BORÇALI ŞAİR NƏBİ (1873-1945)

BORÇALI ŞAİR NƏBİ (1873-1945) Şair Nəbi - 1873-cü ildə qədim Borçalı mahalının saz-söz beşiklərindən sayı­lan, el şairliyi, aşıq sənəti ənə­nələrinin zənginliyi və yaşarlığıyla seçilən Bolusun (indiki Gürcüstanın Bolnisi rayonunun) məşhur Faxralı kəndində yoxsul bir ailədə dünyaya göz açıb.
Bu kənd aşıq-söz sənəti ənənələrini tarixən yaşa­dan ocaqlardan­dır. Burada Borçalı saz-söz mühitində çox məşhur olmuş sənətkarlar yetişib.
Şair Nəbi isə özündən əvvəlki xələf­lərinin söz-sənət səltənətini özünəməxsus qüdrətli şerləri, deyişmələri, yarat­dığı dastanları ilə daha da zənginləşdirib. Bu­nunla da o, öz dövrünün ən qüdrətli sənətkarı, böyük söz xiridarı kimi tanı­nıb.

Yeni doğulmuş və Nəbi adlandırılmış körpənin ailəyə gətirdiyi se­vinc, təəssüf ki, bir az sonra kədər və göz yaşları ilə əvəz olunub. Tə­sadüfən Nə­binin böyük qardaşı Hə­sənin əlindən xəta çıxıb: o, qonşu kəndin nüfuzlu şəxs­lərindən bi­ri­nin yaxın qohumunu öldürdüyünə görə ömürlük sürgünə məhkum edilib. Böyük oğlu Hə­səni əbədi itirdiyini hiss edən Oruc kişi gə­ləcək ümidini Nəbiyə bağ­la­yırsa da, onu öz istədiyi kimi böyüdə bil­mə­yib. Ağır günlər yaşayan Nəbi eh­tiyac içində böyüyüb...
11-12 yaşa çatandan sonra Nəbi ailədə illərdən bəri hökm sürən ehti­ya­cın bütün müsibətlərinə şərik olub.
Ağır zəhmətə qatlaşıb, ailə, ata-ana qay­­ğısı çəkməyə başlayıb.
15 yaşa çatandan sonra isə bir neçə il İmir kəndində Məşədi Hüseyn ad­­­lı bir varlı şəxsə nökərçilik edib.
Həmin illər nökərçilik etməklə yanaşı, o, ilk qoşma, təcnis və müxəmməslərini yaradıb.
Şair Nəbi 1890-cı ildən 1910-cu ilədək müxtəlif yerlərdə nökər, ço­ban, mülkə­dar malika­nə­sində gözətçi, Allahverdi mis mədənlərində fəhlə işlə­miş, savad almağa, yazı-pozu öyrənməyə heç bir imkanı olma­mışdır. Ancaq hafizəsinin itiliyi sayəsində gürcü dilini mükəmməl öyrən­mişdir.
1910-cu ildən etibarən peşəkar bir sənətkar kimi Borçalı kəndlərinin toy və yığıncaq­larında çıxışlar edib, el şairi kimi ad-san qazanıb, öm­rünün axı­rına kimi anadan olduğu Faxralı kəndində yaşamışdır.

Özü saz çala bilməsə də, çox gö­zəl, məlahətli səsi, avazı olan Şair Nəbinin yanında həmişə bir neçə sazçalanı olub. Ömründə əlinə saz almayan Nəbi hələ yeniyetmə yaşlarında olarkən təbi gəlib şeir dediyi zaman əlinə bir ağac alıb ona toxunaraq ilhamını kökləyirmiş. Ancaq il­lər ötüb Şair Nəbi sözü, sənə­tilə şöhrət tapandan, tanınandan sonra belinə xən­cər asıb və şeir deyəndə xən­cərini saza çevirirmiş, saz kimi istifadə eləməyə başlayırmış. O səbəbdən də, xəncər heç vaxt şairin belindən əskik olmazmış.

Əli Faxralının söylədiyinə görə, şair Nəbinin ilk saz tutanı Aşıq Həsən olub. Son­ralar Aşıq Dünyamalı, Aşıq Mü­səllim, Sarvan Bayram, Xındı Məmməd, Hü­seyn Saraclı onun yanında saz çalıblar. Ona ən yaxın dost olan və uzun illər məclislərdə yanında saz çalan isə Aşıq Mürsəl olub. Fitri istedadı və danışığı ilə könülləri ovsunlayan Şair Nəbi yazmaq, oxumaq bilməsə də, ancaq çox gözəl və iti hafizəsi olub. Şair Nəbi heç bir ustada şəyirdlik etməyib. Özünün isə bir neçə yetirməsi olub. Onlardan şair Şaban, şair Alı, Bəkir oğlu Əlləzi gös­tərmək olar. Bu yetirmələri şair Nəbiyə hədsiz hörmət və ehtiramla ya­na­şardılar. Onun adını hər məclisdə uca tutardılar. Şair Nəbi də bu yetirmə­lə­rinə qayğı ilə yana­şar, on­ların yazdıqlarını yüksək qiymətləndirərdi. Özünü Şair Nəbinin son şagirdi hesab edən Əli Faxralının söylədiyinə görə, Şair Nəbinin ömrünün son illərində saz-söz məclislərinə birlikdə qatılıblar. Əli Faxralının yaddaş dünyasında Şair Nəbiylə bağlı çoxlu xatirə ya­şayır. Sözə, sənətə xidmət edən müəllim-şagird arasında deyilenə görə bir deyişmə də olub və o deyişmə ancaq Əli Fax­ralının yaradıcılıq arxivində qorunmaq­da­dır.

Şair Nəbinin ən önəmli xüsusiyyətlərindən biri də odur ki, o, özündən əv­vəl­ki xələflərilə sələfləri arasında güclü bir körpü rolunu oynayıb. O, şeirlərini "Mis­kin" təxəllüsüylə yazıb.
Xalq arasında Şair Nəbinin istedadı "haqq vergisi" hesab edilirmiş. Ona görə də ruhanilərin Şair Nəbinin yaradıcılığına münasibəti birmənalı olmamışdır. Bu sə­bəb­­dən bəzi din xadimləri Şair Nəbini sınaqdan keçirməyə cəhd göstər­miş­di­lər.

İkinci dünya müharibəsinə dörd oğul yola salan və iki oğulunun ölüm ka­ğı­zını alan, el-oba ilə birlikdə ağır günlər yaşayan şair qələbədən sonra, 1945-ci ilin oktyabr ayında, 72 yaşında doğma Faxralı kəndində vəfat et­miş­dir.

Təəssüflə qeyd etməliyik ki, Borçalının digər el şairləri kimi, Şair Həbinin yaradıcılığı da uzun illər tədqiqatçıların nəzərlərindən yayınmış, diq­qətindən kənarda qalmışdır. Ancaq xoşbətçilikdən, Azərbaycan poe­ziya­sının ustadı, qüd­rətli söz sərrafı, xalq şairi Səməd Vurğunun 1955-ci ilin okt­yabrında Fax­ralı kəndinə gəlişi Şair Nəbinin ədəbi taleyində yeni bir mər­hələnin baş­lan­ğıcı olub. O, Şair Nəbinin şeirlərini aşıqlardan eşidib, şəxsiyyəti, yaradıcılı­ğıy­la maraqlanıb. Şair Nəbinin yaradıcılığı ilə yaxından tanışlıq onu heyran qo­yub, xüsusən də "Dünya" şeiri şairdə xüsusi bir ovqat yaradıb. Elə oradaca onun əsərlərinin top­lanması, nəşri və yayılması üçün kənd ziyalılarına, xüsusən də, o vaxt kənddəki orta məktəbin direktoru və dil-ədə­biyyat müəllimi işləyən Hüseynqulu Məmməd­liyə bu işi görmək üçün məsləhət və töv­si­yələrini verib.
Elə o illərdən başlayaraq Qorqudşünas alim Hüseynqulu Məmmədli Şair Nə­binin yaradıcılıq nümunələrini toplayıb.
Eyni zamanda alimin oğlu, folk­lor­şünas alim Elxan Məm­mədli də bu xeyirxah işdə öz xidmətlərini əsir­gəməyib. Beləcə, bu təəssüb­keş alimlərin zəhməti, gərgin əmə­yi sayəsində Şair Nəbinin şeirlərinin toplan­dığı "Yazılanlar gəldi başa" (Bakı, “Yazıçı”, 1991) və "Elə­si var..." (Bakı, “Ağrıdağ”, 2003)adlı şeirlər kitabları işıq üzü görərək oxucuların, şeirsevərlərin ix­tiyarına verilib.
Son illərdə Şair Nəbinin həyat və yaradıcılığı daha ətraflı şə­kildə öyrənilməyə baş­lanılıb.
Onun yara­dıcılığıyla bağlı Valeh Hacıyev, Şuraddin Məm­mədli, Razim Məmmədli, Müşfiq Mədədoğlu, Şahbaz Şamıoğlu, Tinatin İsa­balıqızı, Arzu Bayramova və başqa tədqiqatçılar məqalə­lərində, monoqrafi­yala­­rında fikirlər söyləyib, onu Borçalının böyük şairlərindən biri kimi də­yərlən­diriblər.

"Yazılanlar gəldi başa" adlanan birinci kitaba “Borçalı nəğmə­karı” sər­lövhəli ön söz yazmış Elxan Məmmədli Şair Nə­binin şeirlərindən bir qis­mini vaxtilə öz dəftərlərinə köçürmüş Faxralı kən­dinin maarifpərvər sakini Qurban Həsən oğlunun, şairin Böyük Vətən mü­haribəsində həlak olmuş oğ­lu Nadirin, vaxtilə Faxralı kənd orta mək­tə­bin­də müəllim işləmiş, Qazax ra­yonunun Kəmərli kənd sakini Vəli Ləzgi­yevin, Şair Nəbi şeirlərini illərcə hafizələrində yaşatmış rəhmətlik Məmməd Hüseynqulu oğlunun, Aşıq Mü­səllimin, Sarvan Bayramın, Aşıq Nəsibin, us­tad Aşıq Hüseyn Saraclının və b. adlarını böyük minnətdarlıqla xatırlayır, ruh­ları qarşısında baş əyir, onlara “rəhmət olsun” deyir. Biz də öz növbə­miz­də çoxsaylı oxucular adından El­xan Məmmədliyə bu xeyirxah iş üçün “çox sağ olun!” - deyirik!

Aşıq poeziyasının divani, təcnis, gəraylı, qoşma, müxəmməs və s. for­ma­larından bacarıqla istifadə etmiş Şair Nəbinin yaradıcılı özünə­məx­sus­lu­ğu, poetik zənginliyi ilə diqqəti cəlb edir. Şairin əldə olan 200-dən çox müx­təlif məzmunlu şeirlərinə nəzər sal­dıq­da görürük ki, onlar içərisində qoşma və divanilər xü­susi yer tutur. Qoşmaların bir qismi məhəbbət möv­zusuna həsr olun­­muşdur. Həmin qoşmalarda nəcib, təmiz, müqəddəs duy­ğuların tərənnü­münə geniş yer verilmişdir. Şair belə qoşmalarında lirik qəh­rəmanın zahiri və daxili gözəlli­yinin vəhdətdə olmasını vacib sayır. Mə­həb­bətdə xəyanəti, vəfasızlığı, xain­liyi pisləyən sənətkar gözələ müraciətlə deyir:

...Camaldan göyçəksən, qəlbindən xayın,
Naşı düşdüm, gəl eyləmə naz, gözəl.
Və yaxud:
...Naz satırsan özgələrə, bizə nə,
Məni saldı min xəyala zülflərin.

Gözəldən sədaqət, mərhəmət, eşqdə vəfalılıq tələb edən şair, özü də ilqarına düz olmağa söz verir:

Əgər dönsəm ilqarımdan, el məni qınar, gözəl,
Sən gəc olma xəyalında, xatirim sınar, gözəl!

Bulaq başında, bağlarda, tarlalarda, toy-nişan məclislərində şairə rast gələn gözəllər, bir sözlə, el gözəlləri Şair Nəbi lirikasının qəhrəman­larıdır. Bu şeirlərdə Zöhrə, Güllü, Leyli, Sənəm və b. kimi qızlar sadə kənd qız­ları­dır. “Güllü” rədifli qoşmaya diqqət yetirək:

Mən Nəbiyəm, eşidəsən ünümü,
Hiss edəsən, sən biləsən günümü,
Müxtəsər, nə deyim, şirin canımı
Cəlladsız, fərmansız alıbdı Güllü.

Məhəbbəti təbiətə, torpağa qırılmaz tellərlə bağlı olan Şair Nəbi ya­ra­dıcılığında ana təbiətin bütün gözəllikləri insanın mənəvi aləmi ilə mü­qa­yisədə canlandırılır. Şair lirik qəhrəmanının daxili dünyasını, onun əhva­lını təbiətlə qarşılaşdırmağı bacarır:

Al-yaşıl bəzənib, hənalı dəsti,
Havalı telləri yel vurdu, əsdi.
Qabaqdan boranı səbrimi kəsdi,
Dumanlı, çiskinli qar gəldi, keçdi!

Göründüyü kimi, Şair Nəbi şeirlərinin əsas xüsusiyyətlərindən biri də bu şeirlərdə insanın mənəvi aləminin, onun nəcib hisslərinin, təmiz və xe­yirxah arzularının sənətkarlıqla tərənnüm olunmasıdır. Belə şeir­lərdə sevinc də var, kədər də. Bu şeirlərdəki kədər oxucunu sarsıdır, se­vinc isə onu ya­şa­mağa, sevinməyə ruhlandırır:

Səhərin günəşi tərlan havalı,
Elə pərvaz eylər, qış da dayanmaz.
Yandırdı cismimi, döndərdi közə,
Elə pərvaz eylər, qaş da dayanmaz.

Yaradıcılığında məhəbbət mövzusu üstünlük təşkil edən şair tərbiyəvi-didaktik mövzulara da biganə qalmamışdır. O, “Dünya”, “Könül”, “Eləsi var”, “Faydası nə”, “Qiyməti olmaz”, “Olmamış”, “Əv­vəli insanda gərəkdi bir sov” və s. rədifli ustadnamələrində insanlarda ağıl, kamal, dünya malına tamah­sızlıq, doğruçuluq və s. kimi keyfiy­yətləri yüksək qiymətləndirir. ”Dünya” rədifli ustadnaməsində:

Şair Nəbi cəhd eylədi çafana,
Ömür keçdi, sığınmadım safana.
İnnən belə inanmaram vəfana,
Sıtqınan sığındım sübhana, dünya.

-deyən sənətkar, “Eləsi var” rədifli, 26 bəndlik ustadnaməsində isə in­sanı, insanlığı 77 cür xarakterizə edir:

...Eləsi var, güvənər öz qoluna,
Eləsi var, qalar qonşu halına.
Eləsi var, gedər haram yoluna,
Axır günü yurdu viran çöl olu...

...Eləsi var, yüz üzünün asdanı,
Eləsi var, işə getməz, pastanı.
Şair Nəbi tamam etdi dastanı,
Görüm insanlıqda neçə yol olu.

Şair Nəbi “Faydası nə?” rədifli nəsihətnaməsində aşağıdakı key­fiy­yət­ləri insan oğluna irad tutur:

Mənasız, münasibsiz sözü bilmənin faydası nə?
İzinsiz, təklifsiz yerə gəlmənin faydası nə?
Uzaq dolan hərcayidən, düşmə qəm girdabına,
Əql ucundan sonra peşman olmanın faydası nə?

Ustad şeirlərinin bir qismində mərdlik, igidlik və dostluq şə­rəfini tə­rənnüm etmişdir. Bu şeirlərdə gəncliyimizə babalardan yadigar qalan gözəl sifətləri qoruyub saxlamaq tövsiyə olunur...
Şair Nəbi açıqgözlü sənətkar idi. Öz mənalı ömrünün ağrılı-acılı gün­lərini ağır güzəran içərisində yaşayan şair dövrün, zamanın ey­bəcərliklərinə göz yuma bilmir, haqsızlıq və ədalətsizlikdən, xalqa edilən ağır zülmlərdən şikayətlənir, kimdənsə, nədənsə imdad istəyir, bəzən “fələk”dən, “pərvər­di­gar”dan rəhm gözləyir. Bəy və mülkədarların hökm sürdüyü bir dövrdə za­manın ağır qanunlarından, insanların dözülməz həyatından şikayət edən şair:

Fələk, gəldik biz əlindən amana,
Dil verirsən aralıqda yalana.

və s. kimi ictimai quruluşa qarşı münasibətini bildirir.

Həyatın bir sıra ziddiyyətləri, ictimai toqquşmaları ilə şəxsən üz-üzə gəl­­miş şair bu və ya digər şeirlərində ictimai-siyasi məsələləri bu və ya başqa dərəcədə əks etdirmişdir.
Şair Nəbi həm də gözəl dastanlar və bir-birindən maraqlı dastan-rəva­yətlər yaradan sənətkarlarımızdandır. Bu günün özündə də onun deyişmələri Borçalı məclislərində dastan­laşmış rəvayətlərlə cilvələnərək həmişəyaşarlıq vəsiqəsi alıb. Həmin dastan-rəvfyətlər Borçalı dastan yaradıcılığının spe­si­fik­liyini özündə əks etdirir və Azərbaycan dastan­çılığının maraqlı səhi­fələridir. “Ağılla eşqin de­yiş­məsi”, “Uzunbaşoğlunun toyunun tərifi”, Şair Nə­­­binin əmisi oğlu Hü­seyn­lə, İbra­himlə, Aşıq Şenniklə, Göyçəli dostu Pir­məmmədlə, şair Təhlə Novruzla, oğlu Nadirlə, şagirdi Şabanla, Ağstafa sə­fərində Abdulla ilə, Aşıq İsmayılla, Cənubi Azərbaycan aşığı Heyli ilə deyiş­mələri bu gün də dastanlaşmış sənət incilərimiz sırasındadır.

Müşfiq BORÇALI.

(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi".
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.40-44
.


P.S.:

Və bu günlərdə gənc tədqiqatçı Arzu Bayramlının «Xalq Cəbhəsi» qə­ze­­­tinin 16 iyul 2010-cu il tarixli sayında çap olunmuş «Miskin Həbinin heç yerdə çap olunmayan 20-dən çox şeiri və iki deyişməsi tapılıb» sər­löv­həli mə­qaləsi bizləri sevindirdi.

Belə ki, Arzu xanım həmin məqa­ləsində bö­yük minnətdarlıq hissi ilə qeyd edir ki, «neçə il öncə bütün Borçalını ev-ev, kənd-kənd gəzib dolaşaraq Şair Nəbinin külliyyatını toplayan tanınmış şair, pub­lisist Bəhram Meh­di böyük səmimiy­yətlə qoruyub saxladığı həmin qov­luğu mənə təqdim elədi. Təbii ki, bu ağzı bağlı qovluq mənim Şair Nəbi ya­radıcılığı, poeziyası, sözü-sənəti ilə bağlı söz demə­yim üçün çox dəyərli və əvəzsiz xəzinə oldu. O zəngin söz xəzinəsini araşdır­maq üçün solub-saralmış vərəqləri bir-bir çevirdikcə Şair Nəbinin heç yerdə çap olunmayan 20-dən çox şeirinin və iki deyişməsinin bu bağlı boğçada gizlin qaldığını üzə çıxardım. Sözsüz ki, əldə etdiyim bu şeirlər və deyişmələr yaza­cağım növbəti yazılarda əksini tapacaq, oxucular bu qüdrətli el şairinin söz, sənət incilərilə yenidən ta­nış olacaqlar.»

Biz də öz növbəmizdə, Arzu xanıma şərəfli elmi fəaliyyətində uğurlar arzulayir və Şair Nəbiyə Ulu Tanridan rəhmət diləyirik...
Ruhun şad olsun, Ustad!...

Müşfiq BORÇALI,
20 iyul, 2010.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: