Elin ağsaqqalı və ziyalı oğlu

Elin ağsaqqalı və ziyalı oğlu Bolnisi rayonu Borcalının ən dilbər bir guşəsidir. Təbiət əsrarəngiz gözəlliklərini bu guşədən əsirgəməyib. Bolnisi rayonu Ulu Yaradanın öz əlləri ilə yaratdığı canlı tablosu -rəsm əsəridir. Bu doğma məkan bağlıq ərazi olsa da dağların əhatəsində yerləşir. Diş göynədən bulaqları, zoğallı, cırarmudlu, əzgilli, moruqlu-moşulu meşələri, bağlı-bağatlı obaları-elləri, şirin ləhcəli insanları ilə seçilən bir məkandır. Hər gələn qonağını gülərüzlə, açıq süfrə ilə qarşılayıb gülərüzlə də yola salır. Bolnisi rayonu Qarapapaqlıların - Oğuz türklərinin yığcam yaşadığı bir ərazidir. Bir tərəfdən Marneuli rayonu ilə, bir tərəfdən isə Başkeçidlə (Dmanisi) həmsərhəddir, bir tərəfdən də Dağ Borçalısı ilə (təəssüflər olsun ki, Dağ Borçalısı hal-hazırda bədnam ermənilərin tapdağı altındadır)...

Bu günlərdə yolum təkrar doğma Oğuz yurdu Ulu Borçalıya düşmüşdü. Doğma elləri-obaları gəzə-gəzə, doğma-əziz insanlarla görüşə-görüşə bir də hiss etdim ki, artıq Bolnisi şəhərindəyəm. Taksiyə əyləşib sürücüdən xahiş edirəm ki, məni Kəpənəkçi (Kvemo Bolnisi) kəndinə, daha doğrusu Ağalığa aparsın. Ağalığa gedən yol kəndin girəcəyindən sağa tərəf istiqamətlənir. Budur Ağalıqdayam. (Ağalıq kəndi 60-a yaxın evi əhatə edir, təqribən 45 ailə eyni nəslin törəmələridir, yəni Acalovlardır).
Acalovların qonağı olmaq mənim üçün böyük şərəfdir. Bu adıbəlli nəslin çayını içmək, çörəyini yemək dəfələrlə mənə qismət olub, bu gün də Acalovların çayına, çörəyinə-xörəyinə təkrar qonaq oluram, təamlarını dadıram.
Məhəmməd Mansur ağa oğlu Acalovun qonağıyam. Məhəmməd əmidən xahiş edirəm ki, qısaca da olsa aftobioqrafiyasından söhbət açsın. O xahişi nəzərə alaraq müsahibə verməyə razı olur.

-Məhəmməd Mansur oğlu, neçənci ildə və harada anadan olubsunuz?
-1938-ci il aprelin 5-də Bolnis Kəpənəkçisində (Kvemo Bolnisi) Ağalıqda anadan olmuşam.

-Neçənci ildə məktəbə getmisiniz və neçənci ildə orta məktəbi bitirmisiniz?
-1946-cı ildə Ağalıq ibtidai məktəbinə getmişəm. 1951-ci ildə Kəpənəkçi 8 illik məktəbində təhsil almışam, 1957-1958-ci illərdə İmir Həsən kənd orta məktəbini bitirmişəm.

-Ali məktəbə neçənci ildə qəbul olmusunuz?
-1962-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun (AzTU) inşaat fakültəsinə qəbul olmuşam. 1967-1968-ci tədris ilində institutu bitirmişəm. Elə həmin ildə də Azərbayacan Lahiyə İnstitutunun avtomobil yollarının tikilməsi idarəsində mühəndis qismində işə başladım (təyinatla). 1970-ci ilə qədər bu idarədə işlədim. 1971-ci ildə Gürcüstan Respublikasına qayıtdım, Bolnisi rayonunda əmək fəaliyyətinə başladım, rayonun layihə simeta bürosunda mühəndis-konstruktor vəzifəsində çalışdım, 1988-ci ilə qədər rayonda mühəndis-konstruktor kimi fəaliyyət göstərdim. Məlum Borçalı hadisələri ilə əlaqədar olaraq işdən azad olundum. (Qamsaxurdia rejimini nəzərdə tuturam). 1988-ci ildən Kəpənəkçi orta məktəbində müəllimlik etdim, fizika-riyaziyyat və rəsmxətt fənlərini tədris etdim, 2011-ci ilin yanvar ayına qədər müəllim işlədim.

-Ailədə neçə uşaq olmusunuz?
-Ailədə 6 uşaq olmuşuq. Yəhya, Yaqub, Məhəmməd, Mehralı, Həmilə və Qızxanım. Yaqub Tbilisi Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib, mən və qardaşım Mehralı Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirmişik, bacım Qızxanım 1 saylı Bakı Tibb Texnikumunu bitirib. Kəpənəkçi kəndində tibb bacısı işləyib.

-Məhəmməd Mansur ağa oğlu, siz alicənab - kübar bir ailədə doğulmusunuz, bu alicənablıq - kübarlıq gənc nəsildə (Hacalı nəslini nəzərdə tuturam) özünü büruzə verirmi, yəni bu ənənə davam edirmi?
-İndi ki gənc nəsildən çox məmnunam, daha kübar və alicənab, səxavətli və xeyirxahdılar. İKT əsri olduğu üçün daha da bilikli və savadlıdırlar, mütaliə etməyi də çox sevirlər.

-Neçə övladınız, nəvəniz və nəticəniz var?
- 4 övladım var. Mənsurə, Xanlar, Natiq və Mansur. Xanlar Bakı Ticarət Texnikumunu, Natiq Bakı Plan-uçot texnikumunu, Mansur Başqırdıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 9 nəvəm var, bir nəticəm. Nəticəm qızım Mənsurə Qasımovanın qız nəvəsidir. Hamısı da mənə doğma və əzizdilər, hamısına qurban olum (Qurbanın qoç olsun, Məhəmməd əmi).

-Bakıda qalıb daha yüksək karyera qura bilərdiniz.
-Sualınızı başa düşdüm, düz buyurusunuz, fikrim aspiranturaya daxil olmaq idi, anam Ruqiyyə xanım qoca olduğu üçün, təsərrüfat işlərinin öhdəsindən çətinliklə gəldiyi üçün Borçalıya qayıtdım və qayıtmağıma da əsla peşiman deyiləm. Doğma Borçalıda mühəndis-konstruktor, müəllim işləmişəm, el-obanın etimadını, sonsuz sevgisini, məhəbbətini qazanmışam. Ehtiyatda olan baş leytenant hərbi rütbəm var. Bir sözlə, ömrümün xoş anlarını doğmalarımın-əzizlərimin əhatəsində keçirmişəm, mənalı və xoşbəxt bir ömür sürmüşəm. Allahdan çox razıyam.

-Hansı ədəbiyyata üstünlük verirsiniz?
-Ən çox texniki ədəbiyyata üstünlük vermişəm. Bədii ədəbiyyata gəldikdə isə Nizami Gəncəvinin, Səməd Vurğunun əsərlərini sevə-sevə oxuyuram və bu gün də oxumaqdan doymuram. Aşıq sənətinə də böyük marağım var. Ustad aşıqlardan Dədə Əmrahı, Hüseyn Saraclını, Xındı Məmmədi və dayım oğlu Xan Kamandarı sevmişəm. Və indi də onların ifasına qulaq asmaqdan doymuram.

-Bir az da kənd həyatından söhbət açmağınızı istəyirəm, kənd həyatı dedik də nələri qeyd etmək lazımdır?
-Mən kənddə doğulmuşam, ömrümün ən mənalı, xoşbəxt anlarını doğulduğum kənddə keçirmişəm. Kənd həyatından çox razıyam, indi təqaüddə olsam da boş-bekar dayanmıram, təsərrüfat işlərini sevirəm, bağçılığa xüsusi önəm verirəm, mal-qara ilə məşğulam. Bax, budur kənd həyatı.

-İndi isə mənsub olduğunuz Hacalı nəsli haqda qısa da olsa məlumat verməyinizi xahiş edirəm. Kimdir Hacallılar ?
Hacalılar Kəpənəkçi kəndində sayılıb-seçilən, adlı-sanlı bir nəsildir. Bu nəslin məşhur insanları dünən də olub, bu gün də var, sabah da olacaq. Məşhur Alxas ağa, Emin ağa, İsrafil ağa, Mansur ağa bu nəslin fəxri-vüqarı olublar, həmişə öz əməlləri ilə el-obaya örnək olublar, xeyir veriblər, bir sözlə, sağlıqlarında özlərinə hörmət ehtiram qazanıblar, el gözündə başı uca olublar. Hacalı Alxas ağa da, Emin ağa da, Rəşid müəllim də tanınmış el şairləri olublar. Məşhur şair Abbas Abdulla da Hacallı nəslinin davamçısı və sevimlisidir. Atam Mansur ağa din-islama bağlı bir insan olub. Atam Mansur ağayla Alxas ağa doğma əmi uşağı olublar.

-Gəlininiz Fəridə Məhəmməd qızı Mehdiyeva müəllimədir, bu haqda nə deyə bilərsiniz?
-Özü ilə söhbət etsəniz daha yaxşı olar. Fəridə müəllimənin dedikləri: Mən Fəridə Məhəmməd qızı Mehdiyeva əslən Kəpənəkçi kəndindənəm Bakı Dövlət Universitetinin Kimya fakültəsini və magistraturasını qırmızı diplomla bitirmişəm. Hal-hazırda, daha dəqiq, 2010-cu ildən Kvemo-Bolnisi kənd 1 saylı ictimai məktəbində müəllim işləyirəm, kimya və ingilis fənlərini tədris edirəm. Birinci dərəcəli sertifikatım var. 6 a sinfində dərs deyirəm. Sinfimizdə 24 şagird oxuyur. Şagirdlərdən 5-i dərs əlaçısıdırlar. Fidan Əliyeva, Günel Qasımova, Elvir Qasımov, Elcan Qasımov və Salatın Qasımova dərs əlaçısıdır. 15 nəfər isə orta səviyyədə oxuyur. Tədris normal şəraitdə davam edir. Axı təhsil gənc nəslin vətəndaş kimi formalaşmasında əsas amildir. Biz müəllimlər də çalışırıq ki, dərs dediyimiz uşaqlar əla və yaxşı oxusunlar.
Fəridə xanıma pedaqoji fəaliyyətində uğurlar arzu edirəm və arzu edirəm ki, oğulları Rəvan və Sənan da ataları Mansur və anaları Fəridə kimi ziyalı olsunlar. Elinə-obasına, vətəninə və xalqına layiqli bir övlad kimi yetişsinlər. Amin....

Yazımın sonunda Məhəmməd əmiyə uzun ömür cansağlığı arzulayıram, fürsətdən istifadə edərək onu 80 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Gün o gün olsun ki, 90 və 100 yaşını birlikdə qeyd edək. Qəzetlərimizin Baş redaktoru Müşfiq Borçalı başda olmaqla redaksiyamızın bütün əməkdaşları da mənə qoşularaq Məhəmməd Mansur ağa oğlu Acalovu səmimi qəlbdən təbrik edirlər. Allah sizi qorusun Məhəmməd Mansur oğlu. Amin....

Və sonda ürəyimdən gələn bu misralarla yazımı tamamlayıram:


Bolnisidə doğulmuşam, ay əmi,
Marneuli ata yuurdum, ocağım.
Bağışlamaz heç bir zaman Borçalım
Kəsilərsə bu yerlərdən ayağım.

Bolnisiylə Marneuli arası,
Təməl daşı möhkəm olan körpüyəm.
Biri anam, biri atam olubdur
Onlar üçün əziz-xələf körpəyəm.

Biri mənim ilk beşiyim olubdur,
Layla çalıb çəkib mənim nazımı.
Biri mənim son mənzilim olacaq,
Tale yazıb mənə bu cür yazını.

Marneuli yollarımda yanan şam,
Burda təbim coşub almışam ilham.
İlk şerimdə ilk misradır Bolnisi
Unutmaram mən onları heç zaman.

Borçalıdır qibləgahım, ulusum,
O vurubdur ömrümə ilk naxışı.
Marneulin, Bolnisin var, ay İlyas,
Bu torpaqda doğulmusan, nə yaxşı.

İlyas Əfəndi VƏFALI,
"Şərqin səsi" qəzeti,
07 mart, 2018-ci il, N: 35 (335), səh.13.



ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: