TƏBİƏT VURĞUNU, ALİM-ZİYALI

TƏBİƏT VURĞUNU, ALİM-ZİYALI Botanika - biologiya elminin tərkib hissəsidir, bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini tədqiq edir. Məlumdur ki, ibtidai icma quruluşundan başlayaraq qədim insanlar təbiətin yaratdığı hazır məhsullarla-bitkilərlə, giləmeyvələrlə qidalanardı. Botanika elmi də elə ötən minilliklərdən etibarən insanların bitkilərdən geniş istifadə etməsi ilə əlaqədar olaraq yaranmışdır.
Müasir tibb sahəsini də botanika elmindən ayrı təsəvvür etmək olmaz.
Hələ ötən əsrlərdə bitkilərin dilini bilən həkim Hippokrat 200-dən artıq dərman bitkisi ilə xəstələri
müalicə edərdi.

Botanika elminin əsasını qoyanlar isə qədim yunan alimlərindən Aristotel, Teofrast olmuşdur.
Əgər eramızın IV-III əsrlərində yaşayan yunan alimi Teofrast 450-dən çox bitkinin təsnifatını vermişdirsə, I əsrdə Romada yaşayan həkim Dioskrid isə
600-ə yaxın bitkilər haqqında məlumatlar vermişdir.

Qeyd edək ki, sağlamlıqla bərabər yüzlərlə bitkinin zahiri görünüşü insanın əhval-ruhiyyəsinə xoş təsir bağışlayır. Gün ərzində yaşıl bitkilərin ətrafında parklarda, bağlarda təmiz hava qəbul etmək insanın uzun ömür sürməsinə təsir edir. Bir sözlə, qeyd etmək olar ki, insanın həyatda yaşaması üçün bitkilərin rolu əvəzsizdir. Haqqında söhbət açacağımız insan da həyatını bitkilərsiz təsəvvür etmir. O, göz açdığı Borçalı torpağının gülünə, çüçəyinə, ən əsası əsrarəngiz yaşıl təbiətinə vurğun olan ziyalı Vəkil Xəlilovdur.

Vəkil Səməd oğlu Xəlilov 1937-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Əsmələr kəndində doğulub.
İbtidai təhsilini doğma kəndində alıb. 1949-cu ildən təhsilini Qoçulu, 1953-1956-cı illərdə isə Arıxlı kənd orta məktəbində davam etdirib.
Orta məktəbi başa vurduqdan sonra o, ali təhsil almaq haqqında da fikirləşib. 1958-ci ildə Vəkil Xəlilov ali təhsil almaq üçün sənədlərini Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə təqdim edib, qəbul imtahanlarını uğurla verib və tələbə adına layiq görülüb.
Tələbəlik illərində Vəkil Xəlilov bacarıqlı, nümunəvi tələbə kimi professor-müəllim heyətinin hörmətini qazanıb.
Ona dərs deyən müəllimləri ali məktəbi bitirdikdən sonra elmi işini davam etdirməyi tövsiyyə ediblər.
1964-cü ildə Vəkil Xəlilov Azərbaycan Dövlət Universitetini (indiki BDU-nu) müvəffəqiyyətlə bitirib. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda botanika ixtisası üzrə aspiranturaya daxil olub. Sonra elmi tədqiqat işlərini Moskvada Ümumittifaq Elmi Tədqiqat Vitaminologiya İnstitutunda və
EA-nın Botanika İnstitutunda davam etdirib.
O, 1971-ci ildə AEA-nın Botanika İnstitutunda “Azərbaycan ərazisində yaz otlaq və biçənəklərinin E vitaminli yem bitkiləri” mövzusunda yazdığı dissertasiya işini müdafiə edərək, biologiya elmləri namizədi dərəcəsini alıb.
Daima elmi yaradıcılıq axtarışında olan Vəkil Xəlilov biologiya elmi üzrə keçirilən bir çox respublika və beynəlxalq əhəmiyyətli tədbirlərə də dəvətlər almışdır. Belə ki, 1974-cü ildə biologiya elmi üzrə Stavropolda keçirilən beynəlxalq konfransda azərbaycanlı alim Vəkil Xəlilov məruzə ilə çıxış etmişdir.
Məlumat üçün bildirim ki, Vəkil Xəlilov Gürcüstanda da pedaqoji fəaliyyətlə məşğul olmuş, 1971-1984-cü illərdə Bolnisi rayonunun Qoçulu orta məktəbində kim­ya-biologiya müəllimi, 1984-1998-ci illərdə həmin məktəbdə direktor vəzifəsində işləmişdir. 1987-ci ildə biologiya fənninin tədrisindəki uğurlarına görə Gürcüstanın Əməkdar müəllimi adına layiq görülmüşdür.
1971-ci ildə Ümumittifaq Botanika Cəmiyyətinin konfransında, 1974-cü ildə həmin cəmiyyətin Stavropolda keçirilmiş VI konfransında məruzə ilə çıxış etmişdir. 1977-ci ildə Gürcüstan müəllimlərinin IV qurultayında, 1987-ci ildə VI qurultayın nümayəndəsi olmuşdur. 2006-cı ildə Türkiyədə Ulusal Bioloji Konqresində iştirak etmişdir. İşlədiyi müddətdə dəfələrlə kənd, rayon sovetinin deputatı, rayon partiya komitəsinin üzvü seçilmişdir.
2003-cü ildən AMEA Botanika İnstitutunun «Geobotanika» şöbə­sində böyük elmi işçi, aparıcı elmi işçi, 2008-ci ildən «Geobotanika» şöbəsinin müdiri vəzifəsində işləyir. Nyu-York Botanika Bağı ilə birgə həyata keçirilən Beynəlxalq Lahiyənin iştirakçısı olmuşdur. 30-a yaxın elmi əsərin, 1 kitabın müəllifidir. 2011-ci ildən dosentdir. AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin Redaksiya Heyətinin elmi katibi, eyni zamanda Azərbaycan Botaniklər Cəmiyyətinin Redaksiya Heyətinin elmi katibidir.
Sevindirici haldır ki, Vəkil Xəlilov bu gün də AMEA-nın Botanika İnstitutunda bitki örtüyünün fitosenoloji quruluşunun əsas istiqamətləri, onun formalaşma qanunauyğunluğu, məhsuldarlığın aşkar edilməsi sahəsində öz bilik və bacarıqlarını səfərbərliyə alaraq tədqiqatlarını genişləndirir və elmi nailiyyətlərini uğurla davam etdirir.
Elmi müvəffəqiyyətləri ilə bərabər Vəkil Xəlilovu yaxından tanıyanlar həm də bu ziyalının gözəl ailə başçısı olduğunu söyləyirlər. Çünki, Xəlilovların ailəsinin təməli də halallıqdan yoğrulub. Vəkil müəllimin bir xoşbəxtliyi də odur ki, 5 övladı, 9 nəvəsi bu gün onun soyadını daşımaqdan qürur hissi keçirir.
Vəkil Xəlilov hər zaman zərif canlılardan biri sayılan bitkilərə qarşı qayğısını əsirgəmir, həm də hava və su kimi onları təbiətin böyük varlığı hesab edir.
Həyatını daima zərif varlıqlara həsr edən, bitki aləminə qəlbən bağlı olan Vəkil müəllimin bu günlərdə “"KİÇİK QAFQAZIN "E" VİTAMİNİ İLƏ ZƏNGİN OLAN YEM BİTKİLƏRİ" adlı kitabı nəfis şəkildə çapdan çıxmışdır. AMEA Botanika İnstitutunun Elmi Şurasının 21 iyun 2012-ci il tarixli 07 saylı və AMEA Tibb və Biologiya Bölməsi Bürosunun 10 oktyabr 2012-ci il tarixli 04 saylı qərarı ilə “Təhsil” EİM-də çap olunmuş kitabın Elmi redaktoru: Bitki ehtiyat şöbəsinin müdiri, b.e.d. E.N.Novruzov, Rəyçilər: Əməkdar elm xadimi, k.e.d, professor S.V.Sərkərov;BDU-nun Botanika kafedrasının müdiri, b.e.d., professor E.M.Qurbanov; Ali bitkilərin sistematikası şöbəsinin müdiri, b.ü.f.d.V.N.Kərimov; Naşiri: Müşfiq Borçalıdır.
Kitabda Kiçik Qafqazın Kəpəz, Şahdağ, Murovdağ, Qoşqar dağlarının subalp və alp yay otlaq biçənəklərinin bitki örtüyü, yem dəyəri, məhsuldarlığı öyrənməklə tərkibində vitaminlər, zülallar, protein, yağ, sellüloza, karotinin miqdarları öz əksini tapmışdır.
Respublikamızda kənd təsərrüfatı heyvanlarının məhsuldarlığını artırmaq məqsədilə qış və yay otlaqlarının səthi və əsaslı yaxşılaşdırılması üsülları, mineral kübrələrin verilmə qaydaları, suvarma sistemləri, eroziyaya məruz qalmış dağ yamaclarının ot örtüyünü yenidən bərpa etmək, az məhsuldar yay otlaqlarının yaxşılaşdırılması üçün perspektivli bitkilərin səpilməsi və becərilməsinə aid əməli təkliflər və tövsiyələr verilmişdir.
Kitabdan Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Aqrar Universitetin, Yemçilik, Çəmənçilik otlaqlar İnstitutunun əməkdaşları və müvafiq Universitetlərin tələbələri istifadə edə bilərlər.

Çox hörmətli Vəkil müllimi yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!..

Müşfiq BORÇALI.
"Elm və Təhsil" qəzeti, noyabr, 2013-cü il.
"Şərqin səsi" qəzeti, yanvar, 2014-cü il.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: