boylamaq (nağıl etmək) və soy söyləmək (vəsf, tərənnüm etmək, şeir söyləmək) olan Azərbaycan eposu qədim dövrdə özünün möhtəşəm ədəbi abidəsini - “Kitabi-Dədə Qorqud” dastanını meydana çıxarmışdır. Mifoloji mətnlər və qədim xalq şeiri örnəkləri dastana keçid baxımından möhkəm mənəvi körpüdür. Akademik Kamal Abdullanın haqlı olaraq qeyd etdiyi kimi, “Kitabi-Dədə Qorqud” dastanının “quruluşunda həm ilkin, ibtidai, bizə tanış olmayan, yaxud az tanış olan bədii poetik elementlər və imkanlar (mifoloji dünyagörüş - İ.H.), həm də bununla yanaşı, daha müasir, artıq ədəbi-bədii şüurumuza tanış olan klassik poetik nümunələr özünü göstərir”. Dastanda mifoloji qatla məcazi qatlar arasında keçid o qədər harmonik şəkildə baş vermişdir ki, oxucu “üz-üzə olan bu qatları çox vaxt bir-birinin içində” hiss edir. Bu isə “Kitabi-Dədə Qorqud”un bir dastan kimi mövzusu, ideyası və qəhrəmanları ilə bərabər, həm də mükəmməl bir poetik sistemə malik olduğunu göstərir. Ona görə də Azərbaycanda olduğu kimi, ümumtürk şifahi xalq ədəbiyyatı məkanında da mükəmməl epos nümunəsi kimi “Kitabi-Dədə Qorqud” dastanı ən uca zirvədə dayanır. Haqlı olaraq belə bir qəti fikir formalaşmışdır ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan epos sənətinin ən möhtəşəm abidəsidir. Eyni zamanda, “Kitabi-Dədə Qorqud” dastanı dünya epos mədəniyyətinin də əfsanəsidir. Bununla belə, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan-türk epos təfəkküründə “Alp Ər Tonqa”, “Gültəgin”, “Tonyukuk”, “Oğuz kağan”, “Göytürk”, “Oğuznamə”lər kimi ortaq türk dastanlarından ümummilli bütövlüyə doğru inkişaf edən etnik-mədəni proseslərin möhtəşəm bir yekunudur. Etnik cəhətdən də, coğrafi baxımdan da “Kitabi-Dədə Qorqud” dastanı ümumtürk xarakteri ilə yanaşı, daha çox Azərbaycan hadisəsidir.

Azərbaycanda bədii təfəkkürün formalaşmasında xalq ədəbiyyatı ilə yanaşı, Gəmiqaya-Qobustan qayaüstü rəsmlərinin də özünəməxsus rol oynadığını, “iz” açdığını qeyd etmək lazımdır. Tədqiqatçılardan Vəli Əliyev, Əbülfəz Hüseyni, Vəli Baxşəliyev, İsaq Cəfərquliyev, Əbülfəz Quliyev və başqaları Gəmiqaya-Qobustan qayaüstü rəsmlərində türk yazı sisteminin izlərinin olmasını dəfələrlə etiraf etmişlər. Hətta dilçi-tədqiqatçı Əjdər Fərzəli tərəfindən Azərbaycan elmində Gəmiqaya-Qobustan əlifba sistemi haqqında nəzəriyyə irəli sürülmüşdür. O, qayaüstü təsvirlərdə istifadə olunmuş cizgilər ətrafında apardığı müşahidələrə istinad edərək Gəmiqaya-Qobustan mədəniyyətlərində yüzə yaxın piktoqrafik işarə əsasında 32 hərfdən: 23 samit və 9 sait səsdən ibarət olan fonetik əlifbanı müəyyən etmişdir. Əjdər Fərzəlinin fikrincə, “Gəmiqaya-Qobustan əlifbası Azərbaycan xalqının zəngin mədəni keçmişinin parlaq aynası, tarixi nailiyyəti, onun ən qədim çağlardan öz doğma torpağında sakin olduğunu, əzəldən türksoylu xalq kimi heç vaxt, heç bir assimilyasiyadan törəmə olmadığını təsdiq edir və bu sahədə bütün şübhələri darmadağın edən danılmaz, dəqiq elmi sübutdur”. Bu mənada “Gəmiqaya-Qobustan rəsmlərini həm də qayaüstü mətnlər kimi oxumaq mümkündür. Belə olduqda, Gəmiqaya-Qobustan rəsmlərindəki bir-birini tamamlayan qayaüstü mətnlər bir neçə nəhəng abidənin hekayəti təsiri bağışlayır. Deməli, Gəmiqaya-Qobustan abidələrini Azərbaycan ədəbiyyatının “Gilqamış” eposu adlandırmaq olar. Qədim şumerlər özlərinin bədii düşüncələrini gil lövhələr üzərində yazdıqları kimi, protoazərbaycanlılar da həyata və təbiət hadisələrinə münasibətlərini qayaüstü rəsmlərdə əks etdirmişlər.

Ümumiyyətlə, Gəmiqaya-Qobustan qayaüstü rəsmlərini sistemləşdirmək, oxşar süjetlərə aid rəsmləri yan-yana düzüb bütövləşdirməklə möhtəşəm bir eposu formalaşdırmaq mümkündür. Heç cür ola bilməz ki, Gəmiqaya-Qobustan qayaüstü rəsmlərini, əlifbasını və “mətnlərini” yaradan xalq onun şifahi və yazılı bədii təfəkküründə iştirak etməmiş olsun. Tədqiqatçılar Gəmiqaya rəsmlərindən “Tenqrı” sözünü oxumuş, burada “Kitabi-Dədə Qorqud” dastanındakı “Ağ sunqur quşunun erkəyi” ifadələri ilə səsləşən bir cümləni bərpa etmişlər. Bundan başqa, qayaüstü rəsmlərdə piktoqrafik işarələri öyrənən araşdırıcılar Qobustan qayalarında Novruz bayramı mərasimlərini əks etdirən süjetləri qeydə almışlar. Eyni zamanda, Novruz sözünün mənşəyinin Nuh peyğəmbərin adı və əfsanəvi səfəri ilə bağlı yarandığını irəli sürən, bu sözün “Nuh-ruz, Noy-ruz, Nou-ruz, Nov-ruz” şəklində meydana çıxdığını göstərən versiyalar da mövcuddur.

Gəmiqaya-Qobustan mədəniyyətinin öyrənilməsi eyni zamanda, Novruz sözünün etimologiyasının Nuh peyğəmbərin bəşəriyyəti Dünya tufanından xilas etməsi ilə başlanan Yeni gün, yeni həyat, yeni dövr, yeni Zaman demək olduğuna dair araşdırmalar meydana çıxmışdır.
Novruz sözünün etimoloji izahında mübahisəli görünən “ruz” komponentinin “yaz” sözü ilə əlaqədar olmasına dair baxışlar elmi dövriyyəyə daxil olmuşdur. Nəticədə “Novruz” sözünün “Nuh yazı”, yəni Nuh peyğəmbərin əfsanəvi səfəri zamanı Dünya tufanının başa çatmasını bildirən yaz (Qaranquş-göyərçin əhvalatı - İ.H.) demək olduğu ehtimalı elmi ictimaiyyətə çatdırılmışdır. Elmi ədəbiyyatlarda Nuh peyğəmbərin əfsanəvi gəmisinin gecə ilə gündüzün bərabərləşdiyi gündə torpağa enməsi dəqiqləşdirilmişdir. Bu mənada Novruz bayramı bəşəriyyətin ümumdünya tufanı kimi böyük bir bəladan xilas olduğu günün, insanlığın həyatında yeni bir eranın başlanmasının bayram edilməsi deməkdir. Bütün bunlar Gəmiqaya-Qobustan rəsmlərinin həm də bəşəriyyətin ilkin çağlarını ayin və mərasimlərini əks etdirən yazılı mətnlər olduğunu ehtimal etməyə əsas verir. Lakin müəllifini müəyyən etmək mümkün olmadığı üçün bu qayaüstü yazıları şifahi xalq ədəbiyyatı nümunələrinin daş kitabələri kimi təsəvvür etmək lazımdır. İnanırıq ki, nə vaxtsa, həmin qaya parçalarını birləşdirməklə mətnləri uzlaşdırıb, birləşdirib “Gəmiqaya-Qobustan” eposunu oxumaq mümkün olacaqdır.

Qeyd etmək lazımdır ki, qədim dövrdə Azərbaycan şifahi xalq ədəbiyyatının demək olar ki, əksər janrlarında ilkin və yetkin bədii nümunələr yaranmışdır. İlk ibtidai insan birlikləri cəmiyyətində meydana çıxmış holavarlarda və sayaçı sözlərində qədim əcdadlarımızın artıq oturaq həyatının, əmək fəaliyyətinin poetik əks-sədası ifadə edilmişdir. Azərbaycan atalar sözləri və məsəllərinin də ən qədim çağlarla bağlı olan nümunələri vardır. Xalqın bədii təfəkkürünün kamillik səviyyəsini əks etdirən nağıllarda qədim dövrlərlə səsləşən süjetlər və qəhrəmanlar mövcuddur. Xüsusən, sehirli nağıllar birbaşa mifoloji düşüncə ilə bağlı olub, ulu əcdadlarımızın həyata və təbiət hadisələrinə münasibətlərini yüksək bədii səviyyədə əks etdirir.

Beləliklə, Qədim dövr Azərbaycan ədəbiyyatında şifahi ədəbi düşüncə xalqın bədii təfəkkürünün ilkin cücərtiləri olaraq yaranan mifoloji əsatiri mətnlərdən və azhecalı xalq şeirlərindən epik təfəkkürün kamil nümunəsi sayılan nağıllara və klassik folklor abidəsi olan epos möhtəşəmliyinə qədər inkişaf etmişdir. Bu dövr Azərbaycanda ulu əcdadlarımızın ilkin məskunlaşması, etnosun formalaşması zamanından “Kitabi-Dədə Qorqud” dastanında təsvir edilən Qalın Oğuz Eli Tayfa Birliyinin yaranması mərhələsinə qədər çoxəsrlik böyük yol keçmişdir.

Azərbaycan ədəbiyyatının qədim dövrü şifahi söz sənətinin ilkin nümunələrinin yaranması, formalaşması və hərtərəfli şəkildə inkişaf etməsi ilə səciyyələnir.
İbtidai insanların inanclarının bədii ifadəsi və mərasim məşğuliyyətlərinin poetik əks-sədası ilə yaranan bu ədəbiyyat “Kİtabi-Dədə Qorqud” dastanı kimi möhtəşəm ədəbi abidə ilə mənsub olduğu xalqın milli varlığını və şifahi yaradıcılıq təfəkkürünün böyük vüsətini isbat etmişdir. Nəticə etibarilə Azərbaycan şifahi xalq ədəbiyyatı həm də xalqın milli yazılı ədəbiyyatının möhkəm bünövrəsindən və etibarlı təməllərindən ibarət olan mükəmməl sənət hadisəsidir.

Azərbaycan xalqının yazılı ədəbiyyatın meydana çıxmasından sonrakı bütün inkişaf mərhələlərində də daim şifahi xalq ədəbiyyatı nümunələri meydana çıxmışdır. Şifahi xalq ədəbiyyatı yazılı ədəbiyyatla yanaşı inkişaf etmiş, yazıçı və şairlərin əsas istinad mənbələrindən birinə çevrilmişdir.

Folklorşünaslıq elmində Azərbaycan ədəbiyyatının mənşəyini, bünövrəsini, formalaşma proseslərini əhatə edən şifahi xalq yaradıcılığının əhəmiyyəti mühüm bir tarixi mərhələ səviyyəsində dəyərləndirilir: “Azərbaycan türklərinin tarixən çox əski olan zəngin folklor irsi vardır. İnamla demək olar ki, xalqımızın yazıyaqədərki mənəvi mədəniyyətini xüsusi şəkildə qoruyub saxlamış bu irs sabit şəkil alanacan qərinələr boyu təkmilləşmə, formalaşma yolu keçmiş və bu yolda sosial-siyasi həyatımızdakı təbədüllatların ən ümdə cəhətlərini özündə yaşatmışdır” (Bəhlul Abdulla).

Deməli, təsnifat baxımından qədim dövr Azərbaycan ədəbiyyatı xalqımızın şifahi xalq ədəbiyyatının yaranması, formalaşması, təkmilləşməsi, sistemləşməsi və inkişafı dövrünün ədəbiyyatıdır. Bu mərhələdə Azərbaycan şifahi xalq ədəbiyyatının əsas janrları yaranıb formalaşmışdır. Xalq yaradıcılığının timsalında ümumiyyətlə, bədii düşüncə mənasında ədəbiyyat anlayışı özünü qəti olaraq təsdiq etmişdir.

Bu dövr Azərbaycan xalqının yazıyaqədərki zəngin şifahi ədəbiyyatını özündə cəmləşdirir. Ədəbiyyat tarixinin bu mərhələsi Azərbaycan yazılı ədəbiyyatına giriş funksiyasını yerinə yetirir və bir növ böyük ədəbiyyatın bədii müqəddiməsi xarakteri daşıyır.


Beləliklə, qədim dövr Azərbaycan şifahi xalq ədəbiyyatı milli ədəbi fikrin böyük təməllərini formalaşdırmış, nəticədə yazılı ədəbiyyatın meydana çıxması üçün münbit zəmin hazırlamışdır. Şifahi ənənədə əsatirdən - etnosdan eposadək keçilmiş yol bədii təfəkkürün ilkin nümunələrindən epos möhtəşəmliyi səviyyəsinə qədərki inkişafını əks etdirir. Ən başlıcası isə şifahi bədii düşüncənin ibtidai başlanğıcından kamillik mərhələsinədək olan təkamül prosesləri sadəcə ədəbiyyatın deyil, geniş mənada bu zəmində mənsub olduğu qövmün də özünəməxsus xüsusiyyətlərə malik bir xalq kimi artıq var olmasının isbatıdır. Ədəbiyyatı yaradan xalqın inkişaf səviyyəsi həm də onun hansı səviyyədə ədəbiyyat yaratmaq istedadı ilə müəyyən olunur. Təkcə “Kitabi-Dədə Qorqud” dastanları Azərbaycan xalqının qədim dövr inkişaf səviyyəsinin miqyasını təsəvvür etmək üçün bəs edər. Qədim dövr Azərbaycan şifahi xalq ədəbiyyatı onu yaradan xalqın taleyinin və təkamül proseslərinin güzgüsüdür. Şifahi xalq ədəbiyyatı mənsub olduğu xalqın zəngin xəzinəsi, əsatir isə onun açarıdır. Əsatir və xalq şeiri qədim dövr Azərbaycan ədəbiyyatının pyedestalı, “Kitabi-Dədə Qorqud” dastanları isə heykəlidir. Etnosdan eposadək yaşanan ədəbi-tarixi proses soy kökdən milli varlığa, əsatirdən dastana qədərki təkamül proseslərinin epopeyasıdır.

“Kitabi-Dədə Qorqud” dastanları
qədim dövr Azərbaycan şifahi xalq ədəbiyyatının möhtəşəm yekunu, şifahi və yazılı bədii düşüncənin bütün dövrlər üzrə hərəkətverici qüvvəsidir. Bütövlükdə şifahi xalq yaradıcılığı yazılı ədəbiyyatın əsas və tükənməz donorudur. Qədim dövr Azərbaycan ədəbiyyatının böyük enerjisi və zənginliyi dəyirman pəri kimi milli bədii təfəkkürü daim irəli aparmağa uğurla xidmət edir. Məhz qədim Azərbaycan şifahi ədəbiyyat ənənəsi yazılı ədəbiyyatın möhkəm bünövrəsidir. Azərbaycan yazılı ədəbiyyatı həmin möhtəşəm bünövrə üzərində ucaldılmışdır. Azərbaycan yazılı ədəbiyyatının VII-X əsrləri əhatə edən ortaq başlanğıc dövrünün Orxon-Yenisey daş kitabələri ilə Gəmiqaya-Qobuslan mədəniyyəti və “Kitabi-Dədə Qorqud” dastanları arasında möhkəm daxili mənəvi bağlılıq vardır. XI-XII əsrlərin intibah dövrü Azərbaycan ədəbiyyatında, xüsusən Nizami Gəncəvinin yaradıcılığında “Kitabi-Dədə Qorqud” dastanlarından gəlmə motivlər görmək mümkündür. Bütün bunlar Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi inkişaf yolunda ayrı-ayrı dövrlərin və mərhələlərin birinin digərindən doğduğunu və üzvi surətdə tamamladığını nümayiş etdirir. Qədim dövr Azərbaycan ədəbiyyatı milli ədəbiyyatın ilkin və zəngin bir inkişaf mərhələsi olub etnosdan - eposaqədərki inkişaf proseslərini əks etdirən şifahi ədəbiyyatın möhtəşəm salnaməsi olmaqla birlikdə, həm də özündən sonrakı dövrlərin inkişafında hərəkətverici donor kimi fəal iştirak edir.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yeni kitab: “Qabal – bura Vətəndir”

Yeni kitab: “Qabal – bura Vətəndir”

Qabal, "Region-Press"
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

"Zirvə"
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının təqdima ...

Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının təqdima ...

Naxçıvan, Elm, "Zirvə", Arxiv
AZƏRBAYCANDA İLK DƏFƏ:

AZƏRBAYCANDA İLK DƏFƏ: "Ekologiyadan əvvəlki “ekologiya”" adlı monoqrafiy ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Həsən Həsənov: “Ümidvarıq ki, tez bir zamanda “Auidiokitab” dünyada yaşayan ...

Həsən Həsənov: “Ümidvarıq ki, tez bir zamanda “Auidiokitab” dünyada yaşayan ...

Yeni nəşrlər, Bolus, Dünya, Diaspora
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV – TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQA ...

Əsas xəbər, Elm, Humanitar elmlər, Elmi Məqalələr, Turan, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV – TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQA ...

Əsas xəbər, Humanitar elmlər, Elmi Məqalələr, Tiflis, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Humanitar elmlər, BDU, Folklor, Ədəbiyyatşunaslıq
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
ADPU-da “Türk epos düşüncəsi yazılı mənbələrdə” mövzusunda Respublika elmi  ...

ADPU-da “Türk epos düşüncəsi yazılı mənbələrdə” mövzusunda Respublika elmi ...

ADPU, "Elm və Təhsil"
AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2020-2021-ci illər materialları əsasında)

AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2020-2021-ci illər materialları əsasında)

Humanitar elmlər, Elmi Məqalələr
Molla Pənah olan şair

Molla Pənah olan şair

Humanitar elmlər, Elmi Məqalələr, "Zirvə"
“Xalq qəhrəmanlıq eposu” Azərbaycan dilində

“Xalq qəhrəmanlıq eposu” Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Bədii Tərcümə
Ədəbiyyatda azərbaycançılıq konsepsiyası və dövrləşmə təsnifatı

Ədəbiyyatda azərbaycançılıq konsepsiyası və dövrləşmə təsnifatı

Humanitar elmlər, "Zirvə"
Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

"Zirvə"
Elmə sadiqlik nümunəsi: HƏMİD ARASLI

Elmə sadiqlik nümunəsi: HƏMİD ARASLI

Elmi Məqalələr, ADPU
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Ədəbiyyat tarixinin dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri - Solt ...

Ədəbiyyat tarixinin dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri - Solt ...

Humanitar elmlər, ADPU
Rəy yazın: