Əziz Dəlivəlli: "ŞƏHİD QANI YERDƏ QALMAZ!.."

Əziz Dəlivəlli: "ŞƏHİD QANI YERDƏ QALMAZ!.."
(İki hissədən ibarət mənzum dram)

İştirak edirlər:
Ana.
Çavuş (Əli).
Dindar.
Zabit.
David.
Cərrah.
Şəfqət bacısı.
Gənc.
Yaralı əskərlər və b.

Birinci hissə

Salonda işıqlar azalır. Uzaqdan azan səsi eşidilir. Pərdə yavaş-yavaş açılır. Səhnə boyu çadırdan düzəldilmiş səhra qospitalı. Sağ tərəfdə cərrahiyyə əməliyyatı üçün ağ mələfə ilə yaralı əskərlərin yatdığı yerdən əlüstü ayrılmış bir guşə. Burada 45-50 yaşlarında cərrah, şəfqət bacısı əməliyyat aparırlar. Digər tərəfdə taxta ilə tez-tələsik düzəldilmiş iki qatlı çarpayı və xüsusi hərbi çarpayılarda uzanmış yaralı əskərlər. Səhnənin ortası ilə o yan-bu yana tələsən, yan qapıdan tez-tez girib-çıxan (bəzən qaça-qaça) şəfqət bacıları, tibb işçiləri, əskərlər. Arxa planda uzaqdan atəş səsləri, partlayışlar eşidilir. Çadırın pəncərəsindən od, tüstü görünür.
Yaralı zabit oturduğu çarpayıdan qalxıb əlindəki əsaya söykənərək axsaya-axsaya pən-cərəyə sarı gedir. Bir xeyli pəncərədən uzaq-lara baxıb geri qayıdır, səhnənin ortasında dayanır. Başını çevirib bir künçdə namaz qılan əsgərə baxır. O, namazı bitirər-bitirməz zabit dillənir:


Zabit: Nə zaman gələcək dəhşətin sonu?
Xaliqin özü də bilməyir onu.

Dindar (namazı bitirərək ayağa qalxır):
Küfr etmə, qardaşım, hövsələn olsun,
Dözümlük piyalən səbr ilə dolsun.
Tanrımız sevəndi səbir edəni,
Haqqa itaətlə düz yol gedəni.

Zabit: Nə, səbir? Əzizim, səbir dedin sən?
Yoxsa ki, sən mənə rişxənd edirsən?
Səbrim tarımlanıb həddi aşıbdı,
Dəc kasam ağzından tamam daşıbdı.

Xəbislər əlindən xalqım xeyratda,
Mızılıq yaraşmaz bizə həyatda.
Dözümlük, yəni ki, həqarət, qulluq,
Budur o Tanrıdan bizə buyuruq?
Yağı Vətənimdə çapa salıbdır,
Ulu Qarabağı tamam alıbdır.
Müqəddəs torpağım alışıb yanır,
Nacinslər nə məscid, nə məzar qanır.
Naməhrəm, namərdlər bilmir mərhəmət,
Uşağa, qocaya etmirlər hörmət.
Tanklarla yalınəl millətə yerir,
İstisna etmədən işgəncə verir.

Dindar:– Demədim qul olaq, əstəğfirullah,
Taleyi həll edən yalnız tək Allah.
Yaradan önündə biz aciz, fəqir,
Gəl onun hökmünə olağın həqir.
Bəzən təhlükədən bizi qurtaran
Bir sonsuz qüdrət var – münif yaradan .
Ümidsiz bir kəsin ümid, dayağı,
Olsa da həmin kəs mürtəd, bayağı,
Nə vaxtsa bəlaya giriftar ola,
Sidq ürək, ixlasla yalvara Ona --
O qadir yaradan mərhəmət edər,
Nadimin səcdəsi getməz heç hədər.
Rəhimli, qüdrətli, kəramətli haqq
Tökdürməz qanları bu qədər nahaqq.
Dost olar biz ona gətirsək iman,
Dar gündə həmişə yetirər aman.
Zülmətdən çıxarıb işığa tərəf
Götürər, çıxmasaq ona naxələf.
Bunu belə deyib yaradan özü,
Səmavi kitabda belədir sözü.
Ruhlara çox olan böyük təsiri,
Quranın gəl olaq kölə, əsiri.

(Əlindəki Quran kitabını öpüb alnına qoyur, sonra iki əli ilə sinəsinə basır)
Müqəddəs bu kitab Rəsul töhfəsi,
Gəlir hər kəlmədən onun nəfəsi.
Bu varlıq bir vəhdir bizə Tanrıdan,
Bəşərə bəxş edib onu Yaradan.
Hidayət məqsədi daşıyır kitab,
Səadət tapacaq kim etsə xitab.
Mənəvi bir saflıq o bulacaqdır,
İlahi hifzində hey duracaqdır.
Həm özü, həm sözü sirrli möcüzə,
Onu oxuduqca nur yağır üzə.
Etmədən tərəddüd heç bircə ani
Önündə baş əyir müslüm, nəsrani.

Zabit: -
Yox, mən nə kafirəm, nə də mürtədəm,
Tanrıma möminəm, xalqıma həmdəm.
Dinə baş əyirəm necə müsəlman,
Allaha əhdim var, məzhəbə peyman.

Dindar: Mömin o şəxsdir ki, üsuli-dini
Sevir, əməl edir ona hər günü.
Ürəkdən vurulur, inanır, bilin,
Bütün əməlinə Firuidinin.
Mömin olanlarda fəzilət olar,
Rəhimdən don geymiş bir xislət olar:
Pərxaşlıq, çətində vüqarlı ola,
Təşvişə düşməyə, hey mətin qala:
Yetərsə xalqına bir ağır qəza,
Çəkməyə ahu-zar, etməyə əza;
Rahatlıq, asayiş vaxtları belə,
Şükr edib özünü o ala ələ.
Yolunu azmaya, tüyğan etməyə,
Əndaza gözləyib kənar getməyə.
Nemət bəxş edənin kimliyin bilə,
Əmrinə, nəhyinə riayət edə;
Düşməyə nalayiq işlərə belə,
Haramlıq, nadanlıq demirəm hələ.
Əksinə, olmalı möhkəm imanı,
Ki, yola gətirə yoldan azanı;
Fəqirə, yazığa ürəyi əsə,
Zülm-əzab bilməyə rəva heç kəsə;
İşləyə, çalışa, görə əziyyət,
Olmaya naməqbul maddi vəziyyət;
Namazı, orucu o bilə vacib,
Fərlidir bədənə, bu əməl-nəcib.
İbadət edən kəs olmaz tüfeyli,
Nəqafil işlərə heç olmaz meyli;
Özünə nümunə bilib Əlini,
Uzada yoxsula yardım əlini;
Qırmaya heç qeybət, olmaya hədyan,
Həqarət etməyə, saf ola hər an.
Əxlaqla qorunsun islam şərəfi,
Götürsün sədası hər bir tərəfi.
Pakizə əməllə dinə səsləyə,
Kafir də islama rəğbət bəsləyə.

Zabit: Razıyam, dinimiz şərafətlidir,
Onun hər kəlamı çox hikmətlidir.
Kamillik zirvəsi olan bu Quran
Əxlaqi saflığa çağırır hər an.
Mənəvi əxlaqsız olsa qurumu,
Zor olar ölkədə xalqın durumu.
Hərc-mərclik baş alar, xaos yaranar,
Millət bir-birilə kobud davranar.
Bunları dərk edib anlayan gündən,
İnsanın özü də bunu bilmədən,
İnamın, imanın ardınca getmiş,
Fövqəl bir qüdrətə pərəstiş etmiş.

Dindar: Qanunlar toplusu qutsal Qurana
Tabe olan hər kəs yetər imana.
Onda xoşbəxt olar həyatda adam,
Cəmiyyət yetişər tərəqqiyə tam.

Zabit: Xilqətdən əxlaqı təmiz bu millət
Qanuna mütidir, edir rəayət.
Hər yansa hərc-mərclik, hər yan ədavət,
Xalqım sitəm çəkir, hanı ədalət?
Əzabdan qıvrılan o gəncə bir bax,

(Bir küncdə uzanmış gəncə işarə edir)
İşkəncə içində çəkir nalə, ah,
Qeyzindən az qala alışıb yana,
İçində bir duyğu gəlir tüğyana.

(Gənc çarpayıda qıvrılıb o yan-bu yana çevrilir, ah-zar edir. Şəfqət bacısı əlində nimçə, qaşıq, həblər zorla onu yedirmək, dərmanlarını içirmək istəyir).

Şəfqət bacısı:
Bu həbi, dərmanı iç, inad etmə,
Məlhəmdi yarana, onu rədd etmə.

Gənc: (durub çarpayıda oturur)

O həbi içərəm, ay anam-bacım,
Onunla dəf olsa bu ağrım-acım
Olaram dünyanın ən bəxtəvəri,
Yaralı könlümə olsa bəhəri.

Şəfqət bacısı:
Bu həblər de görüm bəs nə üçündür?
Nuş eylə, onlar ki, cismin gücüdür.
İçərsən dərmanı gələrsən hala,
Duymazsan ağrını, sağalar yara.

Gənc: (çarpayıdan qalxaraq)

Mənim yaralarım sağalmaz, bacı,
Bəxtim qapqaradır, taleyim acı.
Əlacsız solacaq könül biçarə,
Axtarıb tapmazlar təbiblər çarə.
Hələlik cavanam, hələ nə yaşım,
Tale pəmbəcəli indidən başım.

(şəfqət bacısına söykənərək irəli çıxır)

Bir gecə yağılar etdilər həmlə,
Doldu könül mülküm kədərlə, qəmlə.
Allahdan-Tanrıdan etməyib ayıb,
Əslimi-nəslimi etdilər qayıb.
Bu yaram heç zaman qaysaq bağlamaz,
Könlüm inlədikcə anam ağlamaz.
Bu dərd ki, sinəmdə çalın-çarpazdı,
Üstünə dərd artdı, sanki bu azdı.
Cəlladlar axışıb kəndimə doldu,
Qançəkər o torpaq qaniçər oldu.
Bir yönsüz-yöndəmsiz, saqqalı sığa
Seyizlik edirdi nadürüst dığa.
Nüfusun başında o turp əkirdi,
Zülmə fərac verib qəgqəh çəkirdi.
Vuraraq alnına tüfəng qundağı,
Gəlinin əlindən körpə qundağı
Qoparıb tifili odlara atdı,
Ananın harayı göylərə çatdı.
Gözümün önündən getmir bu vəhşət...

Zabit: Eh, nə vaxt olacaq bizlərdə vəhdət?!

Dindar: Xalqımız tapmalı birlik, vəhdəti,
Birlik səadətin ümdə adəti.
Həyatda bu tərzi ilk öncə gərək
Allahla ünsiyyət yolunda görək.
Təvəkkülə ümid bəsləsə millət
Məsud bir xalq olar, heç görməz zillət.

Zabit: Məsud anlayışı gözəl məfhumdur,
Belə məfkurədən xalqım məhrumdur.
Müdhiş əhvallıdır xalq çəkir möhnət,
Tanrı aman edib verərsə möhlət
Yığışıb, toplaşıb vahid olardıq,
Haqqın yolunda da birgə durardıq.

Dindar: Vəhdətlik deyil ki, cisim toplusu,
Zəkavat olası toplu ulusu.
Əqidə və istək muamiləti
Zəfərə aparar bütöv milləti.

Zabit: Müsəlləh olmalı bu fikirlə biz,
Ondadı gücümüz və birliyimiz.

Dindar: Namidar bir rəhbər gərəkdir bizə,
Vəhdətlə gətirə düşməni dizə.

Zabit: Bir saleh əməlli ağsaqqal gərək.
Onun ətrafında vəhdətə gələk.
Millətin rifahı ola diləyi,
Dankotək xalqına yana ürəyi.
Pərvanə çırağa toplaşan kimi
Toplaşaq, alova ataq biz kini.
Unudaq daxili çəkişmələri,
Zəfərə aparmaz nifaq elləri.
Varsa xalq içində nurlu ziyalı,
Pis olmaz heç zaman o xalqın halı.
Lazım güclü öndər, lazım istinad,
Biz ümid bəsləyək edək etiqad.

Dindar: Əqli istinaddan çox qabaq, inan,
Dinə və imana bağlıdır insan.
Fitridir insanın qəlbindəki din,
O dinə həmişə etiqad edin.
Fitri olmasaydı qəlbin içində,
Maddi səbəblərin çərçivəsində
Din dustaq olardı, itər-batardı,
İnsanın fitrəti daim yatardı.

Zabit: Yetmiş il insanın zehnini pozan,
İmandan azdırıb düzü tərs yozan
Dinsizlik ideya hakimiyyəti
Həkk edib millətə naqis niyyəti.

Dindar: Keçmişi, əcdadı qanıb-anmayan,
Elmi həqiqətə arxalanmayan
“Təkamül”fikirlər dinə qatildir,
Belə iddialar puç və batildir.
Tərəddüd yaradıb şübhə doğuran,
İlahi varlığı puça sovuran
Dinsizlik əbədi məğlub olası,
İmani həqiqət zəfər çalası.
Quran əxlaqını dərk edən ancaq
Tənasüb olacaq, rifah bulacaq.
Ədalət, gözəllik sevinclə dolu,
Quranda deyilmiş budur haqq yolu.

Zabit: Xaricdən təcavüz, daxildə nifaq,
Vətən məruz qalıb sınağa nahaqq.
Öddək komandirlər, naqqal rəhbərlər
Xalqın durumundan bixəbərdilər.
Hanı bir baş bilən, yandıran bir can,
Nə günlərə qalıb gör Azərbaycan.
Dağılıb, müflisdi iqtisadiyyat,
Böhran var, gücsüzdür bu hakimiyyət.
Rəhbər kürsülərə can atan naciz,
Mənəvi cəhətdən əksəri naqis.
Siyasət yolunda savadsız, naşı,
Döyüş sənətindən çıxmayan başı
Bu gün nazir olub, bu gün başqandır,
Cavandır, naşıdır, hələ baş qandır.
Millətin müşərrəf əyan zəkası,
Qalıbdı kölgədə, çıxıbdı pası.
Kürsüdə gədələr sürür dövranı,
Xainlər satırlar dağı, aranı.
Əskərlər bu işdə günahsız, məzur,
Etməyək məzəmmət, hər biri cəsur.
Rəşidlər şir südü əmib anadan,
Onları hifz etsin özü yaradan.
Torpağın uğrunda cihad edərlər,
Vətəni naminə şəhid gedərlər.

Dindar: Cihadlıq Vətəni qorumaq demək,
Vətənin yolunda çəkməli əmək.

Zabit: İgidlər Allahın yolunda belə
Özünü daxilən almalı ələ.
İçində mənəvi cihad etməli,
İslamın yoluyla düzgün getməli.
Vətəni bu yolla qorumalısan,
Qanlı döyüşlərdə qazan sən ad-san.
Budur cihadlığın yüksək forması,
Vacibdir ruhunda onun olması.

(Bu zaman cərrahiyyə əməliyyatı aparan cərrəh əlcəyini çıxararaq alnındakı təri silib onlara tərəf gəlir).


Cərrah: Nə qədər cavanlar cihad edirlər,
Vətənin uğrunda qurban gedirlər.

(Sanitarlara göstəriş verərək)

Mafədən o gənci gedin götürün,
Sonra haqq yerinə onu ötürün.

Şəfqət
bacısı: Yumuldu nagahan nəvvar gözləri,
Qaldı ürəyində pünhan sözləri.
Rəna tələtlinin söndü həyatı,
İndi ana istər deyə bayatı,
Növhələr söyləyə o bəxti qara,
Yola saçlarını, şivən qopara.
İlahı, gəl etmə gündüzü gecə,
Belə balalara qıyırsan necə?

Dindar:Allaha, bil asi haramdır olmaq,
Çətində gərəkdir səbirli durmaq.
Bütün müsibətdə olduğu kimi
Yesə ələm, kədər qəlbin içini
Müsəlman olan kəs mətin durmalı...

Zabit: (yarı rişxəndlə)
Taleyin hökmünə tabe olmalı?!.

Dindar: (sanki söhbətdən yayınaraq)
Ən yaxşı hədiyyə onlara bu an
Ruha rəhmət demək, oxumaq Quran.

(Gəncə yaxınlaşıb başının üstündə Quran
oxuyur)

Şəfqət bacısı: (cərraha)
Deyirlər ölümə qarşı təbiblər
Genetik bir yolla çarə tapıblar.
Bəs nə vaxt bu üsul tətbiq olacaq,
İnsan bu həyatda daim duracaq...

Cərrah: İnsana əbədi həyat verməyə,
Onu bu dünyada daim görməyə
Bioloq-alimlər, həkim-təbiblər
Əbəs tədqiqatlar, cəhdlər ediblər.
İnsanın genetik kodunda, heyhat,
Bulmadı tibb elmi əbədi həyat.

(Dindar Quran oxuyub qurtarır. Sanitarlar meyidi səhnədən çıxarırlar)

Dindar: İrtihal olmağın əsas illəti
Əxlaq-hüququdur xalqın, millətin.

(hamı təəccüblə ona baxır)

İnsanı ilk dəfə xəlq edib Tanrı,
Məkana köçürdü bağçalı-bağlı.
Bəxş etdi məxluqa əbədi varlıq,
Vəd etdi verməsin heç zaman darlıq.
Bir ağac bitirdi -- bu başdan, bəri,
Ayırd etmək üçün xeyirlə şəri.
Məxluqat əhlinə göstəriş verdi,
Nəsihət edərək bunları dedi:
“Nəfsini cilovla, iradəli ol,
Çəşməni tox eylə, hövsələni bol.
Dadma ağacdakı meyvədən, barı,
Hədsiz cazibəli olsa da barı.
Uyma fırıldağa, fitnəyə, felə,
Yaradan hökmünə riayət eylə.
Mənimlə saxlasan xoş irtibatı,
Firavan yaşayar bəşər övladı.
Əmrimə naxələf sən çıxsan lakin,
Başqa bir aləmə olarsan sakin.
Hökmümə tabe ol!”- dedi Yaradan,-
“Qəflətən çıxsada şeytan aradan.
Uysan hiyləsinə o cüvəllağın,
Nəslin əhli olmaz cənnəti-bağın.
Ölüm və əbədi həyat arası,
Bu fürsət yeganə seçim olası”.
Yaradan əmrinə çıxaraq xain,
Aldanıb Şeytana edildi ayin.
O gün ki, Allaha çıxdı müxənnət,
Yad oldu insana məkani-cənnət.
Tanrının qeyzinə düçar olundu,
Şiddətli təzyiqə məruz qalındl.
Feyziyyab həyatın cıxdı fənası,
Bihudə bu aləm oldu xanası.
Böyükdür rəhimi böyük Allahın,
Olmasa özünün təqsir, günahın
Rəhimkar lüzumsuz iztirab verməz,
Bəndəyə əziyyət heç rəva bilməz.

(Bu zaman bayırda səs-küy qopur, əli silahlı çavuş belində ağır yaralı yoldaşını güclə içəri salır. Əli-ayağı tutan yaralılar ona köməyə gəlirlər)

Çavuş: Canı qəlpələrlə onun doludur,
Ən çox zədəlisə bu sağ qoludur.

(Yaralı əskərlər onu ehtiyatla əllərinə götürüb yenicə boşalmış cərrahiyyə ma-sasının üstünə uzadırlar. Şəfqət bacısı skamyada oturan cərraha tərəf gedir. Onun mürgülədiyini görüb ayaq saxlayır)

Şəfqət bacısı: (öz-özünə)
Binəva yuxusuz olubdur bimar.

Cərrah: (gözlərini yavaş-yavaş açaraq)
Yenə də cəbhədən yaralımı var?

Çavuş: (darıxmış halda, titrək səslə cərraha)
Bilirəm, ay həkim, bikefsən nədən,
Yuxusuz usanıb düşübsən əldən.
Baxma əhvalına, aman günüdür,
Rəhm eylə, naçarın yaman günüdür.
Çarə bul, bu cavan nakam getməsin,
Anası ağlayıb fəğan etməsin.

Cərrah: (ağır-ağır yerindən qalxaraq)
Əcaib ricadır, çavuş, farağat!
Özünü ələ al, olma narahat.
Vətəndaş borcumdur, vücudu bizar
Olsa da yaraşmaz həkimə ah-zar.
Rəzillik etmərəm düşmənə belə,
Buna imkan verməz vicdanım hələ.
Öncə qorunmalı həkimin adı,
Əbəs içməmişəm Hipokrat andı.
Xəstədən gizlətməz həkim biləni,
Çalışıb edərəm əldən gələni.

(Cərrah qollarını dirsəyinə qədər çırmalayaraq cərrahiyə əməliyyatına başlamaq istəyir.
Bu zaman yaralını əməliyyata hazırlayan şəfqət bacısı qışqırır)

Şəfqət
bacısı: İlahi, yağıdır naməhrəm kişi,
Götürün masadan bu neybət leşi.

Cərrah: (ona yaxınlaşaraq zarafatla)
Nadir, nə salıbsan çığır-bağırtı,
Az qala qorxudan bağrım yarıldı.

Şəfqət bacısı: (həyacanla)
Döşündə xaçı var napak kafirin...
Çavuş: (rişxəndlə şəfqət bacısına)
Güclüdü diqqətin, sənə afərin,
Amma bu xaçpərəst deyildir yağı,
Gürcüdür, sinədə doludur dağı.
Xalqımın dərdindən düşübdür oda,
Bizimtək xiffətli, qəmlidir o da.

(Cibindən siqaret çıxarıb yandırır. Dalbadal dərindən nəfəs alır)

Cərrah: Durmayın, tərpənin, cəld olun bir az,
Çoxlu qan itirib, ləngimək olmaz.

(Həkimlər əməliyyata başlayırlar. Çavuş zabitə əhvalatı danışır)

Çavuş: Tiflisin köbəyi qədim Meydanda
Göz açdıq həyata bir gün, bir anda.
Davudun anası Lamara xala
Uşağı doğarkən gəlməmiş hala,
Dərhal naxoş düşdü, süddən kəsildi,
Xəstəlik körpəyə qənim kəsildi.
Durumu zor idi, nə etsin ana,
Yox idi əzizi qəminə yana,
Yox idi yetimin bacı-qardaşı,
Aciz əlil idi həyat yoldaşı.
Yoxsulluq, xəstəlik keçdi həddini,
Yox idi yaxını bölə dərdini.
Körpəni öz anam basdı bağrına,
İsitdi oğlutək, süd verdi ona.
Anamın qoynunda o, lövbər saldı,
Südünü əmərək iyini aldı.
O gündən, o andan biz qardaş olduq,
Qaynayıb qarışdıq, dost, sirdaş olduq.
Yelləndik nənnidə ikimiz birgə,
Anamız ayrıca doğmuşdu bircə.
Böyüdük çox halal, nay hallı, pürfənd,
Bilmədən bir hiylə, bir hikkə, bir fənd.
Dar gündə, çətində müttəfiq olduq,
Mehriban yaşadıq, çox mətin durduq.
Bilmədik ədavət, ixtilaf, qovğa,
Etmədik təkəbbür, olmadıq lovğa.
Təfavüd görmədik millət arası,
Bu hala bədniyyət oldu yanası.
Nifaq teşnəli kəs nifrət qazandı,
Təfriqə nəfslilər tamam azaldı.
Napak qonşuları sandıq biz əsfəl,
Pakları başlara zənn etdik əfsər.
Qayğısız, fikirsiz, çoşğun gənc idik,
Bir kimsə demədi sizdən incidik.
Hərdənbir məktəbdən, dərsdən qaçardıq,
Nəbatat bağında işrət açardıq.
Saymazdıq nə boran, nə yağış, nə qış,
Gəzərdik Meydanı biz qarış-qarış.
Uca zirvəsindən Narınqalanın
Qədim məhəllənin -- Ortacalanın
Seyrinə dalardıq, nəzər salardıq,
Gözəl mənzərəyə heyran qalardıq.
Baxardıq aşağı, dönmüş abada,
Hamamlar məskəni Seyidabada.
Unudub atardıq dərdi, azarı,
Seyr edib gəzəndə Seytanbazarı.
Fətəli qəbrini, Vazeh qəbrini
Ziyarət edərdik günün hər günü.
Dahi ədibləri yada salardıq,
Məzarı önündə fikrə dalardıq.
O bağın füsünkar gözəlliyindən
O cənnət diyarın özəlliyindən
Ayrılıb gedərdik məscidə sarı,
Enməmiş məbədə yolu tən yarı
Məscidin möhtərəm xadimi Rasim,
Mərhəmət sahibi, xassəsi asim.
Uşaqtək qarşılar, qanad açardı,
Yasaq dərbəçəni geniş açardı.
Saymayıb rejimin qadağasını,
Kəsməzdi o Hatəm sadağasını.
Bəzən mömin kəslər erkən durardı,
Xəlvətcə məbəddə namaz qılardı.
Hər dəfə bir dini bayram yaxını
Gələrdi buraya dindar axını.
Məhərrəm ayında aşura günü ,
Ərşə dirənərdi millətin ünü
Anıb ağlayarkən imam Hüseyni,
Hər il təkrar olar bu matəm eyni.
Heç məhəl qoymadan vaxta, vədəyə,
Qoruduq, baxmadıq qorxu, hədəyə.
Yad dinlər içində biz din saxladıq,
Yad dillər içində saf dil saxladıq.
Bu gürcü David də yanımda durdu,
Bizimlə həmavaz, həmahəng oldu.
Olmadıq heç zaman acgöz, tamarzı,
Tən böldük biz çoxu, tən böldük azı.
Cığırdan sapmadıq, yolu düz getdik,
Hərdən ərköyünlük, şıltaqlıq etdik.
Adamlar dözdülər biztək şuluğa,
Beləcə yetişdik həddi-büluğa.
Təzə bitirmişdik orta məktəbi,
Unutduq xoş niyyət, arzu-mətləbi
Düşəndə bir günə Azərbaycanım,
Dözmədi ürəyim, sızladı canım.
Vətənin dar günü cəbhəyə gedən
Biri də mən oldum könüllülərdən.
David də sarsıldı ahu zarıma,
Tənəzzül ruhuma, məyus halıma.
Qoymadı dar gündə mən yalqız qalam,
Yağıdan intiqam gedib tək alam.
Xalqımın hayına-havarına o,
Heybətli haləti, zavalına o,
Olmadı biganə, qalmadı laqeyd,
O ürək təpəri etməliyəm qeyd.
Davidin ürəyi qəzəblə doldu,
Bizim igidlərə o yoldaş oldu.
Bir horu düşünüb heç həsləmədən,
Atıldı cəbhəyə can bəsləmədən.
Şücaət göstərdi, mətin döyüşdü,
Çoxlu qan itirib taqətdən düşdü.
Özü də bilmədən dəstədən qaldı,
Düşmən bunu görüb araya aldı.
Düşmək istəməyib yağı əlinə,
Əlini ataraq kəmər yerinə
Qumbara çıxarıb halqanı dartdı,
Düşmənin sıx olan yerinə atdı.
Dağıldı qorxudan hərə bir yana,
Mən dönüb özümü çatdırdım ona.
Sağ qalan hövləki tez aralandı,
Davidin özü də bərk yaralandı.
Qana bələnmişdi siri-sifəti,
Sağlam yer yox idi canında qəti.
Dəstəmiz özünü alaraq ələ
Yağının üstünə eylədi həmlə.
Durmadan özümü ona yetirdim,
Davidi götürüb bura gətirdim.

Zabit: (xəyalən Davidə müraciətlə)
Afərin, afərin, ey igid oğul,
Bu cəsur hərəkət bir dastan, nağıl.
Əmdiyin o saf süd qoy olsun halal,
Unut əzabları, tezliklə sağal.

Cərrah: (onlara yaxınlaşaraq şəfqət bacısına müraciətlə)
Sən də deyirdin ki, o bir kafirdir,
Elə naməhrəmdir, elə kifirdir.

Çavuş: Ay həkim, amandı, vermə iztirab,
Qalmadı canımda nə taqət, nə tab.
Olma müəmmalı, danışma ilğaz,
Bu qədər nə səbir, nə dözüm olmaz.
Varmı, de, dərdinə bir dərman, dava,
Ümid qalıbdımı, yoxsa binava...

Cərrah: Zədə yox həyati mühüm üzvlərdə,
Qəlpələrin çoxu qalıb üzərdə.
Nə qədər çoxdursa onun yarası,
Fəqət, yaşayacaq gürcü balası.

(Səhnədə bir canlanma hiss olunur, cöhrələrdəki qəm-qüssə təbəssümlə əvəz olunur. Hamı bir-birini təbrik edir.
Çavuş sevincindən yaxınlığındakı adamları qucaqlayıb öpür)


Çavuş: (sevincək həkimə)
Çox sağ ol, ay həkim, dilinə qurban,
Qaytardın həyata, əlinə qurban.

(Yana çevrilib dəsmalla göz yaşlarını silir)

Cərrah:Yəqin namaz üstə olubdu ana,
Çağırıb Allahı, yalvarıb ona.

(Bu zaman atəş və partlayış səsləri eşidilir)

Çavuş: (silahını əlinə alaraq)
De, haydı cəbhəyə, sonra görüşək.

Şəfqət bacısı: Tələsmə, sevinci birgə bölü-şək.

Çavuş: Vətənim olum, ya ölüm seçimdə,
Rəvamı yaşamaq rövnəq içində?
(deyib getmək istəyir)

Zabit: (onun ardınca)
İsmini bağışla, ey cəsur əskər!

Çavuş: Düşərsə yolunuz Tiflisə əgər,
Yad edin Meydanı, Güllü hamamı --
Orada Əlini tanıyır hamı.
Hələlik, əlvida, olmamış talan,
Vətəni qurtaraq biz istiladan.
Gərəkdir həll edək bu iltibası,
İllətin olmalı bir intəhası.
(deyərək səhnədən çıxır)

Zabit: (onun arxasınca)
Əhsən hünərinə, ey türk balası,
Oğul dəliqanlı, coşğun olası.

Dindar: Ömrün uzun olsun, adınla qoşa
Məsum Əli təki şərəflə yaşa.

Zabit: Belə türk əskəri çox olsun, Allah,
Onda yağıların durumuna bax!
Yağılar üstünə yerisək belə
Onların canına düşər vəlvələ.
Haydı igidlərim, götürək silah,
Bu işdə yar olsun qoy bizə Allah.
(deyərək avtomatı götürüb cavuşun ardınca gedir)

Digər əskərlər:
Haydı, igid ərlər, dardadır Vətən,
Ona göz dikibdir hər yoldan ötən.
(deyib onların ardınca səhnədən çıxırlar. Marş sədaları uzaqdan eşidilən atəş səslərinə qarışır. Səhnə qaranlıqlaşır, pərdə yavaş-yavaş enir).

İKİNCİ HİSSƏ

Həzin musiqi sədaları altında pərdə açılır.Aradan 10-12 il keçib. Şəhidlər xiyabanı. Qara mərmər baş daşlarının üstündə şəhidlərin şəkilləri. Baş daşının birində Əlinin, Zabitin və başqalarının şəkilləri var. Dindar molla libasında bir tərəfdə durub Quran oxuyur. Səhnənin digər tərəfindən üzü-gözü çapıq-çapıq, sağ qolu kəsik David sol əli ilə 55-60 yaşlarında başı kəlağayılı qadının qolundan tutub, onların ardınca qara paltarlı bir qadın Xiyabana daxil olurlar. Arxadan gələn qadının qucağında bir dəstə gül var. O, məzarların üzərinə çiçək qoya-qoya gedir. Qalan gülləri Əlinin qəbri üstünə düzür.

Ana: (Əlinin məzarını qucaqlayaraq bayatı deyir)
Məzar bağçalı-bağlı,
Meylim oğula bağlı,
Ağlar ana görsəniz
Mənəm, sinəsi dağlı.

Aləmi xəlq edən rəhimli Rəbbim,
Niyə kobudlaşdı bu həlim təbim,
Bu lətif qəlbimi etdin sərt, kobud,
Dəyişdim, naçarən, məcburi, labüd.
Ömrümdə bir dəfə eyləmədim dad,
Tək səndən, tək səndən dilərdim imdad.
Lahüt aləmimi etdin imansız,
Sinnimin bu çağı qoydun gümansız.
Sən idin ümidim, səndin pənahım,
İndi dərgahına çatıbdır ahım.
Hey zildən gedərdim, pəsə endirdin,
Matəm libasını niyə geydirdin?
Sındı qol-qanadım, doğrandı beçəm.
Mənə zülmət oldu gündüzüm, gecəm.

Aş yedim, dilim yandı,
Bağçada gülüm yandı,
Balam şəhid olubdur,
Alışdı külüm yandı.

Bu dərdə bəs necə dözsün analar,
Qövr edir sinəmdə çarpaz yaralar.
Qəlbimə təlatüm salıbsan, oğul,
Sənsizlik cismimdə iztirab doğur.

Qarşıda qara dağlar.
Bürünüb qara dağlar,
Vaxtsız bala ölümü
Sinəmi yaman dağlar.

O daşdan boylanan nigaran baxış,
-Vətənin qəsbindən tapdıqmı çıxış?
Və yaxud axan qan hədərmi oldu,
Şəhidlər havayı gedərmi oldu?-
Sanki soruşaraq baxır gözümə.
Necə bağışlayım bunu özümə?
Vətəni hərraca qoydu harınlar,
Gözü ac, azvərlər, yekə qarınlar.
Düşmən baltasına sap olan namərd
Düşmənin özündən betərdi fəqət.
Smbatlar Babəki satanda susduq,
Şaumyan aranı qatanda susduq.
Ulu yurd adları dəyişdi, susduq,
Muxtariyyat aldı, nə işdi, susduq.
Taleni cızardı hökmdar olan,
Kim idi biz fəqir kütlədən soran.

Vətən dağımdır mənim,
Qəm oylağımdır mənim.
Dindirmə qəm ağlaram,
Yaman çağımdır mənim.

Mövcudsuz halına necə tablaşım,
Qalmadı gözümdə bir damla yaşım.
Ananın bu qoca, bu möhtacçağı
Söndürdün çırağı, yanan ocağı.

David: O evin çırağı sönməyib, ana.
Nuru işıq verir oğlunun ona.
Şəhidin tökülən bir damla qanı
Görər öz işini – gələr zamanı.
Ölüm ki, əbədi yox olmaq deyil,
Qüdsiyyət aləmi bax belə deyir: -
Bihudə dünyadan haqq aləminə
Ruh pərvaz edəcək həyat naminə.
Bu dünya-axirət həyat arası
Ölüm bir sadəcə körpü olası,
Qiyamət günədək əbədi varlıq
Saf həyat sürübsə heç çəkməz darlıq.

Dindar: Bu dəhli-dünyadan şəhid gedənlər.
Ömrünü xalqına fəda edənlər
Müqəddəs sayılar, daım sanılar,
Tarixdə əbədi adı anılar.
Onların ölümü həyatlarıtək
Gələn nəsillərə olacaq örnək.
Müsəlman dininin əqidəsincə,
Günəş parladıqca, külək əsincə
Adları dillərdə hər an qalacaq.
Ruhları Behiştdə daim olacaq.

David: Sənələr ötüşüb illər keçəcək,
Sərt sazaq yox olub, bahar gələcək,
O Sənan dağından qədim Meydana
Günəş şüasını saçıb hər yana,
Yayılıb bu yurda şölə saçacaq.
Fədai Əlini hamı anacaq.

Dindar: Bax onda ananın dilindən qopan,
Ürəklər yandıran, qəlblərə hopan
O niskil bayatı, acı, ağılar
Küləyə qovuşub el-el dağılar.
Çatar misra-misra, ellər dolaşar,
Türkün bərəsini, bəndini aşar.
O zaman türk eli tapar intibah,
Onda düşmənlərin durumuna bax.

Ana: Bu dərdli ananın sözü, balalar,
Bilin həqiqətdən heç uzaq olmaz.
Hələlik torpaqlar yad əllərdədir,
Amma şəhid qanı heç yerdə qalmaz.

(Səhnəyə sükut çökür. Pərdə yavaş-yavaş örtülür).


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: