ƏDƏBİYYAT ÇIRAĞI (Akademik İsa Həbibbəyli - 75) --- 15 октября 2024 741 0 1 2 3 4 5 Giriş. İsa Əkbər oğlu Həbibbəyli - 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danyeri kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professor, Əməkdar Elm xadimidir. «Şöhrət», «Şərəf» və Vətənə xidmət ordenləri ilə təltif edilmişdir. Yusif Məmmədəliyev mükafatı laureatıdır. Azərbaycan Milli Elmlər Akademiyasının, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Amerika Bioqrafiya İnstitutunun akademiki, Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür, Ankara Universitetinin fəxri dostu adına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Müxtəlif dillərdə çap olunmuş 80-ə yaxın monoqrafiyanın, broşürün, dərsliyin, metodik vəsaitin və tərtib kitabının, 700-dən çox elmi məqalənin müəllifidir. 1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, I vitse-prezidenti, hal-hazırda prezidentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Ukrayna, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub. İ.Həbibbəyli “AR Milli Məclisinin 100 illiyi”, “AXC-nın 100 illiyi”, “BDU-nun 100 illiyi”, “Mahmud Kaşğari”, TÜRKSOY-un “Molla Pənah Vaqif”, “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyi”, Qazaxstan Milli Universitetinin “Əl Fərabi”, Beynəlxalq Türk Akademiyasının qızıl və gümüş, Təbriz Universitetinin “M.Şəhriyar” medallarına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin Rəsul Rza mükafatı, Oksford Universitetinin “Elmdə ad” mükafatı və Beynəlxalq “Sokrat mükafatı” laureatıdır. Türkiyə Dil Qurumunun “Türk dünyasına xidmət” diplomu,Rusiya Elmlər Akademiyasının «Державин» mükafatı, həmçinin Naxçıvan MR Ali məclisinin, AMEA-nın, Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. İsa Həbibbəyli Naxçıvan mahalının Şərur elində dünyaya göz açmışdır. Hamı bildiyi kimi, Naxçıvan Azərbaycanın ən dilbər guşələrindən biridir. Bəlkə də Naxçıvanın, eyni zamanda Şərurun əsrarəngiz gözəlliyi orda doğulub boya-başa çatan insanların kamil bir şəxsiyyət kimi formalaşmasına səbəb olmuşdur. Elm-sənət, ədəbiyyat həvəskarları bunu da çox yaxşı bilirlər ki, Naxçıvan mahalından çox sayda elm-sənət adamları, ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, siyasi xadimlər çıxmışdır. Təbii ki, bunları saymaq üçün minlərlə kitab bağlansa yenə azlıq edər. Bunu da hamı bilir ki, Naxçıvan qədimdən qədim tarixə, zəngin mədəniyyətə malik bir torpaqdır və sadəcə ordakı memarlıq abidələrinə, ziyarətgahlara nəzər yetirmək, Naxçıvanın tarixinə ekskursiya etmək, Naxçıvana məxsus olan əlyazmalarla maraqlanmaq Naxçıvanın heyrətamiz və möcüzəvi bir şəkildə zənginliyini açıq-aydın sübut edər. İsa müəllim Naxçıvanın elmi-ədəbi mühitinin yetirməsidir.İsa Həbibbəyli özünün “Ədəbi yüksəliş” kitabında Naxçıvan haqqında fikirlərini bu şəkildə ifadə edir:“Tarixi insanlığın ən uzaq dövrləri və böyük hadisələrlə bağlı olan, müxtəlif Şərq xalqlarının rəvayətlərində dərin iz buraxan Naxçıvan Azərbaycanın qədim şəhərlərindən biri olmaqla yanaşı, həm də ilk mədəniyyət mərkəzlərindəndir. Burada zamana müvafiq maarifçi ideyalar geniş intişar tapmış, qiymətli ədəbiyyat, memarlıq, musiqi əsərləri yaradılmış, elmin müxtəlif sahələri təşəkkül etmişdir”. İsa müəllim ədəbiyyatşünas alimdir. Azərbaycan ədəbiyyatı onun həyatının mənasıdır desək, yəqin ki, yanılmarıq. Çünki o bütün həyatını ədəbiyyata bağlamışdır. Gecələrini gündüzlərinə, gündüzlərini gecələrinə qatıb Azərbaycanın ədəbiyyatşünaslıq xəzinəsinə misilsiz tövhələr, cəvahirlər bəxş etmişdir. Odur ki, İsa müəllim Azəhbaycan ədəbiyyatını çox gözəl bir şəkildə xarakterizə edir:“Azərbaycan ədəbiyyatı – uzun bir dövr ərzində Azərbaycan xalqının bədii dühasının yaratdığı çoxəsrlik və zəngin ədəbiyyatdır. Azərbaycan xalqının milli-mənəvi dəyərləri, adət-ənənəsi, mənəviyyatı, mübarizəsi və idealları bu ədəbiyyatın ana xəttini, əsas qayəsini təşkil edir. Bu – böyük ənənələri olan, Azərbaycan xalqının milli varlığını əks etdirən və onu dünyaya təqdim edən ədəbiyyatdır. Bu, Azərbaycan xalqının milli özünəməxsusluğunun ədəbi kimliyidir. Bu, ümummilli idealları əsrdən-əsrə yaşadan və inkişaf etdirən böyük ədəbiyyatdır. Bu, azərbaycançılıq idealının ədəbi manifestidir!”(1,s.3) Rəhmətlik Bəkir müəllim İsa Həbibbəylinin Mirzə Cəlil yaradıcılığına olan intəhasız sevgisini, hüsnü-rəğbətini və ədibin yaradıcılığının tam külliyatını əks etdirən ilk dəfə “Klassik Azərbaycan Ədəbiyyatı” seriyasından dörd sanballı cilddə kütləvi tirajla nəşr edilib oxuculara çatdırılmasında müstəsna xidmələri olduğunu da xüsusilə qeyd edir: “İ.Həbibbəylinin tədqiqatları öz ardıcıllıqları, miqyası, mükəmməlliyi baxımından cəlilşünaslığımızın tarixində mühüm yer tutur və sözü gedən cildlərin işıq üzü görməsi alimin bu sahədə apardığı tədqiqatların fərəh doğuran qiymətli nəticəsidir. Bu nəşr, onun tərtib prinsipləri, yüksək səviyyədə yazıımış “Ustad Mirzə Cəlil Məmmədquluzadə” müqəddəməsi, səriştəli izah və qeydləri də bir daha subut edir ki, indi böyük sənətkarın çoxsahəli, çoxproblemli irsində İ.Həbibbəylinin öz tədqiqat işığını salmadığı bir məqam qalmamışdır. Bu yerdə bir el məsəli yadıma düşdü: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Külliyatın hazırlanması da buraya daxil olmaqla İsa müəllimin yaradıcılığı bu gün cəlilşünaslığımızın mötəbər örnəklərindən biri, bəzi göstəricilərinə görə birincisidir. Onun altmışdan artıq kitabının (monoqrafiya, dərslik, məqalələr toplusu, tərtib və s.) çox sanballı bir hissəsi məhz Mirzə Cəlilə, ədibin əsərlərinin taleyinə, təhlilinə, təbliğinə həsr edilmişdir. Yazıçının yaradıcılığı ətrafında bundan sonra aparılan tədqiqatlarda, ali və orta məktəblər üçün yazılacaq yeni ədəbiyyat dərsliklərində, nəhayət Mirzə Cəlil irsinin nəşri məsələlərində bu örnək çox kara gələcəkdir. Heç də təsadüfi deyil ki, AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutu hazırlamaqda olduğu çoxcildlik “Azərbaycan Ədəbiyyatı Tarixi” üçün “Cəlil Məmmədquluzadə” portret-oçerkini yazmağa İ.Həbibbəyliyə sifariş vermişdir.” (3,s.72) İsa müəllimin elmi axtarışlarna bələd olanlar çox yaxşı bilirlər ki, o, yaradıcılığının bir qolunu “Azərbaycan ədəbiyyatının bayraqdarı” adlandırdığı Cəlil Məmmədquluzadəyə həsr etmiş, zaman-zaman ədibin həm ədəbi fəaliyyəti, həm də mətbuat sahəsində gördüyü işlər barədə orijinal tədqiqatlar meydana gətirmişdir. Bakı-2004 “Öndər nəşriyyat”ında Cəlil Məmmədquluzadənin əsərlərinin tam külliyatı ilk dəfə “Klassik Azərbaycan Ədəbiyyatı” seriyasından dörd sanballı cilddə kütləvi tirajla oxuculara hədiyyə edilmişdir. Cildlərin tərtib edəni və izahların müəllifi akademik İsa Həbibbəylidir.Mərhum akademikimiz Bəkir Nəbiyev bu olduqca məsuliyyətli və çətin işə rəğmən İsa müəllim haqqında yazır:“Böyük elmi səriştə və ciddi məsuliyyət tələb edən bu işə girişməzdən əvvəl İ.Həbibbəyli də uzun müddətli hazırlıq yolu keçmiş, alim kimi püxtələşmişdir. Hələ keçən əsrin 60-cı illərinin sonlarında o, ali məktəb tələbəsi ikən elmi-tədqiqat işinə xüsusi maraq göstərmiş, bu sahədə fərqləndiyi üçün Pedoqoji İnstitutun tələbə elmi cəmiyyətinin sədri seçilmiş, Azərbaycanda və xaricdə keçirilən tədbirlərdə maraqlı məruzələrlə çıxış etmişdir.”(3,s.71) Bəkir Nəbiyevin 2006-cı ildə İsa müəllimə verdiyi layiqli qiymət zaman keçdikcə özünü daha yüksək göstəricilərlə subuta yetirdi. İsa müəllim yorulmadan çalışdı, səsi-sorağı uzaq ölkələrdən gəldi, bir çox dövlətin Elmlər Akademiyasının həqiqi üzvü seçildi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Şərəf”, “Şöhrət”, “Birinci dərəcəli vətənə xidmətə görə” ordenlərlə təltif edildi, lakin qələmi yerə qoymadı, arxivlərdə araşdırmalar aparmaqdan doymadı, gecə-gündüz çalışdı, çalışdı, “Molla Nəsrəddin”ə olan intəhasız sevgisi isə tükənmədi və nəhayət 2020-ci ildə “Molla Nəsrəddin ensiklopediyası” kimi olduqca vacib, dəyərli və nəhəng bir salnamə yaratmağa müvəffəq oldu. Baş redaktoru olduğu ensiklopediyanın tərtib edəni və çapa hazırlayanı filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktor filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinator filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir. Ensiklopediya tək “Molla Nəsrəddin”lə bağlı məqalələrin, feleytonların məcmusu kimi yaxud “Molla Nəsrəddin” məcmuəsində iştirak edən “mollanəsrəddinçilər”in deyil, həm o dövrdə yaşayıb yaratmış, həm sonrakı dövrlərdə ədəbi və publisistik fəaliyyət göstərmiş bir sıra sənətkarların həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verən nəhəng səlnamədir. İsa Həbibbəyli Dövlətimizin “Molla Nəsrəddin”ə qayğısını xüsusi qeyd edərək yazır:“Ümummilli liderimiz Heydər Əliyevin “Molla Nəsrəddin” və mollanəsrəddinçilərlə bağlı həyata keçirdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi ilə əlaqədar 6 fevral 2009-cu ildə imzaladığı sərəncamda deyilir: “Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə çap olunan “Molla Nəsrəddin” jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynamış, milli məfkurənin formalaşmasına öz layiqli tövhəsini vermişdir. Klassik Azərbaycan və dünya ədəbi fikri ənənələrindən bəhrələnən sənətkarın mili oyanışa səsləyən yaradıcılığı həm Qafqaz xalqlarının, həm də bir sıra Şərq ölkələrinin ədəbiyyatına böyük təsir göstərmişdir”. (4,s.12)Bəkir Nəbiyev yuxarıda qeyd edildiyi kimi İsa Həbibbəylinin dəsti-xəttinə xüsusi diqqət yetirir, zaman-zaman öz məqalələrində onun yaradıcılığından bəhs edirdi:“Bu günlərdə aldığım “Mollanəsrəddinçi karikatura ustası” adlı nəfis kitabı oxudum. Onun müəllifi AMEA-nın müxbir üzvü İsa Həbibbəyli keçən əsrin son onilliklərində yetişmiş Azərbaycan ədəbiyyatşünasları nəslinin ən fəal və məhsuldar nümayəndələrindən biridir. Bir alim kimi də o, XX əsrin ən böyük ədəbi simaları C.Məmmədquluzadə, H.Cavid, M.Sidqi, M.Hadi, A.Səhhət və A.Şaiqin zəngin ədəbi irsini tədqiq edir, vaxtaşırı nəşr etdirdiyi kitab və məqalələrində bu görkəmli bədii söz bahadırlarının parlaq sənət dünyasının mühüm elmi problemləri haqqında öz fərdi qənaətlərini meydana qoyur.”(3,s.285)XX əsrin sonunda, XXI əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı öz milli, ümumşərq və qərb dəyərləri əsasında inkişaf edərək müasir dünya ədəbiyyatının qabaqcıl milli hadisələrindən birinə çevrilmişdir; Azərbaycan ədəbiyyatının tarixi varlığı ilə mövcudluğu məhz bu əsrdə bütün zənginliyi, bütün tarixi və ərazi hüdudları ilə meydana çıxmış, özünü təsdiq edə bilmişdir. Belə bir cəhət də çox mühimdir ki, bu dövrün ədəbiyyatı xalqın milli özünüdərki və müstəqilliyi uğrunda mübarizənin ədəbiyyatıdır.İsa Həbibbəyli Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra Azərbaycan ədəbiyyatında “sovetlərdən müstəqilliyə” aspektindən dəqiq-dürüst təhlillər apararaq azərbaycançılıq konsepsiyası və dövrləşmə kontekstində Azərbaycan ədəbiyyat tarixinin inkişaf mərhələlərini təhlil etmiş, hər mərhələnin Azərbaycan ədəbiyyatının inkişafındakı rolunu xarakterizə edərək, aydın bir şəkildə oxuculara təqdim etmişdir. Məsələn, İsa müəllim M.F.Axundzadənin Azərbycan ədəbiyyatında, eyni zamanda Azərbaycan xalqının maariflənməsində nə qədər mühüm bir rol oynadığını sadə, qısa, konkret cümlələrlə, fəqət zəngin bir şəkildə ifadə edir:“M.F.Axundzadənin ədəbiyyata gətirdiyi Yusif Sərrac obrazı xalqın hakimiyyətdə təmsil olunması zərurətinin ilk parolu idi. “Kamalüddövlə məktubları” (1863) traktatında isə despotizim və monarxiua üsul-idarəsininin kəskin şəkildə tənqid edilərək respublika tipli dövlət quruluşunun təbliğ olunması dövrün maarifçi mühitində ildrım kimi çaxmışdır. Böyük ədibin ictimai-siyasi baxışları və bədii yaradıcılıq istiqaməti dövrünün Avropa və Rusiyadakı bir çox mütəfəkkirlərini də ideya cəhətdən qabaqlamışdır. Onun despotizm əleyhinə və “zülmü aradan qaldırmaq” yolları haqqında fikirləri, “despot zülmünün təsiri və üləma fanatizminin zoru”na dair mülahizələri (M.F.Axundzadə. “Əsərləri 3 cilddə II cild Bakı-“Şərq-Qərb” 2013 səh 9)., habelə xalqın zülmə qatlaşmayıb, öz idrakının təsdiqi ilə zülmü dərk etməsi üçün “yekcəhətlik və yekdillik” göstərmək haqqındakı qənaətləri (yenə orda səh 24) XIX əsr siyasi maarifçiliyinin ən mühüm çağırışları kimi səslənir.”(5,s.235) Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixinin dövrləşdirilməsi üçün zəruri olan bu prinsiplər müəyyən olunarkən ölkə ədəbi-ictimai fikrinin reallıqları və dünya elmi-nəzəri təlimlərinin təcrübəsi yaradıcı şəkildə öyrənilərək nəzərə alınmışdır. Adı çəkilən prinsiplərdən hər biri Azərbaycan ədəbiyyatı və ictimai fikrinin əsas istiqamətverici faktorları, azərbaycançılıq isə baş meyarıdır.İsa Həbibbəyli azərbaycançılıq konsepsiyası və dövrləşmə təsnifatını zamanla əlaqələndirir və zamanın ədəbiyyatın bütün inkişaf mərhələlərində əsas hərəkətverici qüvvə olduğuna fəlsəfi baxışları ilə aydınlıq gətirir. Artıq hamıya bəllidir ki, Zaman nisbi anlayışdır, yəni zaman kimin üçün ucu-bucağı görünməyən yaradıcılıq üfüqləri yaradar, kimlər üçünsə daralıb məcrasına sığmaz. Təbii ki, İsa müəllim Zamanın ədəbiyyata təsirini təhlil edərkən, Zamandan səmərəli istifadə edən sənətkarları nəzərdə tutur. Çünki İsa müəllimin yorulmadan apardığı təhlillərə və tədqiqlərə nəzər yetirərkən onun elmi yaradıcılığının əsas qayəsini təşkil edən sənətkarların məhz Zamandan səmərəli şəkildə istifadə etdiklərinin şahidi oluruq. Buna rəğmən həm də İsa müəllimin özünün də Zamandan nə qədər səmərəli bir şəkildə istifadə etdiyini görürük. İsa müəllim Zaman faktorunun yazıçı və şairlərin inkişafında, dünyabaxışında misilsiz bir rol olduğunu qeyd edir. İsa Həbibbəyliyə görə, zaman və məkan faktorunun qabardılması üçün hadisə əsasdır. Hadisənin ilk yaratdığı sual isə onun harada nə vaxt baş verməsidir. Bu sualın isə məntiqi əsası odur ki, hadisənin məzmununda zaman və məkan faktoru əhəmiyyətli dərəcədə iştirak edir. Baş verənlərin mahiyyətinin qavranılması üçün onların harda və nə vaxt baş verməsi əsasdır. Odur ki, bədii əsərdə yazıçı zaman və məkan anlayışlarını dəqiq konturlarla göstərməsə də, hansısa məzmun komponentləri vasitəsi ilə oxucuda onunla bağlı təsəvvür yaratmağa çalışır. Ədəbiyyat tarixinin dövrləşdirilməsi, həmin dövrlərdə yazıb-yaradan ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığının zaman, dövr kontekstində öyrənilməsi olduqca mühüm işdir. Lakin bu prosesdə müəyyən çətinliklər meydana çıxır. Ən əsası da budur ki, dəqiq dövrləşdirmə aparmaq mümkün olmur. Hər cür dövrləşdirmə nisbi xarakter daşıyır. Lakin bütün çətinliklərə baxmayaraq, İsa Həbibbəyli dövrləşdirmə milli ədəbiyyatın qanunauyğunluqlarına uyğun aparmış, yalnız ədəbi-tarixi faktlardan çıxış etmişdir. Buradakı dövrləşdirmə Azərbaycanın gerçək ədəbiyyatının prinsiplərinə tamamilə uyğun aparılmışdır. Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin müasir konsepsiyası üçün müəyyən edilmiş meyarlar ədəbiyyatımızın çoxəsrlik tarixində baş vermiş ictimai-mədəni və ədəbi-tarixi proseslərin reallıqlarını, inkişaf yolunun özünəməxsusluqlarını obyektiv şəkildə özündə əks etdirməyə imkan yaradır. Ədəbi-tarixi proseslərin reallıqları dedikdə ayrı-ayrı inkişaf mərhələlərində Azərbaycan ədəbiyyatının daxili təkamülündən doğan sənət idealları ilə xalqın müxtəlif dövrlərdəki ümummilli ideallarının dialektik əlaqəsi, sintezi və vəhdəti nəzərdə tutulur. Qeyd olunan prinsiplər: azərbaycançılıq, sivilizasiya amili, ədəbi cərəyanlar və ədəbi-tarixi prosesin reallıqları Azərbaycan ictimai-mədəni fikrinin və ədəbiyyatının əsrlər boyu keçdiyi inkişaf yolunun ana xətlərini və başlıca məzmununu, əsas inkişaf istiqamətlərini müəyyən etməyə imkan yaradır.İsa müəllim “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” kitabında Azərbaycan ədəbiyyatının yeni dövrləşdirmə modelini irəli sürür. Beləliklə Azərbaycan ədəbiyyatını 10 dövrə ayırır:1. Qədim dövr Azərbaycan ədəbiyyatı: etnosdan eposadək; 2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər); 3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər); 4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər); 5. Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər); 6. Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü (XIX əsr); 7.Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək);8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960-ci illər); 9. Milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi (1960-1980-cı illər);10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).İsa müəllim eyni zamanda azərbaycançılıq konsepsiyasını aşağıdakı prinsiplərə bölür: Azərbaycançılıq məfkurəsi, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, Azərbaycan dil, milli-mənəvi dəyərlər, Azərbaycan ədəbiyyatı.İsa müəlimin bu əsərində Azərbaycan ədəbiyyatının bütün dövrləri əks edilir. Bununla İsa müəllim Azərbaycan ədəbiyyatı tarixinin nəhəng tablosunu yaradır və oxucuya bəlli olmayan bir şey qalmır. İsa müəllim “Kitabi Dədə Qorqud”dan başlayaraq müasir əsərlərə qədər qısa və konkret münasibət bildirir və bütün, istər klassik, istərsə də müasir sənətkarların Azərbaycan ədəbiyyatının inkişafında nə qədər mühüm rol oynadıqlarını ətraflı şəkildə qeyd edir. Məlumdur ki, Məhəmməd Şahtaxtlı azərbaycanlıların bir millət olaraq qədim tarixə, zəngin mədəniyyətə, eyni zamanda əcdadlara söykəndiyini, Azərbaycan ölkəsinin çox-çox qədimlərdən mövcudluğunu sübuta yetirən maarifçi-publisistlərdən ən öndə gedənlərindəndir. XX əsrin əvvəllərində bəzi mühərrirlər onunla razılaşmayıb azərbaycanlıların bir millət olaraq yenicə formalaşdığını qələmə alırdılar. İsa Həbibbəyli Məhəmmədağa Şahtaxtlıya haqq qazandıraraq “Ədəbi tarixi yaddaş və mlüasirlik” kitabında bu haqda belə yazır:“Əgər “Kəşkül”də yalnız Azərbaycan milləti anlayışının mahiyyəti aydınlaşdırılırsa, Məhəmmədağa Şahtaxtlının məqaləsində Azərbaycan ölkəsi, azərbaycanlılar, Azərbaycan dili haqqında konkret elmi mülahizələr irəli sürülmüşdür.” (6,s.616)Hamının bildiyi kimi, sovetlər dönəmi zamanı hər sahədə olduğu kimi ədəbiyyat sahəsində də müəyyən çərçivələr mövcud idi, belə ki, kimsəsin bu çərçivələrdən kənara çıxmağa haqqı yox idi. Ədəbiyyatşünas alimlər nə qədər istedadlı olsalar da, öz tədqiqat əsərlərində, monoqrafiyalarında, ədəbi tənqidlərində bəzi gerçəkləri gizlətməyə məcbur idilər. Lakin Azərbaycanın suverenlik əldə etməsi ilə hər şey kökündən dəyişməyə başladı. İsa Həbibbəyli təbii ki, sovetlər dönəmi zamanında da yazıb yaradırdı. Lakin bəziləri kimi heç zaman əcdadlara xor baxmır, soyu-kökü təhqir etmir, nəinki milli-mənəvi,dini dəyərlərin üstündən xətt çəkmir, əksinə sözaltı mənalarla onları əziz tutaraq zəngin bir şəkildə vurğulayırdı. Müstəqillik isə alimin ideyalarının, ali məqsədlərinin parlamasına səbəb oldu və İsa Həbibbəyli artıq heç bir çərçivəyə sığmayan fikirlərini, düşüncələrini, tapıntılarını açıq və aydın şəkidə izhar etməyə başladı. Qlobal təfəkkürün formalaşmağa başladığı XXI əsrin başlanğıcında İsa Həbibbəyli tərəfindən aparılan nəzəri-metodoloji araşdırmalarda yeni ədəbi-estetik baxış formalaşmış, bu sahənin aktual problemləri ilə bağlı ədəbi-nəzəri təcrübədə sanballı elmi nəticələr ümumiləşdirilmişdir. Şərq-qərb kontekstində tədqiqatların nəticələrinin öyrənilməsi, ənənə və novatorluğun vəhdəti zəminində Azərbaycan ədəbiyyatının milli və bəşəri dəyərlərinin yenidən qiymətləndirilməsi, sənətkar axtarışları, poetikası, konflikt və bədii xarakter konsepsiyası, mövzu və ideya, janr arxetektonikası, üslub və bədii xüsusiyyətləri və s. elmi-nəzəri ümumiləşdirmələrin obyektinə çevrilmiş və alim tərəfindən maraqlı mülahizələr irəli sürülmüşdür.Müstəqillik dövründə yer almış psixologizmlərin sosial-tarixi, estetik və fəlsəfi qaynaqları alimin gerçək ictimai-tarixi şəraitdə gedən prosesləri dərindən duyması, dünya ədəbiyyatı ilə yaxından tanışlığı, Azərbaycan ədəbiyyatının və folklorunun mənəvi təcrübəsinin yaradıcılıqda dərki və istifadə etməsi ilə bağlıdır. İsa Həbibbəylinin tədqiqat əsərlərinin ən səciyyəvi xüsusiyyətlərini bu şəkildə qiymətləndirmək olar: filoloji faktların zənginliyi ilə elmi ümumiləşdirmənin uğurlu, inandırıcı sintezi. Məsələ burasındadır ki, İsa müəllim, hələ elmdə ilk addımlarını atmağa başlayandan nizam-intizama, dəqiqliyə fikir vermiş, heç vaxt özündən nəsə uydurmamış, daim ədəbiyyat insitutlarında saxlanılan əlyazmalara istinad etmiş, bir sözlə ədəbiyyat arxivlərini öz sənətkarlıq süzgəcindən keçirərək meydana çıxarmışdır.XX əsrin sonu, XXI əsrin əvvəllərində Azərbaycan ədəbi prosesində əsasən milli-estetik fikrin inkşafı əsas rol oynayırdı. Azərbaycan ədəbiyyatının bədii irsi müasir tarixi-tipoloji tədqiqat üsulunun elmi və nəzəri prinsiplərini işləmək üçün alimin qarşısında imkanlar açır, Azərbaycanda mütərəqqi romantizmin tarixi və milli fərdiliyini müqayisəli-elmi kontekstdə, klassik ədəbiyyat ilə qarşılıq ünsiyyət prosesində açmağa şərait yaradırdı. Həm də burada sosial-ideoloji amil həm ədəbi-estetik tərəqqini, həm də bədii inklşafın başlıca amili səviyyəsində əyaniləşirdi. Çünki XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbiyyatın həyatla əlaqəsi və ictimai rolu, klassik irsə münasibət, ideya-estetik meyarın dəqiq müəyyənləşməsi, poetika, üslub və sistem xüsusiyyətləri, aydın ideya cəbhəsi və estetik prinsiplər ədəbi prosesin qiymət kriteriyasının əsasında dururdu.Cəlil Məmmədquluzadə AK (b) P MK-nın 9 aprel 1929-cu il tarixli plenumunda “Molla Nəsrəddin” jurnalının “Allahsızlar İttifaqının orqanı”na çevrilməsi kimi ədalətsiz qərarı ilə razılaşmadığı üçün istefa etməsi ilə əlaqədar ailəsi ilə birlikdə maddi çətinlik çəkdiyi üçün qışın soyuğunda odun almağa pulu olmadığından xeyli əlyazmalarını sobada yandırılsa da, olduqca zəngin yaradıcılığına baxmayaraq bir sıra əsərləri bir sıra xoşa gəlməyən səbəblərdən itib batmışdır. Lakin Azərbaycanın qabaqcıl ziyalısı, qeyrətli alimimiz, akademik İsa Həbibbəyli xeyli çətinliklə də olsa, ədibin üç pyesini arayıb tapmışdır:“Gəlin etiraf edək ki, bizim dövrümüzdə ədəbi tapıntılar çox nadir hallarda baş verir. Xüsusən Mirzə Cəlil kimi yaradıcılığı, demək olar ki, ələk-vələk edilmiş, hətta məişət qayğıları ilə bağlı dükan-bazar qeydləri də işıq üzü görmüş böyük sənətkarların yeni əsərini tapmaq ədəbi-elmi mühitdə sensasiya səviyyəsində qiymətləndirilməyə layiqdir. İsa Həbibbəyli öz coşqun elmi axtarış entuiazımı və Mirzə Cəlil sevgisi ilə işıq saldığı qaranlıq arxiv künclərindən böyük sənətkarın bir deyil, iki deyil, üç naməlum pyesini (“Ər”, “Lənət”, Oyunbazlar”), taparaq 1990-cı ildə Bakı Dövlət Universitetinin nəşriyyatında çap etdirib elmi ictimayyətə və Mirzə Cəlil sevərlərə təqdim etmişdir. Əlbəttə, bu, ədəbiyyat tarixmizdə xüsusi xidmət olmaqla, tədqiqatçı alim üçün də hər kəsə qismət olmayan bir uğurdur. Bir də tale, qismət özü də zəhmətkeşlərə daha çox gülümsədiyini bəşər tarixi boyu dəfələrlə sübut edib. Axı atalar nahaq yerə deməyiblər ki,Gəzən ayağa daş dəyər.”(7,s.52-53)İsa müəllim Azərbaycan ədəbiyyatında realizmin banisi, Azərbaycan ədəbiyyatına həm məzmun, həm də forma cəhətdən xəlqilik, demokratiklik gətirmiş Molla Pənah Vaqif (1717-1797) haqqında, eyni zamanda şairin yaradıcılığını zəngin şəkildə əks etdirən mükəmməl bir monoqrafiya yaratmışdır:“Bu monoqrafiyanı akademik İsa Həbibbəylinin yaradıcılığında tamamilə yeni bir səhifə kimi dəyərləndirmək olar. Monoqrafiyanın girişində "Hər oxuyan Molla Pənah olmaz" müdrik xalq deyimini epiqraf seçən müəllif, bütövlükdə tədqiqat boyunca bu fikrin məna siqlətinin özünü doğrultduğunu təsdiqləməyə müvəffəq olub. Alim tədqiqatda Molla Pənah Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti, diplomatik fəaliyyəti haqqında müfəssəl məlumat verərək, XVIII əsrdə Azərbaycanın xanlıqlar dövrünü əks etdirən mürəkkəb bir mərhələsinin dolğun mənzərəsini yaradır, Qarabağ xanlığının taleyi, qonşu dövlətlərin əbədi və əzəli torpaqlarımıza qarşı işğalçılıq siyasəti, bu mürəkkəb və çətin situasiyada diplomat Vaqifin rolu, hadisələrə ayıq münasibəti konkret faktlara istinad edilərək aşkarlanır. Üç yüz illik bir mərhələ keçən Qarabağ xanlığının tarixi taleyi 10 Noyabr Zəfər gününədək ardıcıl və sistemli şəkildə izlənilir. Çox böyük keşməkeşlərdən adlayaraq son yüzillikdə dəfələrlə erməni təcavüzünə məruz qalan Qarabağımızın çətin sınaqlardan keçməsi, vaxtilə Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğıkeşliyi sayəsində Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin Şuşada ucaldılmış heykəllərinin düşmən gülləsinin qurbanına çevrilməsi, nəhayət, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin müdrik siyasəti, uzaqgörənliyi, müzəffər və yenilməz ordumuzun qəhrəmanlığı və misilsiz şücaəti ilə yenidən doğma, əsrarəngiz yurdumuza qayıdışın təmin olunması yüksək vətənpərvərliklə və müfəssəl şəkildə tədqiqatda işıqlandırılıb”(8.).İsa müəllim Azərbaycan ədəbiyyatının “ana kitabı” -“Kitabı Dədə Qorqud”dan yan ötməmiş, tarixi şəxsiyyət, övliya dərəcəsinə yüksəlmiş Dədə Qorqud haqqında olduqca sanballı əsər meydana gətirmişdir:“Akademik İsa Həbibbəylinin “Kitabi–Dədə Qorqud” eposu: Heydər Əliyevdən İlham Əliyevə” kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamları əsasında dövlət səviyyəsində keçirilmiş tədbirlərin əhəmiyyəti elmi-ədəbi cəhətdən dəyərləndirilmişdir. Müəllif eyni zamanda Prezident İlham Əliyevin “Kitabi–Dədə Qorqud” haqqındakı qiymətli fikirlərini də sistemli şəkildə elmi-ədəbi mühitin diqqətinə çatdırmışdır. Beləliklə, “Kitabi–Dədə Qorqud” dastanlarının tədqiqi və təbliği ilə bağlı olan İlham Əliyev dövrü yeni inkişaf mərhələsi adlandırılmışdır.“Kitabi–Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə” kitabında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu möhtəşəm ədəbi abidə haqqında imzaladıqları fərmanlar və sərəncamlar, habelə ölkə rəhbərləri tərəfindən müxtəlif vaxtlarda edilmiş nitqlərin və çıxışların mətnləri oxuculara təqdim olunur. Kitabdakı rəsmi sənədlər və dövri mətbuat materialları filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı tərəfindən toplanılıb tərtib edilmişdir.”(9.)İsa Həbibbəyli Dədə Qorqudu Azərbaycanın Homeri adlandırır:“Homer Avropada və Yunanıstanda, Dədə Qorqud isə türk dünyasında və Azərbaycanda qəhrəmanlıq eposunun yaradıcılarıdır.Akademik Kamal Abdullanın 1991-2009-cu illərdə meydana çıxmış "Gizli Dədə Qordud" araşdırmalar silsiləsi ilə "oxşarlıqlar və fərqlərin" dairəsi genişləndirilərək "Kitabi-Dədə Qorqud"dakı digər obrazlarla Homerin fərqli qəhrəmanlarının müqayisəsi aparılmışdır. "Gizli Dədə Qorqud"dakı "Odissey, Basat və Beyrək", "Edip və Buğac", "Sarı donlu Selcan xatun və gözəl Yelena", "Salur Qazan və Aqamemnon", "Banuçiçək və Penelopa" və sair kimi paralelliklər və müqayisələr "Kitabi-Dədə Qorqud və dünya ədəbiyyatı" mövzusuna yeni nəfəs gətirmişdir. Hazırki mərhələdə isə müqayisənin dairəsi daha da genişləndirilərək bənzərliklərin və fərqlərin miqyası Dədə Qorqud və Homer səviyyəsinə qaldırmışdır. Həmin nöqtədə "Kitabi-Dədə Qorqud"un, "İliada" və Odisseya"nın bədii əsər kimi özünəməxsusluqları bu möhtəşəm ədəbi abidələrin qüdrətli yaradıcılarını: Dədə Qorqudu və Homeri dünya ədəbiyyatının ön mövqeləri sırasına çıxarır."Kitabi-Dədə Qorqud" da Homerin "İliada" və "Odisseya" əsərləri kimi dünya ədəbiyyatının şedevridir. "Kitabi-Dədə Qorqud" dünya epos sənətinin əfsanəsidir.Homer həm də çoxallahlılıq üzərində qurulan qədim Yunanıstan cəmiyyətində əsatiri yarımallah kimi təqdim olunur. Dədə Qorqudun da "qayibdən dürlü xəbər" söyləyən, "Həqq-təala könlünə ilham edən", yəni qəlbinə vəhy gəlmiş, gələcəkdə olacaqlardan qabaqcadan məlumat verən bir övliya olduğu bildirilir. Görkəmli rus alimi Vasili Bartold və böyük Azərbaycan qorqudşünası Məhəmməd Hüseyn Təhmasib Dədə Qorquddan gələcəkdən xəbər verən övliya, ərən kimi bəhs etmişlər.Dünya ədəbiyyatında yazı üsulu ilə yox, şifahi şəkildə əzbərdən söyləmək əsasında bədii əsərlər yaratmaq işini bundan daha əvvəl qədim yunan şairi Homer həyata keçirmişdir. Homerin şifahi yolla yazılı ədəbiyyatın mükəmməl nümunələrini yaratmaq baxımından Yunanıstanda gördüyü işi Qalın Oğuz Elində - Azərbaycanda Dədə Qorqud yerinə yetirmişdir. Dədə Qorqud Azərbaycan ədəbiyyatının Homeridir.”(10). Hamıya bəllidir ki, “Dədə Qorqud” eposu əcdadlarımızın yüksək mənəvi-keyfiyyətlərini, dini və milli dəyərlərini özündə ehtiva edən möhtəşəm bir abidədir. İsa müəllim öz çoxşaxəli yaradıcılığında “Dədə Qorqud” dastanına xüsusi yer ayırmış və təkrar-təkrar, lakin başqa-başqa çeşidlərlə bu mövzuya müraciət etmişdir. Belə ki, İsa müəllim Dədə Qorqud dastanı haqqında dəfələrlə tədqiqatlar apararaq möhtəşəm abidə haqqında açılmamış sirrləri meydana çıxarmışdır. Akademik Teymur Kərimli yazır: “Azərbaycan ədəbiyyatının ən qədim dövrünü təmsil edən, mifologiya ilə bağlı olan bir sıra boylarının miladdan öncə, əsas özəyinin isə eramızın VII yüzilliyində - İslam Peyğəmbəri “Məhəmməd əleyhəssalamın zamanına yaxın” yarandığı təkzibedilməz dəlillərlə subuta yetirilən “Kitabi-Dədə Qorqud” dastanları haqqında İsa Həbibbəylinin, “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqi yeni mərhələdə araşdırması ki, 1998-ci ildə qələmə alınıb, dastanların (Hamıya məlumdur ki,”Kitabi-Dədə Qorqud” dastanının iki-“Drezden” və”Vatikan” variantları mövcuddur. Buna görə Akademik Teymur Kərimli “Dədə Qorqud dastanları” ifadəsini işlədir). 1300 illik yubileyi ilə bağlı, 1999-cu ildə “Basatın Təpəgözü öldürdüyü boy”da Naxçıvan” məqaləsi və Fransanın Strasburq Universitetinin Elmi Əsərləri jurnalında(N 4, 2002) fransız dilində çap olunmuş “Dədə Qorqud” dastanları dünya eposunun nadir nümunəsi kimi” məqaləsi.” (11,s.66)Milli mənəvi dəyərləri xarakterizə edən İsa müəllim dini dəyərlərin də bilavasitə həyatımızda nə qədər mühüm rol oynadığını xüsusilə vurğulayır. Belə ki, müqəddəs Qurani-Kərimdən, İslam dinindən xəbəri olmayan avam insanlara fırıldaqçı mollaların öz şəxsi mənafeyinə görə sırıdığı saxta din insanları cəhalətə, fanatizmə sürükləyir, bir növ gözlərini kor edirdi. Bizim klassiklərimiz cürbəcür vasitələrlə avam xalqı dini cəhətdən maarifləndirmək, gözlərini açmaq istəyirdi. Lakin əfsuslar olsun ki, dövrü mətbuatda bu haqda nə qədər çıxışlar eləsələr də ələlxüsus cənubdan axan “saxta din” onların elm-təhsil almalarının, inkişaf etmələrinin, eyni zamanda İslam ehkamlarını düzgün anlamalarının qarşısını alır, onları dibi görünməyən uçuruma sürükləyirdi. Akademik İsa Həbibbəyli isə türk sivilizasiyasında İslam dininin rolunu daha mükəmməl şəkildə şərh edir:“Məlum olduğu kimi, müxtəlif əsrlərdə Azərbaycanda ictimai-siyasi və ədəbi-mədəni mühitdə türk və ərəb-islam sivilizasiyaları yaşanmış, böyük inkişafa təkan vermişdir. Qədim türk sivilizasiyasının tanrıçılıq təliminin xeyirlə şərin mübarizəsinə əsaslanması insanın mənəvi ucalığının aliliyi haqqında təsəvvürləri formalaşdırmışdır. Tədqiqatçıların fikrincə, türklərin başlıca inamı olan tək tanrıçılıq ideyası insanı daim şərdən qaçmağa səfərbər etmişdir: "Türklərdə həyat ikili sistem: xeyir və şərin mübarizəsi üstündə qurulmuşdur. Şər qüvvələr Tanrıdan aşağıda dayanır və ona qarşı çıxa bilmirlər. ...Deməli, daha çox ikili sistem üzərində qurulmuş inamlar panteonuna əsasən, insan İblisin şərindən bələd olanlar çox yaxşı bilirlər ki çağırışla islam sivilizasiyasının mənəvi kamillik ideyası çuğlaşaraq ayrı-ayrı dövrlərin böyük ədəbiyyatı və mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır. Lakin sovet ideologiyasının prinsiplərinə uyğun olaraq, ədəbiyyatın və incəsənətin inkişafında din faktorunun rolu unutdurulmuş, hətta bir çox hallarda, yeri oldu-olmadı, yazıçı və şairlərin "ateist" kimi təqdim edilməsinə səy göstərilmişdir. "Onları belə göstərənlər zənn edirlər ki, guya bu sənət ustadlarını müasirləşdirir və ya daha da dahi sənətkarlar edirlər. ...Əksinə, bu sənətkarları öz soyköklərindən ayırır, onları böyüdən, dahi edən islami dəyərlərdən bəhrələnmələrini unudurlar". İslam təlimindəki mənəvi bütövlük və humanizm ideyaları, maarifçiliyə böyük dəyər verilməsi yazıçı və şairlərin dünyagörüşünün inkişafında mühüm yer tutmaqla bərabər, həm də onların bədii yaradıcılığında elmi cəhətdən əsaslandırılmış milli və bəşəri idealların xüsusi önəm daşımasına meydan açmışdır. Qədim dövr və Orta əsrlərdə sənətkarların bədii sözü yüksək islami dəyərlər miqyasında ifadə etmək səyləri nəticə etibarilə böyük ədəbiyyatın yaranmasına təkan vermişdir. Beləliklə, Azərbaycan ədəbiyyatının inkişafında türk və islam sivilizasiyaları faktoru mühüm amillər olmuşdur.”(12.)İsa Həbibbəylinin dramaturgiya sahəsində də peşəkar bir teatrşünas kimi tədqiqatları mövcuddur. İsa Həbibbəylinin «saf, xalis lirikanın yaradıcısı» hesab etdiyi Xalq şairi Nəriman Həsənzadəni «Azərbaycan dramaturgiyasını tarixi mövzular və müasirlik ideyası ilə» zənginləşdirməsini qeyd edərək, mənzum dramlarının şeiriyyət baxımından da kamil olduğunu vurğulayır. Şairin əsərlərini təhlil edən İsa Həbibbəyli «Atabəylər» mənzum dramını «...ideoloji təmayüllər deyil, dövlətçilik maraqlarının və milli mənafelərin əks etdirilməsi əsas qəbul edilməsi zamanına görə müəllifin vətəndaşlıq cəsarətinin və uzaqgörənliyinin ifadəsi» kimi təqdim edirAkdemik İsa Həbibbəyli “Böyük qazax mütəfəkkiri Abay və Azərbaycan” başlıqlı məqaləsində yazır: “Qazax ədəbiyyatının əsas yaradıcılarından biri olan Abay Kunanbayev çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. O, çoxsaylı lirik və satirik şeirlərin, bir sıra liro-epik poemaların, maarifçi realist şeirlərin müəllifidir. Dünyagörüşü etibarilə maarifçi olan Abay Kunanbayevin bütün əsərləri həyatdakı ictimai ədalətsizliklərin tənqid edilməsinə, nadanlıq və cəhalətin aradan qaldırılmasına, elm və maarifin təbliğinə həsr olunmuşdur.”(13.) XX əsrin əvvəllərində bütün Azərbaycanda olduğu kimi dini fanatizmin tüğyan etdiyi bir dövrdə hamının bildiyi kimi Hacı Zeynalabdin Tağıyev tərəfindən qız məktəbi açılmışdı. Bu olduqca gərəkli və şərəfli işi Naxçıvanda böyük maarifçi, şair-yazıçı, müəllim, elm xadimi Məhəmməd Tağı Sidqi fanatik və münafiq mollaların təzyiqlərinə baxmayaraq davam etdirərək qız məktəbi açmışdı. İsa müəllim Məhəmməd Tağı Sidqi kimi mütəfəkkirə təbii ki, biganə qalmamış, onun haqqında 2022-ci ildə “Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitab yazmışdı. Kitabda böyük maarifçi şair, nasir, görkəmli pedaqoq və ilk məktəb dərslikləri yaratmış, dövrünün tanınmış xalq müəllimlərindən biri Məhəmməd Tağı Sidqinin (1854-1903) həyatı və yaradıcılığından bəhs edilir.Vəsait Giriş, “Məhəmməd Tağı Sidqinin həyatı”, “Yeni nəslin inkişafında rolu”, “Şeir yaradıcılığı”, “Nəsr əsərləri”, “Mətbuatla əlaqəsi”, “Pedaqoji görüşləri və dərslikləri”, “Elmə xidmət” və “Nəticə” bölümlərindən ibarətdir.“Sənətkarın elmi pasportu-27” seriyasında çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Akif İmanlıdır.Çoxuna məlumdur ki, dünyaşöhrətli qazax mütəfəkkiri Abay Kunanbayev Azərbaycanda da çox sevilir, çox tədqiq olunur. Azərbaycanın çox məhşur və görkəmli ziyalıları Abay Kunanbayevin yaradıcılığı haqqında olduqca dəyərli yazılar yazmış, türk dünyasının müqtədir söz ustalarından biri kimi zəngin şəkildə xarakterizə etmişlər. Tək Azərbaycan ədəbiyyatı ilə deyil, bütün dünya ədəbiyyatı ilə maraqlanan İsa Həbibbəyli də bəzi yazılarında Abay Kunanbayevi xatırlamış, eyni zamanda böyük mütəfəkkirin ədəbi irsini tədqiq və təhlil edən ziyalaların müqəddəs işlə məşğul olduğunu qələmə almışdır:“Azərbaycanda Abay Kunanbayevin həyatı və yaradıcılığına dair əhəmiyyətli tədqiqat əsərləri yazılmışdır. Xalq yazıçısı Mirzə İbrahimovun “Xalqın böyük ədibi» məqaləsi (1977) Abay Kunanbayevin xidmətlərinə Azərbaycandan mütəfəkkir yazıçı baxışının ifadəsidir. Xalq yazıçısı Anar “Ağaclar quruyur qocalar kimi” adlı məqaləsində (2020) Abayın mükəmməl elmi-ədəbi portretini yaratmışdır”(14). “XX əsr ərzində aparılmış elmi tədqiqatlar, məqalə və kitablar əsasında Azərbaycan Abayşünaslığı formalaşmışdır. Tanınmış Azərbaycan alimlərindən filologiya elmləri doktorları, professorlar Pənah Xəlilov, Məmməd Əliyev, Elman Quliyev, Nizami Tağısoy, Firuzə Ağayeva, Yaşar Qasımbəyli, Salidə Şərifova, Xuraman Hümmətova, filologiya üzrə fəlsəfə doktorları Qulamhüseyn Əliyev, Arif Əmrahoğlu, Turan Teymurov, Eşqanə Babayeva, Fəridə Vəliyeva, Ağahüseyn Şükürov, Mehman Həsənli, Pərvanə Məmmədova və başqalarının tədqiqatlarında Abay Kunanbayevin həyat yolu və ədəbi irsi müxtəlif mövqelərdən təhlil edilib qiymətləndirilmiş, Azərbaycan ədəbiyyatı ilə müqayisələr aparılmışdır”(15,s.12). Lakin İsa Həbibbəylinin qardaş qazax xalqının ədəbiyyatına, onun dahilərinə olan sevgisi təkcə Abay Kunanbayevlə bitmir. Ədəbiyyat sahəsində çalışanların hamısı bilir ki, İsa müəllim qazax ədəbiyyatının dahilərindən biri Muxtar Auezevun da Türk dünyası üçün nə qədər dəyərli bir mütəfəkkir olduğunu qeyd etmişdir, Nizami Məmmədov Tağısoyun 2019-cu ildə qələmə aldığı “Muxtar Auezovun yaradıcılığı: ənənədən navatorluğa” monoqrafiyasına “Türk dünyası ədəbiyyatının fəxri və qazax ədəbiyyatının görkəmli klassiki” başlıqlı ön söz yazmışdır.“Qazax ədəbiyyatının inkişafında böyük rol oynayan görkəmli yazıçı və ictimai xadim Muxtar Auezovun adı XX əsr dünya ədəbiyyatının tanınmış klassikləri ilə bir sırada çəkilir. O, yeni dövr qazax ədəbiyyatının əsas yaradıcılarından biridir. Muxtar Auezov haqlı olaraq qazax ədəbiyyatının görkəmli klassiki kimi qəbul olunur. Onun çoxcəhətli yaradıcılığı qazax xalqının dərin mənalı və zəngin salnaməsi hesab edilir. Ümumiyyətlə, Muxtar Auezov qazax xalqının milli iftixarı, türk dünyası ədəbiyyatının yeni zirvəsi, dünya ədəbiyyatının gerçək faktıdır.” (16. s.3)İsa Həbibbəyli “Böyük qazax mütəfəkkiri Abay və Azərbaycan” başlıqlı məqaləsində yazır: “Qazax ədəbiyyatının əsas yaradıcılarından biri olan Abay Kunanbayev çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. O, çoxsaylı lirik və satirik şeirlərin, bir sıra liro-epik poemaların, maarifçi realist şeirlərin müəllifidir. Dünyagörüşü etibarilə maarifçi olan Abay Kunanbayevin bütün əsərləri həyatdakı ictimai ədalətsizliklərin tənqid edilməsinə, nadanlıq və cəhalətin aradan qaldırılmasına, elm və maarifin təbliğinə həsr olunmuşdur.”(15.) Sosializm ideologiyası dövründə Azərbaycan xalqının mütəfəkkirlərindən biri Ə.B.Hüseynzadənin naşiri və baş redaktoru olduğu “Füyuzat” orqanını “Molla Nəsrəddin”ə qarşı qoyur, “Füyuzat”ı Azərbaycan xalqının düşməni olan bir mətbu orqanı kimi qələmə verirdilər. İsa müəllim “Füyuzat”a atılan bu böhtanların, ləkələrin üstündən qara xətt çəkərək yazır: “Sovet ideologiyasının hakim olduğu illərdə yanlış olaraq “Molla Nəsrəddin”lə “Füyuzat” jurnallarını bir-birinə zidd mövqeydə dayanan mətbuat orqanları kimi qələmə vermişlər. “Füyuzat” və “Molla Nəsrəddin” jurnallarının yolları, üsulları fərqli idi, qayələri, nəticələri, ammalları, ideaları yaxın, bir çox hallarda eyni idi. Cəlil Məmmədquluzadə və Əli Bəy Hüseynzadə Azərbaycanın qoşa dayanan yüksək zirvələridir, elmimizi, ədəbiyyatımızı, mədəniyyətimizi çiyinlərində bu günlərə çatdıran qoşa sütunlardır, nəhəng, çoxparlaq simalardır. Bu böyük mütəfəkkirləri birləşdirən və yaxınlaşdıran kifayət qədər yaxın amallar və amillər vardır”(17,s.486). Nəticə: Canlı, ədəbi proseslə yanaşı hər zaman İsa Həbibbəyli ədəbiyyat tarixini təhlil və tədqiq edir. Azərbaycan ədəbiyyatının hər bucağına nəzər yetirir, imkanı daxilində özünəməxsus şəkildə istər klassiklərimizin, istərsə də müasirlərimizin elmi-bədii irsinə yeni çalarlarla, yeni vasitələrlə aydınlıq gətirir, sovetlər dönəmində paslı qıfıllarla bağlanmış sandıqları açır, onları oxucusuna olduğu kimi təqdim edir. Azərbaycan ədəbiyyatı tarixinin və nəzəriyyəsi problemlərinin tədqiqi İsa Həbibbəylinin ədəbiyyatşünaslıq fəaliyyətində ön cərgədə dayanır. Azərbaycan ədəbiyyatının tarixi inkişaf xüsusiyyətlərini azərbaycançılıq konsepsiyası hərəkətilə qarşılıqlı əlaqədə təhlil, ədəbi prosesin yüksəliş meyllərinin ümumiləşdirilməsi, bu meyllərin dövrləşmə təsnifatı ilə konkret ifasının dürüstlüklə təyini İsa Həbiyyəlinin elmi fəhminin işıqlı şəkildə təzahürüdür. Ədəbiyyatşünas alim Azadə Rüstəmova ürək yanğısı ilə vaxtilə M.Y.Quluzadənin X.H.Koroğlu ilə birgə yazdığı bir oçerkin “Azərbaycanda ədəbiyyat” sərlövhəsilə oxuculara təqdim edildiyini qeyd edir. (18, s.468)İsa müəllim “Ədəbiyyatda azərbaycançılıq konsepsiyası və dövrləşmə təsnifatı”, eyni zamanda “Azərbaycançılıq analitiklik və kreativlik” əsərlərini yazmaqla “Azərbaycanda ədəbiyyat” deyil, Azərbaycan ədəbiyyatının dünya xalqlarının ən qüdrətlilərinin sırasında yer tutduğunu təkzibolunmaz dəlillərlə subuta yetirir. Təsadüfi deyil ki, 2019-cu il 21 oktyabrda Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasında alimin anadan olmasının 70 illiyinə həsr olunan “Naxçıvan ədəbi mühiti akademik İsa Həbibbəylinin tədqiqatlarında” mövzusunda tədbir keçirilmişdi. Tədbirdə “İsa Həbibbəyli yaradıcılığında Cəlilşünaslıq” mövzusundakı məruzə ilə çıxış edən Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərli akademik İsa Həbibbəylinin yaradıcılığının böyük bir hissəsinin dahi satira ustası Cəlil Məmmədquluzadə irsinin tədqiqinə və nəşrinə həsr olunduğunu vurğulamış, İsa müəllimin “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı fəlsəfə doktoru dissertasiyasında, eləcə də “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı doktorluq dissertasiyasında demokrat yazıçının ədəbi portreti mühüm yer tutmağından söz açmış, bu mövzuda görkəmli akademikin “Cəlil Məmmədquluzadə”, ”Zamanın dühası”, “Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə”, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı bir-birindən qiymətli monoqrafiyaları, ümumilikdə, Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən sayıla biləcək sanballı elmi əsərləri olduğunu qeyd etmişdi. Tədbirdə iştirak edən digər elm, sənət adamları İsa müəllimi təbrik edib, ona fədakar elmi-ictimai fəaliyyətində uğurlar arzulamışdılar. Tədbirin sonunda İsa müəllim 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Naxçıvanda 70 illik yubileyinin geniş şəkildə qeyd edildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirərək, ədəbiyyat nümayəndələrinə gələcək fəaliyyətlərinin təşkili istiqamətində dəyərli tövsiyələr verib, onlara yeni yaradıcılıq uğurları arzulamış və alim 9 cilddə “Molla Nəsrəddin” jurnalını Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinə hədiyyə etmişdi. İsa müəllimin yaradıcılıq üfiqləri geniş olduğu qədər də pedoqoji fəaliyyəti müstəsnadır. O. Naxçıvan Dövlət Universitetindən başlayaraq Azərbaycanın bir çox ali təhsil ocaqlarında mühazirələr oxumuşdur. Onun oxuduğu mühazirələr təbii ki, tələbələrin elmi fəhminin işıqlanmasına böyük təsir göstərmişdir. Lakin İsa müəllimin məziyyətləri bununla da bitmir. Onun elmi rəhbərliyi altında 7 elmlər doktoru, 39 fəlsəfə doktoru yetişmişdir ki, onlar Azərbaycan ədəbiyyatına böyük xidmətlər göstərmiş və göstərməkdədilər. Lakin İsa müəllimin fəzilətləri bununla da bitmir. O, olduqca xeyirxah, alicənab, yüksək-mənəvi keyfiyyətlərə, zəngin təbiətə malik, gözəl bir insandır. O,Azərbaycan ədəbiyyatına, Azərbaycan elminə xidmət göstərən hər kəsə yardım əlini uzatmağa hazırdır və bunu dəfələrlə nümayiş etdirmiş və əsl azərbaycanlı kişisi kimi hər kəsə örnək olmuşdur. Bu yaxında İsa müəllim Gürcüstan Milli Elmlər Akademiyası Ümumi yığıncağının 10 iyul 2024-cü il tarixli qərarı ilə bu qurumun xarici üzvü seçilmişdir. Bu məqsədlə Tbilisi şəhərində Gürcüstan MEA Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirillmişdir. Belə ki, İsa müəllimin Gürcüstana səfəri çərçivəsində iki ölkənin Milli Elmlər Akademiyaları arasında əməkdaşlıq memorandumu imzalanmışdır..Memoranduma hər iki ölkənin milli və dövlətçilik maraqlarına cavab verən birgə tədqiqatların aparılması, layihələrin hazırlanıb həyata keçirilməsi, zəruri ixtisaslar üzrə elmi kadrların hazırlanmasına və mübadiləsinə dəstək verilməsi, müştərək elmi konfransların və seminarların təşkili, elmi nəşrlərin mübadiləsi və sair kimi mühüm məsələlər daxildir. Möhtərəm İsa müəllim! Siz bizim həm müəllimimiz, həm ustadımız, həm də ağsaqqalımızsız! Biz sizdən öyrənmişik, öyrənirik və inşallah həmişə öyrənəcəyik! Sizin yaradıcılıq üfüqləriniz o qədər genişdir ki, ucu-bucağı görünmür! Siz lap yeniyetmə vaxtlarınızdan Azərbaycan ədəbiyyatına xidmət göstərmisiz və göstərməkdəsiz. Lakin bu hamısı deyil! Siz yüksək mənəvi keyfiyyətlərə, nəcib sifətlərə malik, mənəvi cəhətdən çox zəngin, gözəl bir şəxsiyyətsiz! Dövlətimiz də sizin bu xidmətlərinizi lazımınca dəyərləndirmiş və qiymətləndirmişdir. Sizin haqqınızda yazıblar, yazırlar və inşallah yazacaqlar! Siz Azərbaycan ədəbiyyatı xəzinəsinə bəxş edilmiş ləl-cəvahirsiz! Bu yaxında sizin 75 illik yubileyiniz olacaq! Sizi səmimi qəlbdən təbrik edirik əziz İsa müəllim! Uca Allah sizə uzun ömür, polad cansağlığı versin! Qoy Azərbaycan ədəbiyyatı üzərində alışdırdığınız məşşəllər hələ uzun illər daha da işıqlansın və bütün dünyaya Azərbaycan həqiqətlərini bəyan etsin! Ədəbiyyat:1. İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”. Bakı-“Elm”-2019. səh 3.2. Bəkir Nəbiyev “Hərənin öz yolu var” “Çinar-Çap” Bakı-2008. 466 s. 3. Bəkir Nəbiyev “Xəzan Vurmasın” Bakı-2008.452 səh.4. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutu “Molla Nəsrəddin” ensiklopediyası Bakı-“Elm”-2020. 407 səh.5. İsa Həbibbəyli “ Azərbaycan Ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” Bakı-“Elm”-2019. 6. İsa Həbibbəyli “Ədəbi tarixi yaddaş və müasirlik” Bakı-“Nurlan”-2007. səh 616.7. Teymur Kərimli “Şərqin qapısından dünaya” “Çaşıoğlu”-2009.192 səh. 8. Gülbəniz Babayeva AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru. https://www.anl.az/down/meqale /525/2022/fevral/781111.htm9. “Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə” kitabının məsul redaktoru, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır. https: //science.gov.az/az/news/open/2493610.https://edebiyyatqazeti.az/news/sience/6905-dedem-qorqud-azerbaycan-edebiyyatinin-homeri11. Teymur Kərimli “Şərqin qapısından dünyaya” “Çaşıoğlu”-2009.192 səh12. İsa Həbibbəlyi “Ədəbiyat qəzeti” “Azərbacançılıq konsepsiyası” 15. 07. 2019.13. İsa Həbibbəyli “Böyük qazax mütəfəkkiri Abay və Azərbaycan”, “Müqayisəli ədəbiyyatşünaslıq”, Bakı-2020, №2.14. Müəllif: İsa Həbibbəyli, AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik Mənbə: 525-ci qəzet.15. Həbibbəyli İ. “Böyük qazax mütəfəkkiri Abay və Azərbaycan”. “Müqayisəli ədəbiyyatşünaslıq” məc., 2020, s.12.16. İsa Həbibbəyli. “Muxtar Auezov yaradıcılığı: ənənədən novatorluğa” kitabına ön sözdən, “Şərq-Qərb”, 2019.17. İsaHəbibbəyli. “Ədəbi şəxsiyyət və zaman” Əsərləri 10 cilddə, II cild. Bakı, “Elm və Təhsil”. 2017. s 486.18. R.Azadə “Mənəvi dünənimiz bu günün işığıinda” Bakı-“Elm”-2011. 596 səh. Vüqar ƏhmədƏDƏBİYYAT ÇIRAĞI(İsa Həbibbəyliyə -75)Açar sözlər: akademik, Naxçıvan, mətbuat, ədəbiyyat, məqalə, “Molla Nəsrəddin”,”Kitabi-Dədə Qorqud”XÜLASƏİsa Həbibbəyli Naxçıvan mahalının Şərur elində dünyaya göz açmışdır. Hamı bildiyi kimi Naxçıvan Azərbaycanın ən dilbər guşələrindən biridir. Bəlkə də Naxçıvanın, eyni zamanda Şərurun əsrarəngiz gözəlliyi orda doğulub boya-başa çatan insanların kamil bir şəxsiyyət kimi formalaşmasına səbəb olmuşdur. Elm-sənət, ədəbiyyat həvəskarları bunu da çox yaxşı bilirlər ki, Naxçıvan mahalından çox sayda elm-sənət adamları, ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, siyasi xadimlər çıxmışdır. Təbii ki, bunları saymaq üçün minlərlə kitab bağlansa yenə azlıq edər. Bunu da hamı bilir ki, Naxçıvan qədimdən qədim tarixə, zəngin mədəniyyətə malik bir torpaqdır və sadəcə ordakı memarlıq abidələrinə, ziyarətgahlara nəzər yetirmək, Naxçıvanın tarixinə ekskursiya etmək, Naxçıvana məxsus olan əlyazmalarla maraqlanmaq Naxçıvanın heyrətamiz və möcüzəvi bir şəkildə zənginliyini açıq-aydın subut edər. İsa Həbibbəyli Naxçıvan elmi-ədəbi mühitinin yetişdrməsidir. Hal-hazırda AMEA-nın prezidenti, Nizami Gəncəvi adına ədəbyyat İnstitutunun direktoru olmaqla yanaşı çağdaş ədəbiyyatşünaslıq elmimizin ağsaqqalıdır.İsa müəllim görkəmli ədəbiyyatşünas alimdir. Azərbaycan ədəbiyyatı onun həyatının mənasdır desək, yəqin ki, yanılmarıq. Çünki o bütün həyatını ədəbiyyata bağlamışdır. Gecələrini gündüzlərinə, gündüzlərini gecələrinə qatıb Azərbaycanın ədəbiyyatşünaslıq xəzinəsinə misilsiz tövhələr, cəvahirlər bəxş etmişdir. İsa müəllimin elmi axtarışlarna bələd olanlar çox yaxşı bilirlər ki, o, yaradıcılığının bir qolunu “Azərbaycan ədəbiyyatının bayraqdarı” adlandırdığı Cəlil Məmmədquluzadəyə həsr etmiş, zaman-zaman ədibin həm ədəbi fəaliyyəti, həm də mətbuat sahəsində gördüyü işlər barədə orijinal tədqiqatlar meydana gətirmişdir. Cəlil Məmmədquluzadənin əsərlərinin tam külliyatı ilk dəfə “Klassik Azərbaycan Ədəbiyyatı” seriyasından dörd sanballı cilddə kütləvi tirajla oxuculara hədiyyə edilmişdir.Məqalədə akademik İsa Həbibbəylinin anadan olmasının 75 illik yubileyi münasibətilə alimin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açılır.Vugar Ahmed Institute of Literature named after Nizami Ganjavi of ANASHead of the Department of the History of the Press and Publicity Doctor of Philological SciencesThe light of literature (Isa Habibbeyli – 75)Keywords: Academician, Nakhchivan, press, literature, article, “Molla Nasraddin”, “The Book of Dada Gorgud”Isa Habibbeyli was born in Sharur region of Nakhchivan Province. As everyone knows, Nakhchivan is one of the prosperous corner of Azerbaijan. Perhaps the mysterious beauty of Nakhchivan and Sharur has caused to the formation of the people born and raised there as a mature personality. Lovers of science, art and literature know very well that many scientists, artists, literary, artistic, cultural and political figures have emerged from the Nakhchivan district. Everyone knows that Nakhchivan is a land with ancient history and rich culture and looking at the architectural monuments and sanctuaries there, taking a tour of the history of Nakhchivan, dealing with the manuscripts belonging to Nakhchivan will clearly prove the wealth of Nakhchivan in an amazing and miraculous way. Isa Habibbeyli is the figure of scientific-literary environment of Nakhchivan. He is currently the president of ANAS, the director of the Institute of Literature named after Nizami Ganjavi and also the elder of our contemporary literary studies. Isa Habibbeyli is a prominent literary scholar. If we say that Azerbaijani literature is the meaning of his life, we probably wouldn't be mistaken. Because he devoted his whole life to literature. He made an incomparable contribution to the treasury of literary criticism of Azerbaijan.Those who are familiar with the scientific researches of Isa Habibbeyli know very well that he devoted a branch of his creativity to Jalil Mammadguluzade, whom he called “The Standard-Bearer of Azerbaijani literature” and created original studies about the writer's literary activity and his works in the press field. For the first time, the complete collection of Jalil Mammadguluzade's works was presented to the readers in four volumes from the “Classical Azerbaijani Literature” series.On the occasion of the 75th anniversary of the birth of academician Isa Habibbeyli, in the article is dealt with the life of the scientist and his path of creativity.VÜQAR ƏHMƏD,AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutununMətbuat tarixi və publisistika şöbəsinin müdiri,filologiya elmləri doktoru, professorZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.